Məhkəmə qərarları › İş №e-2(009)-1394/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1394/2024

02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1394/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçı X1, onun nümayəndə və vəkili Nümayəndə1, Cavabdeh2 MMC-nin nümayəndə və vəkili Nümayəndə2, Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh «Badam Medical” MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona qarşı etmiş olduqları qanunsuz hərəkətlərə və eləcə də səhhətinin bərpasına görə maddi zərər olaraq cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 mütərək qaydada 4426 mаnаt, eləcə də ona vurulmuş mənəvi ziyana görə Cavabdeh2 MMC-dən 20.000 manat, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20.000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödədiyi 210 (iki yüz on) manat pulun və vəkilin hüquqi xidmətləri üçün ödəmiş olduğu 1900 (bir min doqquz yüz) manat pulun bütün cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o bədənində olan artıq piylərdən əziyyət çəkdiyi üçün 2024-cü ilin yanvar ayında Bakı şəhərində yerləşən “Badam” Klinikasında çalışan doktor cərrah Cavabdeh1 müayinəsində olmuşdur. Müayinə zamanı həkim ona “Liposaksiya və popofilling” əməliyyatının olunmağını məsləhət bilmişdi. Beləliklə qərara gəldilər ki, adıçəkilən əməliyyat həmin klinikada icra edilsin. Bu əməliyyatın icra edilməsi üçün cərrah Cavabdeh1 ondan ümumillikdə 4426 (dörd min dörd yüz iyirmi altı) manat pul istəmişdi. O ona həmin pulu ödəməyə razılıq vermişdir. Əməliyyatdan öncə analizlərə və müayinələrə görə kassaya 176 (bir yüz yetmiş altı) manat ödəyib klinikaya qeydiyyata alınmışdır. Sonradan 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini cərrah Cavabdeh1 otağında, onun Kifayət adlı köməkçisinə əlbəəl vermişdir. xx.xx.2024-cü il tarixdə, o, əməliyyat olunmaq üçün “Badam” klinikasına gəlmiş və “Liposaksiya və popofilling” əməliyyatları üzərində icra edildi. Əməliyyatdan sonradaha 3 gün həmin klinikada saxlanılmışdır. Qaldığı günlərə görə 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini klinikanın kassasına ödəyib evə buraxılmışdır. Bir neçə gün sonra müəyyən çətinliklər və problemlərlə bağlı klinikaya və cərrah həkim Cavabdeh1 müraciət e d i r d i . Həkimin asisstenti olan bir nəfər şəxs ona qarşı kobudluqlar etməyə başladı. Daha sonra o özünün cərrahi əməliyyatı zamanı çəkilmiş foto və video görüntüsünü “İnstaqram” sosial şəbəkəsində özünü plastik estetik cərrah kimi təqdim edən Cavabdeh3 şəxsi səhifəsində görmüşdür. Onunla yazışma zamanı bu əməliyyatın kimin tərəfindən edildiyini soruşduqda, əməliyyatın özü tərəfindən edildiyini və bu əməliyyata görə 1500 (bir min beş yüz) manat pul tələb edildiyini ona bildirdi. Və hətta eyni tipli əməliyyatı ona edə biləcəyini qeyd etdi. Həmin vaxt Cavabdeh3 onun həmin şəxs olduğunu bilmirdi. Daha sonra onunla danışıqları zamanı ona onun həmin şəxs olduğunu bildirdikdən sonra Cavabdeh3 həmin video və foto görüntüləri özünün sosial şəbəkəsi səhifəsindən sildi. Amma o həmin foto və danışıqların skrin fotolarını edə bilmişdir. Bu hadisədən sonra o, “Badam” klinikasına müraciət etdi və onun cərrahiyyə əməliyyatının kimin tərəfindən icra edilməsini soruşmuşdur. Onlar ona israrla əməliyyatın Cavabdeh1 tərəfindən edildiyini və bunun hətta əməliyyat zamanı video çəkildiyini də qeyd etdilər. O onlardan əməliyyatın video görüntülərini tələb etdikdə, onlar əməliyyatın son hissəsinin video görüntüsünü baxmaq üçün ona göstərdilər, lakin həmin video faylı ona təqdim etməkdən imtina etdilər. Bundan sonra o onlardan əməliyyatına aid bütün sənədləri və Klinikaya ödəmiş olduğu 4426 manata dair ödəniş qəbzlərini təqdim etmələrini tələb etsə də, onlar ona qarşı hədə-qorxu edərək klinikadan qovdular. Daha sonra klinikada işləyən Pərviz adlı şəxs onu otağa salaraq, ona qarşı təhqiredici hərəkətlər və sözlər işlətməyə başladı. Klinikanın böyük vəzifəli şəxsə aid olmasını, başını ağrıdacağını, əgər artıq hərəkətlərə yol versə, barəsində lazımi orqanlara məlumat verib ona problem yarada biləcəyini dedi. O onlardan onun əməliyyatına aid sənəd və videogörüntünü tələb etdiyini, onu aldatdıqlarını, əməliyyatın Cavabdeh1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyini bildirəndə, onlar ona kobud şəkildə söyüşlərlə danışaraq get nə bilirsən elə, onlarda belədir deyərək qovdular. Bundan sonra, o, rəsmi olaraq vəkil vəsitəsilə onlara sorğu göndərərək onun əməliyyatına dair sənədləri tələb etsə də, onlar ümumiyyətlə sorğuya cavab vermədilər. Daha sonra aidiyyatı qurumlara ünvanlanan sorğuların cavablarından məlum oldu ki, özünü estetik cərrah kimi təqdim edən Cavabdeh3 adlı şəxs ümumiyyətlə həkim deyil. Və onun hər hansı cərrahiyyə əməliyyatları aparmaq səlahiyyəti yoxdur. Buna baxmayaraq, “Badam” klinikasında insanları əməliyyat edir və klinika da onun bu kimi qanunsuz əməllərinə şərait yaratmaqla yanaşı, insanlara qarşı, eləcə də onun özünə qarşı maddi və mənəvi zərər yetirirlər. Buna görə d,ə hesab edir ki, cavabdehlərin etinasızlığı və qanunlara riayət etmədən onun üzərində cərrahiyyə əməliyyatının həyata keçirməsi səbəbindən, ona mənəvi və maddi zərər vurmuşlar. Bu səbəbdən də hesab edir ki, ona vurulmuş maddi zərərə görə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 4426 mаnаt, eləcə də ona vurulmuş mənəvi ziyana görə Cavabdeh2 MMC-dən 20.000 manat və digər cavabdehlərdən müştərək qaydada 20.000 manat məbləğində pul tutularaq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, o, cərrah Cavabdeh1 barəsində araşdırma aparmış, ona güvənərək, onun yanına əməliyyat olunmaq üçün getmişdir. Lakin həkim onu yatızdırıb, hansısa təhsili olmayan bir xanıma verib əməliyyat etməyə. O, bunları instaqram sosial şəbəkəsində Cavabdeh3 şəxsi səhifəsində özünün cərrahi əməliyyatı zamanı çəkilmiş fotoları gördükdən və həmin qadınla yazışmadan bilmişdir. O bunları biləndə 1 aydan çox stress keçirdi. Bundan sonra o, bir ay ərzində ancaq sakitləşdiricilərdən istifadə etməklə yata bildi. Onun evində bir uşağı var. O, əməliyyatdan sağ çıxmaya da bilərdi. Çünki belə hallar çoxalıb. Hər kosmetoloq həkim adı ilə belə əməliyyatlar edir. O düşünür ki, o aldadılıb. Cavabdeh3 səhifəsində şəkili görəndən sonra onun səhifəsinə baxdı, daha çox ona görə şübhəyə düşdü ki, Səma xanımın başqa şəxslərin əməliyyatlarından videoları vardı, həmin klinikada yanvarın 30-da əməliyyat edir, halbuki rəsmi işə fevralda götürülüb. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə o, əməliyyat etmişdir. Əməliyyatdan əvvəl hazırlıq işləri və əməliyyatdan sonrakı təmizləmədə o, iştirak etmir. O, əməliyyat etdikdən sonra əməliyyat otağından çıxır. O cərrahdır və öz işlərini paylaşmağa onun vaxtı yoxdur. Əməliyyatı bütünlüklə o edir. İddiaçıya göstərilən videoda bu əks olunub. Cavabdeh3 həmin vaxt onun əməliyyatında iştirak etməyib. İddiaçı 4 saatlıq əməliyyatın videosunu ondan istəyir. O cərrahdır və bu onun işi deyil, bu, xəstəxananın işidir. Onun xəstəsinin ondan başqa kiminsə əməliyyat etməsi mümkün deyil. Əməliyyat otağında tibb bacıları var, əməliyyatxanada işləyən personal var. Əməliyyata hazırlıq mərhələsi var. Xəstə əməliyyat otağına girən kimi dərhal əməliyyat olunmur, onun anesteziya sürəsi var, xəstənin hazırlığı var, xəstəni tibbi personal hazırlayır, buna təxminən bir saata yaxın vaxt gedir. Həmin müddətdə o, başqa əməliyyatda ola bilər. Əməliyyatda kimlərin iştirak edəcəyini, anestezioloqu, tibbi personalı xəstəxana tənzimləyir. Onun xəstəxana personalından başqa, öz şəxsi köməkçisi var. Xəstəxananın onunla işləyən bir neçə tibb bacısı var. Hər dəfə əməliyyatda biri ola bilər. Onlar növbəliliklə onunla işləyir. İddiaçının əməliyyatında köməkçisi Ruslan olub. Anestezioloq Vüsal olub. Əməliyyatın video qeydə alındığı barədə məlumatlı olmayıb. Onun əməliyyat vaxtı bununla maraqlanmağa vaxtı da olmur. Ondan əvvəl iddiaçı Vüsal həkimə müraciət edib. Əməliyyatdan əvvəl iddiaçı Pərviz həkimin yanına gəlib. Pərviz həkim klinikanın marketinq meneceridir. Hər bir şey barədə, yəni ödəniş və s. Pərviz həkim danışır. İddiaçı əməliyyatdan əvvəl də, sonra da Pərviz həkimə müraciət edib. O özü sonra xəbər tutub ki, iddiaçının narazılığı var. Ona görə də, iddiaçıya zəng vurdurub ki, gəlsin söhbət edək. İddiaçı onun yanına gəldi, söhbət etdilər. O, iddiaçıya telefonla çəkilən bir neçə dəqiqəlik videoları göstərdi. İddiaçı videolara baxdı, lakin onlarla razılaşmadı. O, iddiaçıya bildirdi ki, bu videolar harda var silinəcək, icazəsiz paylaşılıb. İddiaçı əməliyyatdan narazı deyildi, ondan şikayətçi deyildi. İddiaçı dedi ki, onu narahat edən paylaşım məsələsidir, ondan, Vüsal həkimdən narazı deyil. Əməliyyatxanada olan tibbi personal onun əməliyyat etməsini telefonla çəkirlər. Lakin o, əməliyyat etdiyinə görə kimin çəkdiyini görmür. O, xəstənin sterilizasiyasına, sağlığına cavabdehdir. Bütün əməliyyatxanada olanlara nəzarət etmir. Əməliyyat otağının rəhbəri xəstəxananın baş tibbi bacısıdır. Onun etdiyi əməliyyatı bəzən Orta Asiya ölkələrindən, Türkmənistandan öz adlarından paylaşırlar. O onlara nəzarət edə bilməz. O özü çox nadir hallarda sosial şəbəkələrə girir, bunu xoşlamır. O, iddiaçının fotolarını paylaşmayıb. İddiaçının şəkillərini başqa profillərdə kim paylaşıb bilmir. Cavabdeh3 bu ilin yanvar ayından onun köməkçisidir, nə vaxtdan rəsmi işçidir bilmir. Əməliyyat vaxtı köməkçisi idi. Xəstəxananın əmri olmayana qədər əməliyyatxanaya giriş mümkün deyil. Həmin gün Səma əməliyyatxanada olub, telefonla əməliyyatı çəkib. Əməliyyatı 4-5 nəfər çəkib. Səma sonra iddiaçıya da təqdim etdi ki, “bax mən çəkirəm, danışa-danışa çəkirəm”. Səma deyir ki, iddiaçının göstərdiyi onun səhifəsi deyil, o paylaşmayıb. O cərrah olaraq əməliiyat edir və çıxır, ondan sonra xəstənin təmizlənməsi, yuyulması prosesi olur, xəstə səliqəyə salınır, köməkçi təmizləyir, drenajı bağlayır, yəni fotolar xəstə təmizləndikdən sonra çəkilir. Paylaşım üçün xəstənin razılığı olmalıdır. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, o, bu ilin yanvar ayından həkim Cavabdeh1 asistentidir, rəsmi qaydada isə fevral ayından. Klinikaya daxil olarkən işçi rəsmiləşdirilmir, 1-2 həftədən sonra işçi özünü doğruldursa, o zaman rəsmiləşir. Sosial şəbəkələrdə bir şey var ki, hər kəs, istər lazeroloq, kasmetoloq, istər asistent olsun, həkim cərrahların işlərini reklam məqsədilə paylaşa bilər. Onlara pasiyent zəng edə bilər. Onlar telefon vasitəsilə xəstəni yönləndirmək məqsədilə “əməliyyatı mən edirəm” və yaxid da “yaxınlaşın” deyə bilər. Reklam məqsədilə xəstəni gətirmək üçün deyilə bilər. Əgər o, həkimin asistentidirsə, xəstəni həkimlə görüşdürür. Əməliyyatı edən Vüsal həkimdir, o deyil. O, iddiaçıya deməyib ki, “gəl, əməliyyatı mən edirəm, mən Sizə baxım”. Belə şeylər olmayıb. Onlar telefonda xəstəni yönləndirmək üçün ilk öncə “müayinəyə yaxınlaşın” deyirlər, qiymət deyilmir. Müayinəyə yaxınlaşandan sonra xəstə artıq bilir ki, kim onu əməliyyat edəcək. Cavabdeh1 əməliyyatları sosial şəbəkələrdə paylaşılır reklam məqsədilə, əl işi fərqləndiyi üçün. İddiaçı özü gələndə dedi ki, Vüsal həkim üçün gəlib. O, iddiaçının əməliyyatı zamanı əməliyyatxanada ancaq çəkiliş üçün olmuşdur. O, əməliyyat zamanı heç əməliyyat xalatını belə geyməmişdir. Halbuki Vüsal həkimin asistenti olaraq o ona alətləri təqdim edir, xəstəni hazırlayır, xəstənin boyanması və s. işləri görür. O, iddiaçını heç əməliyyata hazırlıq belə etməmişdir. O, iddiaçının göstərdiyi səhifəni işlətmir, orada nə paylaşılıb məlumatı yoxdur. Səhifədə verilən profil ona aid deyil. İddiaçının şəklinin paylaşıldığı instagram səhifəsi ona məxsus deyildir, iddiaçı ilə yazışmalar da onun tərəfindən edilməmişdir. Vüsal həkimin işi bir neçə səhifədə paylaşıla bilər. O o səhifəyə cavab verməyib. O, rəsmi işçi olduğuna görə klinikada əməliyyat otağına girə bilər. Video reklam məqsədilə ola bilər. Videolardan da görünür ki, o, əlində telefon iddiaçının bədənini çəkir, o danışaraq iddiaçının əməliyyatını çəkir. Bu da reklam məqsədilədir. 15 saniyəlik kadrlar reklam məqsədilədir. Onun tibb təhsili var. Tbilisi şəhərində müalicə işini yenicə bitirib. Təsdiq üçün müraciət edəcəkdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə onun tibb təhsilinin olması hələ təsdiqlənməyib. O qeyri-rəsmi işçi olsa idi, əməliyyat otağına girə bilməzdi, belə ki, rəsmi icazə yoxdursa, daxil ola bilməz. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə həkim Cavabdeh1 tərəfindən əməliyyat edilmişdir. Əməliyyat sənədlərində Vüsal həkimin adı var və video çəkilişindən də görünür ki, əməliyyatı Vüsal həkim edir. Cavabdeh3 həmin vaxtı təcrübə keçirdi, işi öyrənirdi. Ona görə Səma xanım əməliyyatxanaya buraxılıb ki, gələcəkdə fəaliyyət göstərəcəyi işi hansı qaydada görəcəyini öyrənsin. Sterlizasiya qaydalarına əməl etməklə (steril xalat, ayaqqabı geyməklə) istənilən adam əməliyyat otağına girə bilər, buna görə sənədləşməyə ehtiyac yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan op.Dr.Sema Qasimova adına olan instagram səhifəsindən çıxarışladan və Whatsapp yazışmalarından görünür ki, X1 əməliyat zamanı çəkilmiş şəkli qeyd olunan səhifədə paylaşılmışdır və bununla bağlı X6 ilə yazışmalar aparılmış, Dr.Sema Qasımova qeyd olunan əməliyyatın onun əl işi olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdeh2 Medical Centerin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 463 nömrəli cavab məktubundan görünür ki, xəstə xx.xx.1991-ci il təvəllüdlü X6 Cavabdeh2 MMC-də müayinədən keçərək xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən “Liposaksiya” (hər bir sahə üçün) və “Popofiling” əməliyyatı olmuşdur. Əməliyyat tarixi bir neçə ay öncəyə aid olduğu üçün arxivdə videogörüntü saxlanılmamışdır. Lakin həmin əməliyyata aid telefonla çəkilmiş video görüntülər təqdim olunur. Təqdim edilmiş Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixli, 406822 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X6 tərəfindən Liposaksiya (hər bir sahə) üçün 3500 (üç min beş yüz) manat kassaya mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X6 tərəfindən Kredo Vəkil Bürosunun hesabına 1900 manat ödəniş edilmişdir. Təqdim olunmuş X2 ilə bağlı Əmək müqaviləsi Bildirişindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh1 klinikanın cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə işə qəbul edilmişdir. Təqdim olunmuş X2 ilə bağlı Əmək müqaviləsi Bildirişindən görünür ki, Cavabdeh3 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh3 klinikanın cərrahiyyə şöbəsinə həkim köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, X6 xx.xx.2024-cü il tarixdə cərrah Cavabdeh1 tərəfindən əməliyyat edilmişdir. Əməliyyatla bağlı ona maddi zərər dəyməmişdir. Cavabdeh3 əməliyyatda praktikant kimi iştirak etmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC-də həkim köməkçisi kimi işə qəbul olunaraq onunla əmək müqaviləsi bağlanmışdır. X1 əməliyyat zamanı çəkilmiş şəkili op. Dr.Sema Qasımova adlı instagram səhifəsində paylaşılmış, Dr.Sema Qasımovanın əl işi kimi təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş maddi zərərə görə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 4426 mаnаt tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, maddi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2002-ci il tarixli qərarında izah etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qegöstərilmişdir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Cavabdeh3 xx.xx.20204-cü il tarixdə iddiaçı üzərində həkim Cavabdeh1 tərəfindən əməliyyat həyata keçirilərkən, xəstənin buna əvvəlcədən razılığı alınmadan telefonla video çəkilişlər etmiş, fotolar çəkmiş və sonra həmin fotoları öz instaqram səhifəsindən paylaşmışdır. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh3 həmin video çəkilişləri reklam məqsədilə etdiyini bildirmişdir. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 20000 (iyirmi min) manat tələb edir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədə ki, Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Buna baxmayaraq, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdeh3 1000 (min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 mənəvi zərərin əvəzi kimi 1000 (min) manat tutularaq iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3 vurulmuş mənəvi ziyana görə 1000 (bir min) manat, vəkilin hüquqi xidmətinə görə 500 (beş yüz) manat və 100 (yüz) manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar