Məhkəmə qərarları › İş №e-2(009)-170/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-170/2023

31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-170/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İddiaçı Cavabdeh tərəfindən ödənilməli olan 55000 manat məbləğində pul vəsaiti və eyni zamanda həmin vəsaitin gecikdirilmiş 4 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 55000x5=2750, 4 il üçün 2750x4=11000) 11000 manat olmaqla, ümumilikdə 66000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixində borc müqaviləsi bağlanmışdır və həmin müqavilə 12 noyabr 2018-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmişdir. Həmin müqavilə üzrə İddiaçı Cavabdeh 55000 manat 00 qəpik məbləğində pul borc vermişdir. Müqavilədə həmin borcun cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixinə qədər ödənilməsi öhdəliyi müddəalarda öz əksini tapmışdır. Qeyd edir ki, həmin müqavilə Cavabdeh İddiaçı “onu işlə təmin edəcəyi” vədi ilə bağlanmışdır. Lakin müqavilə bağlandıqdan xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh verdiyi vədə əməl etməmiş, İddiaçı işlə təmin etməmişdir. Daha sonra Cavabdeh müqaviləyə əsasən borc aldığı məbləği geri qaytaracağını bildirmişdir, lakin uzun müddət keçməsinə baxmayaraq, həmin məbləği geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin dekabr ayında cavabdeh borcundan 5000 manat qaytarmış, qalan borcu isə hələ də qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 27 dekabr 2022-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddiaya etiraz etmiş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi 50000 manat pulun ödənilməsi hissəsi üzrə xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydi verilərək icraya yönəldilməsini, icra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul edilməsini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçını və iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat Bakı şəhəri 23 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 55000 (əlli beş min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, ona qaytarılmalı olan qalıq qalmış 55000 (əlli beş min) manat pulun 01 gün müddətində qaytarılması xahiş olunmuş, əks təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi 50000 manat pulun ödənilməsi hissəsi xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra qeydi verilərək icraya yönəldilmişdir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh 50000 manat məbləğində pul vəsaiti 25 manat dövlət rüsumunun İddiaçı ödənilməsinə dair verilmiş icra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2023 saylı, 31 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia tələbinin Cavabdeh 50000 manat pulun İddiaçı ödənilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Qərardadla 240 manat dövlət rüsumuiddiaçıya geri qaytarılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat Bakı şəhəri 23 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 55000 (əlli beş min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, 2019-cu ilin dekabr ayında cavabdeh iddiaçıya 5000 manat məbləğində pul qaytarmış, qalan məbləği hazıradək qaytarmamışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən, 50.000 manat pulun ödənilməsi hissəsi üzrə xx.xx.2022-ci il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra qeydi verilərək icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh 50000 manat məbləğində pul vəsaitinin və 25 manat dövlət rüsumunun İddiaçı ödənilməsinə dair verilmiş icra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki “1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin 55.000 manat borcun ödənilməsi hissəsinin 50.000 manatına aid hissədə icraata xitam verilmişdir. İddia tələbinin qalan 5.000 manat borcun qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz izahatında cavabdehin borcundan 2019-cu ildə 5000 manat qaytarmasını etiraf etmişdir. Belə olan halda məhkəmə iddianı həmin hissədə əsasız hesab edərək rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə iddianın 4 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 55000x5=2750, 4 il üçün 2750x4=11000) 11.000 manat tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi xx.xx.2018-ci il tarixində bağlanmış, İddiaçı Cavabdeh 55.000 (əlli beş min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, 2019-cu ilin dekabr ayında isə cavabdeh iddiaçıya 5.000 manat məbləğində pul qaytarmış, qalan məbləği qaytarmamış və borc müqaviləsinə əsasən 50.000 manat pulun ödənilməsi hissəsi üzrə xx.xx.2022-ci il tarixində icra qeydi verilərək icraya yönəldilmişdir. Qeyd edilənləri, o cümlədən borc müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixində bitdiyini, 2019-cu ilin dekabr ayında 5000 manat ödənilməsini, bundan sonra heç bir ödəniş edilməməsini, qalan 50.000 manat borc ödənilmədiyindən həmin hissə üzrə xx.xx.2022-ci il tarixində icra qeydi verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə 2020, 2021-ci illər və 2022-ci ilin sentyabr ayınadək olan müddət üçün 50.000 manatın 5 faizi həcmində faiz hesablana bilər. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, gecikdirilmiş vaxt üçün, yəni 2020-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək, cəmi 32 ay üçün illik 5 faizlə hesablanmaqla (5 faiz/2500manat:12ayx32ay) 6666,6 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6666,6 (altı min altı yüz altmış altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6666,6 (altı min altı yüz altmış altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar