Məhkəmə qərarları › İş №e-2(009)-1529/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1529/2021

02.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1529/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı , Cavabdeh Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru A.Ə. Bayramovanın iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh1 qarşı icra hərəkətlərdən şikayətə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1 qarşı icra hərəkətlərdən şikayətə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Nürəddin Bağırov) 07.08.2015-ci il tarixli, 2(009)- 1539/2015 saylı qətnaməsinə əsasən Cavabdeh1 qarşı etirafı ilə “344.460 manat məbləğində pul tələbinə dair” onun iddiası təmin etmişdir. 07.08.2015-ci il tarixli, 2(009)-1539/2015 saylı qətnamə əsasında 27.11.2015-ci il tarixli verilmiş icra vərəqəsindən bəlli olur ki, borclunun adında icranı təminatını 3 qat üstələyən daşınar və daşınmaz əmlaklar olsa da belə icra vərəqi bu günə qədər imitasiya etməklə icra olunmur. Səbəb isə Səbail rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin borclu ilə şəxsi əlaqələr zəminində 6 il keçən zaman kəsimində 6 il ərzində həbs qərarı olan əmlakların həbsdən mümkün olan həddə yayındırıb, mümkün olmayan həddə isə icra şöbəsinin vəzifəli şəxsləri tələbkarın üzünə bəyan etməklə qərəzli və qanunsuz hərəkətlər ilə borcluya arxayınçılıq aşlamış, əvəzində isə borclunun – azğınlığına sübut qeydiyyatlı rəsmi şikayətlərdən bəlli olur ki, cinayət təqibi olan əməllərlə Dövlət sirrinə bərabər Electron Notariat, Kadastr kompyuter bazasına müdaxilələrlə bu işləri üzrə xüsusi biliyi olan mütəxəssis Elman Bəhlulov ilə İcra Şöbəsi birlikdə hərəkət edir, borclunun istənilən saxta sənədinə İcra Şöbəsi hüququ aydınlıq verməklə ideal icra işi imitasiya etmişdir. İş üzrə böyük icra məmuru X5 “İcraata başlamaq haqqında” 26.02.2018-ci il tarixli qərar çıxartmışdırsa da, icra etmək barədə bir addım atmır. Səbail rayon İcra Şöbəsi tərəfindən icranı yubatmaq məqsədilə icra məmurlarının biri-birini əvəz etmə səbəbləri ilə yubatmışlar. Belə ki, iş icra məmuru X4 alınaraq Yaqub Ağayevə verilmiş, sonrakı da işdən çıxır, iş qeyri-müəyyən hüquqi müstəvidə dayanmışdır. Halbuki, iş üzrə hərraca sifariş məktubunu qərəzli yazmamaqla 3 il borclunun xeyrinə qənaət olunmuşdur. İcra məmuru çəkindirmə barədə 30.11.2018-ci il tarixli, 8(009)-285/2019 saylı iş üzrə onun 45.000 manat kompensasiya tələbi barədə rədd olunmuş, nəticədə iş digər icra məmuru tapışırlsa da, eyni tərzdə imitasiya ilə, qiymətləndiricinin aktı olsa da belə hərraca sifariş verilmir. İcra qovluğunda borclunun əmlaklarına aid sorğulardakı ünvanlar, avtomobillərin siyahısı və adları bəlli olan üzərində həbs qoyulan 5 ha torpaq sahəsi 2015-ci il tarixdə təqdimat əsnasında Balakən rayon ərazisində olduğu halda 2018-ci il tarixdə məhkəməyə verilən təqdimat əsnasında adı çəkilən 5 ha torpaq artıq Balakən rayonu deyil, Zaqatala rayonu Qazangül ünvanı ilə 0,7828 ha hektar torpaq sahəsi ilə əvəzlənir – saxtakarlıq həbsdə olan torpaq üzərindən bağışlama müqaviləsi və saxta sorğularla pərdələnir. Eyni qaydalarla icra vaxtı 5 ha torpaq sahəsi və digər əmlakların ünvan ilə yeri haqda məlumatlar icra predmetindən bilərəkdən yayındırılır ki, yəqinliklə özgəninkiləşdirilir. Bu barədə icra işində kifayət qədər mötəbər sübutlar vardır. Məhkəmə qətnaməsinin icrası ilə bağlı hüquqi müəyyənliklə üzərində həbs olan əmlaklar icra məmuru Cəlaləddin Əliyev ilə icraya rəhbərlik edən orqanın göstərişi olmadan icradan yayındırılması mümkünsüz idi. Belə ki, icrada rəhbərlik edən vəzifəli şəxslər borclu Cavabdeh1 himayədarlıq edir, iki ildən bir 500 manat pərdə altı cərimə edir. Belə ki, barəsində reket və quldurluq maddələri ilə şikayət etdiyi Bəhlulov Elman adlı vasitəçi icra işindən onun imtina ərizəsi alacağında israrlı idi. Halbuki icra işində ona qarşı polis və prokurorluq orqanlarına şikayət ərizələri vardır və işin mahiyyəti CM ilə izahlıdır. Sadalanan bir-birini təkzib etməyən ardıcıllıqdan bəlli olur ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 8(009)-491/2018 saylı və 25.06.2018-ci il tarixli, 8(009)-492/2018 saylı məhkəmə iclaslarının qərardadları ilə (hakim A.N.Bağırov) Səbail rayon icra şöbəsinin icra məmuru X5 borclu Cavabdeh1 əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına əsasən borclu Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri ünvan 2 ünvanı kimi hansı əsasla ünvanın adını dəyişərək eyni mülkün 6/24 hissəsinin, əvvəllər Balakən rayonu adı altında olsa da belə, indi isə Zaqatala rayonu Qazangül kəndinə yerləşən 0,7828 hektar (əslində isə 5 ha torpaq saxtakarlıqla 0,7828 kimi qeyd edilmişdir) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və “BMV” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 “İcraatı başlamaq haqqında” 26.02.2018-ci il tarixli qərarını nəinki icra etməmiş, əksinə üzərinə həbs qoyulmuş borcluya məxsus ünvan 4 ünvanda yerləşən mülkün 6/24 hissəsinin qətnamə ilə Balakən rayonu, icra məmurunun təqdimatı ilə isə ünvan 6ində yerləşən 5 ha torpağın 0,7828 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi bağışlama müqaviləsinin həyata keçməsinə mane olmamış, halbuki Cavabdeh1 adında olan Balakən rayon ərazisində 5 ha torpaq üzərində həbs qərarı icranın müvəqqəti dayandırmaq haqda qərarın icrası vaxtı icra məmuru Hüseyn Hüseynlinin təqdimatı ilə üzərinə həbs qoyulmuş idi. Bundan əlavə Səbail rayon İcra və probasiya şöbəsinin 05.09.2018-ci il tarixli “Qiymətləndirmənin təşkili haqqında” müqaviləyə əsasən 17.09.2018-ci il tarixli qərarı ilə borcluya məxsus olan Səbail rayon Sara Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissədə) fərdi yaşayış evinin qiymətləndirilməsi işi başa çatsa da, icra şöbəsi hərraca sifarişi borclunun xeyrinə məqsədli yubadır. Qiymətləndirməyə əsas Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1531/2015 saylı, 07.08.2015-ci il tarixli icra sənədidir. Adı çəkilən Səbail rayon Sara Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissədə) fərdi yaşayış evi faktiki olaraq 2(009)-1531/2015 saylı 07.08.2015-ci il tarixli icra sənədi üzrə 3-cü Bayıl döngəsi ev 12 olduğu halda borclu mülkiyyət qeydiyyatını icradan yayınmaqdan ötəri adında olan üzərində həbs olan mülkə dair qanunsuz yollarla 03.02.2017-ci il tarixdə, seriya RX ******* saylı çıxarış ilə ********** saylı qeydiyyat vəsiqəsi almağa müvəffəq olmuşdur. Eyni vaxtda “BMV” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı, “QAZ-2410” markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 280” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı, “BMV X5” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı, “BMV X5” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı, “BMV 528” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı, “MAZ 5334” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qısa müddət ərzində özgəninkiləşdirilməsinə şəraiti icra şöbəsi yaratmışdır. Adı çəkilən avtomobillərdən yalnız birinin həbsdən azad olmasına dair Qaradağ rayon icra şöbəsinə razılıq ərizəsi olubdur. Daha tutarlı sübut isə “MAZ-5334” markalı, **-UO-*** dövlət qeydiyyatı olan “Maz Kran” daş karxanasında addan ada keçmədən satılmış idi və X1 və həmçinin digər avtomobillər qeydiyyatdan çıxartmaq mümkünsüz idi. Borclu Cavabdeh1 məxsus “QAZ-2410” markalı, **-HO-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq, həmin avtomobil 30.11.2016-cı ildə X2, digər markalı və nömrəli avtomobillər isə hazırda mövcud deyildir. Çox güman ki, yuxarıda marka və nömrələri göstərilən avtomobillər hal hazırda mövcud olsalar da belə sənədləşdirilmədən saxta dövlət nişanları ilə sürülür və sübutlar borcludadır. Borclu icra məmurlarının hüquqi yardımları ilə həmin avtomobillərin nömrələrini sair üsulla özgəninkiləşdirmiş, beləliklə həmin nömrələr başqa markalı avtomobillərə aid edilmişdir. Onu da qeyd etmək lazımdır ki, “BMV 528” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazıradək borclu Cavabdeh1 adına qeydiyyatda olmasına baxmayaraq, icra məmurları tərəfindən həmin avtomobilin açıq hərracdan satılması yolu ilə tələb əmlaka yönəldilməmişdir. İcra məmurlarından üzərlərinə düşən vəzifələri icra etməmələri səbəbini soruşduqda, onlar borcluda olan əmlaka dair keçirilmiş əmlakın qiymətləndirilməsi ilə əlaqədar xərcin ödənilməməsini bəhanə etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Səbail rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 8(009)-492/2018 saylı, 25.06.2018-ci il tarixli 8(009)-491/2018 saylı qərardadları ilə borclu Cavabdeh1 adına olan üzərinə həbs qoyulmuş 3 əmlaka: 1.“BMV” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2.Bakı şəhəri, Səbail rayonu, Sara Qədimova küçəsi, ev 12 (6/24 hissə); 3. ünvan 6i ünvanında yerləşən 0,7828 ha (halbuki 21.05.2015-ci il tarixli, 2(009)-1539/2015 saylı qətnamə ilə Balakən rayon ərazisində 5 ha) kənd təsərrüfatı təyinatlı torpaq barədə qiymətləndirici cəlb etməklə hərrac yolu ilə icraya yönəlməsi barədə icra məmuru tərəfindən törədilən süni maneələrə qarşı tədbirlər görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, artıq 3 ildir ki, borclunun 3 əmlakı üzərinə həbs qoyulub, lakin tələbin o əmlakdlardan hər hansı birinə yönəldilməsi həyata keçirilməyib. Səbail rayon ərazisində olan evin hərraca çıxarılmasını tələb edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aynur Bayramova iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 2020-ci ilin sonunda iş onun icraatına daxil olmuşdur. İlkin olaraq icra işi icra məmuru Cəlaləddin Əliyevin icraatında 2018-ci ildə olmuşdur, həmin vaxtı “BMV” markalı avtomaşın üzərinə həbs qoyulub, Zaqatalada yerləşən borcluya məxsus olan əmlak aşkar edilərək onun üzərinə həbs qoyulmuşdur. Borclu barəsində inzibati protokol tərtib edilmiş və o, cərimə edilmişdir. Sonra C.Əliyev şöbədən getdikdən sonra 2019-cu ildə Yaqub Məmmədlinin icraatına verilmiş, onun tərəfindən Səbail rayonu ərazisində borclunun adına ev aşkar edilmiş, həmin əmlak üzərinə də həbs qoyulmuşdur. Həmin əmlak qiymətləndirilmiş, lakin borclu qoyulan qiymətlə razı olmamış və inzibati məhkəməyə bununla bağlı şikayət etmişdir. 2020-ci ildə ölkədə pandemiya ilə əlaqədar işlərə baxılmamışdır. Lakin icra sənədi onun icraatına daxil olduqdan sonra borcluya xəbərdarlıq məktubu göndərilmiş, hazırda inzibati məhkəməyə müraciət olunacaqdır ki, borclunun şikayəti ilə əlaqədar nə qərar qəbul olunub. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, 07.08.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2012-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən yaranmış ümumilikdə 344460 manat məbləğində pulun Cavabdeh1 tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh1 əmlak vəziyyəti yoxlanılmış və onun adına daşınmar və daşınmaz əmlakların qeydiyyata alınması müəyyən edilmişdir. Həmin əmlaklar müəyyən olunduqdan sonra icra sənədinin icrası məqsədilə Səbail rayon İcra şöbəsinin icra məmuru Cəliləddin Əliyevin təqdimatı əsasında əsasında Səbail rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli qərardadları ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Sara Qədimova küçəsi, ev 12, (6/24 hissə), ünvan 6ində yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə, həmçinin Cavabdeh1 adına olan “BMV” markalı ** NZ *** dövlət nömrə nişanlı avtomaşın üzərinə həbs qoyulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, icra məmuru borclu Cavabdeh1 adına tələbin yönəldilməsinə yol verən əmlakları aşkar etsə də, eyni zamanda həmin əmlakların üzərinə icra məmurunun təqdimatı əsasında həbs qoyulsa da, 3 ildir ki, həmin əmlaklara tələb yönəldilməmişdir. “İcra haqqında” AR Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qeyd edilən Qanunun 53.1-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Qanununvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, məcburi icra hərəkətlərinə başladıqdan sonra icra məmuru borclunun adına tələbin yönəldilməsinə yol verilən əmlakları aşkara çıxardıqdan sonra tələbi həmin əmlaklara yönəldilməsi ilə əlaqədar hərəkətləri həyata keçirməli idi. İcra işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 2018-ci ildə məhkəmə qərardadları ilə borcluya məxsus daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Lakin bu müddət ərzində həmin əmlaklarla bağlı konkret icra hərəkətləri həyata keçirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli, qanunvericiliyin tələblərinə müvafiq icra hərəkətlərinin yetirilməsi icra şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Səbail rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı 07.08.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Səbail rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 8(009)-492/2018 saylı və 25.06.2018-ci il tarixli 8(009)-491/2018 saylı qərardadları ilə borclu Cavabdeh1 adına olan üzərinə həbs qoyulmuş 3 əmlakarla bağlı: 1.“BMV” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2.Bakı şəhəri, Səbail rayonu, Sara Qədimova küçəsi, ev 12 (6/24 hissə); 3. ünvan 6i ünvanında yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə qiymətləndirici cəlb etməklə tələbin həmin əmlaklara yönəldilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi Səbail rayon İcra Şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar