Məhkəmə qərarları › İş №e-2(009)-1179/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1179/2024

10.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1179/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı “icra işinin dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı “icra işinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 2(009)- 737/2022-019 saylı icra işininin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkənə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi hazırki iddia tələbini iddia icraatı qaydasında deyil, icra məmurunun hərəkətlərindən şikayət qaydasında mübahisələndirə bilər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Qeyd olunanlardan göründüyü kimi, icra icraatının gedişində verilən ərizələr, həmçinin, müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə icra icraatı çərçivəsində və müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirə bilərlər Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda, İddiaçı - cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı “icra işinin dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və ona icra məmurunun hərəkətlərindən şikayət vermə hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı - cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı “icra işinin dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə icra icraatı çərçivəsində və müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar