Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1837/2021 09.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3318,51 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan ** NS *** dövlət qeydiyyat nişanlı Volvo S 70 markal avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə 12.07.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmişdir. Dəymiş ziyana əsasən 7587,11 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına ödənilmişdir. Ödənuş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən 4268,60 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. 3318,51 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə bildiriş göndərilsə də, cavabdehlər ödənişi etməkdən yayınmışlar. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı tam həcmdə müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin ifadəsini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 22.07.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın və TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomaşın "xxxx" ASC-də sığortalanmışdır. 05.12.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC-yə 7587,11 manat məbləğində sığorta ödənişi edilmişdir. AA № 617971 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, “Volvo S 70” minik markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. Portaldan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4268,60 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomaşın 01.06.2019-cu il tarixdə sığorta şəhadətnaməsinı əsasən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh1 12.07.2019-cu il tarixdə digər Cavabdeh2 məxsus “Volvo S 70” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobilə zərər vurmuş, nəticədə TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən AR İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinmiş və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 7587,11 manat məbləğində sığorta ödənişi həyata keçirmiş və sonradan "xxxx" ASC-dən 4268,60 manat məbləğində sığorta ödənişi almışdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Az. Resp. Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, Cavabdeh1 "xxxx" ASC-də sığortalı olan «Volvo S 70» markalı ** NS *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən "xxxx" ASC-də sığortalı olan «İveco» markalı ** JX *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində «İveco» markalı ** JX *** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 7587,11 manat məbləğində pul vəsaitini ödədiyindən və daha sonra 4268,60 manat məbləğində sığorta ödənişini cavabdehin sığortaçısı "xxxx" ASC-dən geri aldığıdan iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının qalan hissəsinin, yəni 3318,51 manat pul vəsaitinin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbində göstərilmiş pul tələbinin tutulması tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «İveco Urbanway» markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 3318,51 AZN və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1837/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1837/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver