Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1391/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 37400 (otuz yeddi min dörd yüz) manat maddi ziyan, 10.000 (on min) manat məbləğində mənəvi ziyan və 232.2 (iki yüz iki manat iyirmi qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, İçərişəhərdə ev almaq istəyirdi. Bu məqsədlə vasitəçilər vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Onun 40000 (qırx min) manata satmaq istədiyi ünvan 1 ünvanında yerləşən evin sənədləri hazır olmadığı və bu müəyyən xərc tələb etdiyi üçün o, əvvəlcə vasitəçilərin və şahidlərin yanında xx.xx.2020-ci il tarixində, ona evin sənədlərinin hazırlanması məqsədilə 7000 (yeddi min) manat beh vermişdir. Bundan sonra, Cavabdeh sənədləri hazırlamaqla məşğul olmağa başladı və hər sənəd hazır olduqca, gətirib əslini və ya surətlərini ona verirdi. Evin sənədlərinin hazırlanması pandemiyaya görə uzanırdı. Bu zaman söhbətlər əsnasında Cavabdeh bilmişdir ki, onun paltar mağazası var, pandemiyaya görə işlədə bilmir və mağazanı bağlamaq istəyir. O isə təklif etmişdir ki, sosial şəbəkələr vasitəsilə onlayn pal-paltar satmaqla məşğul olduğu üçün onun mağazasındakı paltarlar ona maraqlıdır. Onlar birlikdə mağazaya getmişlər, o malları bəyənmiş və bu paltarları sata biləcəyini deyərək qeyd etmişdir ki, lakin, bu paltarları almaq üçün maddi imkanı çatmır. Ona görə də, təklif etmişdir ki, o, bu malları götürsün və evin alqı-satqısı zamanı bu malların ümumi dəyərini evin qiymətindən çıxarlar. Bu səbəbdən, onlar mağazanın bütün avadanlıq və aksessuarları, habelə bütün kişi və qadın paltarlarını güzəşt tətbiq etməklə ümumilikdə 23.000 (iyirmi üç min) manat dəyərində qiymətləndirmişlər. Bundan sonra, onunla razılaşmışlar ki, ev üçün verəcəyi 40.000 (qırx min) manatın 23.000 (iyirmi üç min) manatlıq hissəsini mağazanın bütün avadanlıq və aksessuarları, habelə bütün kişi və qadın paltarlarını verməklə ödəmiş olur. Beləcə, mart ayının sonlarına yaxın, onun şifahi göstərişi əsasında mağazadakı işçiləri qeyd olunan mağazada olan bütün əşyaları (avadanlıq və aksessuarları, habelə bütün kişi və qadın paltarlarını) aparıb ona təhvil vermişlər. Evin sənədlərin hazırlanması 2020-ci ilin mart ayının sonu və aprel ayına düşdüyündən, pandemiya ilə bağlı bir sıra dövlət orqanları işləmədiyindən bir neçə ay ləngimişdir. Buna görə də, o əlavə olaraq ondan evin sənədlərinin hazırlanması adı altında nağd şəkildə əvvəlcə, aprel ayının əvvəlində 2000 (iki min) ABŞ dolları (3400 (üç min dörd yüz) manat), daha sonra xx.xx.2020-ci il tarixində isə 4000 (dörd min) manat pul almışdır ki, evin sənədlərini alqı-satqı üçün hazır etsin. Bir müddət sonra cavabdeh telefon zənglərinə cavab verməmiş, onları tanış edən vasitəçilərlə maraqlandığı zaman, onların əldə etdiyi məlumata əsasən, cavabdehin Cavabdeh qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3, 20 saylı mənzili Əfsanə adlı şəxsə 40000 (qırx min) manata satdığı məlum olmuşdur. Bildirir ki, cavabdehin evi ona deyil digər şəxsə satması ilə əlaqədar 2020-ci ildə Səbail rayon Polis İdarəsinə şikayət etmiş, xx.xx.2020-ci il tarixdə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü çıxarılmış, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hökmü çıxarılmış, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı çıxarılmışdır. Cavabdeh borcunu ödəyəcəyini bildirsə də hazıradək ona ödənilməli olan 37400 (otuz yeddi min dörd yüz) manat puldan heç bir ödəniş etmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin onu aldadıb 37400 manat pulumu alması, evi başqasına satması, hazıradək də pulu ödəməməsi, ödəmək niyyətində olmaması, laqeyd münasibət göstörməsi ona mənəvi olaraq çox pis təsir edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 1(103)-378/2022 saylı hökmündən görünür ki, Cavabdeh təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət hadisəsi və əməlində cinayət tərkibi olmadığından, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir. İş üzrə mülki iddianın olması nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs-mülki İddiaçı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə beh qismində müxtəlif vaxtlarda 7000 manat, 3400 manat, 4000 manat, qadın və kişi paltarları və mağazaya aid avadanlıq və aksessuarlar üçün isə 23000 manat olmaqla, cəmi 37400 manat pul vermişdir. Həmçinin müəyyən edilir ki, cavabdeh aldığı pulu hazıradək qaytarmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 1(103)-378/2022 saylı hökmündən görünür ki görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, o, 18 mart 2020-ci il tarixdə “RCR-TM” şirkətinin əməkdaşları olan X1, X7, onun tanışı X3, İddiaçı və X5 ilə Səbail rayonu, İçərişəhərdə yerləşən “Atropat” otelin 1-ci mərtəbəsində görüşərək İddiaçı beh qismində 7000 manat pul götürmüş və “RCR-TM” şirkəti tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın alqı-satqısı üçün beh müqaviləsinə” imzalar etmişlər və evin Kazın Məmmədovun adına rəsmiləşdirdikdən sonra yerdə qalan 33000 manat pulun da sonuncu tərəfindən verilməsinə razılaşmışlar. O, nağd şəkildə 2020-ci ilin aprel ayının əvvəlində Səbail rayonu, Qoşa Qala qapısının qarşısında Kazımdan 2000 ABŞ dolları (3400 manat) pul almışdır. Daha sonra sonuncu dəfə 12 iyun 2020-ci il tarixdə Səbail rayonunda yerləşən İİR-in səfirliyinin yaxınlığında olan mağazasında isə Kazımdan 4000 manat nağd pul almışdır. Beləliklə o, Kazımdan ümumilikdə 14400 manat pul almışdır. Bundan başqa, söhbət əsnasında Kazım özünün Bakı şəhəri, Salatın Əskərova küçəsində yerləşən “Nizami” Mall Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən mağazasının olduğunu və orada qadın və kişi paltarları satdığını, həmin vaxtı pandemiya dövrü olduğundan qeyd olunan mağazada fəaliyyət göstərə bilmədiyindən həmin mağazanı bağlamaq istədiyini ona deyərək mağazada olan qadın və kişi paltarlarını və orada olan mağazaya aid avadanlıq və aksesuarları onun götürməsini təklif etmişdir. Kazımın təklifi ilə o, qadın və kişi paltarlarını və orada olan mağazaya aid avadanlıq və aksessuarları 23000 manata qiymətləndirmişlər. Hökmlə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ilə zərərçəkmiş şəxs İddiaçı arasında ev alq-satqısı barədə münasibətləri mövcud olmuş, zərəçəkmiş şəxsdən alınmış pullar həqiqətən Cavabdeh tərəfindən atası Babayev Babaşah Babaxan oğlunun adına olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-3 döngəsi, ev 3 ünvanında yerləşən 20 saylı mənzilin zərərçəkmiş şəxs İddiaçı satılması üçün alınmış, hətta aralarında şahidlərin iştirakı ilə 18 mart 2020-ci il tarixdə beh müqaviləsi də bağlanılmış, lakin, həmin mənzillə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarış vaxtında alınmadığından və zərərçəkmiş şəxs danışıldığı kimi vaxtında pulu vermədiyindən və Cavabdeh pula ehtiyacı olduğu üçün həmin mənzili satmaq istədiyindən, Cavabdeh ilə zərərçəkmiş şəxs İddiaçı arasında alqı-satqı baş tutmamış, nəticəsində Hüseynov Əsmər Babaşah qızı zərərçəkmiş şəxsin tələblərini təmin edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıdan müxtəlif əsaslarla 37400 manat pulu alıb qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır və 37400 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçı cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 37400 (otuz yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 202 (iki yüz iki) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 37400 (otuz yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 202 (iki yüz iki) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova