Məhkəmə qərarları › İş №e-2(009)-1295/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1295/2025

31.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1295/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 avqust 2024-cü il tarixində Bank BTB ASC-nə ünvan 1 ünvanında yerləşən mənzilini ipotekaya qoyaraq pul götürən borcalan Cavabdeh əvəzinə ödədiyi 32407.39 manat əsas borcun, məhkəməyə ödədiyi 189 manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödədiyi 200 manat rüsumun borcalan Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: hazırkı Cavabdeh onun qızı X4 həyat yoldaşı X2 bacısıdır. Kürəkəni onun yanına gələrək evsiz olduğu üçün ona köməklik etməyini xahiş etdi. Bildirdi ki, ona evlərindən birini banka girov qoymağa icazə versəydiniz biz bankdan ilkin ödəniş götürüb yeni tikilidən mənzil alardıq. Narahatçılıq da ola bilməz. Vaxtlı vaxtında ödənişləri də edəcək. Təbii ki, qızına görə o da razılaşmışdır. Hikmət dedi ki, (mənə “şeyf” müraciət edirdi) o, hava limanında polisdə işləyir. İstəmir ki, adı banklarda hallansın. Bacısı Cavabdeh “borcalan” kimi, Sizi ipoteka qoyan kimi rəsmiləşdirəcəyik. O da razılıq vermişdir. "xxxx" ASC ilə danışığını bildirdi. Xahiş etdi ki, Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi ev 57-də 183 saylı mənzili ipoteka ilə danışdıqlarını bildirərək xahiş etdi ki, yüksək mərtəbəli binanı tikən şəxsin oğlu Borisin dostu olduğu üçün o da xahiş etsin ki, onlara güzəştlər etsinlər. O da Səbail rayonu, Zərifə Əliyeva küçəsindəki 27 nömrəli evdə yerləşən 12 nömrəli mənzilinin çıxarışını onlara vermişdir. Onlar da ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə daşınmaz əmlak adlandırılan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 122/ZB N-li 10 noyabr 2009-cu il tarixli kredit müqaviləsinə (irəlidə kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi ipotekaya saxlayana ipotekaya vermişdir. 122/ZB N-li 10 noyabr 2009-du il tarixli kredit müqaviləsin 2.2-ci bəndində həmin mənzil 07 oktyabr 2009-cu il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, daşınmaz əmlak 74000 manat dəyərində qiymətləndirililmişdir. 22/ZB N-li 10 noyabr 2009-du il tarixli kredit müqaviləsinin 1.4.1-ci bəndinə əsasən 50.000 manat kredit ipoteka qoyana (borcalana, borcalanlara) 25 il müddətinə 10 noyabr 2034-cü il tarixədək illik faiz dərəcəsi 8 % olmaqla, ayda 385,91 qəpik manat məbləğində bərbər hissələrlə ödənilməsi şərti ilə verilmişdir. Kürəkəni bir neçə dəfə yeni tikilidə aldığı mənzilin aylıq ödənişini ödəmək imkanında olmadığı üçün həmin mənzili ondan geri tələb etmişlər. Oğlu Boris yenə də dostu ilə görüşərək ödənişlərin ödənilməsində qızı Floraya və kürəkəni Hikmətə yardımçı olmuşdur. O, mülkiyyətdə olan mənzilini Hikmətin bacısı Nurlana kredit müqaviləsi üzrə borcalan kimi notariatda imza etməklə təsdiq etmişdir. Mənzilinin kreditdə qısa müddətdə qalacağını bildirdikləri üçün o, razılaşmışdır. Dəfələrlə Hikmət və bacısı Nurlanaya xahiş etmişdir ki, borclarını bağlasın və mənzilini ipotekadan çıxarsınlar. Hikmət ona deyirdi ki, “Şeyf” narahat olma tez bir zamanda həll edəcək. Təxminən pandemiya başlamışdan bir neçə ay sonra Hikmət mənzilinin çıxarışını ona gətirib dedi ki, borcu bağlamışlar və ipotekadan çıxarmışlar. Təxminən 2024-cü ilin ilin yay aylarında həmin mənzilini oğluna bağışlamaq istərkən mənzilinin ipotekada qaldığını və borcalan Cavabdeh 32407,39 manat borcu qaldığını bildirdilər. Həmin vaxt artıq anlamışdır ki, kürəkəni onu aldatmışdır. Borcalan Nurlanaya xəbər göndərmişdir ki, o, onların borcunu bağlayıb mənzilini ipotekadan çıxarıb onlardan pulunu tələb edəcək. Ona bildirmişlər ki, pulları hazırda yoxdur. Siz ödəyin biz sizə qaytararıq. O, 15 avqust 2024-cü il tarixində Bank BTB ASC-nə oğlu Borislə gedərək 32407.39 manat Cavabdeh əvəzinə onun borcunu bağlamışdır. Mənzilini ipotekadan çıxarmışdır. Ondan sonra onların pulunu qaytarmaq əvəzinə kürəkəni qızıyla birləşib ona qarşı əsassız ittihamlar irəli sürməyə başladılar. Kürəkənindən "xxxx" ASC olan borclarını göndərmişdir ki, ödəsin. Xəstə idi, pasteldə yatırdı. 85 yaşı var. O da 2022-ci ildə verdiyi 100.000 dolları onun əvəzinə aparıb "xxxx" ASC ödəmişdi. Üstündən 2 il keçəndən sonra o, bacısından pulunu tələb edərkən Səbail rayon məhkəməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, X3 cavabdeh X1 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli “Kommersiya kredit müqaviləsi”nə əsasən yaranmış kredit borcu üzrə X1 əvəzinə 100.000 (bir yüz min) ABŞ dolları ödəmişdir. Həmin borc məbləği cavabdeh N.Ağamiyevaya borc olaraq verilmiş, onun qarşılığında H.Vəliyevə 150.000 (bir yüz əlli min) ABŞ dolları məbləğində pulun qaytarılacağı vədi verilmişdir. Hətta kürəkəni onu qızıyla üz-üzə qoyaraq X3 ilə X6 arasında 23 sentyabr 2024-cü il tarixində tələb hüququnun ötürülməsi barədə 01 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, H.Vəliyev yuxarıda qeyd edilən borc üzrə bütün tələb hüquqlarını X5 ötürmüşdür. Hazırda da X5 o, pulunu geri tələb etməmək üçün məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmə çəkişmələri gedir. Hazırda da 122/ZB N-li 10 noyabr 2009-du il tarixli kredit müqaviləsi əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ipotekaya qoyaraq 50000 manat ipoteka götürən borcalan Cavabdeh əvəzinə ödədiyi pulunu qaytarmaqdan yayınır. Ona görə də reqres qaydada iddia qaldırır. Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, şəxsin öz əmlak vəziyyətini bərpa etmək hüququdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı öz adına bankdan borc götürə bilmədiyi üçün oğlunun işləri ilə bağlı qızının baldızı olan və o dövrdə mehriban qohumluq münasibətləri olan cavabdehin adına kredit müqaviləsini rəsmiləşdirib borc pul götürmüşdür, buna görə də öz evini ipotekaya qoymuş və borcu da özü qaytarmışdır. Bundan başqa, iddianın qanuni əsası da müəyyən edilmir. Tərəflər arasında borc və ya zaminlik münasibəti olmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 122/ZB nömrəli krеdit müqaviləsindən görünür ki, bank borcluya 300 ay müddətinə 50000 manat məbləğində krеdit vеrmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 122ZB/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 122ZB nömrəli krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. 15 avqust 2024-cü il tarixli Cavabdeh "xxxx" ASC-də olan AZ44BBTB******************** hesabına 32407.39 manat məbləğində pulun ödənilməsinə dair qəbzin surətindən görünür ki, həmin ödəniş İddiaçı tərəfindən həyata keçirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 122/ZB nömrəli krеdit müqaviləsinə əsasən bank borcluya 300 ay müddətinə 50000 manat məbləğində krеdit vеrmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 122ZB/1 nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 122ZB nömrəli krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. 15 avqust 2024-cü il tarixli Cavabdeh "xxxx" ASC-də olan AZ44BBTB******************** hesabına 32407.39 manat məbləğində pulun ödənilməsinə dair qəbzin surətindən görünür ki, həmin ödəniş İddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı Cavabdeh bankdan götürdüyü kredit borcunu banka qaytarmadığı üçün evinin ipoteka predmeti qalmaqda davam etdiyini, buna görə də cavabdehi məlumatlandırmaqla onun əvəzinə borcu ödəmişdir. xx.xx.2024-cü il tarixdə sonuncunun banka olan AZ44BBTB******************** saylı hesabına 32407.39 manat ödəniş etməsinə baxmayaraq cavabdehin bu məbləği qaytarmamağını iddia edir. Məhkəmə ilk öncə tərəflərin həqiqətən də bir-birilərini tanımaqla, onların qohumluq münasibətlərinin olmasını onların izahatları ilə təsdiq edilməsini qeyd edir. Məhkəmə daha sonra iddia tələbi üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 122/ZB nömrəli krеdit müqaviləsinə əsasən qalıq qalan 32407.39 manat borc üzrə ödəniş 15 avqust 2024-cü il tarixində (Cavabdeh "xxxx" ASC-də olan AZ44BBTB******************** hesabına) İddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək onları əsassız sayır. Belə ki, cavabdeh tərəf iddiaya etirazı əsaslandırdığı halları təsdiq edən heç bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının cavabdehin banka olan kredit borcunu ödəməsinə baxmayaraq sonuncunun həmin məbləği qaytarmamasını onun iddiaçının hesabına əsassız varlanması kimi qiymətləndirir və iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 32.407,39 (otuz iki min dörd yüz yeddi manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti, 200 (iki yüz) manat hüquqi xidmət xərci və 189 (bir yüz səksən doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 32.407,39 (otuz iki min dörd yüz yeddi manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti, 200 (iki yüz) manat hüquqi xidmət xərci və 189 (bir yüz səksən doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar