Məhkəmə qərarları › İş №e-2(009)-1608/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1608/2025

25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1608/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra hərəkətlərinin bitmiş hesab olunması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra hərəkətlərinin bitmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülsün və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333 manat tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İcra sənədində sözügedən mənzildə icra sənədində göstərilən qurğuların (sanitar qovşağı və kommunikasiya xətləri) sənədləşməsi barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirmiş və edilmiş müraciətinin təmin edildiyini, hazırda 06 iyul 2021-ci il tarixli, invetnarnömrəsi: 04/505, 06 iyul 2021; reyestr nömrəsi: **********22-05101-093005 saylı yeni texniki pasport tərtib olunaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qurğular qanuniləşdirilərək borclunun istifadəsinə verilmişdir. Lakin bütün bunlara baxmayaraq 9A mənzilində öz əksini tapan sanitar qovşağı sökülmüşdür. Beləliklə qətnamə üzrə tələb artıqlaması ilə icra olunmuşdur. Lakin keçmiş tələbkar X2 apelyasiya məhkəməsində vəzifə tutan həyat yoldaşına güvənərək onun köməkliyi ilə güya icra işlərini bitməməsini bildirərək mənə qarşı süründürməçilik edir və bu üsulla təzyiq göstərməyə çalışırlar. Bu səbəbdəndir ki, 2021-ci il qətnamə üzrə tələblər yerinə yetirilsə də və qətnaməni qəbul etmiş hakim vəzifəsindən uzaqlaşsa da, hələ də icra məmurun güya icra işlərini görməməkdə günahlandıraraq şikayət edib böhtan atırlar. Göstərilənlərə əsasən iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli iş üzrə icra hərəkətləri bitmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, iddiaçı icra işi ilə bağlı mübahisəyə dair məhkəmədə iddia qaldırılmışdır. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması, mülki işin davamı olaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı məsələyə qətnamənin icrası qaydasında baxılır(bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır, ona iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə 2 kodu verilir) baxılmasına yol verilmir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçının faktiki tələbi bitmiş icra hərəkətləri üzrə icraata xitam verilməli olması ilə əlaqədardır. “İcra Haqqında” AR Qanunun tələblərinə əsasən isə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmə icra məmurunun səlahiyyətinə aiddir(mad. 20). Tərəf yalnız belə qərarın qəbul edilməməsi ilə bağlı icra məmurunun hərəkətlərini mübahisələndirə bilər. Başqa sözlə iddiaçının tələbi (icraata xitam verilməsi barədə) üzrə qərar qəbul etmək məhkəmə səlahiyyətinə aid deyil. Bu səbəbdən hakim hesab edir ki, qaldırılan tələbə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan hazırki iddia ərizəsinin məhkəmə icraatı qeyri-mümkündür və iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim eyni zamanda qeyd edir ki, iddiaçıya icra icraatı qaydasında icra məmurunun hərəkət və hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməslidir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, 152.1.1-ci maddəsi rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra hərəkətlərinin bitmiş hesab olunması tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. İddiaçıya icra icraatı qaydasında icra məmurunun hərəkət və hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar