Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1238/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iddiaçı və cavabdeh arasında naturada bölüşdürülməsi, bunun mümkün olmadığı təqdirdə isə nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Azad qızının atası X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Miras əmlak olaraq buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (bundan sonra miras əmlak) mövcuddur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi iddia ərizəsinə əlavə edilir. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının miras əmlak üzərində ½ hissədə payı müəyyən edilmişdir. X1 digər vərəsəsi Cavabdeh Azad qızı miras əmlaka ½ hissədə vərəsə olmasına baxmayaraq, qərəzli olaraq notariat ofisinə müraciət etmir. Bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd aparılmışdır. Nəqliyyat vasitəsinin fiziki olaraq bölunməsi mümkünsüz olduğundan və eyni zamanda nəqliyyat vasitəsinin qarşılıqlı razılıq əsasında satılaraq əldə olunacaq vəsaitin tərəflər arasında bölünməsinə cavabdeh qərəzli olaraq razılıq vermir. Belə olan halda nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsinin alınması və əmlak üzərində sərəncam verilməsi mümkünsüzdür. Cavabdeh miras əmlakı rəsmi şəkildə qəbul etməməklə hüququndan sui-istifadə edir. Bu baxımdan mirasın qəbulu ilə bağlı xüsusi müddətin olmaması səbəbindən cavabdehin notariat ofisinə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməməsi və paylı mülkiyyətin bölünməsinə maneələr yaratması iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - BA 271603 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, 77KB675 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 2V-22 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdehdır və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BA271603 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JHMZE2850AS219920, mühərrikin həcmi ******* və buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı ** KB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 2V-23 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdehdır və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-154309/2024 nömrəli arayışına əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında olan 1043.96 manat məbləğində pul vəsaitindən ibarətdir. - Caspian Valuation MMC-nin 11 sentyabr 2025-ci il tarixli CVN/S 32-323/25 nömrəli rəyindən görünür ki, təqdim edilmiş fototəsvirlərə əsasən, “Honda İnsight (hibrid)” minik markalı, “xetçbek” tipli, **-KB-*** qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ban nömrəsi JHMZE2850AS219920 olan, ağ mirvari rəngli nəqliyyat vasitəsinin 11 sentyabr 2025-ci il tarixinə bazar dəyəri 9100 manat təşkil edir. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, İddiaçı Azad qızının atası X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Miras əmlak olaraq buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mövcuddur. Müəyyən edilmişdir ki, buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi tərəflərin paylı mülkiyyətindədir. Beləliklə də, müəyyən edilir ki, iddiaçı buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iddiaçı və cavabdeh arasında naturada bölüşdürülməsi, bunun mümkün olmadığı təqdirdə isə nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini iddia etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024cü il tarixli 02/2024 saylı qərardadından görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya-bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, 152.1-ci maddə). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə, 213.1-213.3-cü maddələri) Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5- 215.6-cı maddələr). Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru 221-ci maddəsi ilə tənzimlənir. Bu prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 221-ci maddənin 2-ci cümləsi). Əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Qeyd edilən qərardadda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. (62- 64-cü bəndlər) Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. (65-66 bəndlər) Məhkəmə, iddia tələbinin dəlillərini və onun əsaslı olmasına dair iddiaçının təqdim etdiyi sübutları nəzərə alaraq, eləcə də yuxarıda qeyd edilən qərardadın tövsiyyələri və tərəflər arasında paylı mülkiyyətdən təyinatı və mülahizələri üzrə istifadə ilə əlaqədar mübahisənin həlli baxımından qiymət verərək hesab edir ki, buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **- KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin texniki cəhətdən naturada bölünməsi mümkün olmadığından, əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları olan tərəflər üçün qapalı hərrac keçirilməli, həmin əmlaklar iştirakçılardan biri tərəfindən qapalı hərracda əldə edilmədiyi halda, açıq hərracdan satılmaqla satışdan əldə edilmiş pul vəsaiti mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə hesab edir ki, hərraclar zamanı buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 9100 (doqquz min bir yüz) manat müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmənin qərardadı əsasında təqdim edilmiş "xxxx" MMC-nin 11 sentyabr 2025-ci il tarixli CVN/S 32-323/25 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş fototəsvirlərə əsasən, “Honda İnsight (hibrid)” minik markalı, “xetçbek” tipli, **-KB-*** qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ban nömrəsi JHMZE2850AS219920 olan, ağ mirvari rəngli nəqliyyat vasitəsinin 11 sentyabr 2025-ci il tarixinə bazar dəyəri 9100 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 9100 (doqquz min yüz) manat müəyyən edilməli, buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılması ilə bağlı əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları - İddiaçı və Cavabdeh üçün qapalı hərrac keçirilməli, buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iştirakçılardan biri tərəfindən qapalı hərracda əldə edilmədiyi halda həmin nəqliyyat vasitəsi açıq hərracdan satılmalı və satışdan əldə edilmiş pul vəsaiti mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçına ödənilməli, iş üzrə Caspian Valuation MMC tərəfindən aparılmış mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsi İddiaçından, 100 (bir yüz) manat hissəsi Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 9100 (doqquz min yüz) manat müəyyən edilsin. Buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılması ilə bağlı əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları - İddiaçı və Cavabdeh üçün qapalı hərrac keçirilsin. Buraxılış ili 2009-cu il olan Honda İnsight (hibrid) minik markalı, **-KB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iştirakçılardan biri tərəfindən qapalı hərracda əldə edilmədiyi halda həmin nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul vəsaiti mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsi İddiaçından, 100 (bir yüz) manat hissəsi Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Nərimanov filialı, bank VÖEN: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************; Kod: 805711, S.W.İ.F.T: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1238/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1238/2025
17.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver