Məhkəmə qərarları › İş №e-2(009)-142/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-142/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-142/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə və iddiaçı X4 Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində 4 otaqdan ibarət (çıxarışa əsasən ünvan 1, m8, m4) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 59.928 manat və dövlət rüsumu kimi ödənilmiş 269.78 manatın Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh olan şirkətlə 01 noyabr 2018-ci il tarixli, 5/008-4 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində 4 otaqlı ümumi sahəsi 232.34 kv.m-dən ibarət mənzilin tikilib təhvil verilməsi üçün razılığa gəlmişdir. Həmin mənzilin müqavilə üzrə bir kv.m qiymətinin dəyəri 2200 manat müəyyən edilmişdir. İlkin ödəniş olaraq 90.000 manat ödəniş etmişdir. Qalan 421.148 manat həcmində pul vəsaitini hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüşdür. Sözügüdən 232.34 kv.m göstərilmiş mənzilin tam dəyərini sonradan ödəyərək heç bir borcu qalmamışdır. 01 noyabr 2018-ci il tarixli, 5/008-4 saylıçoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədə göstərilən 232.34 kv.m mənzilə dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığı zaman məlum olmuşdur ki, mənzilin sahəsi müqavilədə göstərilən sahədən 27.24 kv.m əksik, yəni 205.10 kv.m göstərilmişdir. Göründüyü kimi Cavabdeh müqavilə üzrə ondan 59.928 manat artıq pul almışdır. Hesab edir ki, Cavabdeh ondan mənzilin hər kv.m-nə görə aldığı artıq məbləği geri qaytarmalıdır. Bununla bağlı Cavabdehnə pretenziya məktubu yollamış pulun geri qaytarılmasını tələb etsə də cavabdeh heç bir hərəkət etməmişdir. Məcburiyyət qarşısında qalaraq pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliyi pozmuş və ondan artıq pul almışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5ci girişinin 8-ci mərtəbəsində 4 otaqdan ibarət (çıxarışa əsasən ünvan 1, m8, m4) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 64.724 manat və dövlət rüsumu kimi ödənilmiş 284.17 manatın Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci girişin 7-ci mərtəbəsi və 2-ci girişin 8-ci mərtəbəsində yerləşən (çıxarışa əsasən ünvan 3, m8, m3 və ünvan 3, m7, m3) mənzillərinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 70.707 manat və dövlət rüsumu kimi ödənilmiş 302.12 manatın Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh şirkətlə 31 iyul 2017-ci il tarixli, 2/027 saylı və 31 iyul 2017-ci il tarixli, 2/028 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq 2 ədəd, 2-ci girişin 7-ci mərtəbəsi və 2-ci girişin 8-ci mərtəbəsində hər biri 176.73 kv.m ibarət mənzillərin tikilib təhvil verilməsi üçün razılığa gəlmişdir. Həmin mənzillərin müqavilə üzrə bir kv.m qiymətinin dəyəri 1950 manat müəyyən edilmişdir. Hər iki mənzil üçün ayrı-ayırılıqda ilkin ödəniş olaraq 50.000 manat ödəniş etmişdir. Qalan pul vəsaitini hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüş və bir il ərzində bütün vəsait tərəfindən ödənilmişdir. Hal-hazırda cavabdehə heç bir borcu qalmamışdır. 31 iyul 2017-ci il tarixli, 2/027 saylı və 31 iyul 2017-ci il tarixli, 2/028 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələrdə göstərilən 176.73 kv.m iki ədəd mənzilə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları aldığı zaman məlum olmuşdur ki, mənzillərin hər birinin sahəsi müqavilədə göstərilən sahədən 18.13 kv.m əksik yəni 158.60 kv.m göstərilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən iki müqavilə üzrə ondan ümumilikdə 70.707 manat artıq pul alınmışdır. Hesab edir ki, Cavabdeh ondan mənzilin hər kv.m-nə görə aldığı artıq məbləği geri qaytarmalıdır. Bununla bağlı Cavabdehnə pretenziya məktubu yollamış pulun geri qaytarılmasını tələb etsə də cavabdeh heç bir hərəkət etməmişdir. Məcburiyyət qarşısında qalaraq pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliyi pozmuş və ondan artıq pul almışdır. Etirazın dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarınının icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 21 saylı, 28 fevral 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi 5-13, 18 saylı və Nizami küçəsi 4 saylı evlərin yerləşdiyi məhəllədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yüksək keyfiyyətlə həyata keçirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi 5-13, 18 saylı və Nizami küçəsi 4 saylı evlərin yerləşdiyi məhəllədə əhalinin köçürülməsini və tikinti işilərini həyata keçirərkən Cavabdeh MTK öz fəaliyyətində qanunun aliliyini, mülkiyyətçilərin hüquqlarını, humanist prinsipləri əsas götürmüş, sakinlər tərəfindən etibar və etimad qazanmış bir şirkətə çevrilmişdir. Eyni zamanda, tikinti işiləri Bakı şəhərinin mərkəzi ərazilərində həyata keçirilən pilot layihələrdən biri kimi paytaxtın daha da abadlaşmasına, müasirləşməsinə xidmət edir və müvafiq dövlət qurumlarının icazəsi, nəzarəti altında aparılmışdır. Həmin ərazidə yaşamış 71 nəfərdən ibarət mənzil mülkiyyətçiləri "xxxx" MTK tərəfindən inşa edilmiş 5 girişli yeni, çoxmənzilli yaşayış binasında mənzillərlə təmin edildikdən sonra, digər yaşayış və qeyri-yaşayış sahələri alqısatqı müqavilələrinə əsasən ayrı-ayrı şəxslərə satılmışdır. İddiaçı ilə cavabdeh arasında ilk dəfə 01 sentyabr 2018-ci il tarixində “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair müqavilə № 5/008-4-1” bağlanmışdır. Sonradan ödəniş şərtlərində onun çətinlik çəkdiyini nəzərə alan cavabdeh onunla 01 noyabr 2018-ci ildə yeni “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair Müqavilə № 5/008-4-1”-ni bağlamışdır. Daha sonra iddiaçının birinci müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərini yerinə yetirdiyini nəzərə alan cavabdeh onunla aralarında bağlanmış ikinci müqaviləni ləğv etmiş və birinci müqaviləni qüvvədə saxlamışdır. İddiaçı öz iddia ərizəsini hüquqi qüvvəsini itirmiş 01 noyabr 2018-ci ildə yeni “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair müqavilə № 5/008-4-1” ilə əsaslandırmağa çalışmışdır. Xahiş edir bu fakt nəzərə alınsın. Sonra iddiaçı öz iddia ərizəsində 01 noyabr 2018-ci ildə yeni “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə № 5/008-4-1”-də göstərilən 232,34 kv.m mənzilə dair 27 sentyabr 2023-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” aldıqdan sonra mənzilin sahəsi müqavilədə göstərilən sahədən 27,24 kv.m əksik, yəni 205,10 kv.m olduğunu bildirmişdir. Məhz bu səbəbə görə də iddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişinin, 8-ci mərtəbəsində, 4 otaqdan ibarət (çıxarışa əsasən ünvan 1, M8, m4) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 59,928 manat və dövlət rüsumu kimi ödənilmiş 269,78 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalayacağı mülahizələrə görə hesab edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi əsassızdır və o, təmin edilə bilməz. Belə ki, istər 01 sentyabr 2018-ci il tarixində “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair müqavilə № 5/008-4-1”, istərsə də 01 noyabr 2018-ci ildə yeni “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə № 5/008-4-1”-nin hər ikisinin 2.2. bəndində əsasən həmin müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanılır. Yəni mənzilin ara divarları və şaxtası onun sahəsini hesablayarkən nəzərə alınmır. Həmin müqavilələri imzalayarkən iddiaçı iradə ifadəsi göstərərək yuxarıda qeyd etdiyi şərti qəbul etmişdir. Məlum olduğu kimi Bakı şəhərində yeni inşa edilmiş yaşayış binalarında mənzillərin alqı-satqısında formalaşmış işgüzar adətlərə əsasən məhz mənzilin sahəsi çöl divarların ortasından hesablanılır. Digər tərəfdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3. maddəsinə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Yəni vergitutma məqsədləri üçün inşa edilmiş binanın ara divarları, məhəccərləri, eyvanları və s. nəzərə alınmadan hər mərtəbəsinin ümumi sahəsi əsas götürülür. Beləliklə hesab edir ki, iddiaçının iddiası əsassız və ədalətsiz olduğu üçün o, təmin edilə bilməz. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq xahiş edir ki, iddiaçının iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılsın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı X4 Cavabdehnə qarşı “pul” tələbinə dair 2(009)-241/2024 saylı və İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair 2(009)-142/2024 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflərin iradə ifadəsini göstərən aralarında bağlanmış müqavilələrin şərtlərinə uyğun ölçülərdə mənzillər cavabdehlərə satılmışdır. Mülki qanunvericiliyə əsasən tərəflər qanuna zidd olmayan forma və məzmunda müqavilə bağlaya bilərlər, qeyd olunanların nəzərə alınmasını və iddiaların təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin (vəkilin) və cavabdehin nümayəndəsinin (vəkilin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddialar qismən təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 5/008-4 nömrəli, 01 noyabr 2018-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232.34 m2-dən ibarət mənzili tikib «Alıcı»nın mülkiyyətinə verməyi, «Alıcı» isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, ev 7, 9, 11, 13, 15, ümumi sahəsi 205.10 kv.m olan mənzil 4 (yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 15, M8, m4) xx.xx.2023-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. - Cavabdeh ilə X6 arasında bağlanmış 2/027 nömrəli, 31 iyul 2017-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176.73 m2-dən ibarət mənzili tikib «Alıcı»nın mülkiyyətinə verməyi, «Alıcı» isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. - Cavabdeh ilə X6 arasında bağlanmış 2/028 nömrəli, 31 iyul 2017-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 8-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176.73 m2-dən ibarət mənzili tikib «Alıcı»nın mülkiyyətinə verməyi, «Alıcı» isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, ev 7, 9, 11, 13, 15, ümumi sahəsi 158.60 kv.m olan mənzil 3 (yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 9, M8, m3) xx.xx.2023-cü il tarixdən X4 adına qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, ev 7, 9, 11, 13, 15, ümumi sahəsi 158.60 kv.m olan mənzil 3 (yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 9, M7, m3) xx.xx.2023-cü il tarixdən X4 adına qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı və X6 Cavabdeh ilə 01 noyabr 2018 və 31 iyul 2017-ci il tarixlərdə 5/008-4, 2/027 və 2/028 nömrəli nömrəli mənzilin alqı-satqı müqavilələri bağlayaraq müqavilələrə əsasən müvafiq olaraq Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232.34 m2-dən ibarət mənzili, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176.73 m2-dən ibarət mənzili və Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 8-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176.73 m2-dən ibarət mənzili əldə etmişlər. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə mənzillərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət haqqında **********44- 05301-093011, **********44-05301-093018 və **********44-05301-093019 saylı çıxarışlar veriləndən sonra iddiaçılar çıxarışlarda mənzillərin ümumi sahələri 205.10 kv.m, 158.60 kv.m və 158.60 kv.m göstərilməsi ilə iddiaçılar göstərilmiş sahələrin müqavilədə göstərilən sahələrə uyğun olmamasına əsaslanaraq cavabdeh tərəfindən öhdəliyin tam icra edilməməsini və həmin sahələrin pulunu onlardan almalarını iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçılar mülkiyyət haqqında **********44-05301- 093011, **********44-05301-093018 və **********44-05301-093019 saylı çıxarışlarda göstərilən sahələrlə 01 noyabr 2018 və 31 iyul 2017-ci il tarixlərdə 5/008-4, 2/027 və 2/028 nömrəli mənzillərin alqı-satqı müqavilələrində göstərilən sahələrin fərqli olmasına görə müqavilələr üzrə ödənilmiş pul vəsaitindəki qiymət fərqini, yəni İddiaçı 59928 manat, X6 isə hər iki mənzil üçün 70707 manat məbləğlərinin cavabdehdən onların xeyrinə tutulmasını tələb etmişlər. Daha sonra isə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 64.724 manat pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasına tərəflər arasında bağlanmış müqavilələrin müvafiq şərtlərində mənzilin sahəsinin çöl divarlarının ortasından hesablanmasının nəzərdə tutulmasına istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İddiaçılar əvvəl iddialarını mənzillərə dair onlara verilmiş mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışlarla əsaslandırsalar da, İddiaçı sonradan məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə uyğun olaraq iddianın həcmini artırmışdır. Məhkəmə, iddiaçılara verilmiş çıxarışlarla bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, başqa sözlə iddiaçılarla cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edildiyi iddiaçılar tərəfindən əsaslandırılmamışdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrinin adlarının alqı-satqı müqaviləsi göstərilməsinə baxmayaraq, müqavilələrin məzmunundan aydın görünür ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə podrat müqaviləsi kontekstində baxılıb, hüquqi qiymət verilməlidir. Belə ki, müqavilələrdən görünür ki, Cavabdeh müqavilədə özünü satıcı kimi qeyd edərək mənzillərin iddiaçılara, yəni alıcılara satılması barədə razılığa gəldiklərini göstərsələr də, satılan mənzillərin binanın tikintisindən sonra alıcılara təhvil verilməsi şərtləndirilmişdir. (müqavilələrin 1.1-ci bəndləri) Göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri faktiki olaraq bir növ podrat müqaviləsi üzrə qurulmuş münasibətləri tənzimləyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 578.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 59.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. - 59.3-cü bəndinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli 3-16-16/2-10/9113 nömrəli rəyindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli, 5/008-4 saylı çoxmənzili yaşayış binasında fərdi mənzilin alqı-satısına dair müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin faktiki sahəsinin (209,8 kv.metr) müqavilədə göstərilən sahə (232,34 kv.metr) ilə üst-üstə düşmədiyi, belə ki, mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə arasında 22,54 kv.metr fərq olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin arakəsmə divarların altına düşən sahənin 5,4 kv.metr olduğunu nəzərə alaraq, sözügedən mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və qonşu mənzili ayıran divarların yerləşdiyi sahələr nəzərə alınmamaqla, lakin binanın eskiz layihəsində göstərilmiş ara divarlarının yerləşdiyi sahələrarakəsmə altı hesablanmaqla içdən-içə) müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 215,2 kv.metr (209,8+5,4) təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin ümumi sahəsinin 202,92 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsinin 232,32 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd: Mənzilin ümumi sahəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ‘‘04’’ dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3363 nömrəli əlavə ekspertiza rəyindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli, 5/008-4 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısıa dair müqavilənin predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilin binanın eskiz layihəsində göstərilmiş məhəccərlər, bayır və ara divarlarının yerləşdiyi sahələr və əmsallar nəzərə alınmadan içdən-içə faktiki sahəsinin 209,82 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli, 5/008-4 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilənin 2.2-ci bəndində mənzilin sahəsinin çöl divarların ortasından hesablandığı göstərildiyini nəzərə alaraq, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin çöl divarların ortasından, yəni oxdan-oxa sahəsinin 232,32 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-10/828 nömrəli rəyindən görünür ki, Cavabdeh MTK ilə X6 arasında bağlanmış 31 iyul 2017-ci il tarixli, 2/027-4 və 2/028-4 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzillərin alqı-satqısına dair müqavilənin predmeti olan ünvan 3 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci və 8-ci mərtəbələrində yerləşən 3 nömrəli mənzilin faktiki sahəsinin (166,5 kv.metr) müqavilədə göstərilən sahə (176,73 kv.metr) ilə üst-üstə düşmədiyi, belə ki, mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə arasında 10,213 kv.metr fərq olduğu müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci və 8-ci mərtəbələrində yerləşən 3 nömrəli mənzillərin arakəsmə divarlarının altına düşən sahənin 3,0 kv.metr olduğunu nəzərə alaraq, sözügedən mənzillərin binanın eskiz layihəsində göstərilmiş bayır və qonşu mənzilləri ayıran divarların yerləşdiyi sahələr, məhəccərlər və əmsallar nəzərə alınmadan, binanın eskiz layihəsində göstərilmiş ara divarlarının yerləşdiyi sahələr arakəsmə altı hesablanmaqla içdən-içə sahəsinin 169,5 kv.metr (166,5+3,0) təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, ünvan 3 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci və 8-ci mərtəbələrində yerləşən 3 nömrəli mənzillərin hər birinin ümumi sahəsinin 158,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci və 8-ci mərtəbələrində yerləşən 3 nömrəli mənzillərin binanın eskiz layihəsində göstərilmiş məhəccərlər, bayır və ara divarlarının yerləşdiyi sahələr və əmsallar nəzərə alınmadan içdən-içə sahəsinin 166,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci və 8-ci mərtəbələrində yerləşən 3 nömrəli mənzillərin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsinin 176,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd: Mənzilin ümumi sahəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, nəticəyə gələrkən məhkəmə ekspertizası rəylərini mötəbər sübut kimi qiymətləndirir və rəydə göstərilənləri nəzərə alır. Məhkəmə İddiaçı iddia tələbi üzrə qeyd edir ki, onunla bağlanmış 5/008-4 nömrəli, 01 noyabr 2018-ci il tarixli mənzilin alqı-satqı müqaviləsində aldığı 4 otaqlı mənzilin sahəsinin 232.34 kv.m olması qeyd edilmişdir. Sonuncu məhkəmə ekspertizasının rəyi ilə, ünvan 2 ünvanında yerləşən mənzilin binanın eskiz layihəsində göstərilmiş məhəccərlər, bayır və ara divarlarının yerləşdiyi sahələr və əmsallar nəzərə alınmadan içdən-içə faktiki sahəsinin 209,82 kv.metr, mənzilin çöl divarların ortasından, yəni oxdan-oxa sahəsinin 232,32 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçı X4 iddia tələbi üzrə qeyd edir ki, onunla bağlanmış 2/027 və 2/028 nömrəli, 31 iyul 2017-ci il tarixli mənzilin alqı-satqı müqavilələrində aldığı 3 otaqlı mənzillərin hər birinin sahəsinin 176.73 kv.m olması qeyd edilmişdir. Ekspert rəyi ilə iddiaçı X5 məxsus ünvan 3 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci və 8-ci mərtəbələrində yerləşən mənzillərin əmsallar nəzərə alınmadan içdəniçə sahəsinin 166,5 kv.metr, mənzilin çöl divarların ortasından, yəni oxdan-oxa sahəsinin 176,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspert rəyləri ilə müəyyən edilir ki, mənzillərin sahəsi iddiaçılara müqavilədə göstərildiyi kimi çöl divarlarının ortasından hesablanmaqla təhvil verilmişdir. Lakin, məhkəmə həmin müqavilə şərtini qanunvericiliyin tələbinə uyğun hesab etmir və cavabdeh tərəfin də “tərəflər arasında bağlanmış müqavilələrin müvafiq şərtlərində mənzilin sahəsinin çöl divarlarının ortasından hesablanmasının nəzərdə tutulmuşdur.” – dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbindən aydın görünür ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və məhz qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bundan başqa, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələri imperativ normalardır və həmin normalara əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəf İddiaçı ilə 5/008-4 nömrəli, 01 noyabr 2018-ci il tarixli mənzilin alqı-satqı müqaviləsini bağlayarkən satılan mənzilin sahəsi 232.34 kv.m müəyyən edilməklə ondan həmin sahənin dəyəri olan 511.148 (232,34 kv.m x 2200 manat) manat məbləğində pul vəsaiti alınmışdır. Bu isə mənzilin ümumi sahəsi üçün hesablanmalı olan (232,34 kv.m – 209,82 = 22,52 x 2200 manat) məbləğdən artıq 49544 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıdan alınmasını təsdiq edən haldır. X1 ilə də 2/027 və 2/028 nömrəli, 31 iyul 2017-ci il tarixli mənzilin alqı-satqı müqavilələrini bağlayarkən satılan mənzillərin hər birinin sahəsi 176.73 kv.m qeyd edilməklə ondan həmin mənzillərə görə cəmi 344.623.50 (176,73 kv.m x 2 x 1950 manat) manat məbləğində pul vəsaiti alınmış, bu da hər mənzilin ümumi sahəsi üçün hesablanmalı olan (176,73-166,5=10,23 kv.m x 1950 manat) məbləğdən artıq 19.948.50, iki mənzil üçün isə (19.948.50 x 2) cəmi 39.897 manat cavabdeh tərəfindən X2 artıq alınması halını təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdehndən 49.544 (qırx doqquz min beş yüz qırx dörd) manat tutalaraq İddiaçı xeyrinə ödənilməli, hər mənzilə görə 19.948.50 manat olmaqla cəmi 39.897 (otuz doqquz min səkkiz yüz doxsan yeddi) manat tutalaraq iddiaçı X4 xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 150 (bir yüz əlli) manatdır. İş materiallarına əlavə edilmiş “Asan ödəniş” sistemindən görünür ki, İddiaçı tərəfindən 284.78 (269.78 + 15) manat və X6 tərəfindən 302.12 manat məbləğlərində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 284.78 manat dövlət rüsumunun 238.63 manat hissəsi və iddiaçı X6 tərəfindən dövlət büdcəsinə ödənilmiş 302.12 manat dövlət rüsumunun 209.69 manat hissəsi cavabdehdən tutularaq müvafiq olaraq iddiaçıların xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissələrdə iddiaçılara aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 150 manatın 100 manat hissəsi Cavabdeh Mənzil-Tikinti Kooperatindən, 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi iddiaçı X2 tutulmaqla Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddialar qismən təmin edilsin. Cavabdeh MTK-dan 49.544 (qırx doqquz min beş yüz qırx dörd) manat pul vəsaiti və dövlət rüsumunun 238.63 (iki yüz otuz səkkiz manat altmış üç qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh MTK-dan 39.897 (otuz doqquz min səkkiz yüz doxsan yeddi) manat pul vəsaiti və dövlət rüsumunun 209.69 (iki yüz doqquz manat altmış doqquz qəpik) manat hissəsi tutalaraq iddiaçı X4 xeyrinə ödənilsin. İddialar qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh MTK-dan, 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi iddiaçı X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar