Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1619/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı X4 ilə birlikdə ünvan 1 ünvanda ondan başqa anası Cavabdeh1 və qardaşı Cavabdeh2 qeydiyyatdadırlar. Övladının atası ilə nikahları pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. O, mülki aviasiya əməkdaşıdır, əvvəlki işi xaricdə Azərbaycan müxbirliyi olub, yerli aviasiyada iş təklifi qızı ilə birlikdə qeydiyyatda olduğu ata evinə qayıtmışdır. Evə geri qayıtdığı müddətdən indiyə kimi anası və qardaşı onun və qızının sözügedən ünvanda yaşamasına imkan vermirlər. Mütəmadi olaraq anası Cavabdeh1 və qardaşı Cavabdeh2 tərəfindən şiddət, təhqir və hədə-qorxu ilə üzləşərək psixoloji və fiziki zorakılığa məruz qalır. Ən dəhşətlisi də budur ki, hadisələr hamısı onun qızının gözü qarşısında baş verir. Dəfələrlə qardaşı tərəfindən fiziki şiddətə məruz qalmışdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli 3 saylı Qərara əsasən ona 30 gün olmaqla qısamüddətli Mühafizə Orderi verilmiş, Cavabdeh1 və Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq anası və qardaşı ona qarşı öz əməllərinə davam etmişlər, sözügedən mənzildə ona və qızına rahat yaşamağa imkan verməmişlər. Hazırda qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalır. Qızı Bakı Anadolu Türk Liseyində təhsil alır. Daim yaşayış ünvanını dəyişməklə övladının məktəbə gedib-gəlməsində müəyyən çətinliklər yaranır. Başqa aylıq gəliri olmadığından, maaşı qızının saxlanması üçün və kirayə haqqının ödənilməsi üçün yetərli deyildir. Göstərilənlərə əsasən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı azyaşı övladı ilə birgə bu günədək faktiki olaraq yaşadıqları və pasport qeydiyyatında olduqları Səbail rayonu, E.İsmayılov küçəsi, ö/t 41 saylı evə köçürülməsi, hüquqi xidmət üçün ödənilmiş 200 manat və məhkəmə rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı və cavabdehlər arasında olan münasibətlər çox gərgindir. Ona görə də gələcəkdə problemlər yaranmaması üçün sözügedən yaşayış sahəsindən istifadə qaydası məhkəmə tərəfindən müəyyən etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi və vəkili mənzilə köçürülmə, hüquqi xidmət üçün ödənilmiş 200 manat, məhkəmə rüsumunu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, həmin mənzildə anadan olmuşdur. Bir müddət Türkiyədə oxumuş, işləmiş, sonra Azərbaycana qayıtmış, Türk vətəndaşı ilə evli olmuş, ondan bir övladı vardır, həmin şəxslə boşanmışdır, Azərbaycana qayıtdıqdan sonra mübahisəli evdə yaşamış, onun həmin yaşayış yerindən başqa yaşayış yeri yoxdur. Cavabdehlər onu və uşağını mənzildə yaşamasına imkan vermədikləri üçün müxtəlif yerlərdə kirayədə qalmaq məcburiyyətində olmuşdur. Maddi vəziyyəti məhduddur. Eyni zamanda həm icra hakimiyyəti, həm də məhkəmə tərəfindən ona və uşağına uzunmüddətli mühafizə orderi verilmişdir. Buna da səbəb cavabdehlərin ona və uşağına qarşı zorakılıq hərəkətlərinin edilməsi olmuşdur. Ev atasına məxsus olmuşdur, atasına məxsus evdə onun yaşamaq hüququ var. O, evə köçürülərkən cavabdehlər tərəfindən ona qarşı hər hansı bir qanuna zidd hərəkətlər edilərsə, hər dəfə polisə müraciət edəcəkdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehlər kimi iddiaçının da həmin mənzildə yaşamaq hüququ var, yəni mənzillə bağlı həm iddiaçı, həm cavabdehlərin hüquqları bərabərdir. Məişət zorakılığı haqqında qərarların olması, ailənin münaqişəli ailə olması və onların arasında problemin olması iddiaçının həmin mənzildə yaşamaması üçün əsas ola bilməz. Cavabdehlər iddiaçının kirayədə yaşaya bilməsini qeyd edirlər. Kirayədə də cavabdehlərin özləri də yaşaya bilər. Hesab edir ki, iddiaçı yaşamaq hüququ olan mənzilə köçürülməlidir. İddiaçının azyaşlı uşağı var, daimi yaşayış yeri yoxdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı onun qızıdır. Mübahisəli evi o, 12.000 rubla almışdır, ev reyestrdə qeydiyyatdan keçməmişdir. Həmin ev nikahdan qabaq alınmışdır. Nikahdan sonra iddiaçının atası ilə həmin evdə yaşamış, uşaqları həmin evdə anadan olmuşlar. Uşaqların ataları rəhmətə gedəndən sonra uşaqları o, böyütmüş, oxutmuş, işə düzəltmişdir. İddiaçı Türkiyəyə çıxıb getmiş və 10 il orada qalmış, sonra orada ailə qurmuşdur. 2017-ci ildə Bakıya qayıdarkən uşağı ilə birlikdə mübahisəli evdə yaşamasına razılıq vermiş, münasibətlər əvvəl normal olmuş, sonra pozulmuşdur. O, qızını evdən qovmamışdır. Qızı xarici vətəndaşla görüşmüş, onunla evdən çıxıb getmişdir. Mübahisələr həmin vaxtdan sonra daha da gərginləşmiş, ailəsi münaqişəli ailə kimi polisdə qeydiyyata alınmışdır. Onların birgə yaşayışı mümkün deyil. Bu səbəbdən cavabdeh iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı onun bacısıdır. Evləri 3 otaqdan ibarətdir. Otaqlar iç-içədir. Həmin otaqlarda təcrid olunmuş vəziyyətdə yaşamaq mümkün deyil. Bacısı tərəfindən anası və o, dəfələrlə təhdid olunmuşdur, bu ilin aprel ayında bacısı ona az ağır xəsarət yetirmişdir, bununla bağlı Səbail rayon Polis İdarəsində AR CM-nin 127.1-ci maddəsi ilə cinayət işi açılmışdır, onlara icra hakimiyyəti tərəfindən mühafizə orderi verilmişdir, buna baxmayaraq bacısı yenə də onların evinə gələrək konflikt yaratmışdır, birgə yaşayış mümkün deyil. Bacısı evə köçərsə orada cinayət hadisəsi təkrar baş verə bilər. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ev özbaşına tikili olduğu üçün və mülkiyyət kimi qeydiyyata alınmadığı üçün istifadə hüququndan və istifadə qaydasının müəyyən edilməsindən söhbət gedə bilməz. Qeydiyyatda olma köçüb yaşamaq üçün əsas deyil. Tərəflər mübahisəli ailə kimi müvafiq icra hakimiyyətində qeydiyyata alınmışdır. Bununla bağlı Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının vermiş olduğu xx.xx.2024-cü il tarixli məişət zorakılığı haqqında qərarlar var. Nərgiz tərəfindən Hüseynə xəsarət yetirilmiş, cinayət işi açılmışdır, istintaqı gedir, tərəflər bir-birinə qarşı aqressiv münasibətdədirlər, mübahisəli evin 3 otağı bir-birindən təcrid olunmamış vəziyyətdədir, birgə yaşayış zamanı ehtimal edir ki, daha ağır cinayət hadisəsi baş verə bilər. Tərəflərin birgə yaşayışı mümkün deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 Tayyar və X1 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il trixdə 659 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Xəlilova soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/059481-24 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası X7 (xx.xx.1948-ci il təvəllüdlü, ölüb), anası Cavabdeh1 (xx.xx.1959-cu il təvəllüdlü), qardaşı Cavabdeh2 (xx.xx.1988-ci il təvəllüdlü), qızı X4 (xx.xx.2014-cü il təvəllüdlü). İş üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı (xx.xx.2004-cü il tarixdən), X4, Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Elşən İsmayılov küçəsində yerləşən ö/t 41 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı "Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli, 3 saylı qərarın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, İddiaçı 60 gün olmaqla qısamüddətli Mühafizə orderi verilmiş, şəxsin profilaktik qeydiyyata götürülməsi təmin edilmişdir. İş üzrə Səbail rayon İcra Şöbəsinin icra məmurları V.Həsənli, T.Aşurov, tələbkar İddiaçı, borclu Cavabdeh1 və Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi A.Əsgərov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3 nömrəli qərarının icrası ilə bağlı ünvan 4 ünvanında olmuşlar, icraata başlamaq haqqında qərar və bildirişi borclu Cavabdeh1 təqdim edilmiş, lakin borclu Cavabdeh2 qərar və bildirişi qəbul etməkdən imtina etmişdir. Borclu şəxslərə hüquq və vəzifələri izah edilmiş, cinayət və inzibati məsuliyyət barədə xəbərdar edilmişlər. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən Səbail rayon Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar İddiaçı qeydiyyatda olduğu evə daxil olmasına anası və qardaşı tərəfindən icazə verilməsinə, onunla qızının həyatında sakitlik yaradılmasına köməklik göstərilməsi tələb olunur. Cavabdeh1 Bahaddin qızına və Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunsun. İcra zamanı tərəflər arasında mübahisələrin yaranmasını nəzərə alaraq həmin ailəni münaqişəli ailə kimi qeydiyyata götürməklə nəzarətdə saxlamasını xahiş olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı "Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli, 8 saylı qərarın surətindən görünür ki, İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh1 60 gün olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixə kimi qısamüddətli Mühafizə orderin verilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Kəmalə Həşimova tərəfindən Səbail rayon İcra Şöbəsinə, surəti (xəbərdarlıq üçün) İddiaçı, surəti (məlumat üçün) Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, vətəndaş Cavabdeh1 tərəfindən Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-19/1-Z- 15-129/2024 qeydiyyat nömrəli ərizəyə xx.xx.2024-cü il tarixdə keçirilmiş Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında baxılmışdır. Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında məsələnin araşdırılması zamanı bir ailə üzvləri arasında ailədaxili münaqişənin yaşanması məlum olmuşdur. Cavabdeh1 Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, oğlu Cavabdeh2 ilə birlikdə qızı İddiaçı tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdir. O, təhqir və şiddətlə üzləşdiyini, oğlunun qolunun və evinin kilidlərinin İddiaçı tərəfindən sındırıldığını, ölümlə hədələndiyini vurğulamışdır. Ərizəçi 2-ci qrup əlil, onkoloji xəstəlikdən əziyyət çəkən, şəkər xəstəsi olan özünün və “Hepotit C” xəstəliyinin xroniki daşıyıcısı olan səhhətində problemlər yaşayan oğlu Cavabdeh2 təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara qısamüddətli Mühafizə orderinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsində qızı İddiaçı tərəfindən bu cür şiddətin davam etdirildiyi halda özünü intihar edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli Fərmanının 1.1-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 46 saylı Qərarının 4.1.1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun Qanununun 5.2-ci və 9-cu maddələrinin tələblərini nəzərə alaraq daxil olmuş ərizəyə Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2024-cü il tarixli iclasında baxılmışdır. Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu iclasında dəfələrlə hərtərəfli araşdırılma aparılaraq məsələyə baxılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaş Cavabdeh1 60 gün olmaqla qısamüddətli Mühafizə Orderi verilmişdir. İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı "Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli, 9 saylı qərarın surətindən görünür ki, İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh2 60 gün olmaqla qısamüddətli Mühafizə orderin verilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Kəmalə Həşimova tərəfindən Səbail rayon İcra Şöbəsinə, surəti (xəbərdarlıq üçün) İddiaçı, surəti (məlumat üçün) Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, vətəndaş Cavabdeh2 tərəfindən Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-19/1-Z- 16-129/2024 qeydiyyat nömrəli ərizəyə xx.xx.2024-cü il tarixdə keçirilmiş Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında baxılmışdır. Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında məsələnin araşdırılması zamanı bir ailə üzvləri arasında ailədaxili münaqişənin yaşanması məlum olmuşdur. Cavabdeh2 Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, anası Cavabdeh1 ilə birlikdə bacısı İddiaçı tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdir. O, təhqir və şiddətlə üzləşdiyini, qolunun və ev əşyalarının İddiaçı tərəfindən sındırıldığını, hədə-qorxu ilə üzləşdiyini vurğulamışdır. Ərizəçi “Hepotit C” xəstəliyinin xroniki daşıyıcısı olan, səhhətində problemlər yaşayan özünün və 2-ci qrup əlil, onkoloji xəstəlikdən əziyyət çəkən, şəkər xəstəsi olan anası Cavabdeh1 təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara qısamüddətli Mühafizə orderinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli Fərmanının 1.1-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 46 saylı Qərarının 4.1.1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun Qanununun 5.2-ci və 9-cu maddələrinin tələblərini nəzərə alaraq daxil olmuş ərizəyə Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2024-cü il tarixli iclasında baxılmışdır. Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu iclasında dəfələrlə hərtərəfli araşdırılma aparılaraq məsələyə baxılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaş Cavabdeh2 60 gün olmaqla qısamüddətli Mühafizə Orderi verilmişdir. İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1814/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı və övladına 180 gün müddətinə uzunmüddətli mühafizə orderin verilməsi, məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxs - ərizəçinin olduğu yer məlum olmadıqda onun axtarılması və İddiaçı narahatlıq gətirən - ona məxsus əşyaları sındırmaq kimi hərəkətlərin edilməsi maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmiş, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə hərəkətlərin mahiyyətindən asılı olaraq İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətin yaranması izah edilmişdir. İş üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında yaşayan İddiaçı yaşadıqları ünvanda qardaşı Cavabdeh2 ilə aralarında baş vermiş mənzil-məişət mübahisə ilə əlaqədar yaranmış münaqişə zamanı ilə dava-dalaş edərkən sonuncunun sol əlin V daraq sümüyünün qapalı sınığı və sağ əlin ovuc səthinin səthi yarası ilə nəticələnən, həyatı üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti alması aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq Cavabdeh2 sağlamlığına qəsdən az ağır xəsarət yetirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraatına qəbul edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, ö/t 41 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və həmin fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının anası və qardaşıdır, mübahisəli ev iddiaçının anası Cavabdeh1 tərəfindən əldə edilmiş, iddiaçı həmin evdə anadan olmuş, Türkiyə Respublikasına təhsil almağa getdiyi vaxtadək mübahisəli evdə yaşamışdır. İddiaçı təhsili və işi ilə əlaqədar müəyyən müddət xaricdə yaşamış, Türkiyə Respublikasının vətəndaşı ilə nikaha daxil olmuş, sonra uşağı ilə birlikdə Azərbaycana qayıtmış və mübahisəli evdə yaşamağa başlamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı uşağı ilə birlikdə həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycana qayıtdıqdan sonra mübahisəli evdə yaşayan iddiaçı ilə cavabdehlər arasında normal ailə münasibətləri olsa da, sonrada bu münasibətlər pozulmuş, kəskinləşmiş, tərəflər münaqişələrlə bağlı dəfələrlə hüquqmühafizə orqanlarına müraciət etmiş, həmin orqanlar tərəfindən araşdırmalar aparılmış, daha sonra Səbail rayon İcra Hakimiyyəti tərəfindən hər 3 şəxs barəsində “Məişət zorakılığı haqqında iş üzrə” qərarlar qəbul edilmiş, tərəflərə müvəqqəti mühafizə orderi verilmiş, iddiaçının məhkəməyə müraciəti əsasında isə uzunmüddətli mühafizə orderin verilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı barəsində hazırda onun tərəfindən Cavabdeh2 az ağır xəsarət yetirilməsi ilə bağlı AR CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı X4 ilə birlikdə ünvan 1 ünvanda ondan başqa anası Cavabdeh1 və qardaşı Cavabdeh2 qeydiyyatdadırlar. Övladının atası ilə nikahları pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. O, mülki aviasiya əməkdaşıdır, əvvəlki işi xaricdə Azərbaycan müxbirliyi olub, yerli aviasiyada iş təklifi qızı ilə birlikdə qeydiyyatda olduğu ata evinə qayıtmışdır. Evə geri qayıtdığı müddətdən indiyə kimi anası və qardaşı onun və qızının sözügedən ünvanda yaşamasına imkan vermirlər. Mütəmadi olaraq anası Cavabdeh1 və qardaşı Cavabdeh2 tərəfindən şiddət, təhqir və hədə-qorxu ilə üzləşərək psixoloji və fiziki zorakılığa məruz qalır. Dəfələrlə qardaşı tərəfindən fiziki şiddətə məruz qalmışdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli 3 saylı Qərara əsasən ona 30 gün olmaqla qısamüddətli Mühafizə Orderi verilmiş, Cavabdeh1 və Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq anası və qardaşı ona qarşı öz əməllərinə davam etmişlər, həmin mənzildə ona və qızına rahat yaşamağa imkan verməmişlər. Hazırda qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalır. Başqa aylıq gəliri olmadığından, maaşı qızının saxlanması üçün və kirayə haqqının ödənilməsi üçün yetərli deyildir. Bu səbəbdən iddiaçı mənzilə köçürülmə, hüquqi xidmət üçün ödənilmiş 200 manat, məhkəmə rüsumunu cavabdehlərdən tutularaq ona ödənilməsi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olduğu üçün həmin evdən istifadə qaydasının müəyyən edilməsi yolverilməzdir. Qanunvericiliyin tələblərinə əsasən yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak üzərində istifadə hüquqlarının tanınmasına yol verilir. Evdən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələblə çıxış etmək hüququ yalnız əmlak mülkiyyətçisinə mənsubdur. Lakin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçının həmin evdən istifadə qaydasının tələb etməsi ilə bağıl tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi evə istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçının mübahisəli evə köçürülməsi hissəsi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, həmin əmlakdan istifadə ilə bağlı hüquqlar məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (maddə 4.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbayjan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.» Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Qeyd edilən Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Qeyd edilənlərlə yanaşı məhkəmə evdə yaşayan şəxslərin təhlükəsiz yaşamaq hüququnun mövcud olmasını da nəzərə alınmalı olduğunu da zəruri hesab edir. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına əsasən hər kəsin yaşamaq hüququ, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ qanunla qorunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir (maddə 3.2). Həmin Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik bütün fiziki və hüquqi şəxslərin özlərini qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmalarını müəyyən edir. Konvensiyanın 6-cı maddəsində də qeyd edilmişdir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin araşdırılması hüququna malikdir”. Məhkəmə qeyd edir ki, iddia qaldıran şəxs qanunvericilikdə tanınan hüququn həyata keçirilməsini ağlabatan əsaslarla tələb edə bilər. Bununla belə qeyd edilməlidir ki, şəxsin iddia qaldıra biləcək tələbinin olub-olmaması faktiki olaraq, təkcə müvafiq mülki və ya mənzil hüququnun qanunvericiliklə müəyyən edilən məzmunundan deyil, eyni zamanda potensial iddiaların məhkəmədə qaldırılmasının qarşısını alan və ya məhdudlaşdıran prosessual maneələrin mövcudluğundan asılıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, yəni iddiaçı və cavabdehlərin münaqişəli ailə kimi qeydiyyata alınmalarını, hər 3 şəxsə münasibətdə mühafizə orderlərinin verilməsinə dair qərarlar qəbul edilməsini, fiziki zorakılığın tətbiqi ilə nəticələnən xəsarətin yetirilməsi faktı üzrə cinayət işinin qaldırılmasını, mübahisəli evin 3 otaqdan ibarət olmaqla bir-birindən təcrid olunmadan yaşayışın mümkün olmamasını, gələcəkdə ailə arasında daha ağır cinayət hadisəsinin baş vermə ehtimalının kifayət qədər yüksək olması və bunun qarşısının alınması zəruriliyini, həmçinin tərəflərin birgə yaşayışının qeyri-mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri – hüquqi xidmət üçün ödənilmiş 200 manat və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, ö/t 41 saylı evə köçürülməsi, yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi, hüquqi xidmət üçün ödənilmiş 200 manatın və dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia tələbləri təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1619/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1619/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver