Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1416/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı çıxarışın etibarsız hesab edilməsi, sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-117/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə etibarsız hesab edilmiş və Cavabdeh1 həmin mənzildən çıxarılmışdır. Qətnamə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. İcra mərhələsində məlum olmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilinə dair DƏDRX-dən çıxarış almışdır. Həmin çıxarışın verilməsi üçün əsas olan sənədlər ləğv edildiyindən bu qeydin və çıxarışın hüquqi qüvvəsi artıq yoxdur. Eyni zamanda digər Cavabdeh2 MTK qeydiyyat üçün zəruri olan sənədləri təqdim etməyi gecikdirir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununa əsasən yeni çıxarış alınması üçün plan-cizgi, müqavilə və maliyyə arayışı təqdim olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 adına Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli olan çıxarışın etibarsız hesab edilməsi, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün müvafiq plan cizginin, maliyyə arayışı və digər sənədlərin verilməsi Cavabdeh2 MTK-na həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq Cavabdeh2 MMC-yə qarşı iddia tələbinin indiki mərhələdə zərurət olmadığından geri götürərək, həmin hissədə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 MTK-nın nümayəndəsi, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsində yerləşən 3 saylı evin ümumi sahəsi 111,8 kv.m., yaşayış sahəsi 62,4 kv.m., yardımçı sahəsi 49,4 kv.m. olan 3 otaqlı 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2734/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavab küçəsi, 3 saylı evin 19 saylı mənzilindən çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-117/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin və əlavə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, saxta müqavilə ilə bağlı xüsusi qərardad çıxarılması və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-117/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnaməsinin çıxarılması, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin mənzildən çıxarılması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4864/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2734/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006cı il tarixli müqavilənin etibarsız hesab edilməsini və Cavabdeh1 həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya göndərilmiş və icra mərhələsində məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 mübahisəli mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. İddiaçı tərəfindən həcmi azaldılmış tələbdən görünür ki, çıxarışın verilməsi üçün əsas olan sənədlər ləğv edildiyindən bu qeydin və çıxarışın hüquqi qüvvəsi artıq yoxdur. Eyni zamanda digər Cavabdeh2 MTK qeydiyyat üçün zəruri olan sənədləri təqdim etməyi gecikdirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununa əsasən yeni çıxarış alınması üçün plan-cizgi, müqavilə və maliyyə arayışı təqdim olunmalıdır. Bu səbəbdən iddiaçı Cavabdeh1 adına Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi, 3 saylı evin 19 saylı mənzilinə dair xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli olan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (maddə 337.2). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə dair Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə mülki qanunvericiliyinin tələblərini rəhbər tutaraq qeyd edir ki, cavabdehlə MTK arasında bağlanılmış müqavilə etibarsız hesab edildiyindən, onun hüquqi nəticələri də ləğv edilməlidir. Belə ki, cavabdeh MTK ilə bağladığı müqavilə əsasında mübahisəli mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyat apararaq çıxarış əldə etdiyindən, bununla da həmin qeydin aparılmasına və çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd etibarsız hesab edildiyindən, iddiaçı tərəfindən qaldırılan iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsində yerləşən 3 saylı evin 19 saylı mənzilə dair Cavabdeh1 adına aparılmış qeyd və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli (əmlakın reyestr nömrəsi **********78-05301-093015, qeydiyyat nömrəsi **********) xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1416/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1416/2024
25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver