Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1260/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi K.A.Bünyadovanın iştirakları ilə İddiaçı Cavabdehnə qarşı ali təhsil müəssisəsinə bərpa olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı ali təhsil müəssisəsinə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Rusiya Federasiyasında anadan olmuş və orta təhsilini Fusiya Federasiyasında başa vuraraq 2019-cu ildə əcnəbi vətəndaş kimi Cavabdeh (UNEC) Rus İqtisad Məktəbi fakultəsi “Maliyyə” ixtisası üzrə bakalavr pilləsində təhsil almağa qəbul olmuşdur. Lakin, ali təhsil müəssisəsinə qəbul olarkən iddiaçıya Azərbaycan Respublikasının vətəndaşı olduğu və növbəti kurslarda təhsilini əcnəbi tələbə kimi davam etdirmək üçün ona Azərbaycan Respublikası vətəndaşlığından çıxmalı və əcnəbi vətəndaş kimi Azərbaycan Respublikasında təhsil aldığından Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq icazəsi alaraq, icazə vəsiqəsini UNEC-ə təqdim etməli olduğu bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmasından xəbərdar olmamış və sənədlərini universitetə təqdim edərək bakalavr pilləsi üzrə təhsilə qəbul edildikdən sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş və ali təhsilini UNEC-də davam etdirmək üçün Universitetdən verilmiş tövsiyyə əsasında Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. X2 Xidmətindən bu vaxta qədər onun müraciətinə cavab verilməmiş və nəticədə cavabdehin 18.03.2021-ci il tarixli, 160/4/2021 saylı əmri ilə o, “tələb olunan sənədləri təqdim etmədiyinə görə“ universitetin tələbələri sırasından xaric edilmişdir. Cavabdehin qeyd edilən əmri iddiaçıya münasibətdə qanunsuz və əsassızdır, bu səbəbdən iddiaçıya aid hissədə ləğv edilməli və iddiaçı Cavabdehndə Rus İqtisad Məktəbi fakultəsi “Maliyyə” ixtisası üzrə təhsilini davam etdirmək üçün Cavabdehnə bərpa olunmalıdır. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdehndə Rus İqtisad Məktəbi fakultəsi, “Maliyyə” ixtisası üzrə təhsilini davam etdirmək üçün Cavabdehnə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iddia iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı 09.09.2019-cu il tarixdə ərizə ilə Rusiya Federasiyasının vətəndaşı kimi UNEC-ə müraciət etmişdir və o, 27.09.2019-cu il tarixli əmrlə xarici ölkə vətəndaşı kimi UNEC-ə qəbul olunmuş və onunla Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara müqavilə bağlanmışdır. Qəbul zamanı iddiaçıya qüvvədə olan Təhsil və Miqrasiya qanunvericiliyinin tələbləri izah olunmuşdur. Qaydaların 3.4-cü bəndinə əsasən iddiaçı Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi kartını ali təhsil müəssisəsinə təqdim etmədiyi üçün, yəni iddiaçının eyni zamanda Azərbaycan vətəndaşı olduğuna görə miqrasiya xidməti həmin kartın verilməsindən imtina etidyi üçün onun qaydaların tələblərinə görə əcnəbi tələbə kimi təhsil almaq hüququnun olmaması müəyyən edilmiş və 18.03.2021-ci il tarixdə onun universitet tələbələri sırasından xaric edilməsi barədə əmr qəbul olunmuşdur. Hesab edir ki, əmr qanunidir və bu səbəbdən iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Norilsk şəhərində anadan olmuşdur. İş üzrə Rusiya Federasiyasının RUS seriyalı ********* nömrəli pasportun və Azərbaycan Respublikasının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki,xx.xx.2002-ci il təvəllüdlü İddiaçı həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının vətəndaşıdır. İş üzrə Cavabdeh 160/4/2021 saylı, 18.03.2021-ci il tarixli əmrin kserosurətindən görünür ki, Rus İqtisad Məktəbi fakultəsi “Maliyyə” ixtisası üzrə tələbəsi İddiaçı və qeyriləri əcnəbi tələbələr kimi tələb olunan sənədləri təqdim etmədiklərinə görə 12.03. 2021-ci il tarixdən universitetin tələbələri sırasından xaric edilmişlər. Əsas: Beynəlxalq əməkdaşlıq departamentinin direktorunun təqdimatıdır. İş üzrə Cavabdeh ilə “Əcnəbi vətəndaş” qismində İddiaçı arasında bağlanılmış 20.09.2019-cu il tarixli ödənişli təhsil almaq haqqında müqaviləyə əsasən UNEC ödənişli əsaslarla İddiaçı maliyyə ixtisası üzrə təhsil verməsin öhdəsinə götürmüş, İddiaçı isə illik 2600 manat məbləğində təhsil haqqını UNEC-ə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə UNEC Cavabdeh 27.09.2019-cu il tarixli 592/4/2019 saylı əmrinə əsasən İddiaçı Rus İqtisadiyyat Məktəbinə maliyyə ixtisası üzrə tələbə kimi qəbul orlunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. “Təhsil haqqında” AR Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarının 3.1.5-ci maddəsinə əsasən əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əlavə əsasən Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilənin nümunəsi təsdiq edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir: 3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə; 3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə; 3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçı ilə cavabdeh arasında mülki hüquqi münasibətlər müqavilə əsasında yaranmışdır və iddiaçı əcnəbi kimi təhsil müəssisəsində cavabdehlə bağlanmış müqavilə əsasında təhsil alır. Belə olan halda tərəflər arasında müqavilə əsasında yaranmış hüquq münasibətlərinə son qoyulması yalnız bağlanmış müqaviləyə xitam verilməsi yolu ilə mümkündür. Lakin göründüyü kimi cavabdeh yalnız əmr qəbul edilməklə iddiaçını universitetdən xaric etmiş və bununla da mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin Nazirlər Kabinetinin 01.05.2015-ci li tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarının 3.4-cü bəndinə əsasən əcnəbi tələbənin AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşayış icazə kartının ali təhsil müəssisəsinə təqdim edilməli olması barədə dəlilləri üzrə qeyd edir ki, həmin Qaydaların 3.4 bəndində belə müddəa mövcud deyil. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 424.2-ci madəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Qeyd edilən Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin birtərəfli qaydada ləğv edilməsi yalnız tərəflərin müqavilədə nəzərdə tutduqları halda mümkündür. Digər hallarda müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, bu mümkün olmadıqda isə məhkəmə yolu ilə mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh təhsil müəssisəsi 18.03.2021-ci il tarixdə əmr qəbul etməklə iddiaçını tələbə sırasından xaric etmiş və bunun əsası kimi iddiaçı tərəfindən əcnəbi kimi lazım olan sənədləri təqdim edilməməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında təhsil almaqla bağlı münasibətlər müqavilə ilə tənzimləndiyi üçün, iddiaçının universitetdən xaric edilməsi üçün müqaviləyə xitam verilməlidir. Lakin cavabdeh müqaviləyə xitam verilmədən iddiaçını universitetdən xaric etdiyi üçün, bu hal qanunun pozulması halı kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmr iddiaçı münasibətdə əsassızdır. Lakin iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o yalnız onun universitetə oxuduğu fakultəyə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil müəssisəsindən xaric edilməsi müəssisə rəhbərinin qəbul etdiyi əmr əsasında olduğu üçün, iddiaçının universitetə tələbə kimi bərpa edilməsi yalnız həmin əmrin ləğv edilməsi yolu ilə mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki işdə tələbdən kənara çıxılmalı və cavabdeh tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmr iddiaçıya münasibətdə ləğv edilməli və iddiaçı təhsil müəssisəsinə bərpa edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh rektoru Ədalət Muradov tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmr İddiaçı münasibətdə ləğv edilsin və İddiaçı Cavabdeh Rus iqtisad Mərkəbi fakültəsinin “maliyyə” ixtisasına bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1260/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1260/2021
18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver