Məhkəmə qərarları › İş №e-2(009)-1565/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1565/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1565/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4383,60 (dörd min üç yüz səksən üç manat altmış qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus ** NK *** dövlət qeydiyyat nişanlı “QAZ 31105” markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə "xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** NK *** dövlət qeydiyyat nişanlı “QAZ 31105” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** VR *** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı və ** HK *** dövlət qeydiyyat “Daewoo Gentra” markalı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP 414620 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** VR *** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3423,60 (üç min dörd yüz iyirmi üç manat altmış qəpik) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən ümumilikdə 3423,60 (üç min dörd yüz iyirmi üç manat altmış qəpik) manat məbləğində sığorta ödənişlərinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Həmçinin “xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** HK *** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 960 (doqquz yüz altmış) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən, ümumilikdə 960,00 (doqquz yüz altmış) manat məbləğində sığorta ödənişlərinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş “xxxx” ASC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, PPA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X6 tərəfindən “Qaz 31105” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti “xxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2018-ci il tarixli, AP ******* saylı Protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə, saat 01:49 radələrində etibarnamə əsasında idarə etdiyi “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, C.Hacıbəyli küçəsində idarəetməni itirərək yolun sağında dayanmış vəziyyətdə olan “Kia Sportage” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş, zərbənin təsirindən həmin avtomaşın qarşısında dayanmış “Daewoo Gentra” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerini tərk etmişdir. Sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 Nərimanov RPİ DYPŞ-nə verdiyi xx.xx.2018-ci il tarixli yazılı izahatında hadisəni təsvir etməklə yanaşı həmçinin göstərmişdir ki, o, özünü itirdiyi üçün hadisə yerindən yayınmış və heç bir dövlət orqanına məlumat verməmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP 414620 nömərli, xx.xx.2018-ci il tarixli qərardan görünür ki, “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş “xxxx” ASC tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2018-ci il tarixli hesabatdan görünür ki, “Daewoo Gentra” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin ümumilikdə qiyməti 960 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 məxsus “Daewoo Gentra” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər ümumilikdə qiyməti 960 (doqquz yüz altmış) manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli plastik kartların təhvil-təslim aktından görünür ki, zərərə məruz qalmış “Daewoo Gentra” markalı ** HK *** qeydiyyat nişanlı avtomobil üzrə “xxxx” ASC tərəfindən 960 (doqquz yüz altmış) manat məbləğində sığorta ödənişinin alınması üçün **********700770 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 məxsus “Kia Sportage” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər ümumilikdə qiyməti 3423,60 (üç min dörd yüz iyirmi üç manat altmış qəpik) manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, zərərə məruz qalmış “Kia Sportage” markalı, ** VR *** qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3423,60 (üç min dörd yüz iyirmi üç manat altmış qəpik) manat məbləğində pul “xxxx” ASC tərəfindən fiziki şəxs X3 hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2019cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər 4383,60 (dörd min üç yüz səksən üç manat altmış qəpik) manat məbləğində pulu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. İş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texpassport məlumatlarından görünür ki, “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adından çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 (X4 etibarnamə verilmiş) məxsus ** NK *** dövlət qeydiyyat nişanlı “Qaz 31105” markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixində “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmış və tərəflər arasında öhdəliklər yaranmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** NK *** dövlət qeydiyyat nişanlı “QAZ 31105” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Kia Sportage” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı və “Daewoo Gentra” markalı, ** HK *** dövlət qeydiyyat avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Həmçinin müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında TP 414620 nömərli, xx.xx.2018-ci il tarixli qərarla “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Kia Sportage” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3423,60 (üç min dörd yüz iyirmi üç manat altmış qəpik) manat xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən Daewoo Gentra” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı “avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın zərərin ümumi miqdarı 960 (doqquz yüz altmış) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən müvafiq olaraq 3423,60 (üç min dörd yüz iyirmi üç manat altmış qəpik) manat və 960 (doqquz yüz altmış) manat olmaqla ümumilikdə 4383,60 (dörd min üç yüz səksən üç manat altmış qəpik) manat məbləğlərində sığorta ödənişləri zərərçəkənlərə ödənilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. (MM-923.2.) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AP ******* saylı Protokoldan və iş materialları ilə aydın olur ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə, saat 01:49 radələrində “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Həmçinin iş materiallarında olan inzibati tənbeh vermə haqqında TP 414620 nömərli, xx.xx.2018-ci il tarixli qərardan görünür ki, “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsindən sonra məhz hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Bu hal Cavabdeh1 Nərimanov RPİ DYPŞ-nə verdiyi xx.xx.2018-ci il tarixli yazılı izahatında da öz təsdiqini tapmışdır. Belə ki Cavabdeh1 həmin izahatında göstərmişdir ki, o, özünü itirdiyi üçün hadisə yerindən yayınmış və heç bir dövlət orqanına məlumat verməmişdir. Məhkəmə yuxarıda qeyd olunan Qanunun tələbini və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş şəxsin, yəni “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında idarə edən sürücüsü Cavabdeh1 hadisədən sonra hadisə yerindən (müvafiq səlahiyyətli dövlət orqanlarına məlumat vermədən) uzaqlaşmasının öz təsdiqini tapmasını və mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı “xxxx” ASC tərəfindən faydalanan şəxslərə ümumilikdə 4383,60 (dörd min üç yüz səksən üç manat altmış qəpik) manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh1 geri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunverici zərərin əvəzini ödəmək vəzifəsini yalnız bir şəxsin, yəni mülki hüquq pozuntusu (hazırki halda yolnəqliyyat hadisəsi) törədilən zaman nəqliyyat vasitəsinə qanuni sahiblik edən şəxsin (bu mülkiyyətçi yaxud nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən digər şəxs ola bilər) üzərinə qoymuşdur. Hazırkı halda isə yol-nəqliyyat hadisəsi baş verərkən “Qaz 31105” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil o vaxt avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh2 deyil, avtomobili müvafiq etibarnamə əsasında idarə edən Cavabdeh1 qanuni sahibliyində olmuşdur. Ona görə də, məhz Cavabdeh1 Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə görə yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan da görünür ki, həmin norma zərərçəkənə, yəni hazırki halda iddiaçıya zərərin əvəzinin mülkiyyətçi və ya digər qanuni sahibdən tutulmasını tələb etmək baxımından seçim hüququ vermir. Həmin maddənin son cümləsində işlədilən “və ya” bölüşdürmə bağlayıcısı isə qanuni sahibliyin formasını, yəni delikt törədən şəxsin mülkiyyətçi, yoxsa nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən şəxs ola bilməsini müəyyən etmişdir. Bundan başqa, Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1108.2-ci maddəsindən də müəyyən olunur ki, məsuliyyət həm mənbə sahibinin, həm də mənbədən istifadə edənin (hazırkı halda avtomobilin sürücüsü) üzərinə o halda qoyula bilər ki, yüksək təhlükə mənbəyi hüquqa zidd hərəkətlər nəticəsində sahiblikdən çıxmış olsun və qanuni sahib mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olsun. Hazırki işdə belə bir hal da mövcud deyildir. Belə ki, Cavabdeh1 avtomobili qanuni əsaslarla, yəni ona verilmiş müvafiq etibarnamə əsasında idarə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərin əvəzinin nəqliyyat vasitəsinin mülkiyyətçisindən tutulması üçün əsaslar mövcud deyildir. Odur ki, iddia Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5 (beş) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 4383,60 (dörd min üç yüz səksən üç manat altmış qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5 (beş) manat hissəsi iddiaçıya aid edilməlidir. İddia Cavabdeh2 aid hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında 4383,60 (dörd min üç yüz səksən üç manat altmış qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar