Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1199/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh T.İsmayılov adına 6 №-li məktəb-liseyin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh T. İsmayılov adına 6 №-li məktəb-liseyə qarşı «müqavilə tələblərinin yerinə yetirilməsi, maddi və mənəvi ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, T.İsmayılov adına 6 №-li məktəb-lisey ilə aralarında bağlanmış İB-20/024 saylı müqavilə üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinin bir vəzifə kimi T.İsmayılov adına 6 №-li məktəb-liseyin üzərinə qoyulması, dəymiş maddi və mənəvi ziyana görə 50000 manat məbləğində kompensasiya ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, övladı Əli-X11 2015-ci ildən ödənişli əsaslarla T. İsmayılov adına 6 №-li məktəb-liseydə təhsil alır. T.İsmayılov adına 6 №-li məktəb-lisey ilə aralarında bağlanmış xidmət müqaviləsinə əsasən dərslər ingilis dilində tədris olunurdu, lakin 2019-cu ilin sentyabrından sonra T.İsmayılov adına 6 №-li məktəbliseyin direktoru G.Y.Orucovanın sədrliyi ilə övladının imtahahanları verə bilməməsi səbəbindən akt tərtib olunaraq 9-cu sinfin buraxılışından rus bölməsinin 8-ci sinfinə keçirilməsi tövsiyə olunaraq 8-ci sinif rus bölməsinə keçirilmişdir. Əli-X11 9 ildir ki, həmin məktəbdə təhsil alır, oxuduğu müddətin son iki ilini ingilis dili bölməsində təhsil almışdır. Bildirir ki, əgər uşağın təhsil aldığı dil bölməsi ingilis dilindən başqa dilə dəyişdirilsə, uşağın təhsilində geriləmə yaranacaq və yüksək təhsil ala bilməyəcək. T. İsmayılov adına 6 №-li məktəb-lisey müqavilə üzrə öhdəlikləri yerinə yetirmiş, xidmət haqlarını gecikdirməmiş, ödənişləri həyata keçirmişdir. T. İsmayılov adına 6 №-li məktəb-lisey müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək övladına ingilis dilində təhsil vermək əvəzinə onu rus bölməsinə keçirmiş, nəticədə övladının təhsil alması zəifləmiş və bir il təhsilində geriləmişdir. İş materiallarında olan cavabdeh T.İsmayılov adına 6 №-li məktəb-liseyi tərəfindən verilmiş etirazdan görünür ki, cavabdeh T.İsmayılov adına 6 №-li məktəb-liseyi İddiaçı cavabdeh T.İsmayılov adına 6 №-li məktəb-liseyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “aralarında bağlanmış İB-20/024 saylı müqavilə üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinin bir vəzifə kimi T.İsmayılov adına 6 №-li məktəb-liseyin üzərinə qoyulması, dəymiş maddi və mənəvi ziyana görə 50000 manat məbləğində kompensasiya ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, 5 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 6 №-li məktəb-liseyidnə keçirilən pedaqoji şuranın iclasında əsas məsələ Əli-X6 rus bölməsinə keçirilməsi olmuşdur. Məktəb liseyin direktoru tərəfindən bildirilmişdir ki, 2018-2019-cu tədris ilinin sonunda sinifdən-sinifə keçid imtahanlarının nəticəsinə görə İngilis (İB) MYP-də təhsil alan Əli-X11 anası X3 ərizəsi və komissiyanın təqdimatına əsasən rus bölməsinin 7-ci, 2019-2020-ci tədris ilində 8-ci sinifə keçirilmişdir. Valideyn Əli-X5 Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyindən məhkəmə şagirdin İngilis (İB) bölməsindən məktəbin rus bölməsinə keçirilməsinin müvəqqəti dayandırılması qərarını vermişdir. Komissiya üzvləri tərəfindən şagird Əli-X1-sinifə keçid imtahanlarını müvəffəqiyyətlə verə bilmədiyi üçün rus bölməsinə keçirilməsi tövsiyə olunmuşdur. 05.10.2019-cu il tarixində keçirilmiş pedaqoji şura iclasının protokoluna əsasən qərara alınmışdır ki, 8-ci sinif şagirdi Əli-X6 İngilis (İB) bölməsindən rus bölməsinə keçirilməsi Yasamal Rayon Məhkəməsinin qərarına əsasən müvəqqəti olaraq dayandırılmışdır. Əlavə olaraq, Əli-X6 anası X2 22.10.2019-cu il tarixli ərizəsi əsasında övladının həmin məktəbin rus bölməsinin 8-ci sinfinə keçirilməsi istənilmişdir. Səbəb olaraq, övladının 9-cu sinifdə ingilis dilində oxumasına baxmayaraq ingilis dilini yaxşı mənimsəyə bilməməsi və imtahan nəticələrinin aşağı olması göstərilmişdir. Həmçinin, 5 iyul 2019-cu il tarixində İddiaçı ilə T.İsmayılov adına 6 №-li məktəb-lisey arasında bağlanılmış İB-20/024 saylı müqaviləyə əsasən məktəb valideynin 01.10.2005-ci il təvəllüdlü övladını Beynəlxalq Bakalavriat (İB) Orta Təhsil (MYP) proqramı üzrə 9-cu sinif ingilis bölməsinə qəbul edərək müfaviq təhsil verməyi, valideyn isə bu müqavilə ilə müəyyən edilmiş təhsillə bağlı nəzərdə tutulan təhsill haqqını (8000 manat) nəzərdə tutulan müddətdə (birinci ödəniş 15.07.2019-cu il tarix üçün 3000 manat, ikinci ödəniş 01.12.2019-cu il tarix üçün 3000 manat, üçüncü ödəniş 01.03.2020-ci il tarix üçün 2000 manat) məktəbə ödəməyi öhdəsinə götürür. Cavabdeh bildirir ki, iddiaçı həmin 8000 manatdan yalnız 3000 manat ödəmişdir və 27.01.2020-ci il traixdə ərizə ilə müraciət edərək ödədiyi Əli-X6 təhsil haqqının bank hesabına qaytarılmasını xahiş etmiş və məktəb ona 3000 manatı geri qaytarmışdır. Bildirir ki, Əli-X11 2019/2020-ci il tədris ilində T. İsmayılov adına 6 №-li məktəb-liseyin ingilis bölməsinin 9-cu sinfində tədrisə başlamalı olduğu halda, ingilis bölməsində keçirilən dərslərə gəlməmişdir. Camal Əli-Zadə təhsilinə öz təşəbbüsü ilə rus bölməsi üzrə davam etdirmək istəyi ilə 16 sentybar 2019-cu il tarixdə əvvəllər oxuduğu sinifə gəlmiş, lakin məktəb liseyin rəhbərliyi tərəfindən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli 2(004)-5385 nömrəli qərardadının tələblərinə uyğun olaraq, təhsil müəssisəsində şagirdin tədrisinin dəyişdirilməsinə yol verilməmişdir. Bundan sonra şagird İngilis (İB) bölməsində oxumaqdan imtina edərək dərslərə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilənləri müdafiə edir. Hərkəsin təhsil almaq hüququ vardır. Şəxs 18 yaşına çatanadək valideynləri onun barəsində qərar qəbul edə bilərlər, üstünlük hüququ vardır. Burada valideynlər arasında anlaşılmazlıq da mövcuddur. Lisey buna əsaslanır. Valideynlərdən biri ingilis, digəri rus bölməsini istəmişdir. Valideynlər boşanmışdır, uşaqlar ana ilə qalır. Lakin ata uşaqların ingilis dilində təhsil almasını istəyir və təhsil haqqını özü ödəyir. Burada iki sübut vardır. Biri ananın ərizəsidir. Digəri aktda isə (biz aşağıda imza edən komissiya üzvləri öz imzamızla təsdiq edirik ki, İngilis(İB) MYP 3də təhsil alan ƏliX11 sinifdən sinfə keçid imtahanlarını uğurla verə bilmədiyi, 9-cu sinfin buraxılış sinfi, eləcə də İB proqramının fərqli olduğu üçün rus bölməsinin 8-ci sinfinə keçirilməsi tövsiyə olunur) qeyd edilmişdir. Aktın heç tarixi də yoxdur. Hesab edirlər ki, qanunsuz aktdır. Necə, nə zaman, hansı şəraitdə keçirilib? Komissiya üzvləri hansı əmrlə səlahiyyətləndirilib? Ən azından video görüntüsü aparılmalı idi. İddiaçının övladı 1-ci sinifdən orada təhsil alır. Son iki ildir ki, ingilis dilində təhsil alır. Həmin şəxsin ingilis dilində təhsilini davam etdirməsi üçün hansısa əsas yoxdur. Valideynlərə əvvəlcədən məlumat verilməli idi, ilin sonunda yox. Ana uşağın ingilis dilində təhsil almasını istəmir. Atanın valideynləri xaricdə yaşayır, uşaq ora köçməsin deyə ana ingilis dilini bilməsini istəmir. Məhkəmə iclasında iştirak edən cavabdeh T.İsmayılov adına 6 №-li məktəb-liseyin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 5 iyul 2019-cu il tarixli müqavilə 9-cu sinif üçündür. Dərs sentyabrda başlamışdır, ilkin ödəniş 3000 manat ödənilmiş, amma uşaq dərsə gəlməmişdir. Tərəflər boşanmışdır, illərlə məhkəmə mübahisəsi gedib, uşaqlar ananın yanında saxlanılmışdır. Burada məktəbin günahı yoxdur. Müqavilə 05 iyul 2019-cu il tarixdə bağlanmışdır, 16 iyun 2019-cu il tarixdən 2020-ci il tarixədək təhsil ili üçündür. 3000 manat ödəmiş, dekabr ayında növbəti ödəniş etməli olduğu halda ödəməmiş və yanvar ayında geri qaytarılmasını istəmişdir. Məktəb də qaytarmalı olmadığı halda qaytarmışdır. Müqavilə üzrə öhdəliyi özləri yerinə yetirməyiblər, onlardan tələb edirlər. Uşaq ingilis dilində oxumaq istəməmişdir. Akt 05 oktyabr 2019-cu il tarixdə tərtib olunmuşdur. Pedaqoji şuranın iclas protokolu 05 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Yasamal Rayon Məhkəməsinin qərarı olduğu üçün ingilis bölməsindən rus bölməsinə keçirilməsi dayandırılmışdır. Ana uşağın onun himayəsində olmasını əsas göstərərək, rus bölməsində təhsil almasını istəyir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, 8-ci sinifin ortalarında, 9-cu sinifə keçən ərəfədə oğlu ona artıq ingilis dilində oxumaq istəmədiyini demişdir. Onlar isə ona bu ili başa çatdırmasını, sonra isə onu rus bölməsinə keçirəcəklərini bildirmişlər. İddiaçı müqavilədəki öhdəliyini yerinə yetirmirdi. Qalan yarım il üçün ödəniş etmək üçün onun ya alimentdən ya da başqa xərclərdən imtina etməsini istəmişdir. Yanvar ayında Gülşən xanım, o və iddiaçı bir yerdə görüşmüşlər. O, qalan yarım ilin ödənişi etmişdir və uşaq 8-ci sinifi oxuyub qurtarmışdır. Onlar hamısı bilirdilər ki, Camal 9-cu sinifdə ingilis dilində oxumağa davam etməyəcək. Çünki bunu heç istəmirdi. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin, şahidin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05 iyul 2019-cu il tarixli İB-20/024 saylı müqavilənin 2-ci bəndindən görünür ki, məktəb valideynin 01.10.2005-ci il təvəllüdlü övladını Beynəlxalq Bakalavriat (İB) Orta Təhsil (MYP) proqramı üzrə 9-cu sinif ingilis bölməsinə qəbul edərək müfaviq təhsil verməyi, valideyn isə bu müqavilə müəyyən edilmiş təhsillə bağlı nəzərdə tutulan təhsill haqqını məkətbə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən, müqavilənin bitmə müddəti 16 sentyabr 2019 tarixindən 30 iyun 2020-ci il tarixinədək müəyyən edilir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, təhsil haqqı il ərzində hissə şəkildə 3 dəfədə ibarət olmaqla, yəni birinci ödəniş 15.07.2019-cu il tarix üçün 3000 manat, ikinci ödəniş 01.12.2019-cu il tarix üçün 3000 manat, üçüncü ödəniş 01.03.2020-ci il tarix üçün 2000 manat olmaqla, ümumilikdə, 8000 AZN ödənilir. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli arayışdan görünür ki, ingilis bölməsində təhsil alması üçün təhsil haqqı 2017/2018-ci tədris ili üçün 7200 manat, 2018-2019-cu tədris ili üçün 8000 manat olmuşdur. İş materiallarında olan Pedaqoji şuranın 05.10.2019-cu il tarixli iclasının protokolundan görünür ki, sinifdən-sinifə keçid imtahanlarını uğurla verə bilmədiyi üçün Əli-X6 rus bölməsinin 8-ci sinfinə keçirilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 27.01.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ödədiyi təhsil haqqını onun bank hesabına qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 05.07.2019-cu il tarixli müqaviləyə xitam verildiyinə görə 15.07.2019-cu il tarixdə ödənilən 3000 manat təhsil haqqı geri qaytarılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənini 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Sözügedən prinsip ümumi qaydada öz təsbitini Ailə Məcəlləsinin 52-ci maddəsində tapmışdır. Həmin maddəyə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Göründüyü kimi, qanunverici uşağın mənafeyi ilə bağlı məsələlərin həlli zamanı uşağın öz fikrini bildirmək hüququnu tanımaqla yanaşı, onun maraqlarına zidd olan hallar istisna olmaqla 10 yaşına çatmış uşağın fikrinin mütləq şəkildə nəzərə alınmalı olduğunu məcburi qayda kimi müəyyən etmişdir. Odur ki, məhkəmə ailə qanunvericiliyin imperativ tələbini diqqətə alaraq, 15 yaşı tamam olmuş Əli-X6 məhkəmə iclasında iştirakını təmin etmiş və məhkəmə iclasında Əli- X11 izahat verərək bildirmişdir ki, ingilis dili bölməsində oxumaq onun üçün çətindir və o ingilis bölməsində oxumaq istəmir. Orada heç bir dərslik yoxdur, ancaq internetdən yüklənən dərslikləri kağız üzərində oxumaq məcburiyyətində qalırlar. O iki il ingilis dili bölməsində istəməyərək təhsil almışdır. Rus dili bölməsində isə təhsil alarkən dərsləri yaxşı oxumuşdur. Bu hallar uşağın rus bölməsinə keçirilməsi üçün qanunun tələbinə görə məhkəmənin nəzərə almalı olduğu mühüm hüquqi əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda məhkəmə qeyd edir ki, «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterində və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirdər görmək hüququna malik ola bilməz. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 6-cı maddəsinin İİ hissəsinə əsasən iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. Həmin Konvensiyanın 27-ci maddəsinin İİ hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxs(lər) uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsaslanaraq, məhkəmə hazırki mübahisədə uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verərək hesab edir ki, valideynlər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən övladlarının hüququnu pozmamalıdır. Belə ki, Əli-X11 ingilis dilini yaxşı mənimsəyə bilməyərək ingilis bölməsində təhsil alması onun təhsildə inkişafına ziyan yetirə bilər. Xarici dilləri bilmək hər bir şəxs üçün yaxşıdır. Bu isə məcburiyyət qarşısında deyil, meyil və maraq əsasında olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Əli-X6 ingilis bölməsində təhsil almasına dair məktəb və valideyin arasında bağlanan müqavilələr hər il bağlandığından, sonuncu müqavilənin müddəti isə artıq bitdiyindən və müqavilənin şərtlərinə görə birinci ödəniş 15.07.2019-cu il tarixdə, ikinci ödəniş 01.12.2019-cu il tarixdə, üçüncü ödəniş 01.03.2020ci il tarixdə ödənilməli olduğu halda iddiaçı yalnız birinci ödənişi iyul ayında etmiş, digər ödənişləri ödəmədən birinci ödənişin geri qaytarılmasına dair ərizə ilə məktəbə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı 2019-2020-ci il üzrə tədris müddəti bitməmiş ödənilmiş təhsil haqqını geri qaytarılmasını istəmiş və məktəb tərəfindən ödənilmiş təhsil haqqı onun bank hesabına geri qaytarılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hər hansı müqavilə öhdəliyindən və maddi ziyandan söhbət ola bilməz. İddianın mənəvi zərər hissəsinə gəlincə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Bununla bağlı iddiaçı hər hansı sübut təqdim etmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1199/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1199/2021
13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver