Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1127/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh İqoreviçə qarşı mülkiyyət hüququnun ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh İqoreviçə qarşı mülkiyyət hüququnun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə yaşayır. Həmin ünvanda uzun müddətdir ki, qeydiyyatdadır və orada yerləşən yaşayış evi onun mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 85 ünvanında yerləşən əmlakın digər mülkiyyətçiləri X6 və Cavabdeh İqoreviçdir. X6 ilə mehriban qonşuluq münasibətlərində olsalar da, digər qonşu Cavabdeh İqoreviçlə münasibətləri xeyli soyuqdur. Belə ki, faktiki olaraq eyni həyətdə yaşamağına baxmayaraq, onu və ailə üzvlərinin həyətdə olan ümumi çıxışdan istifadə etməsinə süni maneçiliklər törədir, onun digər qonşu X1 əmlakının şəkillərini çəkir və tez-tez onlarla mübahisə edir. Bu cür hərəkətlərinə son qoymasını tələb etdikdə isə qeyd olunan ünvanda yerləşən əmlakının yüksək qiymətlərlə onlar tərəfdən satın alınmasını tələb edir. Onun və digər qonşu Kərimov Mayıl tərəfindən cavabdehin əmlakına ağlabatan məbləğ təklif edilməsinə baxmayaraq, Cavabdeh paylı mülkiyyətin bir hissəsi üçün astronomik dərəcədə şişirdilmiş məbləğ istəyir, bu isə heç bir məntiqə sığmır. Göründüyü kimi, Cavabdeh İqoreviç öz əmlakını onlara təzyiq vasitəsi kimi istifadə edir, bu isə yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İqoreviçə məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 85 ünvanında yerləşən əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh mübahisəli əmlaka qeyri-müəyyən və saxta sənədlərlə sahib olub. Hesab edir ki, cavabdehin həmin mənzilə mülkiyyəti yoxdur və faktiki olaraq saxta sənədləri ilə həmin mülkiyyətə yiyələnmişdir. Hesab edir ki, həmin əmlak qonşu X3 aiddir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İqoreviçə məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 85 ünvanında yerləşən əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi və onun tərəfindən aparılmış qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ekspert rəyi ilə də cavabdeh tərəfindən ümumi istifadə olan sahədə qanunsuz tikililərin inşa edilməsi təsdiq olunur, bu da qaldırdıqları iddianın əsaslı olmasını göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh İqoreviç və onun nümayəndəsmi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində istifadədə olan 0,0202 ha torpaq sahəsində yerləşən “A” və “B” tikili, 1 mərtəbəli, 7 otaqlı, 116,61 kv.m. yaşayış, 65,1 kv.m. köməkçi, 181,71 kv.m. ümumi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı “B” tikilisi, X2 “A” tikilisinin 1/3 hissəsi, Cavabdeh İqoreviçin “A” tikilisinin 2/3 hissəsi mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli fərd yaşayış evinin texniki pasportun surətindən görünür ki, Cavabdeh İqoreviçə, X4 və İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 85 saylı ev “A” və “B” tikililərdən ibarətdir. “A” tikilisi 5 otaqlardan ibarət, ümumi sahəsi 117,51 kv.m., yaşayış sahəsi 80,61 kv.m.,köməkçi sahə 36,90 kv.m., tikinti altı sahə 101,0 kv.m., “B” tikilisi 2 otaqlardan ibarət, ümumi sahəsi 64,20 kv.m., yaşayış sahəsi 36,0 kv.m., k.məkçi sahəsi 28,20 kv.m., tikinti altı sahəsi 101,0 kv.m. təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/3960 saylı rəyinə əsasən: -1-ci sual üzrə: iş üzrə Cavabdeh İqoreviç tərəfindən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində (4,1 x 1,25) metr sahədə əlavə tikili inşa edildiyi, həmçinin ümumi istifadədə olan həyətyanı sahədə mövcud olmuş 4 ədəd saray tikililərinin sökülərək, yerində (4,3 x 4,54) metr ölçüdə tikili inşa edildiyi və həmin tikililərin texniki pasportda əks olunmadığı müəyyən edilir. -2-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iş üzrə Cavabdeh İqoreviç tərəfindən ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan sahələrində inşa edilmiş əlavə tikililərə dair yuxarıda göstərilən müvafiq icazəverici sənədlər olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı “B” tikilisi, X2 “A” tikilisinin 1/3 hissəsi, Cavabdeh İqoreviçin “A” tikilisinin 2/3 hissəsi mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, onunla qonşuluqda yaşayan cavabdeh onun və ailə üzvlərinin həyətdə olan ümumi çıxışdan istifadə etməsinə maneçilik törədir. Bundan başqa cavabdeh ümumi həyətdən çıxan kanalizasiya borusunun üzərində qanunsuz olaraq tikinti aparmışdır. Cavabdeh həmin tikiliyə hər hansı sənəd alınmamışdır. Bu səbəbdən iddiaçı cavabdehə məxsus əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsini və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun subyekti bir, habelə iki və ya daha çox şəxs ola bilər. Əmlakın eyni vaxta bir neçə şəxsə məxsus olması ümumi mülkiyyət hüququnu yaradır. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun birgə mülkiyyət (məsələn, ər-arvadın birgə mülkiyyəti) və paylı mülkiyyət (məsələn, yaşayış binasının tərkib hissəsinə olan paylı mülkiyyət) növləri fərqləndirilir. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka mülkiyyət hüququnun əldə edilməsinin ən geniş yayılmış üsullarından biri kimi çıxış edir. Qeyd edilməlidir ki, əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. İddiaçı paylı mülkiyyətçi kimi cavabdehin onun və ailə üzvlərinin həyətdə olan ümumi çıxışdan istifadə etməyi süni maneçilik törətməsi, onlarla mübahisə etməsini əsas gətirərək cavabdehin əmlak üzərində paylı mülkiyyət hüquqlarının ləğv edilməsini xahiş edir. AR Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericilik paylı mülkiyyətdə olan əmlakın bütün mülkiyyətçilər arasında bölünməsinin, paylı mülkiyyət hüquqlarına xitam verilməsinin hüquqi əsaslarını müəyyən edir. İddiaçının iddia ərizəsində qeyd etdiyi əsaslarla paylı mülkiyyət hüquqlarının ləğv edilməsi mülkiyyət hüquqlarının pozulması və ona müdaxilə kimi qiymətləndirilməli və bu səbəbdən məhkəmə iddia tələbinin cavabdehin əmlak üzərində mülkiyyət hüquqlarının ləğv edilməsi hissəsində tələbi əsassız hesab edir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin sökülməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində 4,1x1,25 m. sahədə əlavə tikili və eyni zamanda ümumi istifadədə olan həyətyanı sahədə 4,3 x 4,54 m. ölçüdə tikili inşa edilmişdir. Ekspert rəyi ilə eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan sahədə inşa edilmiş həmin tikililər texniki pasporta əks olunmamış, həmin tikililərə dair müvafiq icazəverici sənədlər olmadığından, tikililərin normativ hüquqi aktları tələblərindən riayət olunmadan inşa edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən tikililər özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Torpaq qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 saylı qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli,buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatının (kənd təsərrüfatlı təyinatlı, su fondu, ehtiyat fondu və s) torpaq səhəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə) habelə torpaq sahəsinə istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, torpaq sahəsi dövlət mülkiyyətindədir, həmin torpaq sahəsi ilə bağlı yaşayış sahəsinin paylı mülkiyyətçilərinə istifadə hüququ verilmişdir. Mülki Məcəllənin: 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 239.1-cu maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Cavabdeh tərəfindən ümumi istifadədə olan torpaq sahəsində mövcud tikililərin inşa edilməsinə paylı mülkiyyətçilərin razılıq verilməsi məhkəmə prosesi gedişində birmənalı olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli evin paylı mülkiyyətçisi olduğundan, həmin evin ümumi istifadəsində olan sahəsində digər paylı mülkiyyətçilər tərəfindən razılıq verilmədən və müvafiq icazəverici sənədlər olmadan inşa etdiyi tikililərin sökülməsi ilə bağlı tələb irəli sürməkdə subyektiv hüququ mövcuddur. Belə ki, paylı mülkiyyət hüququ üzrə bir neçə mülkiyyətçiyə məxsus evin ümumi istifadədə olan sahəsində bir mülkiyyətçi tərəfindən inşa edilən tikili digər mülkiyyətçilərin ümumi istifadədə olan sahədən istifadə ilə əlaqədar hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddiaçının həmin məhdudlaşdırmanın aradan qaldırılması ilə bağlı tələblə çıxış etməsi əsaslı hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən evin ümumi istifadədə olan sahələrində texniki pasporta əks olunmayan tikililər inşa edildiyindən və həmin tikililərə dair müvafiq icazəverici sənədlər olmadığından, həmin tikililər özbaşına tikili hesab edildiyindən və digər mülkiyyətçilərin razılığı olmadan inşa edildiyindən, bununla da paylı mülkiyyətçi kimi iddiaçının istifadə hüququnu məhdudlaşdırdığından, iddia tələbi qanunsuz tikilinin sökülməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Qeyd edilən Məcəllənin 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Məhkəmə həmçinin hesb edir ki, mübahisəli hasar qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin vəsaiti hesabına 1 ay ərzində sökülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qanunsuz tikilinin sökülməsi hissəsində təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İqoreviç tərəfindən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində inşa edilmiş 4,1x1,25 m. sahədə əlavə tikili və eyni zamanda ümumi istifadədə olan həyətyanı sahədə inşa edilmiş 4,3 x 4,54 m. ölçüdə tikili Cavabdeh İqoreviçin vəsaiti hesabına cavabdehin vəsaiti hesabına, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İqoreviçindən dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1127/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1127/2022
24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver