Məhkəmə qərarları › İş №e-2(009)-166/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-166/2024

01.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-166/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Məhərrəmov Rəşı̇ d Yunı̇ s oğlunun iştirakları ilə, İddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlunun cavabdeh Məhərrəmov Rəşı̇ d Yunı̇ s oğluna qarşı "mülkiyyət hüququna edilmiş qəsd və maneələrə son qoyulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlu cavabdeh Məhərrəmov Rəşı̇ d Yunı̇ s oğluna qarşı "mülkiyyət hüququna edilmiş qəsd və maneələrə son qoyulması,vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 üzərində olan mülkiyyət hüququna Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, cavabdehin bu cür hərəkətləri nəticəsində dəymiş 5 000 (beş min) manat maddi, 5 000 (beş min) manat mənəvi zərərin və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə ƏMDK yanında DƏDKRPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunur ki, iddiaçının ailəsi kifayət qədər böyükdür. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşayır. İddiaçının himayəsində 3 azyaşlı uşağı, həyat yoldaşı, qaynanası və qaynatası var və bütün ailə üzvləri birlikdə yaşayırlar. Həmin evin ölçüləri çox kiçik olduğundan hələ bir neçə il bundan əvvəl iddiaçının mülkiyyətində olan evə dair heç bir qonşuya mane olmayan müəyyən genişlənmə işləri aparılmış, mülkiyyətdə olan evin üst qatında yerləşən otağa qalxıb düşmək üçün yalnız iddiaçıya məxsus evə bitişik olan və heç bir qonşuya hər hansı formada maneçilik yaratmayan yerdən pilləkən quraşdırılmışdır. Lakin, Cavabdeh tərəfindən guya qanunsuz tikinti işləri aparıldığı üçün, əslində isə onun heç bir hüququna toxunmadığı halda həmin xüsusi mülkiyyətə qanunsuz müdaxilələr olunur. Belə ki, özünü Prezident Aparatı yanında İctimai Birliyin üzvü kimi təqdim edən cavabdeh müəyyən məbləğdə “şirinlik” müqabilində bu işi yoluna qoyulacağını bildirmiş, lakin iddiaçı ona belə bir imkanının olmadığını bildirdikdə o əsəbləşmiş, “Sənin bu pilləkənini sökdürüb başına çırpacam və bütün qonşuları üstünə ayağa qıldıracam” kimi ifadələrlə hədələmiş, iddiaçını və onun ailə üzvlərini nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. O vaxtdan bugünədək cavabdeh tərəfindən müxtəlif dövlət qurumlarına çoxsaylı əsassız şikayətlər olunmuş və iddiaçı həmin dövlət orqanlarına dəvət edilərək izahat və sənədlər tələb olunur. Sonda, iddiaçının heç bir qanunsuzluğa yol vermədiyi müəyyən edilir. Bu isə həm vaxt itkisinə, yersiz mübahisələrə və cavabdehin qeyri-hüquqi hərəkətləri nəticəsində isə maddi və mənəvi ziyanın vurulmasına gətirib çıxarır. Eyni zamanda, cavabdeh iddiaçının və onun ailə üzvlərinin öz mülkiyyətlərində olan evdə rahat yaşamalarına imkan vermir, daim evin qarşısında mübahisələr yaradır, iddiaçını və onun ailə üzvlərini hədələyir, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir edir, evə rahat girib çıxmalarına maneçilik törədir. Hətta cavabdeh qonşuları da iddiaçıya qarşı qaldıraraq və onların adından sui-istifadə edərək, müxtəlif orqanlara guya qonşuların da iddiaçıdan narazı olmaqlarına, onun evinin qonşulara da maneçilik yaratdığına dair müxtəlif müraciətlər göndərmiş, sonradan iddiaçı tərəfindən Səbail RPİ-nə cavabdehin qanunsuz əməlləri barədə verdiyi şikayətin araşdırılması zamanı isə, qonşuların hər biri cavabdehin göstərdiklərini təkzib edərək, iddiaçının yaşadığı evin onlara və cavabdehə heç bir maneçilik yaratmadığını bildirmişdir. Cavabdehin arvadı isə səbəbsiz yerə yaratdığı münaqişəyə görə polis tərəfindən cərimə edilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətinə yaradılmış maneələr səbəbindən bu iddianın qaldırılmasına zərurət yaranmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyuğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş cavabdeh Məhərrəmov Rəşı̇ d Yunı̇ s oğlu iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən tikilmiş pilləkən onun həyətinə gedən avtomobil yolunu bağlamış, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etmişdir. Onun tərəfindən qarşı tərəfin ailə üzvlərinə və ya özünə qarşı söyüş, təhqir etmək kimi hərəkətlərə yol verməmişdir. Özü müəllim işləyir, onun tərbiyəsi və təbiəti də bu kimi hərəkətlərə yol verməz. İddiaçıya və ailəsinə mülkiyyətindən istifadə etmələrinə heç bir maneə törətməmiş, qanunsuz hərəkətlərə yol verməmişdir. İddiaçının hazırki iddiasının məqsədi onun dövlət orqanlarına müraciət etməsinin qarşısını almaqdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Sübutlar: İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 36.40 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlunun adına daşınmaz əmlakın reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh qonşusu tərəfindən tikinti işlərinin aparılması nəticəsində gediş-gəliş yolunun məhdudlaşdırılmasından narahatlığı barədə 06 noyabr 2023-ci il tarixli müraciətinə baxılmışdır. Mütəxəssisləri tərəfindən adı çəkilən ünvana baxış keçirilmiş və qonşu tərəfindən 2022-ci ildə aparılan tikinti işləri zamanı şikayətçinin həyətinə gedən avtomobil yolunun məhdudlaşdırması faktı öz təsdiqini tapmışdır. Daxil olmuş müraciət baxılması və səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlu ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan evin üst qatında yerləşən otağa qalxıb enmək üçün pilləkən quraşdırmışdır. İddiaçının qonşusu olan cavabdeh Məhərrəmov Rəşı̇ d Yunı̇ s oğlu həmin pilləkənin quraşdırılmasının onun həyətinə gedən avtomobil yolunun məhdudlaşdırmasına səbəb olmasını bildirmiş və bununla bağlı müxtəlif dövlət orqanlarına şikayət və müraciətlər etmişdir. Bununla da tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı hazırda tikilmiş pilləkənin heç bir qonşuya hər hansı formada maneçilik yaratmayan yerdən quraşdırılmasının, cavabdehin evin qarşısında mübahisələr yaratmasının, iddiaçını və onun ailə üzvlərini hədələməsinin, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir etməsinin, evdən rahat istifadə etmələrinə maneçilik törətməsinin onun mülkiyyətinə qəsd etməsi kimi qiymətləndirərək cavabdehin bu cür hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində və izahatlarında cavabdehin onun evinin qarşısında mübahisələr yaratmasını, iddiaçını və onun ailə üzvlərini hədələməsini, nalayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldaraq təhqir etməsini, onun mülkiyyətinə qəsd etməsini və cavabdehin bu cür hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələblərini əsaslandırdığı halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da bu cür halların mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində də aralarında yaranan mübahisə nəticəsində polis orqanına müvafiq şikayətlər etdiyini və (cavabdehin deyil) cavabdehin həyat yoldaşının inzibati məsuliyyətə cəlb edildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə izahatında bildirmişdir ki, iddiaçı tərəfindən tikilmiş pilləkən onun həyətinə gedən avtomobil yolunu bağlamış, bu səbəbdən o, müvafiq dövlət qurumlarına qanunsuz tikilmiş pilləkənlə bağlı məsələnin araşdırılması üçün müraciət etmişdir. Onun tərəfindən qarşı tərəfin ailə üzvlərinə və ya özünə qarşı söyüş, təhqir etmək kimi hərəkətlərə yol verməmişdir. Özü müəllim işləyir, onun tərbiyəsi və təbiəti də bu kimi hərəkətlərə yol verməz. İddiaçıya və ailəsinə mülkiyyətindən istifadə etmələrinə heç bir maneə törətməmiş, qanunsuz hərəkətlərə yol verməmişdir. İddiaçının hazırki iddiasının məqsədi onun dövlət orqanlarına müraciət etməsinin qarşısını almaqdır. Məhkəmə iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, tərəflərin izahatına əsasən iddiaçı tərəfindən tikilən pilləkənlə bağlı hər hansı bir məsələ hazırkı məhkəmə mübahisəsinin araşdırma predmeti olmadığından pilləkənə dair hər hansı bir hala hüquqi qiymət verilə bilməz. Belə ki, hazırda pilləkən məhkəmə qaydasında mübahisələndirilmir. Məhkəmə sadəcə cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasına, maddi və mənəvi zərərin ödənilməsinə dair tələbə qiymət verir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququna Cavabdeh tərəfindən edilmiş qəsd və maneələr yaradılmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın mülkiyyətə edilən maneələrə son qoyulması hissəsində rədd edilməsi qənaətinə gəldiyindən maddi və mənəvi zərərin ödənilməsi hissəsinin isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlunun cavabdeh Məhərrəmov Rəşı̇ d Yunı̇ s oğluna qarşı "mülkiyyət hüququna edilmiş qəsd və maneələrə son qoyulması,vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğluna aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qədı̇ rov Vası̇ f Abdı̇ n oğlunun cavabdeh Məhərrəmov Rəşı̇ d Yunı̇ s oğluna qarşı "mülkiyyət hüququna edilmiş qəsd və maneələrə son qoyulması,vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar