Məhkəmə qərarları › İş №e-2(009)-1557/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1557/2022

01.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1557/2022 01.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və ali təhsil müəssisəsinə bərpa olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun universitetin tələbləri sırasından xaric edilməsinə dair xx.xx.2022-ci il tarixli 312/4/2022 saylı əmrin ləğv edilməsinə və onun Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri sırasına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayətinin Tobolsk şəhərində anadan olmuşdur. Hazırda da Rusiya Federasiyası vətəndaşıdır. Valideynləri Azərbaycan Respublikası vətəndaşları olduğundan 2003-cü il tarixdə onlar ölkəyə gələrək onun vətəndaşlığa qəbul edilməsi ilə bağlı məsələni həll edərək ona xx.xx.2003-cü il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 10013510 saylı şəxsiyyət vəsiqəsini əldə etmişdir. Bundan sonra valideynləri Rusiya Federasiyasına dönərək daimi orada yaşamış, eyni zamanda özləri də Rusiya Federasiyası vətəndaşı olduqları üçün xx.xx.2010-cu il tarixində o da həmin ölkə vətəndaşlığına qəbul edilmişdir. Orta təhsilini də həmin ölkədə almışdır. Qeyd edir ki, nə zaman ailəsi ilə birlikdə müxtəlif vaxtlarda Azərbaycana gəlmiş olsalar Miqrasiya idarəsində əcnəbi olaraq müvəqqəti qeydiyyata alınaraq burada yaşamış, sonra isə Rusiya Federasiyasına qayıtmışlar. 2020-ci ildə Azərbaycanda ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsinə ödənişli əsaslarla əcnəbi tələbə kimi qəbul olunmuşdur. Onunla Azərbaycan Dövlət İqtisad Universiteti “Əcnəbi təhsilalan” arasında ödənişli təhsil almaq haqqında xx.xx.2020 -ci tarixli müqavilə bağlanmış və tərəfindən təhsil haqqı ödənilərək ali təhsil almağa başlanılmışdır. 2020-ci ilin sentyabr ayından 2021- ci ilin aprel ayınadək dünyada baş vermiş məlum COVİD-19 virusunun yaratmış olduğu şərtlər səbəbindən onlayn təhsil almaqla, 2021-ci ilin aprel ayından isə Bakıya gələrək təhsilini burada əyani davam etdirmişdir. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin 2-ci kursunu imtahanlara kimi tamamlayıb bitirmişdir. Universitet tərəfindən xx.xx.2022-ci il tarixdə №010-014-3xx/xx/2022 saylı məktubla onda ikili vətəndaşlıq halının aşkarlandığı üçün bu halın Azərbaycan Respublikası Nazirlər kabinetinin 1 may 2015-ci il tarixli, 125 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərini pozması səbəbindən UNEC-lə bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə xitam veriləcəyi və tələbələr sırasından xaric ediləcəyi barədə məlumat verilmişdir. Halbuki onun Universitetə qəbul olunması Nazirlər kabinetinin məlum qaydalarına əsasən həyata keçirilmişdir. Təhsilinin 2-ci ilinin sonunda cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti 02 iyun 2022-ci il tarixli 312/4/2022 saylı əmr qəbul edərək, əmrdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 125 nömrəli qərarı ilə təsiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” qaydalarına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 03-12-273/15 nömrəli məktubunu nəzərə alaraq Nazrin Gumbatova ilə bağlanmış müqavilə ləğv olunmaqla 2021-2022-ci tədris ilinin 2-ci semestrindən universitetin tələbələri sırasından xaric edilsin. Əmrdə istinad edilərək qeyd edilən Nazirlər Kabinetinin müvafiq qaydalarında ikili vətəndaşlıq halının olması tələbənin universitetin tələbələri sırasından xaric olunmağı üçün əsas kimi nəzərdə tutulmamışdır. Əslində o əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” qaydalarına uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasına qəbul olunmuşdur. Təhsilinin 1-ci ilini uğurla başa vurmuş, təhsil müddətində bütün qaydalara tərəfindən tam riayət edilmiş, tərəfindən illik təhsil haqqı ödənilmişdir. Bundan başqa, cavabdeh orqan əmrdə ikili vətəndaşlıq halı ilə bağlı Azərbaycan Respublikası qanunuvericiliyinin məhz hansı tələbini pozmağını qeyd etməmiş, nəhayətində hansı hüquq normasına əsasən belə pozuntunun universitetin tələbələr sırasından xaric olunması ilə (sanksiyalanması) nəticələnməsini əsaslandırmayaraq, qanunçuluq, mütənasiblik prinsipinə zidd əmr qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 1.2-ci bəndində qeyd edilir ki, bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilat-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. Həmin Qaydaların 1.3cü bəndinə əsasən əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla tənzimlənir. Həmin Qaydaların 3-cü bəndində qeyd edilir: öz arzusu ilə; başqa ali təhsil müəssisəsinə köçürüldükdə; ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda tələbə ali təhsil müəssisəsindən xaric edilir. Yuxanda qeyd edilən heç bir hal ona münasibətdə əmrdə qeyd edilən hal üzrə mövcud deyildir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 02 iyun 2022-ci il tarixli 312/4/2022 saylı saylı əmri ləğv edilməli və onun tələbələr sırasına bərpa olunmaq vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 365 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilmiş, həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsdir. Həmçinin həmin Nizamnamənin 3.1.16-cı bəndinə əsasən UNEC-in fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının ‘'Vətəndaşların müraciətləri haqqında'' İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək UNEC-in vəzifəsidir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əcnəbi təhsilalan” kimi onun arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2020-ci tarixli müqavilənin 1-ci bəndinə əsasən UNEC ödənişli əsaslarla “Əcnəbi təhsilalan”a Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında əyani, bakalavr təhsil səviyyəsinə uyğun maliyyə ixtisası üzrə təhsil verməyi, “Əcnəbi təhsilalan” isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2600 manat məbləğində təhsil haqqının UNEC-ə ödənilməsini öhdəsinə götürmüşdür. Tərəfindən cavabdeh tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinə 1-ci kurs üzrə illik təhsil haqqı olaraq 2600 (iki min altı) manat, 2-ci kurs təhsil ili üzrə təhsil haqqının yarısı, yəni 1300 (bir min üç yüz) manat məbləğində ödəniş olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci və 44.2-ci maddələrinə görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə, bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Eyni zamanda, Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul həmin maddənin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (Tarantino və digərləri İtaliyaya qarşı §43, “X5rşı” § 134- 42 və s.). Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən ifadə azadlığının ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir, insan hüquqlarına və azadlıqlarına qoyular məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir əsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanun məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası konstitusiyasının 71 -ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi, Konvensiyanın 1 saylı protokolunun 2-ci maddəsi üzrə baxdığı işlərdə vurğulamışdır ki, təhsil hüququ nə qədər önəmli olsa da, bu hüququn mütləq olmadığı və bəzi məhdudiyyətlərə məruz qala biləcəyi qəbul edilməkdədir. Sözügedən hüququn mahiyyətinə xələl gəlməməsi məqsədilə bu məhdudiyyətlərin hər kəs üçün öngörüləbilən olduğuna və qanuni bir məqsəd güddüyünə məhkəmənin inandırılması zəruridir. Məhdudiyyət üçün tətbiq edilən vasitələrlə güdülən məqsəd arasında mütənasiblik əlaqəsi olmalıdır (X11 ve X4rşı § 56, Velyo Velev işi, § 32). Göründüyü kimi, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə Konvensiya və Konstitusiyaya zidd sayılır. Cavabdeh tərəfin istinad etdiyi qanunvericilik aktlarında Azərbaycan vətəndaşlığı da olan xarici ölkə vətəndaşının sonuncu statusundan istifadə etməklə müqavilə əsasında ödənişli ali təhsil alması qadağan edilməmişdir. Hüququn təməl prinsiplərindən olan və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində təsbit eedilən qaydaya görə isə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər". Eyni zamanda Azərbaycanda müqavilə əsasında ali təhsil almaq istəyən şəxslərin bu hüquqdan yararlanmaları üçün tələb olunan sənədlərin siyahısı, o cumlədən Azərbaycan vətəndaşlığının olmaması barədə sənəd qanunvericilikdə göstərilməmiş iddiaçıdan da bu barədə arayış tələb edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. X8 ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında bağlanmış müqavilədə tələbənin hüquqi statusu məhz “əcnəbi təhsilalan” kimi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat müqaviləni bağlayarkən tələbənin xarici ölkə vətəndaşlığını əsas götürmüşdür. Xarici ölkə vətəndaşlığım olduğu üçün cavabdeh UNEC tərəfindən müqavilə əsasında ali təhsil almaq hüququndan Azərbaycan vətəndaşlığı faktına görə məhrum edilməsi dövlətin təhsil sahəsindəki təminatları ilə uzlaşmır. Dövlət, fərdi və ictimai maraqlara xələl gətirən hallar istisna olmaqla təhsili təşviq və təmin edir. Dövlətin bu sahədə məqsədi və təminatı “Təhsil haqqında” Qanunda açıqca əks olunmuşdur. Həmin Qanunun 5.1-5.2-ci maddələrinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.8-ci bəndinə görə, X9 tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi mümkün sayılır. Göründüyü kimi, ölkə qanunvericiliyi Bolonya sistemi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin X9 tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanlarından kənar Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları imkanını tanıyır. Belə imkanın olduğu bir sistemdə, yəni dövlətin bir halda Azərbaycan vətəndaşının X3 keçirdiyi imtahandan kənar ali təhsil müəssisələrinə daxil olmaq hüququnu tanıdığı təqdirdə, digər (iddiaçıya aid) halda şəxsi məhz Azərbaycan vətəndaşı olmasına görə bu hüquqdan məhrum etməsi hüquqi məntiqə uyğun gəlmir. Çünki sonuncu halda məhrumiyyətin qanuni məqsədi aydın deyil. Avropa Məhkəməsi bir neçə işdə ayrıseçkiliyin obyektiv və zəruri (keçərli) bir əsas gətirilmədən, bənzər vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərməkdən ibarət olduğunu və fərqli münasibətin “qanuni bir məqsəd güdmədikdə və ya “hədəflənən məqsədlə tətbiq edilən vasitə arasında mütənasiblik əlaqəsi” olmadıqda, “obyektiv və zəruri əsas” tələblərinə cavab vermədiyini xatırlatmışdır (Çam Türkiyəyə qarşı, § 52, Sejdic ve Finci qərarı, § 42). Odur ki, adı çəkilən Nizamnamənin 2.2-ci bəndinin əks mənasının Azərbaycan vətəndaşlığı olan xarici ölkə vətəndaşının müqavilə əsasında ali təhsil almaq hüququna qadağa kimi təfsir olunması dövlətin təhsil siyasəti və standartları ilə də bir araya sığmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərini, Avropa insan Hüquqları Məhkəməsinin president hüququnu nəzərə alaraq vurğulayır ki, cavabdehin istinad etdiyi normalar, yəni iddiaçının təhsil hüququna məhdudiyyət qanunda nəzərdə tutulmuş olsaydı belə, bu məhdudiyyətin hansı məqsədə xidmət etməsi aydın olmalıdır. Başqa sözlə, məhdudiyyət başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, yaxud digər ictimai mənafelər üçün tətbiq edilməlidir. Azərbaycan vətəndaşlarından fərqli olaraq xarici ölkə (Rusiya Federasiyasının) vətəndaşlığı da olan şəxsin univeristetdən xaric edilməsinin hansı məqsədə xidmət etməsi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən əsaslandırılmamışdır. Onu da qeyd etməyi zəruri hesab edirik ki, hətta qanuni məqsəd olsaydı belə, Azərbaycan Dövlət İqtisad Universitetinin mənim universitetə daxil olduğu il deyil, onun 2 il ərzində təhsil almağımı təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universiteti ilə mənim aramda bağlanmış ödənişli ali təhsil almaq haqqında müqavilə etibarlıdır və tərəflər üçün hüquqi nəticə (icrası məcburi olan öhdəliklər) yaradır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i,a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Belə olan halda, onun Azərbaycan Dövlət İqtisad Universitetindən xaric edilməyi haqqında 02 iyun 2022-ci il tarixli 312/4/2022 saylı nömrəli əmr qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və iddiaçı universitetə xarici vətəndaş kimi müraciət etmişdir. Universitetə münasibətdə heç vaxt Azərbaycan Respublikasının vətəndaşlığından istifadə etməmişdir. Xarici vətəndaş kimi müraciət edib və xarici vətəndaş kimi də müqavilə bağlamışdır. Universitet birinci kursda bu məsələ ilə bağlı hər hansı bir irad bildirməyib, lakin ikinci kursu bitirməyə yaxın universitetdən xaric edilmə barədə əmr imzalayıb. Tələbə təhsil haqqını iki ildir ödəyir, əgər tələbənin bu şəkildə təhsilini davam etdirməsi qeyri-mümkün idisə, universitet ikinci kursun təhsil haqqını qəbul etməzdi. Hər kəsin, istər Azərbaycan Respublikasının vətəndaşı, istərsə də xarici vətəndaşın təhsil hüququnu dövlət təminatlandırır. Tələbə bu mübahisə ilə bağlı stress yaşayır və maddi sıxıntıya düşür, məhkəmə müstəvisində müdafiə ilə bağlı xərclər çəkir. Qarşıda yeni tədris ili başlayır, lakin iddiaçı məhkəmədə mübahisə aparır. Bu göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinə tabedir. Tələbə qəbulu Azərbaycan Respublikasının vətəndaşlarına DİM vasitəsilə aparılır. Xarici vətəndaşları isə universitet özü qəbul edir. 18 yaşa qədər vətəndaşlıq mənsubiyyəti hələ bilinmir. Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrin siyahısını Təhsil Nazirliyinə göndərir. Təhsil Nazirliyi də Dövlət Miqrasiya Xidmətinə müraciət edir. O zaman şəxsin Azərbaycan Respublikasının vətəndaşı olduğu məlum olur. Azərbaycan Respublikasında isə ikili vətəndaşlığa yol verilmədiyi üçün onların qarşısında Nazirlər Kabinetinin qərarı əsasında həmin şəxslərin DİM vasitəsilə universitetə qəbul olunacağı şərti qoyulur. Onlar iddiaçının təhsil hüququnu müdafiə etmək üçün hələ xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinə, Nazirin özünə, onun müavininə məktublar ünvanlayırlar. Lakin bununla bağlı müsbət cavab gəlmir. İddiaçıya təhsil xidmətləri göstərildiyi üçün təhsil haqqını da almaq məcburiyyətində qalırlar. Nazirlər Kabinetinin qərarına əsasən iddia tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan P RUS 76 ******* nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuşdur. Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əcnəbi təhsilalan” kimi onun arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2020-ci tarixli müqavilənin 1-ci bəndinə əsasən UNEC ödənişli əsaslarla “Əcnəbi təhsilalan”a Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında əyani, bakalavr təhsil səviyyəsinə uyğun maliyyə ixtisası üzrə təhsil verməyi, “Əcnəbi təhsilalan” isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2600 manat məbləğində təhsil haqqının UNEC-ə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 06/01 saylı, 23 iyun 2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinə 1-ci kurs uzrə illik təhsil haqqı olaraq 2600 (iki min altı) manat, 2-ci kurs təhsil ili üzrə təhsil haqqının yarısı, yəni 1300 (bir min üç yüz) manat, ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin 02 iyun 2022-ci il tarixli 312/4/2022 nömrəli “Əcnəbi tələbələrin xaric olunması” haqqında əmrindən çıxarışdan görünür ki, beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müraciəti nəzərə alınaraq əcnəbi tələbə İddiaçı universitetin tələbələri sırasından xaric edilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul həmin maddənin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (Tarantino və digərləri İtaliyaya qarşı §43, “X5rşı” § 13442 və s.). Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Konvensiya və Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən ifadə azadlığına müdaxilə qanunda nəzərdə tutulmalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən ifadə azadlığının ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir, insan hüquqlarına və azadlıqlarına qoyular məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir əsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublika sının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanun məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə Konvensiya və Konstitusiyaya zidd sayılır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarının 3.1.5-ci maddəsinə əsasən əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əlavəyə əsasən Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilənin nümunəsi təsdiq edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir: 3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə; 3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə; 3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçını universitetə daxil olduğu il deyil, onun 1 il ərzində təhsil almasını təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz. Odur ki, iddia tələbi təmin edilməli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 312/4/2022 saylı əmr İddiaçı münasibətdə ləğv edilməli, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisad Məktəbi fakültəsinin “Maliyyə” (ingilis bölməsi) ixtisasına tələbə kimi bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 312/4/2022 saylı əmr İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisad Məktəbi fakültəsinin “Maliyyə” (ingilis bölməsi) ixtisasına tələbə kimi bərpa olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar