Məhkəmə qərarları › İş №e-2(009)-1287/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1287/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1287/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların ananın yanında saxlanılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların ananın yanında saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə ailə qurmuş və bu nikah faktı nikah şəhadətnaməsi ilə təsdiq olunur. Nikahın bağlanması barədə Bakı şəhəri Səadət Sarayı Bakı nikah evi tərəfindən 351 saylı qeydlə xx.xx.2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat apararaq AZ-İ No 382744 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Nikah bağlayandan sonra cavabdehlə birgə yaşayış zamanı məlum olmuşdur ki, onunla xasiyyətləri tamamilə bir-birinə ziddir. O, fikirləşmişdir ki, zaman keçdikcə hər şey düzələr, xasiyyətlərində uyğunluq yaranar. Ümid etmişdir ki, ailəsində qarşılıqlı anlaşma, hörmət və inam hissi formalaşacaq. Lakin bu olmamışdır. Belə qərara gəlmişdir ki, bundan sonra ailə həyatını cavabdehlə davam etdirmək mümkün olmayacaq. Artıq bir neçə müddətdir ki, ailə faktiki olaraq mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Səadət Sarayı Bakı nikah evində 351 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki,məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin boşanmağa razı olmaması səbəbindən tərəflərə barışmaq üçün 3 ay vaxt verilərək işin icraatı təxirə salınmışdır. Məhkəməyə müraciət edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, iddiaçı hal-hazırda nikahın pozulmasında israrlıdır, cavabdehlə barışmamışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanlanmış ərizədə cavabdehin nümayəndəsi hüquqlarını müdafiə etdiyi şəxsin boşanmağa razı olmamasını göstərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Səbail rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı nikah evi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnaməsinə əsasən Cavabdeh ilə X6 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 351 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları var. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/6-00922 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı nikahın pozulması tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qaldırılan məsələnin araşdırılması zamanı İddiaçı Cavabdeh övladları ilə birlikdə Türkiyə Respublikasında yaşadıqları, tərəflərin uşaqları X2 Gölbaşı Anadolu liseyinin 10-cu sinifində, X3 isə Nəsibə Aydın məktəbinin 5-ci sinifində təhsil aldıqları müəyyən edilmişdir. Tərəflərlə telefon vasitəsi ilə aparılmış yazışma nəticəsində Cavabdeh tərəfindən uşaqların ölkədən çıxarılmasına icazənin verilmədiyi, bu səbəbdən İddiaçı Komissiyanın iclasında iştirak edə bilmədiyi bildirilmişdir.Cavabdeh məhkəmədən rəy verilməsi üçün göndərilmiş işin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yeri hesab edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Qanunamüvafiq olaraq İddiaçı, Cavabdeh övladları ilə birlikdə Türkiyə Respublikası ərazisində faktiki olaraq yaşadığı səbəbindən qaldırılan məsələnin Səbail rayonuna aidiyyətinin olmadığının müəyyən edildiyini nəzərə alaraq Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş mülki iş üzrə iddia ərizəsinə əsasən rəyin verilməsi Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti xaricindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Göstərilən Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Qeyd edilən Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Vəsilə və xx.xx.2014-cü il təvəllüdlü Məryəm adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə ailə münasibətlərinin pozulmasını və ailənin bərpasının qeyri-mümkün olmasını əsas tutaraq nikahın pozulması ilə bağlı tələb irəli sürmüşdür. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyrimümkünlüyünü nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Məhkəmə birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalması məsələsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 7-ci bəndinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qeyd edilən Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə qanunvericiliyin qeyd edilən norması və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum Qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, nikahın pozulması barədə hazırki işə baxarkən eyni zamanda yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü Vəsilə və xx.xx.2014-cü il təvəllüdlü Məryəm adlı uşaqları hazırda iddiaçının yanındadır. Tərəflər arasında uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisə olduğu üçün, məhkəmə tərəfindən uşaqların hansı valideynin yanında qalması ilə bağlı rəy verilməsi üçün material Səbail rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına göndərilmişdir. Komissiyanın xx.xx.2024-cü il tarixli məktubu ilə rəy verilmədən mülki iş məhkəməyə qaytarılmış və məktubda İddiaçı, Cavabdeh övladları ilə birlikdə Türkiyə Respublikası ərazisində faktiki olaraq yaşadığı səbəbindən qaldırılan məsələnin Səbail rayonuna aidiyyətinin olmadığının müəyyən edildiyini nəzərə alaraq, rəyin verilməsi Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti xaricində olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin Vəsilə və Məryəm adlı övladları 10 yaşından yuxarı olduğundan, onların hansı valideynin yanında qalması ilə bağlı fikirlərinin öyrənilmə zəruriliyi yarandığından, lakin valideynlərin hər ikisi Türkiyə Respublikasında yaşadıqlarından, uşaqlar həmin ölkədə anaları ilə qaldığından, mülki iş rəy verilməsi üçün Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərildiyi və Komissiya tərəfindən müvafiq araşdırılma aparılma zamanı uşaqların Azərbaycan Respublikasına gətirilməsi və Komissiyada dindirilməsi mümkünsüz olduğundan, eyni zamanda uşaqların məhkəmə iclasında da fikirlərin öyrənilməsi ilə bağlı iştiraklarının təmin olunması mümkünsüzlüyünə də nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan tərəflərin xx.xx.2009-cu il təvəllüdlü Vəsilə və xx.xx.2014-cü il təvəllüdlü Məryəm adlı övladlarının analarının yanında qalması müəyyən edilməlidir. Məhkəmə qanunun tələbinə əsasən boşanmadan sonra aliment miqdarının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı uşaqların saxlanılması üçün aliment tələb etmədiyindən, boşanmadan sonra bu məsələnin həll edilməsinə hazırda zərurət yoxdur. Bununla belə, məhkəmə izah edir ki, cavabdeh tərəfindən uşaqların saxlanılması üçün iddiaçıya maddi kömək göstərilmədiyi halda, iddiaçı alimentin tutulması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə birgə əmlakın bölünməsi ilə bağlı tələbin olmamasını nəzərə alaraq hesab edir ki, həmin məsələnin hazırki mərhələdə həll edilməsinə zərurət yoxdur. Bununla belə məhkəmə tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məsələnin AR Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsini məqsədəmüvafiq olduğunu izah edir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı nikah evi tərəfindən qeydə alınmış 15 mart 2008-ci il tarixli, 351 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulsun. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları – İddiaçı yanında qalmaları müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar