Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1751/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxs X1 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə (X3 3-cü şəxs qismində) qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 28 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə (X3 3-cü şəxs qismində) qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 9,200 manat zərərin, 5000 manat mənəvi ziyanın və 135 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə mənə məxsus olan “Toyota” markalı “Land-Cruiser-Prado” markalı, istehsal ili 2008 olan ** XP *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 115.50 manat ödəniş edərək xx.xx.2024-cü il tarixədək 1 (bir) illik sığortalamışam. Sığorta şəhadətnaməsində də qeyd olunduğu kimi, baş verən yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərə görə 50.000 manatadək sığorta köməkliyi oluna bilər. 2024-cü il fevral ayının 20-də yedəyində iki qoşa lapet olan traktor markalı texnika mənim yoluma çıxaraq mənə məxsus avtomobili vurmuş və mənə xeyli miqdarda maddi ziyan dəymişdir. Onu da məhkəmənin diqqətinə çatdrımaq istəyirəm ki, hadisə baş verən zaman svetafor işləmirdi. Mən dərhal bu barədə şığorta şirkətinə məlumat verimişəm. Sığorta əməkdaşı hadisə yerinə gəlmiş, qeydlər aparmışdır, lakin sığorta əməkdaşına dəfələrlə müraciət etməyimə baxmayaraq mənə hər-hansı köməklik göstərilməmişdir. Hazırda isə mənim avtomobilim qəzalı və yararsız vəziyyətdədir. Əlavə olaraq onu da qeyd edim ki, hadisə baş verən zaman mən svetoforun işlək vəziyyətdə olmadığı və hərəkət üstünlüyünə sahib olduğum üçün hərəkəti davam etdirmişəm. Həmin zaman digər yol ayrıcından avtomobili və traktor gəlməsini də görmədim, ancaq yedəyində iki qoşa lapet olan traktor sürətlə hərəkət etdiyi üçün mənim keçməyimi gözləməmiş və mənim avtomobilimi sol tərəf yandan vurmuşdur. Onu da əlavə edək ki, həmin yolda svetofor olmadığı zaman eyni əhəmiyyətli yollar qrupuna aiddir, yəni sağdan hərəkət edən hərəkət üstünlüyünə sahibdir. Qeyd olunan hadisə üzrə mən traktorun sağ tərəfində olduğum üçün hərəkət üstünlüyü məndədir, yəni traktor mənə yol verməli idi, mən keçməli idim və sonra traktor öz hərəkətini davam etdirməli idi. Ancaq hadisə baş verdikdən sonra işə birtərəfli baxılmış, düzgün hüquqi qiymət verilməmiş, hadisənin real baş vermə görüntüləri ləğv edilərək saxtalaşdırılmışdır. Halbuki hadisədən sonra ustalar çağırılaraq svetofor təmir olunmuş, ondan sonra saxta şəkillər çəkilərək işə əlavə olunmuşdu. Svetaforun işlək vəziyyətdə olmaması və daha sonra təmir olunması ilə bağlı ətrafda yaşayan və obyekt işlədən hal şahidləri də bunu təsdiq edə bilər. Hadisədən sonra məni polis şöbəsinə dəvət etmişlər, protokol tərtib olunmuş, heç bir video çəkiliş olmadan və mənim protokolu oxuyub tanış olmadan mənə imza etdiriblər. Halbuki, mənim protokolda yazılanlardan məlumatım olmayıb, daha sonra öyrəndikdən sonra işi aparan tədqiqatçı mənə qərəzli yanaşmış və işin guya düzgün aparıldığını demişdir. Hadisə birtərfəli və qərəzli olaraq aparılmış, mənim avtomobilimin sığortalı olması, yol nizamlayıcısı olan svetaforun işlək vəziyyətdə olmaması, yedəyində qoşa lapet olan traktorun yoluma çıxaraq, mənim maşınımı vurmasına baxmayaraq hadisəyə düzgün hüquqi qiymət verilməmiş, mənə heç bir köməklik olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçı təqsirkar bilinmiş və sığorta şirkəti tərəfindən zədələnmiş “MTZ-80X Belarus” markalı traktora dəymiş zərərin əvəzi kimi 550 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçı təqsirlidir. Belə ki, o zaman işıqforun yaşıl işığında hərəkətdə olan zaman iddiaçı qəfildən onun yoluna çıxmışdır. Qərar məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: Ağcabədi RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə “X7 Prado” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin və “MTZ-80X Belarus” markalı AZ04K386 qeydiyyat nişanlı traktorun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Ağcabədi rayon PŞ-nin xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “X7 Prado” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduqda sığorta ödənişi həyata keçirilir. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə işdə olan sübutları göstərilən maddi hüquq normaları ilə yanaşı qiymətləndirərək qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı təqsirli hesab edilmişdir. Hadisənin iddiaçıya münasibətdə sığorta hadisəsi hesab edilə bilməsi və ona dəymiş zərərin ödənilməsini tələb edə bilməsi üçün ilk öncə iddiaçı baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində təqsirli olmayan üçüncü şəxs qismində çıxış etməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində zərərçəkmiş üçüncü şəxs deyil, zərərvuran qismindədir. İşin halları isə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh sığorta şirkətinin iddiaçı qarşısında hazırki iş üzrə heç bir öhdəliyi yaranmamışdır. Belə olan halda iddiaçının “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə” onun əmlakına dəymiş zərərin cavabdeh sığorta şirkətindən tutulması barədə tələbi əsassız olur. Məhkəmə iddia tələbinin “5000 manat mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb maddi ziyanın tutulması hissəsində əsassız olduğundan həmin tələbdən irəli gələn mənəvi zərərin tələb olunması da özlüyündə əsassız hesab edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunmadığı halda, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1751/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1751/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver