Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1424/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçı X1 - cavabdeh "xxxx" MMC-yə qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 24 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 - cavabdeh "xxxx" MMC-yə qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanından çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya məxsusdur. Həmin sahələrin icarəyə verilməsinə dair cavabdeh ilə iddiaçı arasında 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və bu günə kimi yalnız 2 dəfə icarə haqqı ödəmiş, qalan aylar üzrə icarə haqqını ödəməmişdir. Yəni 10 ayın icarə haqqının ödənilməsindən yayınmışdır. Bununla əlaqədar icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair 29 aprel 2022-ci il tarixdə cavabdehə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməklə məhkəməyə çağırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və Az. Res. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 saylı evin 19, 20, 21, 22 nömrəli mənzilləri 22 noyabr 2013-cü il tarixdə X1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 saylı evin 19, 20, 21, 22 nömrəli mənzilləri X3 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmin Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, icarəyə götürən "xxxx" MMC X2 aylıq 1,000 manat icarə haqqı ödəyir. Həmin Müqavilənin 7-ci bəndində qeyd edilmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 685.2-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 saylı evin 19, 20, 21, 22 nömrəli mənzilləri 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinə əsasən X3 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilənin şərtlərinə əsasən icarəyə götürən icarəçiyə aylıq 1,000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər öz aralarında razılaşmışdırlar ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməyərək, icarə haqqını müqavilə ilə razılaşdırılmış müddətdə və qaydada icarəçiyə ödəməmişdir. Bununla da icarəyə götürən razılaşdırılmış əqdin şərtlərinə əməl etməmişdir. Bu səbəbdən iddiaçı 29 aprel 2022-ci il tarixdə cavabdehə yazılı müraciət edərək, 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini bildirmişdir. Hazırki halda iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır və onun tələbi əsaslı sayılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 saylı evin 19, 20, 21, 22 nömrəli mənzillərindən çıxarılsın və həmin mənzillər boşaldılaraq X2 təhvil verilsin. 100 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1424/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1424/2022
24.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver