Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-154/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Məmmədli (Ağayeva) Ülviyyə Hadi qızına qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədli (Ağayeva) Ülviyyə Hadi qızına qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1714/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A,13B,15, 23 saylı evin 31 saylı mənzilin üzərində İddiaçı 83/100 hissədə, X1 17/100 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-666/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 2(009)-1714/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-666/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən X2 tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-2874/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-666/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, artıq yuxarı instansiya məhkəmələrinin qərarları ilə qüvvəsini saxlayan Səbail Rayon Məhkəməsinin 2(009)- 1714/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi daşınmaz əmlaka dair İddiaçı 83/100 pay üzrə və X1 17/100 pay üzrə paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatının aparılması və müvafiq çıxarışın verilməsi üçün əsasdır. X2 və İddiaçı rəsmi nikahları Səbail rayon Məhkəməsinin e-2(009)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların birgə eyni mənzildə yaşamaları və ümumi paylı mülkiyyətlərində olan mənzildən birgə istifadələri qeyri-mümkündür. Bununla bağlı onun tərəfindən xx.xx.2024-cü il tarixində yazılı bildiriş də ünvanlanmış və ona payına mütənasib kompensasiyanın verilməsi də təklif edilmişdir. X2 tərəfindən yazılı bildirişə münasibət bildirilməmişdir. Bildirişdə göstərilmişdir ki, “Yazıb Sizə bildiririk ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1714/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A,13B,15, 23 saylı evin 31 saylı mənzilin bölgüsü həyata keçirmişdir və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A,13B,15, 23 saylı evin 31 saylı mənzilin üzərində İddiaçı 83/100 hissədə, X1 17/100 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmışdır. Bu baxımdan həmin mənzilin paylı mülkiyyətçi olaraq öz payımı ayırmaq istəyirəm, Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə müvafiq olaraq ilk növbədə natura bölgünün həyata keçirilməsinin mümkünlüyü müəyyən edilməlidir. Lakin mənzilin təyinatına əsasən ona tənasübsüz zərər vurmadan mənzilin naturada bölgüsü mümkün olmayacağından payımın dəyərinin ödənilməsinin Sizdən xahiş edirəm. Əgər payın dəyərinin ödənilməsi mümkün olmazsa, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə müvafiq olaraq əmlakın açıq hərracdan satılması və atış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məqsədilə tərəfimdən məhkəməyə müraciət ediləcəkdir”. Mənzilin paylara bölünməsi onun da öz payından sərbəst istifadəsinə mane yaradır. Ona görə də mübahisəli əmlakın naturada bölünməsi və bu mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi zərurəti yaranmışdır. Məhkəmə praktikasına uyğun olaraq kompensasiyanın məhkəmə icraatında təklif edilməsi mümkündür. Bu baxımdan Ülviyyə Məmmədliyə onun 17/100 payına mütənasib kompensasiyanın verilməsi, o cümlədən onun 83/100 payının alınmasının Ülviyyə Məmmədliyə təklif edilməsi məhkəmə icraatı gedişində qüvvədə qalacaqdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A,13B,15, 23 saylı evin 31 saylı mənzilin paylı mülkiyyətçilər onun və X1 paylarına mütənasib olaraq naturada bölünməsi və ya bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun və X1 paylarına uyğun şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi portaldan çıxarışlardakı mənzillər mübahisəli mənzilin yerləşdiyi ərazidə olsa da, tam təmirli və avadanlıqla təmin olunmuş mənzillərdir. Onların mənzili isə tam təmirsiz və avadanlıqsızdır. Onların təqdim etdiyi portaldan çıxarışlarda qiyməti mütəxəssis rəyində müəyyən edilən həddə olması göstərilir. Ekspert evin real vəziyyətini görmüş və onu dəyərləndirmişdir. Ona görə də həmin məbləği daha mötəbər hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Məmmədli (Ağayeva) Ülviyyə Hadi qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2874/2024 saylı qərarın surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 666/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həmçinin görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (hakim Ş.Abdullayev) qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A, 13B, 15, 23 saylı evin 31 saylı mənzilinin birgə nikah dövründə əldə olunan əmlak hesab edilməsi, həmin əmlakın İddiaçı 83/100 hissədə, Cavabdeh 17/100 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, qətnamənin həmin daşınmaz əmlaka dair İddiaçı 83/100 pay üzrə və Cavabdeh 17/100 pay üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatının aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A, 13B, 15,23 saylı evin 31 saylı mənzilə köçürülməsi, İddiaçı tərəfindən Cavabdeh həmin mənzildən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-666/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A. Mərdanova, S.X.Bəhrəmzadə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin e-2(009)-1714/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Məmmədli (Ağayeva) Ülviyyə Hadi qızı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli yazılış bildirişə münasibət məktubunun surətindən görünür ki, bildirişdə qeyd olunan məhkəmə qətnaməsinə əsasən mübahisəli tərəflərin birgə əmlakı üzərində pay hüquqları müəyyən olunmuşdur. Yazılı bildirişə əsasən İddiaçı etdiyi təklifi qəbul etmir. Eyni zamanda bildirir ki, bildirişdə “mənzildə olan payınızın dəyərinin ödənilməsini və payına mütənasib 17.000 azn kompensasiyanın qəbul edilməsini” təklif etmişdir. Mənzildə olan İddiaçı payının dəyərini bildirişdə qeyd etdiyi hesablamaya uyğun olaraq 83.000 manat məbləğində tərəfindən ödənilməsini, məhkəmə qətnaməsinə əsasən azyaşlı uşağın himayəsində olmasını, başqa daimi yaşayış yerinin olmamasını nəzərə almaqla təklif edir. Onu da bildirir ki, mənzilin təyinatına əsasən ona tənasübsüz zərər vurmadan naturada bölgüsünün mümkünlüyü yalnız mütəxəssis və ekspert rəyinə uyğun olaraq müəyyən edilə bilər. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13, 13A, 13B, 15, 23, 25 saylı evin 31 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, giriş 15, M8, m1) paylı mülkiyyət hüququ üzrə İddiaçı (83/100 hissə) və Cavabdeh (17/100 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/8385 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13, 13A, 13B, 15, 23 saylı evin 31 saylı mənzilin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən mənzilin tərkiblərinə olan kommunal xidməti sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanlarda yerləşən 31 ünvanındakı (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, giriş 15, M8, m1) mənzilin xx.xx.2025-ci il tarixə bazar qiyməti 252.400 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 13, 13A, 13B, 15, 23, mənzil 31 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, giriş 15, M8, m1) əldə etmişlər və həmin mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A, 13B, 15, 23 saylı evin 31 saylı mənzilinin birgə nikah dövründə əldə olunan əmlak hesab edilməsi, həmin əmlakın İddiaçı 83/100 hissədə, Cavabdeh 17/100 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, qətnamənin həmin daşınmaz əmlaka dair İddiaçı 83/100 pay üzrə və Cavabdeh 17/100 pay üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatının aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13,13A, 13B, 15,23 saylı evin 31 saylı mənzilə köçürülməsi, İddiaçı tərəfindən Cavabdeh həmin mənzildən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13, 13A, 13B, 15, 23 saylı evin 31 saylı mənzilin üzərinə iddiaçının (83/100) və cavabdehin (17/100) paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzil texniki pasport üzrə 3 yaşayış otağından ibarətdir və cavabdeh iddiaçıya mübahisəli mənzildə istifadə etməyə imkan vermir. İddiaçının irəli sürdüyü iddia tələblərinə əsasən cavabdeh mübahisəli mənzildən mülkiyyətçi kimi ona istifadə etməsinə maneçilik törədir və bu səbəbdən iddiaçı həmin mənzilin real bölgüsünün həyata keçirilməsini və bu mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun və X1 paylarına uyğun şəkildə ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin paylı mülkiyyətində olan əmlakın paylara uyğun bölünməsinin mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə tərəflərin paylı mülkiyyətində olan mənzilin paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan əmlakın real bölgüsünün həyata keçirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X3 qeyd edilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, - Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. - Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). - Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. - Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Qeyd edilən qərardadda göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qərardadda eyni zamanda göstərilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə iclasında paylı mülkiyyətçilərə məxsus mübahisəli mənzilin real bazar qiymətinin 252.400 manat olması müəyyən edilmişdir. Belə ki, Qiymətləndirmə Palatasının üzvü tərəfindən təqdim olunan mütəxəssis rəyində mübahisəli evin bazar qiymətinin həmin məbləğdə olması qeyd edilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanlandığı vəsatətində əmlakın real bazar qiymətinin 360-370 min manat olmasını göstərmiş, lakin bunu təsdiq edən mötəbər (alternativ mütəxəssis rəyi ilə təsdiq olunmuş) sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilən ev alqı-satqısına dair portaldan çıxarışlarda satılan mənzillərin təmirli və avadanlıqla təmin olunmuş vəziyyətdə olması müəyyən edilir, halbuki mübahisəli mənzil təmirsiz və avadanlıqsızdır. Məhkəmə iclasında mübahisəli mənzilin yerləşdiyi ərazidə olan və həmin mənzilin real vəziyyətinə uyğun mənzillərin bazar qiymətini mütəxəssis rəyindəki məbləğə yaxın olması müəyyən edildiyindən məhkəmə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Yəni cavabdeh həmin məbləğin real olmaması barədə mövqe bildirsə də, bunu təkzib edən sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda bildirmişdir ki, məhkəmə tərəfindən həmin məbləğ əmlakın real bazar qiyməti kimi qəbul edilərsə, o, iddiaçının payına uyğun kompensasiya ödəməyə hazırdır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, iddia tələbi əmlakın hərracdan satılması hissəsində təmin edilməli, əmlak ilkin satış qiyməti 252.400 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 13, 13 A, 13B, 15, 23 saylı evin 31 saylı mənzili ilkin satış qiyməti 252.400 (iki yüz əlli iki min dörd yüz) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Məmmədli (Ağayeva) Ülviyyə Hadi qızı arasında onların paylarına (İddiaçı 83/100 hissə, Məmmədli (Ağayeva) Ülviyyə Hadi qızı 17/100 hissə) münasib olaraq bərabər bölüşdürülsün. Məmmədli (Ağayeva) Ülviyyə Hadi qızından dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-154/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-154/2025
01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver