Məhkəmə qərarları › İş №e-2(009)-1024/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1024/2023

24.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1024/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı madii və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 400 AZN məbləğində müddətsiz hədiyyə kartlarının ya yeni kartlara dəyişdirilməsinə, ya da məbləğin geri qaytarılmasına, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu və eyni zamanda vəkil xərcləri (500 azn) nəzərə alınmaqla 1000 AZN təzminat ödənilməsiniə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, "Sabina parfümeriya və kosmetika" şirkətindən 600 AZN məbləğində tarix məhdudiyyəti olmayan (müddətsiz 6 ədəd, hər birinin dəyəri 100 AZN) kartlar əldə etmişdir (200 AZN fevral, 100 AZN mart və 300 AZN iyul 2019-cu il). Hədiyyə kartlarından 2 ədədi (200 AZN) 2019-cu ilin dekabrında "Sabina" parfümeriya mağazasının Nərimanov filialında istifadə etmişdir. 2022-ci ilin 23 mart tarixində "Metro park" ticarət mərkəzində yerləşən "Sabina" mağazasından seçdiyi məhsulların dəyərini hədiyyə kartları ilə ödəmək istəyərkən xəzinədar xanım kartların əsassız olaraq qüvvədə olmadığını bildirmişdir. O və mağazanın digər əməkdaşlarına kartların qüvvədən düşməsi barədə ona heç bir məlumat verilmədiyini bildirdikdən sonra onlar ona şirkətin qaynar xətti ilə əlaqə saxlamağınmı məsləhət gördülər. 051 *** ** ** nömrəli qaynar xəttə zəng edib müraciət etdikdə ona bildirildi ki, guya "Sabina"da müddətsiz kart heç vaxt olmayıb. Kartların fotosunu göndərdikdən sonra isə bayram həftəsi olduğu üçün 28 mart tarixində müdiriyyətə çatdırılacağını bildirildi. 30 mart 2022-ci il tarixinə qədər gözlədikdən sonra zəng gəlmədiyi üçün qaynar xəttə zəng edərək özünü şirkətin hüquqşünası kimi təqdim edən Nərgiz adlı xanıma bu məsələni bildirdikdə, "Sabina parfümeriya və kosmetika" şirkətində hüquqi dəyişikliklərin baş verdiyini deyərək onun öhdəliklərinin "xxxx" MMC tərəfindən tam yox, guya qismən alındığını bildirmişdir. Onlara bu məsələni müvafiq dövlət qurumlarına bildirəcəyimi deyəndə, "bizim öz qanunlarımız var, hara istəyirsiniz şikayət edin" cavabını almışdır. Bundan sonra o, pozulmuş istehlakçı hüquqlarının müdafiəsi üçün həm "X2", həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Qeyd edilən Xidmətdən ona xx.xx.2022-ci il tarixində ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Xidmətinin "xxxx" MMC-yə müraciətinə cavab olaraq qeyd edilən şirkət onun 2019-cu ildə "Sabina" parfümeriya mağazasından 600 AZN dəyərində kartlar aldığını təsdiq etmiş, lakin öncədən alınmış kartların "xxxx" MMC-yə məxsus mağazalarda məhsul ilə əvəzləşdirilməsi şirkətin itkilərlə üzləşməsinə səbəb olacağını bildirmiş, buna görə də, onun haqlı tələbini yerinə yetirməkdən imtina etmişdir. Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara uyğun olaraq şirkət alındıqda onun bütün öhdəliklərinin qarşılanması mütləq olduğundan bütün debitor və kreditor öhdəliklərin yeni yaranmış, yaxud birləşdirilmiş şirkət tərəfindən ödənilməli olduğunu, habelə kartların qüvvədən düşməsi barədə istehlakçıya heç bir məlumat verilmədiyini nəzərə alaraq, xahiş edir onun istehlakçı hüquqlarını qoruyaraq onun 400 AZN məbləğində müddətsiz hədiyyə kartlarının ya yeni kartlara dəyişdirilməsinə, ya da məbləğin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Həmiçinin kartlar qəbul edilmədiyindən o məcbur olub öz şəxsi vəsaitindən istifadə etməklə zəruri olan müxtəlif kosmetik və gözəllik vasitələri, kremlər və s. almışdır. Bundan əlavə dövlət qurumlarına, X2 müraciət, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu və eyni zamanda vəkil xərcləri (500 azn) çəkmişdir. Bununla əlaqədar 1000 AZN təzminat ödənilməsini tələb edir. Məhkəmə hazırlıq iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin onun hüquqi varisi olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 900 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 100 manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və eləcə də, bildirmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan məlum olur ki, cavabdeh təzminatın ödənilməsindən ona görə imtina etmək istəyir ki, o, "xxxx" şirkətinin hüquqi varisi deyildir. Başqa sözlə, cavabdeh sübut etməyə çalışır ki, o, hüquqi varis olmadığına görə "xxxx" şirkətinin müştəriləri qarşısında heç bir öhdəlik daşımır. Lakin “İdeal Kompani MMC” və "xxxx" şirkəti arasında xx.xx.2019-cu il tarixli 28/12/19 saylı Alqı-Satqı müqaviləsinin 1.2-ci bəndində qeyd edilir ki, “hazırkı müqavilənin predmetinə satıcının ticarət markaları, loqo, satış nişanları, sloqanlar, reklam daşıyıcıları, saytlardan və onlar ilə bağlı digər WEB - texnologiyalardan, sosial şəbəkələrdə satıcıya məxsus resurslardan (bloq, səhifə, çatlar, müştərilər və s.) istifadə hüququ (intellektual olduğu halda müəlliflik və digər hüquqlar daxil olmaqla), distribyutor (retail) olduğu markalar üzrə bütün hüquqlar, balansından olan bütün inventarlar və müştəri bazası daxildir”. Buradan aydındır ki, “alıcı” (“İdeal Kompani MMC”, hazırda “Adore Kompani MMC) “satıcı”ya ("xxxx") məxsus resurslardan, o cümlədən müştərilərdən istifadə hüququ əldə edir və “satıcı”nın müştəri bazası da həmin Alqı-Satqı Müqaviləsinin predmetidir. Başqa sözlə, “alıcı” müştərilər və müştəri bazası ilə bağlı bütün hüquqları əldə etməsinə rəğmən, həmin hüquqlarla bağlı yaranan öhdəliklərdən əsassız şəkildə imtina etməyə cəhd göstərir. Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun” 12-ci maddəsinə (“Mənəvi ziyanın ödənilməsi”) əsasən istehlakçıların həmin Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Başqa sözlə, onun "xxxx" şirkətindən əldə etdiyi hədiyyə kartları ilə bağlı qanunla müdafiə olunan hüquqları pozulmuş, bunun nəticəsində ona həm mənəvi, həm də maddi ziyan dəymişdir. Digər tərəfdən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun” 16-cı maddəsinə (“İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığı”) görə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.” Bununla belə, onda olan dəqiqləşdirilmiş məlumata görə “Adore Kompani MMC”-yə məxsus bütün dükanlarda köhnə “Sabina” endirim kartları qəbul edilir, baxmayaraq ki, həmin kartlar məhz "xxxx" şirkətindən əldə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, onun “Adore Kompani MMC” şirkətinə qarşı 1000 AZN təzminatın ödənilməsi ilə bağlı qaldırdığı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının iddia tələbindən məlum olur ki, o, 600 dəyərində olan kartları məhz “Sabina parfümeriya və kosmetika” şirkətindən əldə etdiyini bildirir. Belə olan halda iddiaçının iddia tələbi “Sabina” şirkətinə yönəlməlidir. Çünki Cavabdeh MMC müstəqil hüquqi şəxsdir və onun ilkin cavabdeh olan "xxxx" MMC ilə heç bir hüquqi varisliyi, bağlılığı və ya asılılığı mövcud deyildir. İddiaya etiraz ərizəsinə əlavə edilmiş hüquqlarını təmsil etdiyi hüquqi şəxsin təsis sənədlərindən göründüyü kimi, Cavabdeh MMC-nin VÖENİ **********, "xxxx" MMC şirkətinin VÖENİ isə ********** olmaqla hər ikisi tamamilə ayrı-ayrı müstəqil hüquqi şəxslərdir. Hesab edir ki, iddiaçı tərəf o halda iddiasını Cavabdeh MMC-yə yönəldə bilərdi ki, hər iki hüquqi şəxs birləşmə və ya qoşulma qaydasında biri ləğv olunmaqla digəri onun hüquqi varisi olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 56.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Həmin Məcəllənin 56.5-ci maddəsində qeyd edilmişdir ki, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hazırda Cavabdeh MMC ilə "xxxx" MMC-nin arasında hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar hər hansı hərəkət aparılmadığından hər iki MMC ayrı-ayrılıqda müstəqil hüquqi şəxslərdir və biri digərinin öhdəliyi üçün məsuliyyət daşımamaqdadır. Hər bir hüquqi şəxs öz öhdəliklərinə görə özü cavab verməlidir. Məhkəməyə təqdim edilən "xxxx" MMC (hazırda Cavabdeh MMC) ilə “Sabina P and C" MMC arasında bağlanmış xx/xx/2019 saylı, xx.xx.2019-cu il tarixli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC müəyyən məbləğdə ödənişi “Sabina P and C" MMC-yə bir dəfəyə avans olaraq ödəməklə, “Sabina P and C" MMC-nin 30 noyabr 2019-cu il tarixə balansında olan, sifariş verdiyi və gömrüklənməmiş idxal olunacaq parfumeriya və kosmetika mallarını almışdır. Həmin Müqavilənin 1.2-ci maddəsindən görünür ki, müqavilənin predmetinə “Sabina P and C" MMC-nin ticarət markaları, loqo, satış nişanları, sloqanlar, reklam daşıyıcıları, saytlardan və onlar ilə bağlı digər WEB-texnoloqiyalardan, sosialşəbəkələrdə “Satici”ya məxsus resurslardan (bloq, səhifə, çatlar, müştərilər və sair), istifadə hüququ intellektual, olduğu halda müəlliflik və digər hüquqlar daxil olmaqla), distribyutor (retail) olduğu markalar üzrə bütün hüquqlar, balansında olan bütün inventarlar və müştəri bazası daxildir. Yəni həmin alqı-satqı müqaviləsinin 1.2-ci maddəsində məhz nəyin alqı-satqının predmetini təşkil etdiyi dəqiq sadalanır. Sadalananlar siyahısında iddiaçının qeyd etdiyi və etirazında xüsusi vurğuladığı müştəri bazası anlayışı vətəndaş müştəri anlayışı deyildir. Müştəri bazası dedikdə vaxtı ilə “Sabina” şirkətinin korporativ satış müqavilələri bağlamış oldugu digər şirkətlər nəzərdə tutulur. Bundan başqa, hesab edir ki, iddiaçının hədiyyə kartlarına dair ödəmiş olduğu məbləğ “Sabina” şirkətində mədaxil olaraq onların mühasibat balansında yerləşdirilmişdir. Yəni digər hüquqi şəxsə ödəniş edib bu gün onu başqasından tələb etmək düzgün deyil, maliyyə mühasibat nəzər nöqtəsindən də. Endirim kartları ilə bağlı bildirir ki, həmin kartlar üzrə endirimlər tətbiq edilir və iddiaçıya məhz endirim kartı ilə əlaqədar imtina edilməyib. İddiaçının tələbi hədiyyə kartı ilə baglıdır, bunlar isə tamamilə fərqli məhsullardır. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ona cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi üzrə Cavabdeh MMC-nin öhdəliyinin yaranmaması və iş üzrə əsl cavabdeh olmaması səbəbindən iddia tələbi rədd edilməlidir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən "Azad İstehlakçılar" İctimai Birliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, “Sabina” parfumery Kommersiya şirkətindən 600 azn məbləğində tarix məhdudiyyəti olmayan (müddətsiz 6 ədəd, hər birinin məbləği 100 azn dəyəri olaraq) kartlar əldə etmişdir (200 azn fevral, 100 azn mart və 300 azn iyul 2019-cu il). Hədiyyə kartlarından 2 ədədi (200 azn) 2019-cu ilin dekabrında “Sabina” parfumery mağazasının Nərimanov filialında istifadə edilib, 2022-ci ilin 23 mart tarixində Metro parkda yerləşən “Sabina” perfumery mağazasından, seçdiyi məhsulların dəyərini hədiyyə kartları ilə ödəmək istəyərkən xəzinədar xanım kartların əsassız olaraq qüvvədə olmadığını bildirmişdir. Öz öhdəliklərinə əməl etməyərək, ona kartların qüvvədən düşdüyünü bildirmişlər. Onlara kartların qüvvədən düşməsi barədə ona heç bir məlumat verilmədiyini bildirdikdən sonra xəzinədar xanım ona qaynar xətlə əlaqə saxlamağını demişdir. 051 *** ** ** nömrəli qaynar xəttə zəng edib müraciət etdikdə, ona bildirilmişdir ki, guya “Sabina”da müddətsiz kart heç vaxt olmayıb. Kartların fotosunu göndərdikdən sonra isə bayram həftəsi olduğu üçün 28 mart tarixində müdiriyyətə çatdırılacağını, amma məsələnin müsbət həll olunacağını gözləməməyini bildirmişdir. 30 mart 2022-ci il tarixinə qədər gözlədikdən sonra isə, zəng gəlmədiyi üçün qaynar xəttə zəng edərək, Nərgiz adlı xanıma bu məsələni bildirdikdə “Sabina” parfumery şirkətində huquqi dəyişikliklərinin baş verdiyini ona deyərək, öhdəliklərini tam yox, guya qismən aldıqlarını demişdir. Onlara bu məsələni müvafiq dövlət qurumlarına bildirəcəyimi deyəndə, "bizim öz qanunlarımız var, hara istəyirsiniz şikayət edin" cavabını almışdır. Azərbaycan qanunvericiyinə uyğun olaraq şirkət alındıqda onun bütün öhdəliklərinin qarşılanması mütləq olduğundan bütün debitor və kreditor öhdəliklərin yeni yaranmış, yaxud birləşdirilmiş şirkət tərəfindən ödənilməli olduğunu, habelə kartların qüvvədən düşməsi barədə istehlakçıya heç bir məlumat verilmədiyini nəzərə alaraq, onun istehlakçı hüquqlarının qorunmasını, onun 400 azn məbləğində mütdətsiz hədiyyə kartlarının ya yeni kartlara dəyişdirilməsinə, ya da məbləğin geri qaytarılmasına kömək edilməsini, eyni zamanda bu barədə müvafiq dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə məlumat verilməsini xahiş etmişdir ki, əhalinin aldadılmasına son qoyulsun. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Adore Company" MMC ilə ərizəçi arasında yaranmış mübahisə barədə "Azad İstehlakçılar" X1 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda ərizəçinin "xxxx" MMC-nin məxsus olduğu “Sabina parfümeriya və kosmetika” mağazasından 2019-cu ildə 600 manat dəyərində hədiyyə kartı aldığı, 2020-ci ildə “Sabina P and C" MMC-nin yalnız aktivlərinin "xxxx" MMC-yə ötürüldüyü, öncədən satılmış hədiyyə kartlarının “Adore Company" MMC-yə məxsus mağazalarda məhsul ilə əvəzləşdirilməsi şirkətin itkilərlə üzləşməsinə səbəb olduğundan onun tələbinin təmin edilməsindən imtina olunduğu bildirilmişdir. Həmçinin 2020-ci ilin mart ayından etibarən "xxxx" MMC tərəfindən yeni hədiyyə kartlarının satışa çıxarıldığı qeyd olunmuşdur. Ərizəçiyə izah olunmuşdur ki, "xxxx" MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldıra bilər. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (“Alıcı”) ilə “Sabina P and C" MMC (“Satıcı”) arasında bağlanmış xx/xx/2019 saylı, xx.xx.2019-cu il tarixli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, 1.1. Bu Müqaviləyə əsasən “Alıcı” hazırkı Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan ödənişi “Satıc”ya bir dəfəyə avans olaraq ödəyir, “Satıcı" isə 30 noyabr 2019-cu il tarixə “Alıcı”ya təqdim etdiyi hesabata uyğun balansında olan, sifariş verdiyi və gömrüklənməmiş idxal olunacaq parfumeriya və kosmetika mallarını (bundan sonra təkdə “Məhsul”, cəmdə “Məhsullar" adlanacaq) "Alıcı”ya satır. 1.2. Hazirki Müqavilənin predmetinə “Satıcı”nın ticarət markaları, loqo, satış nişanları, sloqanlar, reklam daşıyıcıları, saytlardan və onlar ilə bağlı digər WEBtexnoloqiyalardan, sosial-şəbəkələrdə “Satici”ya məxsus resurslardan (bloq, səhifə, çatlar, müştərilər və sair), istifadə hüququ intellektual, olduğu halda müəlliflik və digər hüquqlar daxil olmaqla), distribyutor (retail) olduğu markalar üzrə bütün hüquqlar, balansında olan bütün inventarlar və müştəri bazası daxildir. 1.3. Alıcının seçimi və istəyi əsasında, “Satıcı”, onun istifadəsində olan və icarəyə götürülmüş ticarət sahələri üzərində icarə hüquqlarının, qanunvericilik ilə nəzərdə tutulmuş qaydada, “Alıcı”nın xeyrinə ötürülməsinə dair, maksimal şəkildə, bütün zəruri səylər göstərib təmin edir. Həmin hüquqların ötürülməsi prosesi hazırkı müqavilə bağlandığı tarixdən etibarən 30 iş günü gec olmayaraq “Satıcı” tərəfindən təmin edilir. 1.4. Eyni zamanda “Satıcı”, “Alıcı”nın seçimi və istəyi əsasında, Məhsulların gələcəkdə təchizatı, bu Məhsullar ilə bağlı istifadəçilərin brendlərinin (ticarət markalarının) istifadəsinə dair “Satıcı” ilə üçüncü şəxslər arasında bağlanılmış mövcud müqavilələr üzrə bütün hüquq və öhdləklərin, eyni səviyyədə və şərtlər ilə ötürülməsini, maksimal şəkildə, bütün zəruri səylər göstərib təmin edir. Həmin hüquqların ötürülməsi prosesi hazirki müqavilə bağlandığı tarixdən etibarən 30 iş günü gec olmayaraq Satıcı tərəfindən təmin edilir. 1.5. ”Alıcı” hazırkı Müqavilənin l.l-ci bəndində qeyd olunan satılan məhsulları aktlar əsasında (bundan sonra “Təhvil-təslim aktı” adlanacaq) hissə-hissə qəbul edir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin Nizamnaməsindən görünür ki, bu Nizamnamə xx.xx.2007-ci il tarixdə qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin (yeni ad Cavabdeh MMC) Nizamnaməsinin yeni redalsiyada, 3-cü redaksiyadır, cəmiyyətin hüquqi adı Cavabdeh MMC-dir. İş materiallarına əlavə edilmiş “Sabina P and C" MMC-nin Nizamnaməsinə edilmiş 2021-ci il tarixli dəyişiklikdən görünür ki, təsisçilərin nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: X3 iştirak payı 200 manat 200 pay 100% pul şəklində. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN isə **********) ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Bununla əlaqadar olaraq, iddiaçı tərəfindən onun hüquqlarını həqiqətən pozan şəxsin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı 2019-cu ildə "Sabina parfümeriya və kosmetika" şirkətindən 600 AZN məbləğində tarix məhdudiyyəti olmayan hər birinin dəyəri 100 AZN olan 6 ədəd hədiyyə kartı almış, hədiyyə kartlarından 2 ədədini 2019-cu ilin dekabrında "Sabina" parfümeriya mağazasının Nərimanov filialında istifadə etmiş, 2022-ci ilin 23 mart tarixində "Metro park" ticarət mərkəzində yerləşən "Sabina" mağazasından seçdiyi məhsulların dəyərini hədiyyə kartları ilə ödəmək istəyərkən ona, 2020-ci ildə “Sabina P and C" MMC-nin yalnız aktivləri "xxxx" MMC-yə ötürüldüyü, öncədən satılmış hədiyyə kartlarının “Adore Company" MMC-yə məxsus mağazalarda məhsul ilə əvəzləşdirilməsi şirkətin itkilərlə üzləşməsinə səbəb olduğundan onun tələbinin təmin edilməsindən imtina olunduğu bildirilmişdir. İddiaçı onun “Sabina P and C" şirkətindən əldə etdiyi hədiyyə kartları ilə bağlı hüquqlarının pozucusu kimi “Sabina P and C" MMC-nin hüquqi varisi olaraq onun hüquq və öhdəliklərinin ötürüldüyü "xxxx" MMC-ni cavabdeh olaraq göstərmişdir. Bununla yanaşı, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC-nin "xxxx" MMC ilə heç bir hüquqi varisliyi, bağlılığı və ya asılılığı mövcud deyildir. Cavabdeh MMC-nin VÖENİ **********, "xxxx" MMC şirkətinin VÖENİ isə ********** olmaqla hər ikisi tamamilə ayrı-ayrı müstəqil hüquqi şəxslərdir. Cavabdeh MMC ilə "xxxx" MMC-nin arasında hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar hər hansı hərəkət aparılmadığından, biri digərinin öhdəliyi üçün məsuliyyət daşımamaqdadır. Eləcə də, müəyyən olundu ki, "xxxx" MMC (hazırda Cavabdeh MMC) ilə “Sabina P and C" MMC arasında bağlanmış xx/xx/2019 saylı, xx.xx.2019-cu il tarixli Alqı-satqı Müqaviləsi ilə "xxxx" MMC müəyyən məbləğdə ödənişi “Sabina P and C" MMC-yə bir dəfəyə avans olaraq ödəməklə, “Sabina P and C" MMC-nin 30 noyabr 2019-cu il tarixə balansında olan, sifariş verdiyi və gömrüklənməmiş idxal olunacaq parfumeriya və kosmetika mallarını almış, həmin Müqavilənin 1.2-ci maddəsində sadalanan alqı-satqının predmetində müştərilərlə bağlı öhdəliklərin ötürülməsi nəzərdə tutulmamışdır. Bu halda iddiaçının “Sabina P and C" şirkətindən əldə etdiyi hədiyyə kartları ilə bağlı öhdəliklər "xxxx" MMC-nin üzərindədir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, İddiaçı tərəfindən əsl olmayan cavabdehə qarşı iddia irəli sürülmüşdür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi, irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı irəlü sürüldüyündən əsassızdır və ona görə də, təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun hüquqlarının müdafiəsi inkanları itirilməmişdir, belə ki, o, "xxxx" MMC-yə qarşı oxşar iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddiaçı Cavabdehnə qarşı madii və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar