Məhkəmə qərarları › İş №e-2(009)-177/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-177/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-177/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 ilə 15 ildən artıq bir müddətdə yaxın yoldaşlıq münasibətləri olmuş və ötən müddət ərzində Cavabdeh1 ondan və onun vasitəçili ilə yaxın tanışlarından müxtəlif məbləğlərdə borc pullar almış, həmin məbləğləri vaxtında geri qaytarmışdır. Aralarında olan inam və etibara arxayın olaraq Cavabdeh1 ona yenidən müraciətini nəzərə alıb 2012-ci ilin oktyabr ayında ona 3000 manat, bir ay keçmiş isə əlavə 2000 ABŞ dolları məbləğində borc pul vermişdir. Növbəti dəfə Cavabdeh1 ondan yenidən pul məbləği istəyərkən evinin kreditdə olduğunu, həmin evi yüksək məbləğə 1.500.000 manata satışa qoyduğunu və tezliklə bu evi satıb həm kredit, həm də ona olan borcunu artıqlaması ilə qaytaracağını bildirərək, hazırda onun ehtiyacı olduğundan əlavə borc məbləğlərinin ona verilməsinə köməklik göstərməsini xahiş etmişdir. O, da Cavabdeh1 inanaraq 2012-ci ildən başlamaqla 2014-cü ilin noyabr ayınadək həm ona, həm də qızı Cavabdeh2 müxtəlif vaxtlarda və məbləğlərdə manat və dollar şəklində borc pul vəsaiti verməkdə davam etmişdir. O, hətta yaxın adamlarından müəyyən pul vəsaitləri alaraq ayrı-ayrı vaxtlarda cavabdehlər Cavabdeh1 və qızı Cavabdeh2 vermiş, bəzən də onun zəngin və tapşırığı ilə cavabdehlər ona yaxın adamlardan da onun hesabına müəyyən pul məbləğləri götürmüşdülər. Cavabdehlər hər dəfə pul götürəndə, bir həftəyə aldıqları borcu bağlayacağını bildirmişdilər. Borc məbləğinin getdikcə artığını gördükdə, həm özü də onların evdərin satılması kömək üçün müxtəlif ev alqı-satqısı məşğul olan şəxslərə müraciət etmişdir. Lakin məlum olmuşdur ki, cavabdehlər ondan birgə aldıqları pulları başqa məqsədlərə xərcləmiş, Cavabdeh2 öz adına “Hyundai Tucson” markalı maşın almış, başqa bir yerdə isə ev təmir işləri ilə məşğul olmuşlar. Bundan sonra o, verilmiş borc məbləğlərinin dərhal qaytarılmasını cavabdehdən tələb etdikdə, onlar bildirmişlər ki, ünvan 1 ünvanında yerləşən ev üzərində kredit borcuna görə həbs olduğundan Cavabdeh2 adına Binəqədi rayonunda olan evi satıb, ona olan borcları dərhal verəcəklər. O, da onlara inanaraq bir daha onları gözləmişdir. Lakin 2019-cu ildə onlar evi satdıqdan bir qədər sonra Səbail RPİ-nin 9-cu Polis Bölməsinə verdiyi izahatında da göstərildiyi kimi, 2019-cu ilin dekabr ayında ona ümumi borc məbləğindən cəmi 1400 ABŞ dolları qaytararaq, yenə də qalan borcun qaytarılmasından uzun müddət yayınmağa başlamışdırlar. Həmin vaxtdan hal-hazırki vaxta kimi dəfələrlə ona şəxsən və mobil telefon vasitəsi ilə borc məbləğinin qalan hissəsin qaytarılmasını tələb etsə də, cavabdehlər həmin məbləği bu günədək qaytarmamışlar və ona məxsus pul vəsaitlərini qanunsuz saxlamaqda davam etmişlər. Beləliklə, cavabdehlər ondan 2012-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda aşağıdakı ardıcıllıqla pul vəsaitləri götürmüşlər:

1. 2012-ci ildə ardıcıl olaraq Cavabdeh1 - xx.xx.2012 – 3000 manat, xx.xx.2012 – 100 manat və 2500 ABŞ dolları, xx.xx.2012 – 1000 manat; Cavabdeh2 – xx.xx.2012 – 3000 manat, xx.xx.2012 – 2000 ABŞ dolları;

2. 2013-cü ildə Cavabdeh1 - xx.xx.2013 – 1000 ABŞ dolları, xx.xx.2013 – 500 manat və 1500 ABŞ dolları, xx.xx.2013 – 1800 manat və 3200 ABŞ dolları, xx.xx.2013 – 500 manat və 1500 ABŞ dolları; Cavabdeh2 – xx.xx.2013 – 1000 manat, xx.xx.2013 – 1500 ABŞ dolları, xx.xx.2013 – 500 ABŞ dolları, xx.xx.2013 – 1000 manat, xx.xx.2013 – 4000 manat, xx.xx.2013 – 1000 ABŞ dolları, xx.xx.2013 – 2000 manat, xx.xx.2013 – 1600 manat və 800 ABŞ dolları, xx.xx.2013 – 2000 ABŞ dolları;

3. 2014-cü ildə Cavabdeh1 – xx.xx.2014 – 1000 manat; xx.xx.2017 – 1400 ABŞ dolları; Cavabdeh2 – xx.xx.2014 – 1900 manat və 1000 ABŞ dolları, xx.xx.2014 – 3000 manat, xx.xx.2014 – 800 manat və 1200 ABŞ dolları, xx.xx.2014 – 900 manat və 1100 ABŞ dolları, xx.xx.2014 – 300 manat olmaqla, Cavabdeh1 8800 manat və 11100 ABŞ dolları, Cavabdeh2 – 18200 manat və 15100 ABŞ dolları götürmüşlər. Cəmi: 27.000 manat + 26.200 ABŞ dolları, onu da manatla ifadə etdikdə 71540 manat pul götürmüşlər. Həmin məbləğdən Cavabdeh1 2012-ci ildə 750 manat, 2013-cü ildə 1100 manat, 2014-cü ildə 1300 manat və 525 ABŞ dolları, 2015-ci ildə 1040 ABŞ dolları, 2019-cu ilin dekabrında 1400 ABŞ dolları, Cavabdeh2 2013-cü ildə 600 manat və 250 ABŞ dolları,2014-cü ildə 3300 manat, 2015-ci ildə 900 ABŞ dolları, cəmi 7050 manat və 4215 ABŞ dolları qaytarmışlar, bu da manat hesabı ilə 14300 manat təşkil etmişdir, 71540-14300=57240. Göründüyü kimi, cavabdehlər hazırda ona 57240 manat pul borcludurlar. Cavabdehlər ona həmin məbləğdə borclu olduqlarını aralarında aparılmış votsap yazışmaları və danışıqları, eləcə də şahidlər təsdiq edə bilər. Cavabdehlərin ona borclu olduqlarını onun şikayəti əsasında aparılmış araşdırma üzrə Cavabdeh1 Səbail rayon 9-cu Polis Bölməsinə verdiyi izahatı da bir daha təsdiq edir. Lakin həmin izahatda cavabdehlər ondan guya iki halda 20000+16000,cəmi 36000 manat pul götürdüklərini və 2019-cu ilin dekabr ayında ona qaytardıqları 1400 ABŞ dolları daxil olmaqla bu borcu bütövlükdə geri qaytardıqlarını göstərməsi tamamilə əsassızdır və həmin əsassızlığını cavabdehlərə son vaxtlar mobil telefon vasitəsi ilə aparılmış danışıq və yazışmalar bir daha təsdiq edir. Eləcə də polis bölməsi tərəfindən aparılmış araşdırmanın nəticəsinə görə ona məhkəmə orqanlarına müraciət etməli olduğu tövsiyyə edilmişdir. Hesab edir ki, cavabdeh ona məxsus pul vəsaitini qanunsuz ələ keçirməklə onun hesabına əsassız varlanan şəxs hesab edilməli, eləcə də ona məxsus pul vəsaitini uzun müddət özündə qanunsuz saxladığından həmin pul vəsaitindən ona faizlər ödəməlidir. Yuxarıda qeyd edilən, işin hallarından göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 borc altında aldıqları cəmi 71540 manat puldan 2019-cu il dekabr ayınadək ona 14300 manat pul qaytarmış və yerdə qalan 57240 manat pulu qanunsuz olaraq 3 ilə yaxın müddətdə özündə saxlamaqla bu günədək ona qaytarmamışdır. Bununla da hesab edir ki, qanunun tələbi və bank uçot dərəcəsini nəzərə alaraq cavabdehlərin qanunsuz saxladıqları 57240 manat pul vəsaitinin 3 il müddətə olan illik 5 faizi, yəni (57240 x 5 : 100 = 2862 manat (illik faiz məbləği) x 3 il = 8586) 8586 manat faiz şəklində və qanunsuz saxladıqları 57240 manat ilə birlikdə 65826 manat, eləcə də vəkilin göstərdiyi hüquqi xidmətə görə 500 manat (65826 manat + 500 manat = 66325 manat), ümumilikdə 66325 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 66325 manat pulun müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən pul məbləğlərinin verilməsini cavabdehlərlə öz aralarında şifahi razılıq əsasında həyata keçirmişdir. Eləcə də hesab edir ki, tərəflər arasında olan razılaşmanın predmeti pul məbləği olduğundan, bu kredit müqaviləsi kimi dəyərləndirilməlidir. Həmçinin hesab edir ki, verilmiş borc məbləğinə dair razılaşmanın yazılı forması ilə bağlı tələblər hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2012-ci ildə yaranmış və həmin dövründə qüvvədə olan AR Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən “Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər”. Eləcə də hesab edir ki, iddiaçının vəkilə hüquqi yardıma görə ödədiyi 501 manat müqavilə xərci də cavabdehdən tutulmalı, bununla da 66826 (66325+501=66826) manat pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 66826 manat pulun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdehlə çoxtdan dostdular, tanışdırlar. Cavabdeh2 təxminən 40, İradənin isə 70 yaşı var. Həmişə bir yerdə olmuşlar, ad günlərində, şənliklərdə birgə iştirak etmişlər. Əvvəl İradəyə pul lazım olmuş, onun da gəliri çox olduğundan, ona borc pul vermişdir. O, şirkətdə işləyir, hətta lazım olanda ona şirkətdən də borc olaraq pul götürüb verirdi. Bir dəfə də 50.000 manat pul lazım olub, şirkətdən götürüb vermişdir. İradə ev alırdı, evini girov qoyub pul götürüb, o, hətta İradəni iş yoldaşı ilə də tanış etmişdir. O, İradəyə əvvəl 1000, 2000 manat pul borc vermişdir. Sonra İradə yenidən gəlib ona demişdir ki, ona kömək etsin. O, da bacısından, rəfiqələrindən pul yığıb İradəyə 17.000-18.000 manat borc vermişdir. Ondan əvvəl də 6.000 ABŞ dolları borc vermişdir, həmçinin 12.000 manat da bir dəfə vermişdir. O, maliyyə işçisidir, baş mühasib işləmişdir, hara gedirsə, nə xərcləyirsə hamısı qeyd etmişdir. Bir dəfə də İradə qızına maşın alırdı, o, İradəyə 3.000 manat pul vermişdir. Cavabdehlər evlərini girovdan azad edib satmaq istəyirdilər. Onların həmin illər üçün vatsap yazışmaları var. Pul ondan eyni məqsəd üçün evin girovdan azad olunması üçün alınmışdır. Həmin borcdan 7000 manat İradə qaytarmışdır. Cavabdehlər 27.000 manatla, 26.400 ABŞ dollarla borc almışlar. Hazırda İradənin ona 20.000 manat, 22.000 ABŞ dolları borcu qalmışdır. Cavabdehlər 7050 manat və 4215 ABŞ dolları borcdan qaytarmışlar. Cavabdehlər ona demişlər ki, borcu 1.72 manat kursla verəcəklər. Onlar borc götürəndə dolların kursu 1,92 manat, hətta 1,55 manat də olurdu. Cavabdehlər 22.000 dolları 78 qəpikdən hesablayıb, 16.000 manat kimi istintaqdakı ifadəsində göstərmişdir. Bu gün cavabdehlər ona 20.000 manat və 22.000 ABŞ dolları borc qaytarmalıdırlar. O, cavabdehlərdən faiz almamışdır. Onlar əvvəl çox mehriban olmuşlar, ona görə də onlara verdiyi pullar üçün qəbz almamışdır. Münasibətləri indi pozulmuşdur. 1.400 ABŞ dolları o, cavabdehlərə kursu 0,78 manat olanda vermişdir. İddiaçı eyni zamanda qeyd etmişdir ki, flaş-kartdakı səs yazılarını dinləyən zaman orada 90.000-100.000 manat məbləğində borcun mövcudluğunu bildirmişdir, cavabdeh həmin borcu qaytaracağını demişdir, lakin o, 90.000-100.000 manat borc verməmişdir, bu rəqəm ondan alınmışdır ki, cavabdeh həm manatın 0,78 kursu ilə dollara çevirib qaytaracağını, 22.000 ABŞ dollarında bu günki kursla qaytaracağına söz vermişdir. Həmin məbləğ də oradan alınmışdır. O, faiz borc verməmişdir. İradə evi girovdan azad edildikdən sonra borcun qaytaracağına dəfələrlə söz vermişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, borc pul İradənin bankda girovda olan evinin girovdan azad olunması məqsədi ilə verilmişdir. Hər iki cavabdeh tərəfindən götürülən pul məhz bu məqsədlə verilmişdir. Ona görə də tələb hər iki cavabdehə qarşı yönəlmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hüquqları ilə müdafiə etdiyi Cavabdeh1 ilə danışıq apararkən, o, bildirmişdir ki, İddiaçı 20.000 manat borc pul almışdır. Cavabdeh1 ona bildirmişdir ki, Durna ona demişdir ki, bu pulları o, özü də faizə almışdır. 16.000 manatı Durna faizə hesablamışdır. Gülüş şəxsən pul almamışdır. İradə Gülüşə demişdir ki, pul götürsün, o, da gedib götürmüşdür. Borc cəmi 20.000 manat təşkil edir. Dolların kursu 1,07 manat olanda 1400 ABŞ dolları ödəmiş, qalanı qalmış, onu da iki dəfəyə ödəmək istəyir, bir dəfəyə ödəmək imkanı yoxdur. Buna görə də barışıq əldə etmək istəmiş, lakin Durna razılaşmamışdır. Cavabdeh1 20.000 manat pulu qızı Cavabdeh2 müalicəsi məqsədi ilə iddiaçıdan almışdır. Digər tərəfdən təhqiqat orqanına yazılan şikayət ərizəsindəki məbləğ, iddia ərizəsindəki məbləğ, flaş-kartda səsləndirilən məbləğlər fərqlidir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı iddia tələbi ilə yanaşı iddia üzrə borc məbləği 2012-2014-cü illəri əhatə edirsə və bu iddia üzrə 3 illik faiz dəfəcəsi tətbiq edilirsə iş üzrə iddia müddəti də tətbiq edilməlidir. Cavabdehin nümayəndəsi iddia tələbləri əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə (“bu ünvanda yaşamır”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, flaş-kartdakı səs yazılarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru polis kapitanı Qurbanəli Kərimli tərəfindən tərtib edilmiş İddiaçı ərizəsi ilə əlaqədar görülmüş işlərə dair arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə 9-cu PB-nə müraciət edərək, 2016-2017-ci illər ərzində Cavabdeh2 şəhərin müxtəlif yerlərində 32.000 ABŞ dolları, Cavabdeh1 isə 20.500 ABŞ dolları pul verdiyini, həmin puldan 2015-ci ildən 2019-cu ilədək 1400 ABŞ dollarını qaytardıqlarını, qalan məbləğin bu günədək ona qaytarılmadığını, zəng edərək pulu istədikdə isə onun ünvanına təhqiramiz ifadələr işlətdiyini və şantaj edəcəyini bildirdiyini qeyd etmişdir. Faktla əlaqədar izahat yazarkən də ərizədə qeyd etdikdərini bir daha təsdiq etmişdir. İzahatı alınmış Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda borc alaraq sonradan qaytardığını, təxminən 7 il öncə isə qızının xəstəliyi ilə əlaqədar ondan 16.000 və 20.000 manat borc aldığını və borcdan 1400 ABŞ dolları qaytardığını bildirərək, İddiaçı ondan pulunu istədikdə maddi vəziyyətlərinin yaxşı olmaması səbəbindən bir az möhlət istədiyini, lakin o, razı olmadığını və qızının ünvanına nəlayiq ifadə işlətdiyi üçün o, da qarşılığı olaraq onu söydüyünü, lakin ona hücum etmədiyini və şantaj da etmədiyini, ona 36000 manat borcu olduğunu bildirmişdir. Ərizədə qeyd olunan faktın pul borc məsələsi olduğundan İddiaçı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunaraq ərizənin bölmənin dəftərxanasına işə tikilməsinə göstəriş verilməsini xahiş etmişdir. Həmin material üzrə Cavabdeh1 vermiş olduğu izahatında bildirmişdir ki, təxminən 11 il bundan qabaq 2011-ci ildən bəri tanıdığım İddiaçı müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul alaraq aldığı borcu tam şəkildə qaytarmışdır. Təxminən 7 il sonra yaşadığı qızı Gülüşün adına olan mənzilini sataraq İddiaçı olan borcunu bağlamışdır. 4 il sonra qızı xərçəng xəstəsi olduğuna görə yenidən İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 16000 manat pul götürmüş, qızı Gülüş isə müxtəlif vaxtlarda Durnadan 20.000 manat pul borc götürmüşdür. Qızı ilə onun Durnaya olan borcları ümumi olaraq 36000 manat təşkil edir. Həmin borcdan sonuncu dəfə 2019-cu ilin dekabr ayında 1400 ABŞ dolları pul İddiaçı qaytarmışdır. Qeyd edir ki, Durna ona zəng edib borcunu istədikdə o, ona bildirmişdir ki, övladı xəstədir və maddi vəziyyəti yaxşı deyil, ona bir az möhlət versin borcunu qaytaracaq. Lakin Durna onunla razı olmadı və telefonda onun qızının ünvanına nalayiq ifadələr işlətdiyi üçün qızı da qarşılıqlı olaraq onu söymüşdür. O, Durnaya hücum etməmişdir, nə də ki onu şantaj etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 2012-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə cavabdehlərə borc kimi cəmi 71540 manat məbləğində pul vermiş, həmin məbləğdən 2019-cu ilin dekabr ayınadək cavabdehlər cəmi 14300 manat qaytarmışlar. Hazırda cavabdehlər ona 57240 manat pul borcludurlar. Həmçinin həmin pul məbləği 3 ilə yaxın müddət ərzində qanunsuz saxladıqları nəticəsində illik 5% hesabı ilə 3 il üçün 57240 manatın faizi olaraq 8586 manat məbləğində faiz borcu yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur və bununla bağlı tərəflər arasında şifahi razılaşma əldə olunmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Səbail rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin araşdırma əsasında izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı müxtəlif vaxtlardan ümumilikdə 16.000 manat, qızı Cavabdeh2 tərəfindən isə 20.000 manat borc pul götürülmüş, ümumilikdə bu borc 36.000 manat təşkil etmiş, həmin borcdan 2019-cu ilin dekabr ayında 1400 ABŞ dolları İddiaçı qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə cəmi 57240 manat məbləğində pulun şifahi müqavilə əsasında borc verilməsini iddia etsə də, həmin məbləğdə borcun verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Cavabdeh1 tərəfindən iddiaçıdan yalnız onun tərəfindən 16.000 manat, qızı tərəfindən 20.000 manat məbləğində borc pulun alınmasını etiraf etməsini nəzərə alaraq hesab edir ki, borcun cavabdeh tərəfindən təhqiqat orqanında yazılı izahatında etiraf edilən həddə olması qəbul edilməlidir. Lakin məhkəmə iclasında Cavabdeh2 tərəfindən götürülən borcun da ümumi məqsəd üçün Cavabdeh1 verilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilən borc pulun qaytarılmasında məsul olan şəxs yalnız Cavabdeh1dır. Bu səbəbdən məhkəmə borc pulun eyni zamanda müştərək qaydada Cavabdeh2 da tutulması barədə tələbi əsaslı hesab etmir. Məhkəmə iddiaçı tərəfindən verilən borcdan 1400 ABŞ dolları – manat məzənnəsi ilə 2380 manat qaytarılmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi borc pulun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 33.620 manat məbləğində iddiaçının xeyrinə pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddia tələbinin ödənişin vaxtında edilməməsi nəticəsində yaranmış ildə 5% hesabı ilə 3 il üçün 57240 manatın faizi olaraq 8586 manat məbləğində pulun cavabdehlərdən tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. AR Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənişin vaxtında icra edilməməsi nəticəsində cavabdehlərin faydalanması ilə bağlı sübutlar təqdim olunmadığından, iddia tələbi 3 il üçün ödənilməyən məbləğin faizi olaraq 8586 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia tələbinin iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsinə dair vəsatətinin əsassız hesab edərək qeyd edir ki, Cavabdeh1 təhqiqat orqanında yazdığı izahatında sonuncu ödənişin 2019-cu ilin dekabr ayında edilməsini, iddiaçı tərəfindən mövcud iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət olunmasını, bununla da borcun qismən ödənilməsinin həyata keçirilməsi ilə etirafedici hərəkətlərdən sonra 3 il müddətin keçməməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən tələblə bağlı məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürməmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 380.2). Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borcun qismən ödənilməsi ilə iddia müddətinin axımı kəsilmiş və belə kəsilmədən sonra iddia müddətinin axımı keçirilmiş müddət nəzərə alınmadan yenidən başlanmışdır. Yəni qismən ödəniş 2019-cu ilin dekabr ayında edildiyi üçün iddia müddətinin keçməsi 2022-ci ilin dekabrından sonrakı müddətdə olmalıdır. Lakin iddiaçı həmin müddətədək məhkəməyə iddia ərizəsi verdiyindən müddət ötürülməmişdir və bu səbəbdən cavabdehin nümayəndəsinin vəsatəti əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür kimi, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 27 saylı vəkil Bürosunun hesabına 501 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 500 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 33.620 (otuz üç min altı yüz iyirmi) manat, hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat, cəmi 34.120 (otuz dörd min yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar