Məhkəmə qərarları › İş №e-2(009)-1733/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1733/2022

01.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1733/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə X9 oğlunun katibliyi, İddiaçı, 3-cü şəxs İ.H.Hüseynovun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5034/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında X2 "xxxx" Şirkətinin xeyrinə 13.230 manat pulun tutulmasına dair icra sənədi, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 723/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında X1 İddiaçı xeyrinə 100.000 ABŞ dollarının və 2.500 manat pulun tutulmasına dair icra sənədi, eləcə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(103)-345/2020 saylı qətnaməsi ilə "xxxx" MMC-dən 71.485,07 manat pulun və X2 89.139,18 manat pulun tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" Şirkətinə ödənilməsinə dair icra sənədi icra edilmələrindən ötəri, Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra işləri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faiq Əkbərovun icraatında olmuşlar. Sonuncu öz şəxsi maraqları naminə 2 il müddətində həmin icra vərəqələrini icra etməmiş, borclu İsax Hüseynovla əlaqəyə girərək oyunlar oynamışdır. Belə ki, Faiq Əkbərov 2 il müddətində heç bir iş görməmiş, hər dəfə də görüşümüzdə, müxtəlif bəhanələr gətirmiş, onlar da, onun sözlərinə inanaraq, şəxsiyyətinə, vəzifəsinə etimad edərək gözləmişlər. Həmçinin ərəfələrdə, borclu İsax Hüseynov hər hansı bir əmlakı, pulu olmadığından, məhkəmədə iddia qaldıraraq, borclarının onun təqaüdünə yönəldilməsinə dair, hər ay ondan 100 manatın tutulmasına dair qətnamə qəbul etmələrini xahiş etmişdir. Məhkəmə qərarları onun iddiası təmin edilməmişdir. Son aylarda Faiq Əkbərov öz deməsinə görə ona şad xəbər vermişdir, onları şöbəyə çağırmışdır ki, guya öz səyləri nəticəsində əməliyyat məlumatı almışdır, İsax Hüseynova məxsus, üzərində ev, su hovuzu, meyvə ağacları və s. olan 6 sot torpaq sahəsi müəyyən etmişdir, artıq qiymətləndirməyə göndərmiş, hazırda rəy də almışdır, Ədliyyə Nazirliyinin həmişə işlədiyi, xidmətlərindən istifadə etdiyi bu MMC, yəni qiymətləndirici MMC, əmlaka 117.000 manat qiymət qoymuşdur. Bunlarla yanaşı Faiq Əkbərov, həmin həyətdə olduğunu, o ərazidə, qonşuluqda olan torpaq sahələrinin, evlərin 150.000, 200.000, 250.000 manat olduğunu bildirmişdir. Elə hey, İsax Hüseynovun ona irad bildirməyindən, torpaq sahəsini onun əlindən alması ilə bağlı Faiq Əkbərovun onu ziyana salmasından bəhs etmişdir. Sonra da, Faiq Əkbərovun şəxsiyyətinə, ləyaqətinə, vəzifəsinə, işlədiyi nazirliyə inandığından, Faiq Əkbərov da bunlardan sui-istifadə etdiyindən, ona tələm-tələsik, harada yerləşdiyini bilmədiyi halda, görmədiyi halda, İsax Hüseynovun borclarından 117.000 manatın əvəzinə həmin torpaq sahəsini qəbul etməsinə dair kompyuterdə yazmış olduğu ərizəyə imza etdirmişdir. Bundan sonra X11 rayon Binəqədi Bələdiyyəsinə sənədlər təqdim etmiş, məhz sözügedən torpaq sahəsi, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin sərəncamı, qərarı ilə onun adına dəyişdiriləndən sonra, ona torpaq sahəsinin, həyətin açarını vermiş, qonşu həyətin torpaq sahələrinin qiymətlərinin 200.000 manatdan artıq qiymətə olduqlarından bəhs edərək, tələsik çıxıb getmişdir. O, həyətə baxıb, torpaq sahəsinin yararsız olduğunu görmüşdür, həmin ərazidə olan bir neçə maklerlərə, alqı-satqı ofislərinə müraciət etmişdir, gəlib torpaq sahəsinə baxmışlar. Bildirmişlər ki, bu ərazidə torpaq sahəsinin 1 sotunun qiyməti 2.000-2.500 manat civarındadır. Əgər Çıxarışı olarsa, 1 sotunun qiyməti 3-4.000 manat civarında ola bilər. Hazırki həyət isə çala olduğundan, yer-yol səviyyəsinə çatdırılması üçün tökmə torpaqdan ibarət olmaqla, iki mərtəbəsi olan torpaq sahəsidir, tikinti normalarına, qaydalarına əməl edilmədən uzununa tikilən, tək daşla tikilmiş tikilinin bünövrəsi, həmçinin tikiliyə sonradan birləşdirilmiş sanuzelin bünövrəsi etibarlı deyillər, bu həyətdə, hər hansı bir tikilinin tikilməsi üçün şərait yoxdur. Bütün bunlardan sonra, Faiq Əkbərov tərəfindən aldadıldığını bilmişdir, Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faiq Əkbərovun hazırkı əməlləri barədə Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova, AR Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisi cənab İlham Həsənova şikayət ərizələri yazmışdır, icra işi Faiq Əkbərovdan alınaraq, başqa icra məmurunun icraatına verilmişdir. Hər bir halda, vəzifəsindən sui-istifadə etdiyinə görə, o, çalışacaq ki, belə bir mötəbər qurumda işləməsin. Ancaq bunlarla yanaşı hesab edir ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərovun, onun himayə etdiyi borclu İsax Hümbətovun əlaqəyə girərək əldə etmiş olduqları, hazırki həqiqəti əks etdirməyən, Cavabdeh MMC tərəfindən Faiq Əkbərovun və borclu İsax Hüseynovun maraqlarını güdən, onların maraqlarına xidmət edən, saxtalaşdırılmış xx.xx.2021-ci il tarixli, A-İ/0988 saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməlidir. Beləliklə, hesab edir ki, Cavabdeh MMC-nin qiymətləndirməyə dair rəyi, yuxarıda da qeyd etdiyi kimi, Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faiq Əkbərovun və borclu İsax Hüseynovun maraqlarına xidmət etdiyi üçün, bununla da yanaşı, Cavabdeh MMC-nin maraqlarına xidmət etdiyindən, rəy özü-özlüyündə qondarma, şablon olduğundan, qurama olaraq həqiqəti əks etdirmədiyindən, ən azından, tarixləri uyğun gəlməsə də, qiymətləndirmə işi üzrə tapşırığın qoyuluşuna, Qiymətləndirmə üzrə Tapşırığına uyğun olmadığından, məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlərdən görünür ki, “Qiymətləndirmə üzrə Sertifikatın” Cədvəlində Müqavilə tarixi, Qiymətləndirmə tarixi xx.xx.2021-ci il tarixi göstərildiyi halda, “Qiymətləndirmə işi üzrə tapşırığın qoyuluşu”, “X3” Cədvəlində, Sifariş tarixi 08 sentyabr 2021-ci il göstərilmişdir. Həmçinin bir gün ərzində həm müqavilə bağlanmış, həm də dərhal Rəy tərtib edilmişdir. Bununla yanaşı, “Qiymətləndirmə işi üzrə tapşırığın qoyuluşu”, “X3 səhifəsində xx.xx.2021-ci il tarixli, A-İ/0988 No-li müqavilə əsasında "xxxx" MMC, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinin qiymətləndirilməsi sifarişini qəbul etmişdir” yazdığı halda, nəticədə “Binəqədi rayonu, Biləcəri qəsəbəsi yerləşən Torpaq sahəsinin ümumi sahəsi 600 kv.m.-dir. Yuxarıdakı cədvələ əsasən evin ümumi sahəsinin 1 kv.m. 19.500 (bir on dokkuz min beş yüz) manat təşkil edir. Yuxarıdakı cədvəldə təyin etdiyimiz qiymətə əsasən qiymətləndirilən əmlakın qiyməti 117.000 (bir yüz on yeddi min) manatdır” yazılmışdır. Yəni “doqquz” sözünü “dokkuz” yazan, torpaq sahəsinin qiymətinin 1 kv.m-nin qiymətini 19.500 manat qiymətləndirilən, bununla yanaşı, guya sifarişə görə torpaq sahəsini qiymətləndirmək əvəzinə əmlakı qiymətləndirən qiymətləndirici MMC-dən bundan artıq nə gözləmək olar? Harada, hansı sənəddə, qiymətləndiricinin yalan rəy verməsinə görə AR CM-nin müddəalarına müvafiq məsuliyyət daşıdığı qeyd edilmişdir? MMC-nin əməkdaşlarının təhsilləri onların fəaliyyətinə müvafiqdirmi? Rəy kim tərəfindən, hansı mütəxəssis tərəfindən verilmişdir, məktub, sertifikat MMC-nin direktoru X.A.Həsənbəyov tərəfindən imzalanmışdırsa da, rəyin kim tərəfindən tərtib edildiyi, verildiyi, rəyin tarixi bəlli deyil? Ümumiyyətlə hazırki qiymətləndirməyə dair hər hansı bir rəy görməmişlər. Binəqədi rayon icra və probasiya şöbəsindən götürmüş olduqları, şöbəyə də "xxxx" MMC-nin direktoru X.A.Həsənbəyov tərəfindən göndərilmiş məktubdan da bəlli olur, 600 kv.m. torpaq sahəsi bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixə bazar dəyəri 117.000 manat müəyyən edilmişdir. Yəni direktorun yazmasına görə qiymət xx.xx.2021-ci il tarixinə müəyyən edilmişdir. (Məktubun da arxasına lazımsız şablon vərəqələrdən yığılmışdır...). Sertifikata görə isə qiymət xx.xx.2021-ci il tarixə müəyyən edilmişdir. İndi başa düşək ki, bu tarixlər niyə fərqlidir, rəy haradadır, rəy nədən ibarətdir və s. Hazırki mübahisəli rəy, lüzumsuz vərəqlərdən, mənası bilinməyən yazılar yazılmış kağız parçasından başqa bir şey deyillər. Bu vərəqlərdə yazılanların hər hansı birinə qiymətləndirici MMC tərəfindən riayət edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m. ölçüdə torpaq sahəsinin qiymətləndirilməsinə dair tərtib etdiyi xx.xx.2021-ci il tarixli A-İ/0988 saylı Qiymətləndirmə Rəyinin (sertifikatının, hesabatının) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş mütəxəssis rəyində müəyyən edilmiş qiymətlə razı deyil, mübahisə predmeti olan daşınmaz əmlakın 123.000 manat qiymətləndirilməsi əsassızdır, onun tərəfindən məhkəməyə qiymətlə bağlı təqdim olunan rəy daha obyektivdir, əmlakın qiyməti 23.000 manatdır, həmin rəy tərtib edilərkən ekspert ərazidə yerləşən əmlakların satışı ilə bağlı saytlardakı məlumatları nəzərə almış, obyektiv araşdırma aparıb rəy vermişdir. Ona görə də hesab edir ki, əmlakın real bazar qiymətinə uyğun dəyəri 23.000 manat təşkil etdiyindən, cavabdeh qiymətləndirmə təşkilatı tərəfindən qoyulan qiymət şişirdirilmişdir və qiymətləndirmə rəyi etibarsız hesab edilməlidir. Cavabdeh MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvanı məlum olmadığından onun nümayəndəsini məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə hüquqi şəxsin hüquqi ünvanından məhkəmə bildirişi müvafiq qeydlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs X7 göstərmişdir ki, iddia ilə razı deyil. Cavabdeh qiymətləndirici tərəfindən qoyulan qiymət realdır, məhkəmə təşəbbüsü ilə təyin edildiyi mütəxəssis rəyi ilə də qoyulan qiymətin real olması müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən rəy reallığı əks etdirmir. Məhkəmədə iddiaçı tərəfindən qaldırılan iddianı əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Binəqədi rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Cavabdeh MMC tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, A-İ/0988 nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 723/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı və xx/xx-153204-19 saylı müraciətinə əsasən təqdim etdiyi sənədlər və qiymətləndirmə obyektinə aid məlumatlarını nəzərə alaraq X4 adına qeydiyyatda olan Binəqədi qəsəbəsindəki 600 kv.m. torpaq sahəsi bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixə bazar dəyəri 117.000 manat müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli sifarişinə əsasən borclu X5 məxsus torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi barədə Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, A-İ/0988 nömrəli qiymətləndirmə rəyinin surətinə əsasən Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin ümumi sahəsi 600 kv.m-dir, torpağın ümumi sahəsinin 1 kv.m. 19.500 manat təşkil etmiş, torpaq sahəsinin dəyəri 117.000 manat qiymətləndirilmişdir. İş üzrə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10 nömrəli qərarın surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 53.1-ci maddəsinə əsasən borclu X4 adına rəsmiləşdirilmiş 1988 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə 600 kv.m. torpaq sahəsi tələbkar İddiaçı mülkiyyətinə verilmiş, Binəqədi qəsəbə Bələdiyyəsinin 1988 saylı xx.xx.2005-ci il tarixli qərar qüvvədən düşmüş hesab edilmişdir. İş üzrə fiziki şəxs İddiaçı sifarişi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş yaşayış təyinatlı daşınmaz əmlakın qiymətinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli, 149-Ə saylı ekspert rəyinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3 ünvanda yerləşən 6 sot torpaq sahəsinin, ərazidə inşa edilmiş iki otaqlı 45,0 kv.m. qəzalı vəziyyətdə olan evlə birgə orta bazar qiyməti – 23.000 manata bərabərdir. İş üzrə “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İEM-02/10/22 nömrəli mütəxəssis rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilən hüquqi aktlar üzrə təsbit edilmiş metodlardan istifadə etməklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə hazırki respublikadaxili orta bazar qiyməti 123.333,0 manat (100.883,0 manat (torpaq sahəsi) + 22.500,0 manat (tikililər)) müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında verilmiş icra sənədi üzrə icra zamanı borclu X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 6 sot torpaq sahəsi müəyyən edilmiş, tələbin borcluya məxsus əmlaka yönəldilməsi proseduruna başlanılmış, Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında həmin daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün Cavabdeh MMC-yə sifariş verilmiş və həmin qiymətləndirici tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə torpaq sahəsinin dəyəri 117.000 manat həddində müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsini İsax Hüseynovun borcların əvəzində qəbul edilməsinə razılıq vermişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş ev real olmayan qiymətə qiymətləndirilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-nin daşınmaz əmlakın qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsası kimi cavabdeh tərəfindən daşınmaz əmlaka qoyulan qiymətlərin real olmamasını, real bazar qiymətindən kifayət qədər yuxarı həddə olmasını göstərmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mütəxəssis rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində tikililərlə birlikdə 123.333 manat dəyərində qiymətlənləndirilmişdir. Həmin mütəxəssis rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu üzrə tədqiq olunan ünvanda yerləşən torpaq sahəsinin 1 sotunun orta bazar qiyməti 16.805,5 manat olmaqla, cəmi 100.833 manat (0,06 ha (6,0 sot və ya 600 kv.m.) x 16.805,5 manat) müəyyən edilmişdir. Uyğun satışların müqayisəsi yanaşması zamanı müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytları məlumatlarına əsasən, həmin torpaq sahəsində yerləşən birmərtəbəli evin (həyətdəki tikililərlə birlikdə) 1 kv.m-nin orta bazar qiyməti 500 manat müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi onun sifarişi əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3 ünvanda yerləşən 6 sot torpaq sahəsinin, ərazidə inşa edilmiş iki otaqlı 45,0 kv.m. qəzalı vəziyyətdə olan evlə birgə orta bazar qiyməti 23.000 manat təşkil etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim edilmiş sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu üzrə 1 sot torpaq sahəsinin orta bazar qiyməti 16.805,5 manat təşkil etməsi həqiqətə uyğundur və cavabdeh tərəfindən aparılmış qiymətləndirmədə qeyri-obyektiv hallar mövcud deyil. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 15-ci maddəsinə əsasən qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikilini həqiqəti əks etdirməyən məbləğlə qiymətləndirilməsini göstərsə də, məhkəmə iclasında bu hal öz təsdiqini tapmadığından, yəni iddiaçı tərəfindən iddiasının əsası kimi gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq olunan sübutlarla təkzib olunduğundan, bununla da qaldırılan iddianı əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər əsassız hesab edilməli və irəli sürülmüş tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri – ödənilmiş dövlət rüsumu, həmçinin iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m. ölçüdə torpaq sahəsinin qiymətləndirilməsinə dair tərtib etdiyi xx.xx.2021-ci il tarixli A-İ/0988 saylı qiymətləndirmə rəyinin (sertifikatının, hesabatının) etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. «X8» MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat məbləğində pul (ekspertiza xərci) İddiaçı tutularaq «X8» MMC-nin (VÖEN: **********, bank rekvizitləri: "xxxx" ASC, AZ1022 Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 85; 192/193, VÖEN: **********, Kod: 507699, M/h: AZ02NABZ********************, S.W.İ.F.T: AZRTAZ22, H/h: AZ69AZRT********************) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar