Məhkəmə qərarları › İş №e-2(009)-153/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-153/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-153/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil1, Cavabdeh QSC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh QSC-nə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən ona satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi və ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat məbləğdə pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə (AZERBAİJAN VOLKSWAGEN VÖEN:**********) bağlanmış 09 iyun 2022-ci il tarixli 94/22 nömrəli Avtomobilin alğı-satqı müqaviləsinə əsasən 2022-ci il istehsalı olan 1 ədəd Göy rəngdə “Volkswagen” Polo Exclusive sedan tipli (XW8ZZZCKZNG021500) mühərrik nömrəsi CWV958270 yeni minik avtomobilini almışdır. Həmin avtomobilin alınması üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" ASC-də olan bank hesabına 35600 (otuz beş min altı yüz) manat vəsait ödəmişdir. Belə ki, mülkiyyətində olan “Volkswagen” Polo Exclusive markalı avtomobilin qabaq hissəsi, 22 avqust 2022-ci il tarixdə saat 13:00-da Bakı-Quba yolunun 15 km-də magistral avtomobil yolunun hərəkət hissəsində, qadağan olunmuş ərazidə dayanmış X9 məxsus Ford Tranzit markalı, ** KU *** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılaraq ağır zərbədən yararsız hala düşmüşdür. Avtomobilə dəyən zərər təxminən 20.000 (iyirmi min) manatdan yuxarı olan məbləğdədir. Lakin avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin avtoservisinə təqdim olunmuşdur. Həmin şirkət tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən avtomobilə dəymiş zərər 24796.8 (iyirmi dörd min yeddi yüz doxsan altı manat, səksən qəpik) AZN qiymətləndirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Volkswagen” Polo Exclusive markalı avtomobil digər avtomobillə toqquşduğu anda təhlükəsizlik yastıqları açılmamışdır. Bu səbəbdən də, özü də xəsarət alaraq kəllə-beyin travması almış, hərəkətlərində müvəqqəti pozğunluq yaranmış, mənəvi - psixi sarsıntı keçirmişdir. Bildiyinə görə, təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır. Qəza zamanı çəkilən fotoşəkillər və video görüntülərdə əks olunan belə ağır zərbədən avtomobilin təhlükəsizlik yastıqlarının hansı səbəbdənsə açılmaması əşyanın qüsurlu olmasına dəlalət edir. Avtomobil aşağı surətdə də belə toqquşduğu an sistem dərhal aktivləşməli idi. Hava yastıqlarının iş prinsipini göstərən sistem SRS (X2 - X10) adlanır ki, həmin sistemdə də görünür nasazlıq olmuşdur və qəza zamanı həmin sistem işə düşməmişdir. Hesab edir ki, bu hal həm istehsalçının və həm də satıcının (dillerin) xətası ilə bağlı olan haldır. İstisna olunmur ki, ona məxsus bu avtomobilə aid olan, ölkəmizdə satılan bu partiya avtomobillər qeyd olunan qüsurla əhaliyə satılmışdır. Aralarında bağlanmış 09 iyun 2022-ci il tarixli 94/22 nömrəli Avtomobilin alğı-satqı müqaviləsinin 3.1.2-ci bəndinə əsasən Satıcı avtomobilin AZS standartına və keyfiyyətə uyğun olmasını təmin edir. Ümumi qəbul olunmuş digər ekvivalent dünya standartlarına uyğunluq sertifikatları əlavə olaraq təqdim oluna bilər. 09 iyun 2022-ci il tarixli 94/22 nömrəli Avtomobilin alğı-satqı müqaviləsinin 3.1.5. b) bəndinə və Müqaviləyə 1 nömrəli Əlavənin 1-ci bəndinə əsasən avtomobilin Alıcıya təhvil verilməsi tarixindən etibarən onun keyfiyyətinə 3 (üç) il müddətinə 100.000 km qaçış məsafəsinə tam zəmanət verilir. Satıcı avtomobilin göstərilən zəmanət şərtlərinə uyğun olaraq yaranacaq nasazlıqları öz hesabına aradan qaldırmağı öhdəsinə götürür. Qeyd edir ki, bəhs olunan avtomobilin müşahidəedici sənədləri, yəni istifadə qaydaları ölkəmizin qanunvericiliyinin tələblərinin əksinə olaraq milli dildə deyildir. Ona dəymiş həm maddi, həm də mənəvi zərərin əvəzi olaraq satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi tələbi ilə həmin şirkətə müraciət etmişdir. Lakin, Cavabdeh QSC-nin baş direktorunun imzası ilə ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən qarantiya çərçivəsində avtomobilin təmir etməsindən və kompensasiya ödənilməsindən imtina olunmuşdur. Daha sonra o və vəkili ilə birgə xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-nin baş direktoru Camal Quliyevin qəbulunda olmuş, tələbi ilə bağlı yalnız onlara məxsus şirkətdə avtomobil təmir olunarsa servisin Qüsur aktına əsasən qiymətləndirilən dəyərdən təxminən 1500-2000 AZN çıxmaqla güzəşt edilə bilər və yaxud, başqa təmir sexində avtomobil təmir olunarsa Cavabdeh QSC-dən alınan detalların qiymətlərində 10% aşağı qiymət güzəşt ediləcəyini bildirdi. Bu təklif onu təmin etmədiyindən, təbii ki, o bu təkliflə razı olmadığını bildirmişdir. Habelə, avtomobildə yaranmış qüsurlara aydınlıq gətirilməsi məqsədilə müvafiq vəkil sorğusu ilə müraciət etsələr də yenə də, Cavabdeh QSC tərəfindən qoyulan suallara əvvəlki məktubunun məzmununa uyğun şablon və əsaslandırılmamış xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq cavab verməkdən yayınmışdır. Qoyulan suallara cavab verilməməsi, həmçinin, satıcı şirkətin bu partiya avtomobillərin AZS standartına və keyfiyyətinə uyğun olmasını təmin edən və müvafiq dövlət qurumlarında qeydiyyatdan keçən normativ sənədlərinin mövcud olmadığı, sertifikatlaşdırılmadığı, ümumi qəbul olunmuş dünya standartlarına uyğunluq sertifikatlarının olmaması qənaətinə gətirir. (məktublar əlavə olunur) Bu baxımdan, ona dəymiş maddi ziyan Cavabdeh QSC-dən alınaraq ödənilməlidir. Bundan başqa, yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Volkswagen” Polo Exclusive markalı avtomobil digər avtomobillə toqquşduğu anda təhlükəsizlik yastıqları açılmadığı üçün özü də xəsarət alaraq kəllə-beyin travması almışdır, hərəkətlərində müvəqqəti pozğunluq yaranmış, mənəvi - psixi sarsıntı keçirmişdir. Hazırda tələbədir, işləyib min bir əziyyətlə pul yığıb maşın almış, mövcud vəziyyətlə bağlı pis maddi durumla qarşılaşmış, avtomobili yararsız vəziyyətdədir, onun təmirinə belə maddi vəsaiti yoxdur. Ödədiyi bu qədər vəsait müqabilində şirkət tərəfindən ona qüsurlu avtomobil verilməsi, həqiqətən mənəvi iztirab çəkməyinə, əsəb sisteminin pozulmasına gətirib çıxarıb. Hazırki vəziyyətdə həm maddi, həm də mənəvi ziyandan əziyyət çəkir. Buna görə də, mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat məbləğində pul vəsaiti Cavabdeh QSCdən alınıb ona ödənilməlidir. Cavabdeh QSC-nin vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, “Volkswagen” Polo Exclusive markalı avtomobil (bundan sonra “avtomobil”) iddiaçıya satılarkən, istifadəyə tam yararlı və bütün zəmanət şərtlərinə uyğun şəkildə təhvil verilmişdir, həmçinin, avtomobil təqdim edilərkən müştəriyə onun istismar təlimatı verilmişdir. Bu təlimatla tanış olmaq və avtomobili ona uyğun istifadə etmək müştərinin öhdəliyidir. Satılan avtomobillər tərəflərindən elektron diaqnostika və texniki baxış olunur, yoxlama nəticələri barədə istehsalçıya onlayn məlumat ötürülür. Sözügedən avtomobil də istisna olmamış, tam həcmdə yoxlanılmışdır. Məlumat üçün bildirilir ki, qüsurlu olan avtomobillər satışa buraxılmır. Eyni zamanda avtomobil satılarkən alıcı ilə təhvil-təslim aktı imzalanmış, həmin vaxtda avtomobildə hər hansı bir qüsur aşkarlanmamışdır. Avtomobili aldıqdan sonra iddiaçı nəqliyyat vasitəsindən kifayət qədər vaxt istifadə etmiş, satışdan sonra avtomobilin təhlükəsizlik sistemi ilə bağlı heç bir şikayət onun tərəfindən texniki servis mərkəzinə daxil olmamışdır. İddia ərizəsinin 1-ci səhifəsinin son abzasında qeyd edilmişdir: “Bildiyimizə görə, təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır. Qəza zamanı çəkilən fotoşəkillər və video görüntülərdə əks olunan belə ağır zərbədən avtomobilin təhlükəsizlik yastıqlarının hansı səbəbdənsə açılmaması əşyanın qüsurlu olmasına dəlalət edir. Avtomobil aşağı surətdə də belə toqquşduğu an sistem dərhal aktivləşməli idi. Hava yastıqlarının iş prinsipini göstərən sistem SRS (X2 – X10) adlanır ki, həmin sistemdə də görünür nasazlıq olmuşdur və qəza zamanı həmin sistem işə düşməmişdir. Hesab edirik ki, bu hal həm istehsalçının və həm də satıcının (dilerin) xətası ilə bağlı olan haldır. İstisna olunmur ki, mənə məxsus bu avtomobilə aid olan, ölkəmizdə satılan bu partiya avtomobillər qeyd olunan qüsurla əhaliyə satılmışdır!” İddiaçının yuxarıda qeyd etdikləri həqiqətə uyğun deyildir (göründüyü kimi iddiaçı hansısa konkret mənbəyə əsaslana bilməmiş, sadəcə öz mülahizələri əsasında fikirlər irəli sürmüşdür). Qeyd edilir ki, avtomobilin istismar təlimatında göstərilmiş məlumata əsasən, təhlükəsizlik yastıqlarının açılması bir neçə faktorla əlaqəlidir və mümkün deyil ki, təhlükəsizlik yastıqları istənilən zərbə nəticəsində və avtomobil aşağı surətdə hərəkət etdikdə belə açılsınlar. Daha ətraflı məlumat üçün İstismar Təlimatının müvafiq “Təhlükəsizlik bölməsi”ndə verilmişdir. Həmçinin məhkəmənin nəzərinə onu da çatdırmaq istəyirlər ki, avtomobillər idxaldan qabaq istehsalçı tərəfindən, idxaldan sonra isə cavabdeh tərəfindən tam olaraq yoxlanılır, məlumat istehsalçıya ötürülür və yalnız bundan sonra avtomobillər satışa buraxılır. İddiaçı “Volkswagen” Polo Exclusive markalı avtomobili qəzadan sonra cavabdehin texniki servis mərkəzinə evakuator ilə gətirmişdir. Avtombil gətirilən zaman ön buferi sökülü vəziyyətdə idi, avtomobil istehsalçının qəzalı nəqliyyat vasitələrinin tələbinə uyğun olaraq təlimatı əsasında cavabdeh tərəfindən təhlükəsizlik sisteminin elektron diaqnostikası olunmuşdur, avtomobilin təhlükəsizlik sistemində heç bir qüsur qeydə alınmamışdır. Avtomobil texniki müayinənin nəticəsində qeyd edə bilərik ki, kuzovun güc çərçivəsinin kritik zədəsi yoxdur. Eyni zamanda müəyyən olunur ki, qəza zamanı avtomatik əyləc funksiyası işə salınmışdır. Odur ki, zədə olmadığından, hava yastığı idarəetmə bloku isə zərbəni qeydə alındığından, zərbə təhlükəsizlik yastıqların açılması üçün tələb olunan səviyyəyə çatmamışdır. Yəni, avtomobilə dəyən zərbə hava yastıqlarını işə salınması üçün kifayət deyildi (diaqnostika ilə bağlı sənədlər etiraza əlavə olunur). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581.1-ci maddəsinin tələblərinə əsasən, Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmçinin iddia ərizəsinin 2-ci səhifəsində qeyd edilmişdir ki: “Bundan başqa, yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Volkswagen” Polo Ekslusive markalı avtomobil digər avtomobillə toqquşduğu anda təhlükəsizlik yastıqları açılmadığı üçün özü xəsarət alaraq kəllə-beyin travması almış, hərəkətlərində müvəqqəti pozğunluq yaranmış, mənəvi-psixi sarsıntı keçirmişdir” Bildirmək istəyirik ki, kəllə-beyin travmaların xüsusiyyətləri və dərəcəsi, həmçinin yaranma səbəbləri müvafiq həkim tərəfindən təsdiq edilməlidir. Cavabdehin aldığı travmalar və yastıqların açılmaması arasında mütləq əlaqəli səbəb olmalıdır. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Automobiles” QSC tərəfindən ona satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi və ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat məbləğdə pulun ödənilməsini iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə iddia ərizəsinə əlavələr etməmişdir. Ona görə də yuxarıda qeyd edilənlərə MPM-nin 154-cü maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının cavabdehə qarşı Cavabdeh QSC tərəfindən ona satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi və ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat məbləğdə pulun ödənilməsi”nə dair tələblərinin tamamilə əsassız olduğundan təmin edilməməsi və tam şəkildə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil1 izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, həmin avtomobil qüsurludur. Hətta ekspert rəyində də qoyulmuş suallara tam, dolğun cavab verilməsə də həmin rəydən aydın olur ki, avtomobildə daha bir qüsur var, yəni, əyləc funksiyası olmayıb. Göstərilənləri, təqdim edilmiş sübutları nəzərə alaraq satılmış qüsurlu avtomobilin digər oxşar avtomobillə dəyişdirilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin vəkili və nümayəndəsi Vəkil2 izahatında iddianı qəbul etmədiyini, etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etdiklərini söyləmişdir. Həmçinin onu da qeyd edərək bildirmişdir ki, Kuzovun güc çərçivəsinin kritik zədəsi yoxdur. Bu səbəbdən kritik zədə olmadığından hava yastığının açılması üçün zərbə istənilən səviyyəyə çatmayıb və hava yastığı açılmayıb. Bu isə avtomobilin qüsurlu olmağını sübut etmir. Həmçinin xəsarətin dərəcəsi, bunu sübut edən həkim diaqnozu, müalicə xərcləri çəkilibsə bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyindən mənəvi zərərlə bağlı olan hissəni də rədd etdiklərini bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ekspert qismində iştirak edən şəxs izahatında bildirmişdir ki, həmin avtomobildə əyləc sistemi ümumiyyətlə təchiz olunmayıb. Hətta təchiz olunsaydı belə zavod istehsalçıları qeyd edir ki, əyləc sistemi həmin avtomobili istənilən zərbədən belə qoruya bilmir. İddiaçı tərəfdən qoyulmuş sualların bəziləri onların səlahiyyət dairəsinə aid olmadığı üçün cavab verilmədiyini məhkəmənin diqqətinə çatdırıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, təhlükəsizlik yastıqları avtomobildə passiv sistemlərdən biridir. Avtomobilə istənilən zərbə olan zaman işə düşmür. Bu avtomobildə 2 təhlükəsizlik yastığı var. Avtomobil elə bir vəziyyətdə zərbə görüb ki, təhlükəsizlik yastığı açılmayıb. Avtomobil satılarkən heç bir qüsuru olmayıb. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid izahatında bildirmişdir ki, avtomobil sağ tərəfdən əzilmiş vəziyyətdə gətirilmiş və ilk dəfədir müşahidə edir ki, təhlükəsizlik yastığı açılmayıb. Avtomobilin hissələrini sığorta şirkəti deyil avtomobil sahibinin özü tərəfindən qarşılanıb. Gördüyü işlərin nəticəsində əyləc sisteminin olmadığı qənaətinə də gəlmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan № 94/22 saylı alğı-satqı müqaviləsindən görünür ki, 2022-ci il istehsalı 1 ədəd Göy rəngdə “X8” sedan tipli (XW8ZZZCKZNG021500) mühərrik nömrəsi CWV958270 yeni minik avtomobili Cavabdeh QSC tərəfindən alıcı İddiaçı satılmışdır. İş materiallarında olan Cavabdeh QSC-nin 94/22 nömrəli Avtomobilin Təhvil-Təslim Aktından görünür ki, VW Polo Exclusive markalı, şassi nömrəsi - XW8ZZZCKZNG021500 olan avtomobil 09 iyun 2022-ci il tarixdə satış meneceri - Efendiyev Elxan tərəfindən alıcı – İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** MO *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” minik avtomobili xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan TP ******* nömrəli X13 Haqqında Qərardan görünür ki, İddiaçı tərəfindən 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan № 048438 saylı Arayışdan görünür ki, həmin arayış verilir İddiaçı ondan ötrü ki, 22 avqust 2022-ci il tarixdə, saat 13:00 dəqiqədə Bakı-Quba yolunun 15-ci km-də Wolkswagen Polo markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi xarici əzintilər almışdır. İş materiallarında olan Cavabdeh QSC tərəfindən tərtib edilmiş Qüsur Aktında cəmi iş haqqı – 4141.8 AZN, cəmi E/H-nin qiyməti - 20655 AZN, cəmi təmir xərcləri – 24796.8 AZN qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh QSC-nin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosu, Vəkil1 ünvanladığı 18 oktyabr 2022-ci il tarixli № 1710 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Volkswagen” Polo Exclusive markalı avtomobil (bundan sonra “avtomobil”) cənab Əliyevə satılarkən, istifadəyə tam yararlı və bütün zəmanət şərtlərinə uyğun şəkildə təhvil verilmişdir, həmçinin, avtomobil təqdim edilərkən, müştəriyə onun istismar təlimatı verilmişdir. Bu təlimatla tanış olmağa və avtomobili ona uyğun istifadə etməyə müştərinin öhdəliyidir. Avtomobiliin istismar təlimatında göstərilmiş məlumata əsasən, təhlükəsizlik yastıqlarının açılması bir neçə faktorla əlaqəlidir və mümkün deyil ki, təhlükəsizlik yastıqları istənilən zərbə nəticəsində açılsınlar. Daha ətraflı məlumat üçün İstismar Təlimatının müvafiq “Təhlükəsizlik” bölməsi ilə ətraflı tanış olmağlnız təvsiyyə olunur. İş materiallarında olan Cavabdeh QSC-nin İddiaçı ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, qəza nəticəsində aldığınız kəllə-beyin travmaları və yastıqların açılmamasının səbəbləri göndərdiyiniz şəkillərdən və avtoservisimizə gətirilmiş avtomobildən müəyyən etmək olmur. Kəllə-beyin travmalarının xüsusiyyətləri və dərəcəsi, həmçinin yaranma səbəbləri müvafiq həkim tərəfindən təsdiq edilməlidir. Aldığınız travmalar və yastıqların açılmaması arasında mütləq əlaqəli səbəb olmalıdır. Baş vermiş qəza ilə bağlı müvafiq dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəd mövcüd olmalıdır. İstismar təlimatında təhlükəsizlik yastıqlarının açılma mexanizmi təsbit edilmişdir. Məsəl üçün, təhlükəsizlik kəmərlərinin bağlı və ya toqquşma zamanı sürətin yüksək olmaması yastıqların açılmamasına gətirib çıxarda bilər. Avtomobilin texniki müayinəsinin nəticəsində qeyd edə bilərik ki, kuzovun güc çərçivəsinin kritik zədəsi yoxdur. Eyni zamanda müəyyən olunur ki, qəza zamanı avtomatik əyləc funksiyası işə salınmışdır. Odur ki, zədə olmadığından, hava yastığı idarəetmə bloku isə zərbəni qeydə aldığından, zərbə təhlükəsizlik yastıqlarının açılması üçün tələb olunan səviyyəyə çatmamışdır. Yəni, avtomobilə dəyən zərbə hava yastıqlarının işə salınması üçün kifayət deyildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 fevral 2023-cü il tarixli, № 8/109 saylı rəyindən görünür ki, 1,2,7-

15. Yol-nəqliyyat hadisələrinin ekspeertizası qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, hadisənin baş verməsinə səbəb ola bilən (sükan, tormoz və s.) sistemlərində yaranmış nasazlıqların aşkar olunması və bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Odur ki, qeyd olunan suallar yol-nəqliyyat hadisələri ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. 3-6. Məhkəmə tərəfindən göstərilən XW8ZZZCKZNG021500 ban nömrəli X6 markalı avtomobildə avtomatik əyləc funksiyası (AEB) zavod tərəfindən təchis olunmamışdır. X4 Əyləc və ya X1 və ya X11 sistemi sürücü heç bir şəkildə reaksiya vermirsə və toqquşma riski hələ də yüksəkdirsə, sistem X11i işə salan sistemdir. Sürücü əyləc pedalına basarsa, lakin kifayət qədər güclü deyilsə, sistem pedallara güc əlavə edərək ona kömək edir. Digər tərəfdən, sürücü sükan çarxını güclü şəkildə döndərməyə başlayarsa, qaz pedalına basarsa, dönmə siqnalını yandırarsa, AEB bunu maneənin ətrafından keçmək cəhdi kimi qəbul edir və həmin funksiya sönür. Ancaq yadda saxlamaq lazımdır ki, AEB tam etibar etməməli olduğu sürücüyə yardım sistemidir. Bəzi çətin vəziyyətlərdə sistem avtomobili toqquşmadan tam qoruya bilmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1128.1-ci maddəsinə görə isə, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq iddia tələblərini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələblərinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni qəzanın avtomobilin sürətlər qutusunda yaranan problemin malın (konkret halda avtomobilin) qüsurunun nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəllənin 1128.2-ci və 1129.1-ci maddələrinə əsasən, əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlılığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Həmin Məcəllənin 1131-ci və 1132-ci maddələrinə görə isə, malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, nə qədər ki, qəza iddiaçının özünün təqsiri üzündən törədilmiş və qəzanın məhz avtomobildə yaranmış nasazlıq ilə əlaqəli olduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən Cavabdeh QSC tərəfindən ona satılmış qüsurlu avtomobilin müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi hissəsində tələb əsassız olduğu üçün təmin edilməməlidir. Başqa sözlə, avtomobilin istehlakçıya (iddiaçıya) texniki qüsurlu vəziyyətdə verildiyi sübuta yetirilməmişdir; bu isə malın istehsalçısının və ya satıcısının məsuliyyətini istisna edir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbi mənəvi zərər hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı təhlükəsizlik yastıqlarının açılmaması səbəbindən kəllə-beyin travması almasını, hərəkətlərində müvəqqəti pozğunluq yaranmasını, mənəvi-psixi sarsıntı keçirməsi və sağlamlığının pozulması hallarını sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı təhlükəsizlik yastıqlarının açılmaması nəticəsində 10000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ:

İddia təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar