Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1023/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi O.Ə.Qurbanovun, Cavabdeh iştirakları ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pulun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə məxsus B095XQ dövlət qeydiyyat nişanlı MAZ-241030 markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JK *** dövlət qeydiyyat nişanlı “İveco Chorus” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2018-ci il tarixli TYP 141929 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissənin sürücüsü Cavabdeh təqsirli hesab edilmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JK *** dövlət qeydiyyat nişanlı “İveco Chorus” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 1.044,30 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə avtonəqliyyat vasitəsinin təmiri üçün 1.044,30 manat məbləğində sığorta ödənişinin təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərər məbləği ödənildikdən sonra məlum olmuşdur ki, zərər vuran nəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. Mülki hüquq pozuntusu (delikt) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissənin sürücüsü Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış sahibinə maddi zərər yetirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 1044,30 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, hadisə 2018-ci ildə baş versə də, bir il ərzində ölkədə baş verən pandemiya səbəbindən məhkəməyə müraciət olunmamışdır. Eyni zamanda cavabdehin işlədiyi hərbi hissəyə də pulun keçirilməsi ilə bağlı müraciət olunmuş, həmin müraciətin cavabı gözlənilsə də, cavab verilməmişdir. cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün tələbi ona qarşı qaldırmışlar. Məhkəmə iclasında Cavabdeh öz izahatında göstərmişdir ki, o vurulmuş ziyanı ödəməkdən imtina etmir. Lakin işləmir, maddi imkanı zəifdir, həmin pulu bir dəfəyə ödəmək iqtidarında deyil. Az məbləğlərlə hissə-hissə ödəyə bilər. İki övladı Qarabağ müharibəsində iştirak etmişdir, biri xəstədir, digəri isə qazidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Chorus» markalı, ** JK *** dövlət nömrə nişanlı avtobus «xxxx» MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin N nömrəli, xx.xx.2018-ci il tarixli əmrin çıxarışının kserosurətindən görünür ki, maddi-texniki təminat bölüyünə məxsus MAZ-241030 markalı, B 095 XQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülki qulluqçu Cavabdeh təhkim edilmişdir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş C-MİC-0724/18 saylı sığorta şəhadətnaməsinə əsasən «xxxx» MMC-yə məxsus «İveco Chorus» markalı ** JK *** dövlət nömrə nişanlı avtobus xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. Şərti azad olma 1000 manat müəyyən edilmişdir. İş üzrə Qaradağ RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı-Astara yolunun 14-cü km-də hərəkət zamanı manevr qaydasını pozmuşdur, yol ayrıcısında manev edərək sağ tərəfdə dayanmış “Chorus” markalı , **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusu vurmuşdur. Sonra Cavabdeh manevr edərək VAZ-21154 markalı, **-XO- *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Həmin hadisə nəticəsində Cavabdeh AR İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İş üzrə “xxxx” MMC-nin təmir mərkəzi tərəfindən tərtib edilmiş 2493 nömrəli zərər aktının kserosurətinə əsasən «İveco Chorus» markalı ** JK *** dövlət nömrə nişanlı avtobusa yol-nəqliyyat hadisəsi zamanı 1044,30 manat ziyan dəymişdir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının kserosurətinə əsasən xx.xx.2018-ci il tarixdə Bakı-Astara yolunun 14-cü km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «xxxx» MMC-yə məxsus «İveco Chorus» markalı ** JK *** dövlət nömrə nişanlı avtomaşına 1044,30 manat ziyan dəymiş və bununla bağlı 1044,30 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə «xxxx» ASC tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə, surəti Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli 4339/1 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə məxsus B095XQ dövlət qeydiyyat nişanlı MAZ-241030 markalı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən “Avtonqəliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış 99JK194 dövlət qeydiyyat nişanlı “İveco Chorus” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən 1044,30 manat məbləğində sığorta həyata keçirilmişdir. Subroqasiya hüququna əsasən 1044,30 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində “xxxx” ASC-nin bank hesabına ödənilməsini xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxx» MMC-nin mülkiyyətində olan «İveco Chorus» markalı ** JK *** dövlət nömrə nişanlı dövlət nömrə nişanlı avtomaşın «xxxx» ASC-də sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığortalı «xxxx» MMC-nin mülkiyyətində olan «İveco Chorus» markalı ** JK *** dövlət nömrə nişanlı avtomaşına xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə məxsus və cavabdehin qanuni əsaslarla idarə etdiyi «MAZ-241030» markalı B095XQ dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi tərəfindən baş vermiş yol-nəqilyyat hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş ziyan aktına əsasən həmin ziyan məbləği 1044,30 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, sığortalı «xxxx» MMC-yə sığorta şirkəti tərəfindən 1044,30 manat məbləğində pul sığorta ödənişi kimi ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçı ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin idarə etdiyi «MAZ-241030» markalı B095XQ dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarla təsdiq edilmişdir ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə 1044,30 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1074,30 (bir min yetmiş dörd manat otuz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1023/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1023/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver