Məhkəmə qərarları › İş №e-2(009)-146/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-146/2023

14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-146/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qala sğorta” ASC-dən “VAZ 2106” markalı ** CD *** dövlət qeydiyyat nömrəli avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 2280 manat sığorta ödənişi, mənəvi zərər görə 1000 manat, yol xərcinə görə 1200 manat və dövlət rüsumuna görə ödənilən 30 manat pul olmaqla cəmi 4510 (dörd min beş yüz on) manat pul onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi üzrə "xxxx" ASC tərəfindən sığortalanmış X2 məxsus “Mercedes-Benz” markalı, ** BE *** dövlət qeydiyyat nömrəli avtomobili ilə etibarnamə ilə ona məxsus olan “Vaz 2106” markalı, ** CD *** dövlət qeydiyyat nömrəli avtomobil arasında xx.xx.2022-ci il tarixində saat təxmini 12:05 raddələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində baş vermiş yolnəqliyyat qəzası nəticəsində avtomobilinə ziyan dəymişdir. O dəymiş zərərin sığorta tərəfindən ona ödənilməsini tələb etdikdən sonra müvafiq sığorta şirkəti ondan avtomobilin zədələnmiş hissəsinin şəklini çəkib atmağını tələb etdilər. Qeyd edir ki, bu zaman, ümumiyyətlə, maşına baxış keçirilmədi və əməkdaşlar ona telefonla zəng edib şifahi şəkildə dəymiş zərərlə bağlı cəmi 500 ( beş yüz) manat verəcəklərini bildirdilər. Qeyd edir ki, bu məbləğ ona dəyən ziyanın heç 25%-ni də qarşılamadığından o bununla razılaşmadı. Belə ki, Baş Dövlət Yol Polisinin şifahi müraciəti əsasında tövsiyyə xarakterli Qüsur Aktı tərtib olunmuş, sənəddə onun avtomoibilinə dəyən ziyanın 2280 (iki min iki yüz səksən) manat olduğu qeyd olunmuşdur. Müvafiq sənəd ərizəyə qoşma kimi əlavə olunacaqdır. Maddi zərərin həcminin müəyyən olunması məqsədilə İcbari Sığorta Haqqında AR Qanununun 16.2-ci maddəsinə əsasən qarşılıqlı razılıq əsasında müstəqil sığorta eksperti təyin olunmuş, lakin həmin ekspert tərəfindən xx.xx.2022-ci il tarixli verilmiş rəyə əsasən avtomobilə dəymiş zərərin 929 (doqquz yüz iyirmi doqquz) manat təşkil etdiyi müəyyən olunduğu iddia edilmişdir. Lakin bildirmək istəyir ki, ekspert heç avtomobilə yaxından baxmadı da, o ondan servisin ona verdiyi qüsur aktının şəklini çəkdi özü ilə apardı. Ancaq özü həmin aktın yarı qiymətindən də az zərər dəydiyini rəyində qeyd etdi ki, bu da tamamilə əsassız və ədalətsiz verilən rəydir. Sığortaçı dəymiş zərəri müəyyən etmək üçün avtomobilə baxış keçirməmişdir, ondan maşının fotosunu atmağını istəmiş, onun müraciətinə əsasən müstəqil ekspert təyin olunmuş və qüsur aktı tərtib olunmuşdur. Lakin müvafiq aktın obyektiv olmadığını idda edir. Bununla bağlı "xxxx" ASC tərəfindən ona xx.xx.2022-ci il tarixində Na 1199 nömrəli məktubunda bildirilmiş, göstərilən məbləğlə razılaşmadığı təqdirdə mübahisələndirə biləcəyini qeyd etdilər. Göndərilən məktubda qoşma olaraq həmin müstəqil ekspertin rəyini xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktını sənədə əlavə etdiklərini yazsalar da məktubdan əlavə heç bir sənəd yox idi. 21 iyul 2022ci ildən 5 oktyabr 2022-ci ilə kimi maşınsız hər gün işə gedib gəlir. Belə ki, bunun gündəlik xərci 10 AZN təşkil edir və bu müddət ərzində “Qala” sığortanın məsuliyyətsizliyinə görə təqribi 100 gün maşınsız olmuşdur və bu zərəri cavabdeh qarşılamalıdır. Bu müddət ərzində ona 1200 manata yaxın zərər dəymişdir. İddiaçı qismində 21 iyul 2022-ci ildən 5 oktyabr 2022-ci ilə kimi olan müddət ərzində maşın probleminə görə dəfələrlə əsəbləşmiş daxili iztirab keçirmiş və bu onun sağlamlığına çox ciddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, avtomobilə dəymiş zərərin 2280 manat olmasa da, təxminən 1500 manat olmasını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixində Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində "xxxx" şirkəti tərəfindən sığortalanmış “Vaz 2106” markalı, ** BE *** dövlət nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Vaz 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 2280 manat sığorta ödənişi, mənəvi zərərə görə 1000 manat, yol xərcinə görə 1200 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 4510 manat pul vəsaitinin "xxxx" ASC-dən tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı iddiasını aşağıda göstərilən səbəblərdən əsassız hesab edirlər: İddiaçının dəymiş ziyan görə 2280 (iki min iki yüz səksən) manat sığorta ödənişi tələbi lıəqddindən artıq şişirdilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə tərəfimizdən dərhal sığorta hadisəsinin araşdırılmasına və zərərin qiymətləndirilməsinə başlanılmışdır. Qeyd etmək istəyirik ki, dəymiş zərər məbləği ilə bağlı aramızda razılıq əldə edilmədiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən zərərin tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan və maliyyə bazarlarına nəzarət orqanının reyestrində qeydiyyatda olan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Müstəqil ekspertin xx.xx.2022-ci il tarixli rəyinə əsasən avtomobilə dəymiş zərərin 929 (doqquz iyirmi doqquz) manat məbləğində olduğu müəyyən edilmiş və bu barədə İddiaçıya həm yazılı, həm də şifahi məlumat verilmişdir. Bildiririk ki, Cəmiyyətimiz tərəfindən sözügedən sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş dərər mövcud bazar qiymətləri əsasında ədalətli qiymətləndirilmişdir. İddiaçının iddia etdiyi zərər məbləği həddindən artıq şişirdilmiş və mövcud bazar qiymətlərinə uyğun deyildir. Belə ki, iddiaçının əlavə etdiyi qüsur aktına nəzər yetirsək, bəzi detalların təmirə yararlı olmasına baxmayaraq (qanad, alt panel, bakovnik və s.) onların yenisinin qiymətləri və digər dəyişilən detalların qiymətlərinin isə real bazar dəyərindən artıq qeyd olunduğunu açıq-aşkar görə bilərik. Belə ki, İddiaçının təqdim etdiyi qüsur aktında iraves 120 manat, sapfa 100 manat, çaşkanın 4 ədədi 90 manat (halbuki bir tərəfi zədələndiyindən 1 ədəd çaşkaya ehtiyac var) qiymətləndərilib, halbuki açıq bazarda həmin malların qiyməti müvafiq olaraq 65 manat, 35 manat və 25 manat təşkil edir. Avtomobilin 1990-ci il istehsalı olduğunu, həmçinin artıq köhnəlmiş vəziyyətdə olduğunu nəzərə alsaq iddiaçının təqdim etdiyi qiymətlərin real olmadığı aydın görünür. Avtomobilin əlavə olunmuş fotoşəkillərindən də bunu görmək mümkündür. Eyni zamanda ddiaçının təqdim etdiyi zərər aktında işçilik qiymətləri bazar reallığından çox yüksək göstərilmişdir. Göründüyü kimi yol-nəqliyyät hadisəsi cavabdeh "xxxx" ASC tərəfindən “İcbari sığortalar ıaqqında” AR qanununun tələblərinə uyğun tənzimlənmiş, lakin iddiaçı, zərərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş məbləği ilə razılaşmadan hüquqdan sui-istifadə etməyə cəhd göstərməklə dəymiş zərərin həcmini əsassız şəkildə şişirdərək iddia tələbi irəli sürmüşdür. Göründüyü kimi avtomobilə dəymiş zərərin qiymətləndirilməsi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Belə ki, avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş və zərər məbləği ekspert tərəfindən 929 (doqquz iyirmi doqquz) manat məbləğində hesablanmışdır. Müstəqil ekspertin rəyi İddiaçıya təqdim edilmişdir. Əlavə məlumat olaraq qeyd etmək istəyirik ki, qiymətləndirməni həyata keçirən müstəqil ekspert xüsusi sahə üzrə ixtisaslaşmış ekspert olmaqla yanaşı müvafiq qaydada Mərkəzi Bankın müstəqil ekspertlər reyestrinə daxil edilmişdir. Yekun olaraq hesab edirik ki, avtomobilə dəymiş zərər nəzarət orqanı olan Mərkəzi Bankın reyestrinə daxil edilmiş və əsas işi ekspertiza olan müstəqil ekspert tərəfindən qiymətləndirildiyindən müstəqil ekspertin rəyi iş üzrə əsas sübut kimi nəzərə alınmalıdır. iddiaçının mənəvi tələbi əsassızdır. Nəticədə, Cavabdeh tərəfindən İddiaçıya qarşı heç bir qanunsuz hərəkət və ya hərəkətsizlik edilmədiyindən, həmçinin iddiaçı ona dəymiş mənəvi zərər barədə heç bir sübut təqdim edə bilmədiyindən, hesab edirik ki, iddiaçının mənəvi zərər tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı iddia ərizəsində 21 iyul 2022-ci il tarixdən 5 oktyabr 2022-ci il tarixə kimi hər gün maşınsız işə gedib gəldiyini və gündəlik xərcinin 10 (on) manat təşkil etməsini qeyd edərək ümumilikdə ona 1200 (bir min iki yüz) manat məbləğində zərər dəydiyini göstərmişdir. Lakin iddiaçı bununla bağlı iddiasını təsdiqləyən hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qalasığorta ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində "Vaz 2106” minik markalı, ** CD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin həmçinin müəyyən olunması məqsədilə İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən, qarşılıqlı razılıq əsasında müstəqil sığorta eksperti təyin olunmuş və həmin ekspert tərəfindən xx.xx.2022ci il tarixli verilmiş rəyə əsasən avtomobilə dəymiş zərərin 929 manat təşkil etdiyi müəyyən edilmiş, bank hesab rekvizitləri təqdim olunduğu və müvafiq sənədlər imzalandığı halda sığorta ödənişi hesaba köçürüləcəkdir. İş materiallarında olan sənədlərdən görünür ki, Baş Dövlət Yol Polisinin şifahi müraciəti əsasında tövsiyyə xarakterli Qüsur Aktı tərtib olunmuş, sənəddə onun avtomobilinə dəyən ziyanın 2280 (iki min iki yüz səksən) manat olduğu qeyd olunmuşdur. İş materiallarında olan AE N-079671 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Vaz 2106” minik markalı, ** CD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X5r. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X7 "Vaz 2106” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı etibar etmişdir. İş materiallarında olan QS280802 nömrəli müstəqil ekspert rəyindən görünür ki, "Vaz 2106” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 929 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi üzrə "xxxx" ASC tərəfindən sığortalanmış X2 məxsus “Mercedes-Benz” markalı, ** BE *** dövlət qeydiyyat nömrəli avtomobili ilə etibarnamə ilə onun sərəncamında olan “Vaz 2106” markalı, ** CD *** dövlət qeydiyyat nömrəli avtomobil arasında xx.xx.2022-ci il tarixində saat təxmini 12:05 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində avtomobilinə ziyan dəymişdir. Zərərin məbləği sığorta şirkəti tərəfindən 929 manat müəyyən edilmiş və iddiaçıya bu məbləğ təklif edilmişdir. Lakin tərəflər sığorta ödənişinin məbləği ilə bağlı razılığa gəlməmiş və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən icbari sığorta müqaviləsi ilə sığortalanmış avtomobilin toqquşması, yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Mübahisə ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" ASC arasında dəymiş zərərin miqdarı barədə razılaşma əldə edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Baş Dövlət Yol Polisinin şifahi müraciəti əsasında tövsiyyə xarakterli Qüsur Aktından görünür ki, iddiaçının avtomobilinə dəymiş zərər 2280 (iki min iki yüz səksən) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı avtomobilə dəymiş zərərin 2280 manat olmasa da, 1500 manat olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən mübahisənin tam və ədalətli həlli, habelə hazırkı işə baxılarkən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2396/2022 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9121 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı buraxılışlı “Vaz 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 929 manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/9121 saylı, xx.xx.2023-cü il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin 929 manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 929 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 manat ödənilməsini tələb etsə də, ona mənəvi zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddianın həmin hissədə təmin edilməsini mümkün hesab etmir. Məhkəmə iddianın yol xərcinə görə 1200 manat ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı yola 1200 manat xərc çəkdiyini təsdiq edən sübutları da mməhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia həmin hissədə də təmin edilə bilməz. Belə ki, MPM 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 66 (altmış altı) dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişi olaraq 929 (doqquz yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 75 (yetmiş beş) manat hissəsi cavabdehdən, 25 (iyirmi beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişi olaraq 929 (doqquz yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 75 (yetmiş beş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 25 (iyirmi beş) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar