Məhkəmə qərarları › İş №e-2(009)-1256/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1256/2025

18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1256/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixində X2 TM-də yerləşən Emporium mağazasından Balmain brendinin yay ayaqqabısını endirimdə 970 manat məbləğində vəsait ödəyərək almışdı. Ayağının ölçüsü 39-dur, lakin mağazada 39 ölçü qalmadığından və o, qalın corabda olduğu üçün satıcı ona 38.5 ölçünü təklif etdi və bu ölçünün son ədəd qaldığını ona bildirmişdir. Ayaqqabının içindəki brendinin adı yazılan hissənin bir az silinmiş və sürtülmüş olduğu görsənirdi. O, ayağının ölçüsünə tam uyğun olmadığı üçün tərəddüd etmiş almağa, lakin satıcı ona ayaqqabını evdə corabsız geyinib baxmasını məsləhət görmüş və “əgər 14 gün ərzində tərəddüdünüz azalmasa gəlib qaytara bilərsiz” demişdir. Beləliklə ayaqqabı ayağına tam oturmadığı üçün bir neçə gündən sonra, yəni xx.xx.2025-ci il tarixində ayaqqabını qaytarmaq qərarına gəlmiş, lakin mağazanın meneceri ayaqqabının qaytarılmasına imtina edərək onun ayaqqabını geyindiyini iddia etmişdir. Bildirmək istəyir ki, ayaqqabı yay ayaqqabısıdır, yəni qış aylarında onu geyinmək qeyri-mümkündür və ayaqqabının daban hissəsində geyinilmiş ayaqqabı əlamətləri yoxdur. O, əgər ayaqqabını bircə dəfə də olsun geyinib küçəyə çıxsaydı ayaqqabının nazik daban hissəsində geyinilmiş əlamətlər olardı. Necə ola bilər ki, ayaqqabının daban hissəsi təzə qalsın amma iç tərəfi geyinilmiş olsun? O, bu faktları onlara sübut etdikdə isə onu cavabları o olmuşdur ki, ayaqqabının iç hissəsində brendin adı silinib və barmaq izləri var. Əlbəttə barmaq izləri olmalıdır, çünki hər mağazaya gələn müştərilər kimi o, da mağazada ayaqqabını geyinib baxmışdır, deməli ona xəbər vermədən vitrin ayaqqabısını satıblar. İndi isə bu faktı nə mağazanın meneceri, nə də müştəri xidmətləri qəbul etmirlər və onu yalançı çıxarmağa çalışırlar. O, mağazadakı satıcı ilə danışıb soruşanda ki, “siz ayaqqabını qablaşdıranda niyə qeyd etmədiz ki, deffektlidir”, ona cavab vermişdir ki, “diqqətlə baxmadım, üzrlü sayın”. Mağazanın menecerinin iddiasına görə əgər o, ayaqqabını geyinmiş olsa idi belə, bir həftə ərzində bu səviyyədəki brendin ayaqqabısı bu vəziyyətə düşübsə deməli ona keyfiyyətsiz mal salıblar. Mağazada kamera sistemi var. Kameralardan birinin aldığı malın qablaşdırıldığı hissəyə yönəldiyini gördükdə, məsələyə aydınlıq gətirmək üçün mağazadakı video görüntünün izlənməsini tələb etdikdə isə menecer tərəfindən bu tələbinə səbəbi göstərilmədən imtina olunmuşdur. Bu səbəbdən o, pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaİmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh X1 mağazasından aldığı “Balmain” markalı ayaqqabının mağaza tərəfindən geri alınaraq, ödədiyi 927 manat pul vəsaitinin ona geri qaytarılması, mənəvi ziyana görə 1000 manat və ödədiyi 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, ayaqqabı qışda alınsa da, yay ayaqqabısı olmuş, avtomobilin baqajında qalmış, bir neçə gündən sonra evə gətirərkən qaytarmaq qərarına gəlmişdir. Yay ayaqqabısının qışda geyinilməsi mümkün deyil. Maqazində ona göstərilən ayaqqabı deyil, vitrində və dəfələrlə alıcılar tərəfindən geyilən içinin etiketi nisbətən silinmiş vəziyyətdə olan ayaqqabı vermişlər. Hətta o, satıcıya nə üçün göstərdiyi ayaqqabını vermədiyini soruşduqda, o, bildirmişdir ki, “yəqin səhv etmişəm”. O, qablaşdırılan kassa arxasında olan yerinə videosunu tələb etdikdə belə bundan imtina etmişlər. Ona qarşı çox kobud rəftar etmişlər, sanki o, “dələduz” kimi geyilmiş ayaqqabını geri qaytarmaq istəyir. Onun 7 il həmin dükandan və eyni markadan ayaqqabısı vardır, məhkəmədə ona baxış keçirilməsini də xahiş edir, həmin ayaqqabın içindəki etiketin yazıları solğun deyil, lakin ayaqqabının altı deyildiyi üçün izlər mövcuddur. Halbuki aldığı ayaqqabıda geyinməni təsdiq edən iz mövcud deyil. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, maddi və hüquqi qüsurlu olan əmlaklar var, maddi qüsurları gözlə görmək mümkündür, eyni zamanda açıq və qapalı qüsurlar da mövcuddur. Sübutetmə yükü iddiaçının üzərinə düşür, o, sübut etməlidir ki, ona ayaqqabı etiketi silinmiş vəziyyətdə satılıb. Düzgün olaraq ayaqqabının geri qaytarılmasından imtina edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələblərinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək və alınan, eyni zamanda iddiaçı tərəfindən əvvəllər alınmış və geyinilmiş ayaqqablara vizual baxış keçirdərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Emporium” mağazası tərəfindən verilmiş ödəniş qəbzindən belə məlum olur ki, 1 ədəd “Balmain” markalı qadın ayaqqabısının alınmasına görə 987 manat ödəniş edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, “Emporium” mağazası ilə bağlı daxil olmuş müraciətinə (daxilolma qeydiyyatı:3-21/1-Z- 4xx-xx/2025, xx.xx.2025-ci il) Azərbaycan Respublikasının Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı Cavabdeh MMC tərəfindən daxil olmuş məktubda malın anbardan gətirilərək istifadəyə verildiyi, xx.xx.2025-ci il tarixdə ayaqqabını alan zaman ətraflı baxış keçirib hər hansı qüsur olmadan aldığını, xx.xx.2025-ci il tarixdə ölçüsünün uyğun olmaması səbəbindən qaytarılması üçün mağazaya müraciət etməsini qeyd edilmişdir. Mala baxış keçirilən zaman ön hissəsində barmaq izlərini, daban hissəsində loqoda rəng pozulmasının, ayaqqabının alt hissəsindəki etiketin silindiyinin aşkar edildiyini, bu səbəbdən qaytarılmasından imtina edildiyi bildirilmişdir. İddiaçı ilə saxlanılan telefon əlaqəsi zamanı o, mağazanın mövqeyi ilə razı olmamasını bildirmişdir. Bununla əlaqədar bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu aldındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yardığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulun geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakcılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olması, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və duzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımı keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni manafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüquqlarına malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Göstərilən Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən istehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Eyni Qanunun 7-ci maddəsinin 4-cü bəndinə əsasən qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Göstərilən Qanunun 7-ci maddəsinin 7-ci bəndinə əsasən istehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Göstərilən Qanunun 7-ci maddəsinin 10-cu bəndinə əsasən əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 2-ci bəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. «İstehlakçıların huquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2025-ci il tarixində X2 TM-də yerləşən “Emporium” mağazasından “Balmain” brendinin yay ayaqqabısını endirimdə 970 manat məbləğində vəsait ödəyərək almışdır. Ayağının ölçüsü 39-dur, lakin mağazada 39 ölçü qalmadığından və o, qalın corabda olduğu üçün satıcı ona 38.5 ölçünü təklif etdi və bu ölçünün son ədəd qaldığını ona bildirmişdir. Ayaqqabının içindəki brendinin adı yazılan hissənin bir az silinmiş və sürtülmüş olduğu görsənirdi. O, ayağının ölçüsünə tam uyğun olmadığı üçün tərəddüd etmiş almağa, lakin satıcı ona ayaqqabını evdə corabsız geyinib baxmasını məsləhət görmüş və 14 gün ərzində tərəddüdünün azalmasa gəlib qaytara biləcəyini bildirmişdir. Ayaqqabı ayağına tam oturmadığı üçün bir neçə gündən sonra, yəni xx.xx.2025-ci il tarixində ayaqqabını qaytarmaq qərarına gəlmiş, lakin mağazanın meneceri ayaqqabının qaytarılmasına imtina edərək onun ayaqqabını geyindiyini iddia etmişdir. Ayaqqabı yay ayaqqabısıdır, yəni qış aylarında onu geyinmək qeyri-mümkündür və ayaqqabının daban hissəsində geyinilmiş ayaqqabı əlamətləri yoxdur. O, bu faktları onlara sübut etdikdə ona bildirmişlər ki, ayaqqabının iç hissəsində brendin adı silinib və barmaq izləri var. Əlbəttə barmaq izləri olmalıdır, çünki hər mağazaya gələn müştərilər kimi o, da mağazada ayaqqabını geyinib baxmışdır, deməli ona xəbər vermədən vitrin ayaqqabısını satıblar. Bu səbəbdən iddiaçı cavabdeh X1 mağazasından aldığı “Balmain” markalı ayaqqabının mağaza tərəfindən geri alınaraq, ödədiyi 927 manat pul vəsaitinin ona geri qaytarılması, mənəvi ziyana görə 1000 manat və ödədiyi 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən alıcı 14 gün ərzində aldığı malın öz formasına, ölçüsünə, fasonuna, rənginə görə ona yaramadığını müəyyən edərsə, alıcının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunun yuxarıda göstərilən tələblərə baxımından satıcı lazımi keyfiyyətli mal istifadə olunmadığı, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıldığı halda həmin malı dəyişməlidir. Yəni qanunvericilik göstərilən hallardan hər hansı birinin mövcud olmaması əsası ilə satıcının malın dəyişdirilməsindən imtina etməsini əsaslı olduğunu müəyyən edir. Satıcı alıcıya (iddiaçıya) aldığı malın dəyişdirilməsi və geri qaytarılması barədə müraciətinə əsasən edilmiş imtinanın əsası kimi onun geyinilməsi və istifadə olunmasını göstərmişdir. Məhkəmə 8 gün müddətində əldə edilmiş, bəyənilməmə səbəbi ilə geri qaytarmaq niyyətində olan alıcının həmin ayaqqabının istifadə olunmuş və geyinilmiş kimi cavabdeh tərəfindən dəyərləndirilməsini əsaslı hesab etmir, belə ki, ayaqqabıya vizual baxış zamanı da həmin malın istifadə olunması halı müəyyən edilməmişdir. Alınan vaxtdan qısa müddət keçməsinə baxmayaraq, geyinilsə belə yalnız daxilindəki etiketin yazısının solğunlaşması, lakin ayaqqabının geyinilmiş ayaqqabı kimi alt hissəsində hər hansı bir izin mövcud olmaması həmin ayaqqabının məhz vitrindən dəfələrlə nümunə kimi istifadə olunaraq sonuncu ölçülü ayaqqabı kimi iddiaçıya satılmasını məhkəmə daha inandırıcı hesab edir. Başqa sözlə məhkəmə hesab edir ki, etiketin yazısının solğun olması satılarkən də mövcud olmuşdur. Bu hal məhkəmə tərəfindən iddiaçının 7 il müddətində eyni markadan olan geyinilmiş ayaqqabının daxili etiketinə baxış keçirilərkən də təsdiq olunmuşdur. Belə ki, geyinilmiş ayaqqabının daxili etiketi satılmış ayaqqabının daxili etiketindən az solğun vəziyyətdə olmuşdur. Məhkəmə qeyd edir ki, ayaqqabının qəbul olunması cavabdeh tərəfindən imtina olunduğundan, iddiaçı qanunvericiliklə ona verilən hüquqdan istifadə edərək mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, satılmış malın bəyənilməmə səbəbi ilə onun dəyişdirilməsi və dəyərinin geri qaytarılması barədə satıcıya müraciət etmək iddiaçının müstəsna hüququ olduğundan, cavabdeh tərəfindən onun müraciəti müsbət həll edilmədiyindən, imtina barədə gətirilən dəlillər isə əsassız olduğundan, iddia tələbi iddiaçı tərəfindən alınmış ayaqqabının qaytarılması və ayaqqabıya görə ödənilmiş pul məbləğinin tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunan qəbzdə ödənişin 987 manat həddində edildiyi qeyd edilsə də, iddiaçı geri qaytarılmalı olan əmlaka görə 927 manat pulun ona qaytarılmasını xahiş etdiyindən və məhkəmə yalnız iddia tələbləri həddində işə baxmalı olduğundan, məhkəmə hesab edir ki, geri qaytarılan ayaqqabıya görə iddiaçıya 927 manat məbləğində pul vəsaiti ödənilməlidir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə pulun ödənilməsi və ayaqqabının geri qaytarılması hissələrində eyni vaxtda icra edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Konstitusiya Məhkəməsinin bu qərarında mənəvi zərərin sırf qeyri əmlak xarakterli olması birmənalı olaraq qeyd edilmişdir. Hazırki iddia tələbinin əsasını isə iddiaçı əmlak hüquqlarının pozulması ilə əlaqələndirdiyindən, məhkəmə hesab edir ki, bu halda mənəvi zərərin olması istisna olunur. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (30 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. “Balmain” markalı ayaqqabının alınmasına görə ödənilmiş 927 (doqquz yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun və “Balmain” markalı ayaqqabını geri qaytarılsın. Qətnamə pulun ödənilməsi və ayaqqabının geri qaytarılması hissələrində eyni vaxtda icra edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar