Məhkəmə qərarları › İş №e-2(009)-1421/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1421/2025

03.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1421/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi M.N.Hüseynovanın, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə üçüncü şəxsin vasitəçiliyi ilə yaranmış tanışlıq münasibətləri zəmnində 15000 manat məbləğində pul vəsaitinin borc qismində hesablaşması aparılmış, lakin həmin məbləğ bu günədək qaytarılmamışdır. xx.xx.2016-cı il tarixdə borc məbləği cavabdeh tərəfindən yazılı qəbzin imzalanması yolu ilə tam həcmdə etiraf edilmiş (həmin qəbzdə borc vəsaitinin Maraqlı şəxs alındığı qeyd edilmişdir), lakin razılaşma vəd verilən müddət ərzində yenə də icrasız qalmışdır. İlkin epizod üzrə onun əməllərinin dələduzluq motivli olduğunu hesab etdiyindən tərəfindən Cəmilənin barəsində cinayət işinin başlanması tələbi ilə müvafiq polis orqanına müraciət edilmiş, lakin cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(006)-119/2024 №li qərarı ilə təmin edilərək qərar ləğv olunmuş və iş təhqiqatın araşdırılmayan xüsusatlar üzrə davam etdirilməsi üçün yenidən müvafiq polis orqanına göndərilmişdir. 2018-ci ildən xərçəng xəstəliyinə düçar olduğu üçün davamlı şəkildə ölkədə və ölkə xaricində müalicə kursları keçdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmə imkanı yalnız indi əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun tərəfindən cavabdehə borc qismində verilmiş və bütöv həcmdə icra edilməyən 15000 manat pul vəsaitinin, həmçinin bu barədə məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh tutulması və xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, borcun etirafı barədə cavabdeh tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli qəbzdə pulun Maraqlı şəxs tərəfindən verilməsi qeyd edilsə də, həmin pul nümayəndəsi olduğu İddiaçı məxsus olmuş, onun tərəfindən verilmişdir. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsinə dair bildirir ki, nümayəndəsi olduğu şəxs uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmişdir, bu səbəbdən məhkəməyə müraciət etmək üçün müddəti buraxmışdır, yəni həmin müddət üzrlü səbəbdən ötürülmüşdür. Nümayəndə həmçinin göstərmişdir ki, prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələbini və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi götürülən borcun qaytarıldığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunan qəbz cavabdeh tərəfindən tərtib edilib imzalanmışdır. Lakin həmin qəbzdə göstərilən məbləğ real deyil, borc aşağı məbləğdə alınmışdır. Borc Maraqlı şəxs tərəfindən cavabdehə verilmişdir və Maraqlı şəxs da qaytarılmışdır. Belə olan halda iddiaçının hazırkı tələbin irəli sürülməsinə hüququ olması da müəyyən edilmir. İddiaçı tərəfindən məhz 15.000 manat məbləğində pulun onun tərəfindən cavabdehə verilməsini təsdiq edən sübut da yoxdur. Digər tərəfdən iddiaçı müddəti də ötürmüşdür. Müddətin üzrlü səbəbdən ötürülməsi barədə gətirdiyi dəlilləri, yəni xəstəliyi ilə bağlı vaxtında məhkəməyə müraciət etməməsi əsassızdır, belə ki, həmin müddətdə iddiaçı hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümyaəndəsi iddianın əsassız olması və müddətin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs Maraqlı şəxs izahatında göstərmişdir ki, o, Cavabdeh uzun müddət olar ki tanımışdır. Onlar arasında çox yaxın və etibarlı münasibət olmuşdur. 2015-ci ildən Cəmilə 15.000 manat pul lazım olduğunu bildirmiş, bibisi qızı Aynuru onlarda olarkən görmüş, o, demişdir ki, onun pulu yoxdur, Aynurdan ala bilər. 2015-ci ildə Aynur pulu gətirərək onun yanında Cəmiləyə vermişdir. Qəbzdə borcun ondan alınmasını Cəmilə tərəfindən yazılmasına fikir verməmişdir. Pul Aynurun olmuşdur. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Cavabdeh tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli iltizamın surətindən görünür ki, o, xx.xx.2015-ci ildə Maraqlı şəxs 15 min manat pul almış, yanvarın birindən beşinə kimi ümumi məbləğin qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Elxan Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, İddiaçı mahiyyəti üzrə təhqiqata izahat verərək göstərmişdir ki, Cavabdeh 10 ildir ki tanıdığını, onunla aralarında tanışlıq münasibəti olmasını, Cavabdeh işi ilə əlaqədar İddiaçı 15.000 manat pulu borc istəməsini, pulu bir neçə ay ərzində geri qaytaracağını söyləməsini, İddiaçı 15.000 manat pulu Cəmiləyə inandığı üçün 2015-ci il tarixdə ona verdiyini, lakin həmin zamandan sonra Cavabdeh pulu geri qaytarmadığını görüb dəfələrlə ondan pulu geri qaytarmasını tələb etsə də, Cəmilənin pulu geri qaytarmadığını, hər dəfəsində müxtəlif bəhanələr gətirərək qısa zaman ərzində pulu qaytaracağını söyləməsini, lakin hazıradək heç bir nəticə olmamasını, son illər isə Cavabdeh ona ümumiyyətlə “get əlindən nə gəlir et” kimi sözlər deməsini bildirmişdir. İddiaçı müraciətində qeyd etmişdir ki, Cavabdeh aralarında olan tanışlıq münasibətindən sui-istifadə edərək qeyd edilən pul vəsaitini mənimsəmişdir. Həmin qərardan eyni zamanda görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən 16 ildir ki tanıdığı İradə adlı şəxsdən 2015-ci ildə ümumilikdə 8.000 manat məbləğində pulu borc olaraq aldığını, aldığından artıq miqdarda əhəmiyyətli dərəcədə yüksək faiz hesablanması ilə pulu geri qaytardığını, həmin pula görə aylıq olaraq İradəyə sələm olaraq müxtəlif məbləğlərdə təxminən 14 ay sələm pulu ödədiyini, lakin həmin ödədiyi sələm olaraq pul vəsaitlərinin tam olaraq məbləğlərini xatırlamasa da təxminən 11.000 manata yaxın məbləğdə pulu geri qaytardığını, artıq həmin məsələnin üzərindən 10 ilə yaxın müddət keçməsini, İddiaçı izahatında göstərdiyi xüsusatlarla razılaşmadığını, 8.000 manat pul vəsaitini İradə adlı şəxsdən borc olaraq almasını, işə düzəltmək barədə hər hansı danışıqlar aparmadığını, bunların həqiqətə uyğun olmadığını, İradə adlı şəxsdən aldığı borc pulun bir qismini isə təxminən 6-7 il bundan öncə “Kontakt Home” mağazasından öz adına kompüter cihazı və mobil telefon əşyasını kreditə alaraq İradəyə verməsini, İddiaçı onun barəsində etdiyi şikayətin şər və böhtan xarakteri daşıdığını, həqiqətə uyğun olmadığını, hal-hazırda ona və ya İradə adlı şəxsə heç bir məbləğdə pul borcunun qalmadığını izahatında qeyd etmişdir. Həmin qərardan həmçinin görünür ki, təhqiqat zərurəti ilə əlaqədar X1 Aynur Müzəffər qızının izahatına uyğun olaraq analoji izahat verərək Cavabdeh 2008-ci il tarixdən tanıdığını, onunla aralarında tanışlıq münasibəti olmasını qohumu olan İddiaçı məxsus 15.000 manat pulu şəxsən özünün iştirakı ilə Cavabdeh qohumu İddiaçı işə düzəltməsi müqabilində verməsini, Cavabdeh pulu bir neçə ay ərzində geri qaytaracağını söyləməsini, lakin həmin zamandan sonra Cavabdeh pulu geri qaytarmadığını, dəfələrlə ondan pulu geri qaytarmasını tələb etsə də, Cəmilənin müxtəlif bəhanələr gətirərək qısa zaman ərzində pulu qaytaracağını söyləməsini, lakin hazıradək heç bir nəticə olmaması bildirmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(006)-119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin təhqiqatçısı Elxan Qasımov tərəfindən 2164/24 saylı material üzrə xx.xx.2024-cü tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanunsuz hesab olunaraq ləğv edilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Elxan Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Nəsimi rayon Məhkəməsi tərəfindən ləğv edilmiş material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə üçüncü şəxsin vasitəçiliyi ilə yaranmış tanışlıq münasibətləri zəmnində 15000 manat məbləğində pul vəsaitinin borc qismində hesablaşması aparılmış, lakin həmin məbləğ bu günədək qaytarılmamışdır. xx.xx.2016-cı il tarixdə borc məbləği cavabdeh tərəfindən yazılı qəbzin imzalanması yolu ilə tam həcmdə etiraf edilmiş (həmin qəbzdə borc vəsaitinin Maraqlı şəxs alındığı qeyd edilmişdir), lakin razılaşma vəd verilən müddət ərzində yenə də icrasız qalmışdır. İlkin epizod üzrə onun əməllərinin dələduzluq motivli olduğunu hesab etdiyindən tərəfindən Cəmilənin barəsində cinayət işinin başlanması tələbi ilə müvafiq polis orqanına müraciət edilmiş, lakin cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(006)-119/2024 №li qərarı ilə təmin edilərək qərar ləğv olunmuş və iş təhqiqatın araşdırılmayan xüsusatlar üzrə davam etdirilməsi üçün yenidən müvafiq polis orqanına göndərilmişdir. 2018-ci ildən xərçəng xəstəliyinə düçar olduğu üçün davamlı şəkildə ölkədə və ölkə xaricində müalicə kursları keçdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmə imkanı yalnız indi əldə edilmişdir. Bu səbəbdən iddiaçı onun tərəfindən cavabdehə borc qismində verilmiş və bütöv həcmdə icra edilməyən 15000 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə verilən 15.000 manat məbləğində pul vəsaitinin ona məxsus olmasını qeyd etsə də, borcun etirafı barədə yazılı iltizamda cavabdeh həmin pul vəsaitinin Cavabdeh tərəfindən ona verilməsini göstərmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 15.000 manat məbləğində pulun verilməsinə dair şifahi qaydada borc müqaviləsi Maraqlı şəxs ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış, bu barədə cavabdeh borcun etirafına dair xx.xx.2016-cı il tarixli iltizam yazmış və həmin borcun yanvarın birindən beşinə kimi qaytarmasını öhdəlik götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, cavabdeh öz izahatında 2015-ci ildə borc pulun İradə adlı şəxsdən aldığını və həmin pul vəsaitinin artıqlaması ilə geri qaytardığını göstərmişdir. Təhqiqat orqanı mübahisənin mülki xarakterli olduğundan toplanmış materiallar üzrə cinayət işinin başlanmasını rədd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı borc pulun verilməsinə dair şifahi müqavilənin tərəfi olmadığından, o müqavilə üzrə hər hansı hüquq və vəzifəyə malik deyil. Məhkəmə iddiaçının pulun ona məxsus olması barədə dəlilləri üzrə qeyd edir ki, borcun etirafına dair cavabdeh tərəfindən tərtib edilmiş və işin mübahisəsiz halını təşkil edən qəbzdə pulun Maraqlı şəxs tərəfindən cavabdehə verilməsi qeyd edilmiş və qeyd qəbz tərtib edilərkən mübahisələndirilməmişdir. Ona görə də iddiaçının həmin dəlillərini məhkəmə əsaslı hesab etmir. Bu səbəbdən iddiaçının 15.000 manat pulun qaytarılması ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı pulun ödənilməsi tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə məhkəmə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1- 373.3-cü maddələri). Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə iddiaçı tərəfindən şifahi borc müqaviləsi üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini, müddətin buraxılmaması ilə bağlı dəlillərinin əsassız olmasını, eyni zamanda iddiaçının məhkəmə iclasında iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü hal kimi qəbul edilə bilməməsi nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar da əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 135 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilməklə) onun tərəfindən cavabdehə borc qismində verilmiş və bütöv həcmdə icra edilməyən 15000 manat pul vəsaitinin, həmçinin bu barədə məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh tutulması və onun xeyrinə ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar