Məhkəmə qərarları › İş №e-2(009)-1247/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1247/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1247/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh A.A.Qasımovun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və Qasımov Anar Akif oğluna qarşı ipoteka müqaviləsinin 2.3-cü bəndinin və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra şöbəsi, ünvan 7iat ofisi və Qasımov Anar Akif oğlunu müstəqil tələblər irəli sürməyən şəxslər qismində cəlb edilməklə) hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə atası X3 ilə Qasımov Anar Akif oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Qasımov Anar Akif oğlu tərəfindən atası Şahlar Abdullayevə 340.000 manat borc verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və ilkin olaraq atasının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin, 33, 34, 35 saylı mənzilləri ipoteka qoyulmuşdur. Lakin bütün bunlara baxmayaraq ünvan 7iat ofisinin xüsusi notariusu tərəfindən heç bir araşdırma aparmadan, onların həqiqətən də Qasımov Anar Akif oğluna 340.000 manat məbləğində pul borcunun olub-olmamasını, borcun təminatı olaraq qeyd edilən mənzillərə dair ipoteka müqaviləsi bağlanarkən onların razılıqların olubolmamasını müəyyənləşdirmədən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Qasımov Anar Akif oğlunun xeyrinə, borclu ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinədək vaxtında ödənilməmiş 340.000 manat pulun ondan tutulması barədə xx.xx.2022-ci il tarixli, 8i-23854 nömrəli icra qeydi vermişdir. Odur ki, tərəfindən sözügedən icra qeydinin ləğv edilməsi barədə ərizə ilə ünvan 7iat ofisinə müraciət edərək, 8i-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. Lakin, notarius tərəfindən icra qeydinin ləğv edilməsi barədə müraciəti imtina edilmişdir. Bununla əlaqədar olaraq, tərəfindən ünvan 7iat ofisinin 8i-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillər "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 147/23 saylı “Açıq hərracın nəticələri haqqında Yekun Protokolu”na əsasən alıcı Qasımov Anar Akif oğluna satılmışdır. Bundan sonra tərəfindən ərizə ilə "xxxx" MMC-yə müraciət edilərək, hərracın nəticələri haqqında protokolu əldə etmiş və sözügedən protokolla tanış olarkən ona məlum olmuşdur ki, hərracın keçirilməsinə əsas ünvan 7iat ofisinin icra qeydi olmuş, hərracın sifarişçisi isə Səbail rayon İcra və Probasiya şöbəsi olmuşdur. İlk olaraq qeyd etmək istəyir ki, "xxxx" MMC və Qasımov Anar Akif oğlu tərəfindən ona məxsus olan əmlakın hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, mülkiyyətinə əsaslı surətdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuş, hərracın bu qaydada və qiymətlə iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq bir ailə ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmış, şəxsi maraq güdməklə ən ciddi qanunsuzluğa və ən ciddi pozuntuya yol vermişlər. Lakin ona məxsus olan əmlakın hərracının keçirilməsini "xxxx" MMC özbaşına olaraq formal surətdə yalnız kağız parçası üzərində keçirməklə nə onu satılan əmlakın mülkiyyətçisi kimi tanımamış, nə də tanımaq istəməmiş, özgənin əmlakını öz şəxsi əmlakları kimi “dəyərindən qat-qat aşağı qiymətə” satmaqla mülkiyyətinə qəsd etmiş, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuzluğa yol vermişlər. Ona məxsus olan mənzillərin hərracda satılma qiymətinə dair ipoteka saxlayan tərəfindən ona heç bir təklif olunmamış və onunla heç bir razılaşma aparılmamışdır. Qanunun tələbindən göründüyü kimi ilkin satış qiyməti ya tələbkar və borclunun qarşılıqlı razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfındən müəyyən olunmalıdır. Göründüyü kimi qanunların tələbləri bütün istiqamətlər üzrə pozulmuşdur. Əmlakın mülkiyyətçisi kimi o, nə hərracın keçirilmə qaydalarını müəyyən etməmişdir, nə hərracda iştirakı təmin edilməmiş, nə də hərracda satılan ona məxsus olan əmlakın qiymətinin müəyyən olunmasında ona heç bir imkan verilməmişdir. "xxxx" MMC özü-özündən qanunsuz olaraq hərrac keçirmiş, kiminlə, hansı üsulla keçirməsi isə məlum olmamışdır. Onunla heç bir bir müqavilə bağlanılmamış, hərracın keçirilməsində qanunla müəyyən olunan hüquqların kobudcasına pozulmuşdur. “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, bu barədə ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 gün qalmış verilir. Göründüyü kimi, hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən “İpoteka haqqında” Qanunun 42-ci maddəsindən irəli gələn tələblərə də əhəmiyyət verilməmiş, hərracın keçirilməsinə dair ona bildiriş göndərilməmiş, bununla da hərracın keçirilmə qaydalarına dair qeyd olunan Qanunun 42-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxsləri birinci növbədə Qasımov Anar Akif oğlunun mənafeyini “xüsusi canfəşanlıqla” qorumuş, hərracda satılan əmlak birinci növbədə ona təklif olunmalı olduğu halda, bu onun hüquqları da pozulmuş və alıcı qismində hərracda onun iştirakı təmin olunmamışdır. Hərracın nəticələri haqqında protokoldan görünür ki, ipotekaya qoyulan əmlakların ilkin satış qiyməti qanunsuz olaraq 350.000 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin əmlaklar ilkin satış qiymətindən də aşağı qiymətə - yəni 223.125 manata satılmışdır. Bunu hərracı keçirən "xxxx" MMC-nin hansı qayda ilə müəyyənləşdirməsi məlum deyildi. Bundan əlavə, protokoldan da göründüyü kimi alıcı Qasımov Anar Akif oğlu olmuşdur. Bu faktın özü bir daha onu göstərir ki, qiymətləndirməni və hərracı həyata keçirən "xxxx" MMC-nin və Qasımov Anar Akif oğlunun hərracın bu qiymətlə keçirilməsində “xüsusilə maraqları” olmuş, həmin səbəbdən də hərraca çıxarılan əmlak öz faktiki dəyərindən dəfələrlə aşağı qiymətə qiymətləndirilməklə Qasımov Anar Akif oğlunun öz adına sənədləşdirilmiş, bütün bunların nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Bu baxımdan hesab edir ki, Qasımov Anar Akif oğlu ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokol qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus olan ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair Qasımov Anar Akif oğlu ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və Qasımov Anar Akif oğluna qarşı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixli 3M- 1104 saylı kredit müqaviləsinə əsasən Qasımov Anar Akif oğlu X2 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X3 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) ünvan 7iat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M- 1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Qasımov Anar Akif oğlunun xeyrinə ipoteka ilə edilmişdir. Sözügedən ipoteka müqaviləsinin 2.2-ci bəndində görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillərin dəyəri 350.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin Açıq hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı yekun protokolundan və "xxxx" MMC ilə Qasımov Anar Akif oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmiş 350.000 manat məbləğ əsas götürülərək müəyyən edilmişdir. Halbuki, həmin mənzillərin dəyəri mənzillərin ilkin satış qiyməti kimi müəyyən edilmiş 350.000 manatdan 3 dəfədən artıqdır. Belə ki, tərəfindən müstəqil qiymətləndiriciyə müraciət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 001-08/05-MY/2024 saylı mütəxəssis rəyinə əsasən ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyəri 1.100.000 manat həcmində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ipoteka predmeti olan və ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.2-ci bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair Qasımov Anar Akif oğlu ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında 07 avqust 2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən artırılmış iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəfindən iddia ərizəsinə əlavə verilmiş və həmin iddia ərizəsinə əlavədə ipoteka müqaviləsinin 2.3-cü bəndi əvəzinə texniki səhv olaraq ipoteka müqaviləsinin 2.2-ci bəndi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ipoteka predmeti olan və ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.3-cü bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair Qasımov Anar Akif oğlu ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həcmi artırılmış iddia tələblərini müdafiə edərək onların təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Qasımov Anar Akif oğlunun nümayəndəsi və vəkili Vəkil2 həcmi artırılmış iddia tələblərini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ipoteka müqaviləsi hazırkı iddiaçının atası Şahlar Abdullayev tərəfindən bağlanılmış, tərəflər arasında əmlakın qiyməti ilə bağlı razılıq əldə olunmuşdur, digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim olunan rəy reallığı əks etdirmir, mənzilin 1 kv.m. həmin hesabata görə 6.000 manatdan yuxarıdır. Hesab edir ki, qaldırılan iddianın təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Səbail rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin olunmamalıdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzillər tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş sənədlərdən görünür ki: - “İpoteka saxlayan” qismində Qasımov Anar Akif oğlu ilə “İpoteka qoyan – borc alan” qismində X3 arasında bağlanılmış və ünvan 7iat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzili ünvan 7iat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü edilmişdir (bənd 1.1,2.1). İpoteka predmetinin dəyəri “İpoteka qoyan”ın və “İpoteka saxlayan”ın razılığına əsasən 350.000 manat məbləğində müəyyən edilmişdir (bənd 2.3). Kredit müqaviləsinin məbləği 340.000 manat təşkil etmişdir. - ünvan 7iat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf “İpoteka saxlayan” Qasımov Anar Akif oğlunun tələbi ilə “İpoteka qoyan – borcalan” İddiaçı Şahlan qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (ünvan 7iat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 3M/1105 nömrə ilə rəsmiləşdirilərək qeydə alınan kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 340.000 manat borcu və kredit məbləğinin təminatı olaraq ünvan 7iat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 3M/1104 reyestr nömrəli ipoteka müqaviləsi üzrə, eyni zamanda tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi tutulmalı məbləğ 340.025 manat təşkil edir). - İş üzrə Səbail rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə, surəti ünvan 7iat Kontoruna, tələbkar Qasımov Anar Akif oğluna, borclu İddiaçı Cümşüd qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 7iat Kontorunun 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdə bağlanmış, qeydiyyatı 3M/1104 nömrə ilə aparılmış kredit müqaviləsinə əsasən borclu İddiaçı 340.000 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar Qasımov Anar Akif oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, M.Hüseynzadə küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 ünvanlarda yerləşən yaşayış evinin hərrac yolu ilə satılmasını təşkil etməsini xahiş olunur. Məlumat üçün bildirilir ki, ipoteka müqaviləsinə əsasən tərəflərin razılığı əsasında sözügedən gedən girov əmlakının dəyəri 350.000 manat məbləğində təyin edilmişdir. - "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə, borclu X2, İddiaçı qızına, tələbkar Qasımov Anar Akif oğluna göndərilmiş xx.xx.2023-cü il tarixli hərrac bildirişinin surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilinin ilkin satış qiymətinin 350.000 manata satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir; - “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 147/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilin 350.000 manata açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2023cü il tarixdə, saat 11.00-da keçirilməsi barədə elan verilmişdir; - "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə, borclu X2, İddiaçı qızına, tələbkar Qasımov Anar Akif oğluna göndərilmiş xx.xx.2023-cü il tarixli hərrac bildirişinin surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilinin satış qiymətinin 297.500 manata satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir; - “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 147/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilin xx.xx.2023-cü il tarixdə keçirilən təkrar hərracın baş tutmaması barədə elan verilmişdir; - "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı, Qasımov Anar Akif oğluna təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, İddiaçı hərracın keçirilməsi barədə məlumat verilmişdir; - "xxxx" MMC tərəfindən tərtib edilmiş açıq hərracın nəticələri haqqında 147/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətinə əsasən ünvan 7iat ofisinin 8İ-23854 nömrəli xx.xx.2022ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra Şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ünvan 7iat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilləri ilkin satış qiyməti 350.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 223.125 manata Qasımov Anar Akif oğluna təklif olunmuşdur. - İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilənin surətinə əsasən ünvan 7iat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilləri 223.125 manata Qasımov Anar Akif oğluna satılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-907/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qasımov Anar Akif oğlu olmaqla, cavabdeh ünvan 7iat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-907/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzillərin qiymətlərinin xx.xx.2024-cü il tarixə 1.100.000 manat həcmində müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Qasımov Anar Akif oğlu X2 340.000 manat məbləğində borc pul verilmişdir. Qasımov Anar Akif oğlu ilə X3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzili ünvan 7iat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Qasımov Anar Akif oğlunun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi olan iddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilin mülkiyyətçisidir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tələbkar Qasımov Anar Akif oğlu kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ünvan 7iat ofisinə müraciət etmiş, onun müraciəti əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında həmin ofisin xüsusi notariusu tərəfindən icra qeydi tərtib edilərək icra olunması üçün Səbail rayon icra şöbəsinə göndərilmişdir. İcra qeydinin icrası ilə əlaqədar Səbail rayon icra şöbəsi tərəfindən “Bakı Hərrac Mərkəzi“ MMC-yə sifariş verilmiş, həmin sifariş əsasında iddiaçının mülkiyyətində olan və üzərinə icra qeydi ilə tutma yönəldilmiş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzili ilkin satış qiyməti 350.000 manat olmaqla hərraca çıxarılmışdır. İlkin hərracda alıcı olmadığı üçün təkrar hərracda mənzilin satış qiyməti 297.500 manat müəyyən edilmiş və təkrar hərracda da alıcı olmadığı üçün mənzilin 25% aşağı qiymətə, yəni 223.125 manata Qasımov Anar Akif oğluna təklif olunaraq satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh ünvan 7iat Ofisinə qarşı xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən Qasımov Anar Akif oğlu X2 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X3 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzili ünvan 7iat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Qasımov Anar Akif oğlunun xeyrinə ipoteka ilə edilmişdir. Sözügedən ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillərin dəyəri 350.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin Açıq hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı yekun protokolundan və "xxxx" MMC ilə Qasımov Anar Akif oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmiş 350.000 manat məbləğ əsas götürülərək müəyyən edilmişdir. Halbuki, həmin mənzillərin dəyəri mənzillərin ilkin satış qiyməti kimi müəyyən edilmiş 350.000 manatdan 3 dəfədən artıqdır. Belə ki, tərəfindən müstəqil qiymətləndiriciyə müraciət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 001-08/05- MY/2024 saylı mütəxəssis rəyinə əsasən ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyəri 1.100.000 manat həcmində müəyyən edilmişdir. Digər tərəfdən keçirilən hərrac barədə ona hər hansı məlumat verilməmiş, hərrac onun iştirakı olmadan keçirilmiş və hərracda iştirak etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən iddiaçı ipoteka predmeti olan və ona məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.3-cü bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair Qasımov Anar Akif oğlu ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan və iddiaçıya məxsus mənzilin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı ipoteka müqaviləsinin 2.3-cü bəndinin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin əvvəlki mülkiyyətçisi mərhum X3 mülkiyyətində olan mübahisəli mənzili bağladığı kredit müqaviləsinin təminatı kimi yüklü edib və ipoteka müqaviləsi bağlayarkən ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında mənzil 350.000 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğ ipoteka müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, ipoteka qoyan və ipoteka saxlayanın qarşılıqlı razılığı əsasında əmlakın qiymətləndirilməsi hər ikisinin iradə ifadəsinə əsaslanmış, ipoteka qoyanın sağlığında bununla bağlı hər hansı mübahisə olmamışdır. İddiaçı mübahisəli mənzilə dair "xxxx" MMC-nin qiymətləndirilmə hesabatındakı məbləği əsas gətirərək ipoteka müqaviləsinin 2.3-cü bəndinin etibarsız hesab edilməsi barədə tələb irəli sürür. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçı ipoteka müqaviləsi bağlayan mərhum mülkiyyətçinin vərəsəsi olaraq qeyd edilən müqavilənin tərəfi olmadığından, müqavilənin qeyd edilən bəndi müqavilə bağlayan tərəflərin iradə ifadəsinə əsasən tərtib edildiyindən, iddiaçı tərəfindən əmlakın hazırkı bazar qiymətinə dair təqdim etdiyi qiymətləndirmə hesabatını məhkəmə sübut kimi qəbul etmədiyindən (belə ki, qiymətləndirici MMC-nin özəl şirkət olaraq hesabatı tərtib edən mütəxəssisin bu cür fəaliyyətlə məşğul olub lisenziyasının mövcud olması barədə sübutların olmaması, əmlakın ipoteka müqaviləsində qeyd edilən qiymətdən artıq olmasına dair digər mötəbər sübutların təqdim edilməməsini əsas götürülərək), həmçinin məhkəmə tərəfindən tərəflərin qarşılıqlı razılığı əsasında əmlakın qiymətləndirilməsinin etibarsızlığı ilə bağlı hal aşkar edilmədiyindən, iddia tələbi həmin müqavilənin 2.3-cü bəndinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus mənzilin hərracda satılmasına dair Qasımov Anar Akif oğlu ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı bu tələbini həm əmlakın real bazar qiymətinə uyğun satılmaması, həm də hərracın keçirilməsi barədə məlumatsız olması ilə əlaqələndirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən hərrac təşkilatçısı maraqlı tərəfləri keçirilən hərracın vaxtı və yeri barədə məlumatlandırmaqla özünün rəsmi internet saytında elan dərc etdirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən müvafiq hərrac bildirişləri həm tələbkar, həm də borclunun ünvanları üzrə rəsmi qaydada göndərilmiş, eyni zamanda bununla bağlı müvafiq mediada elan dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsə də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçının hərracın keçirilməsi barədə bildirişlərin ona təqdim edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hərrac mərkəzi tərəfindən iddiaçıya bildirişlərin göndərilməsi və onun tərəfindən rəsmən alınması müəyyən edilmişdir. İpoteka predmeti olan əmlakın real bazar qiymətinə uyğun satılmaması ilə bağlı iddiaçının dəlillərini məhkəmə əsaslı hesab etmir, yuxarıda qeyd edildiyi kimi təqdim olunan qiymətləndirmə hesabatı sübut kimi dəyərləndirilə bilməz, digər tərəfdən iddiaçı icra qeydinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırarkən əmlakın qiymətini həmin tələbdə mübahisələndirməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əsasən həyata keçirildiyindən, hərracın və onun nəticələrinin (yekun protokolun və alqısatqı müqaviləsinin) etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlilləri əsassız hesab edilməli və bu səbəbdən həmin hissədə də iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və Qasımov Anar Akif oğluna qarşı ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.3cü bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair Qasımov Anar Akif oğlu ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar