Məhkəmə qərarları › İş №e-2(009)-1859/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1859/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1859/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi T.H.Həsənovun iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 ASC-yə qarşı hərrac nəticələrinin etibarsızlığı və ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 ASC-yə qarşı hərrac nəticələrinin etibarsızlığı və ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu X4 təxminən 2,7 milyon manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X6 məxsus olan ünvan 3 28/31 və 29/30 saylı mənzillər Cavabdeh2 MMC tərəfindən hərracda satışa çıxarılmışdır. Cavabdeh tərəfindən ünvan 3 28/31 və 29/30 saylı mənzillər açıq hərracda alıcı Cavabdeh1 ASC-nə satılmışdır. Həmin açıq hərracın nəticələri müvafiq olaraq xx.xx.2022-ci il tarixli 265/1/22 saylı protokol və bu protokol əsasında ünvan 3 28/31 mənzilin 413.000 manat qiymətinə Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli 265/2/22 saylı protokol və bu protokol əsasında ünvan 3 29/30 mənzilin 212.000 manat qiymətinə Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən keçirilmiş hərrac aşağıdakılara görə əsassızdır və onun keçirilməsinə dair 265/1/22 və 265/2/22 saylı protokollar və həmin protokollara əsasən bağlanmış müvafiq olaraq ünvan 3 28/31 mənzilin Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli və ünvan 3 29/30 mənzilin Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilələr ləğv olunmalıdır. Belə ki, o, X8 ilə nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1554/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin nikahın pozulmasına dair xx.xx.2018-ci il taixli AZ-İ № 295004 saylı nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Səbail rayon Məhkəməsi qanuni qüvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(009)-859/2019 saylı qətnaməsi ilə İddiaçı və X5 birgə nikah dövründə əldə etdikləri əmlakları onların arasında ½ nisbətdə bölünməsini qət edilmişdir. Həmin qətnamə ilə o cümlədən, ünvan 3 28/31 və 29/30 saylı mənzillər də birgə nikah dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlaklar hesab edilməklə onunla X8 arasında ½ nisbətində bölünmüşdür. Göründüyü kimi, ünvan 3 28/31 mənzilin ½ hissəsi və ünvan 3 29/30 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququnda ona məxsusdur. O, X8 ilə birgə nikah dövründə əldə etdikləri əmlaklarında özünə məxsus paylarını heç bir banka girov və ya ipotekaya qoymamış və eləcə də X8 tərəfindən girov və ya ipotekaya qoyulmasına razılığını verməmişdir. X8 öhdəliklərinə görə onunla birgə nikah dövründə əldə etdikləri əmlakların yalnız özünə məxsus payları həcmində məsuliyyət daşıya və sərəncam verə bilər, onun borcları üzrə tutma da yalnız ona məxsus paya yönəldilə bilər. Yuxarıda sadalananlarla bağlı aşağıdakılar xüsusilə qeyd olunmalıdır: - o, birgə nigah dövründə əldə edilmiş və birgə mülkiyyət olan daşınmaz əmlakda özünə məxsus payı üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilmiş razılıq verməmişdir; - Səbail rayon Məhkəməsinin qanuni qüvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(009)-859/2019 saylı qətnaməsi ilə ünvan 3 28/31 və 29/30 saylı mənzillər də birgə nikah dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlaklar hesab edilməklə həmin mənzillərə mülkiyyət hüququ onunla X8 arasında ½ nisbətində bölünmüşdür; - O, birgə nigah dövründə əldə edilmiş birgə daşınmaz əmlakda özünə məxsus payını özgəninkiləşdirmək və ya yüklü etmək üçün razılıq verməmişdir; - X8 paylı mülkiyyətin mülkiyyətçisi olaraq yalnız özünə məxsus payı sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa cür sərəncam verə bilər; - O, ümumi mülkiyyət hüququndakı payının satışı üçün açıq hərraca razılıq verməmişdir və dolayısı ilə həmin hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara zidd olaraq keçirilmişdir; - Açıq hərrac keçirildikdə və paylı mülkiyyətin digər mülkiyyətçisi bura razı olmadıqda kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını tələb etsin. Lakin, ona belə təklif daxil olmayıb; - Ona hərracın keçirildiyi yer, tarix və vaxt bildirilməyib; - Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(009)-859/2019 saylı qətnaməsinə əsasən ünvan 3 28/31 mənzilin ½ və ünvan 3 29/30 saylı mənzilin ½ hissələri mülkiyyət hüququnda ona məxsusdur və bu paylar üzərində yalnız onun özü sərəncam vermək hüququna malikdir (MM-nin 152.1. və 152.4-cü maddələri); - Onun ünvan 3 28/31 mənzilin ½ və ünvan 3 29/30 saylı mənzilin ½ hissələrinə mülkiyyət hüququ Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(009)-859/2019 saylı qətnaməsi ilə tanınmışdır. Hesab edir ki, sözü gedən hərrac qanunvericiliyin pozulması ilə keçirilib və bu hərracın nəticələri onun mülkiyyət hüquqlarını yolverilməz dərəcədə pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən tam müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş və 265/1/22 və 265/2/22 saylı protokollarla rəsmiləşdirilmiş hərraclar qanunvericiliyə zidd olaraq keçirilmiş və onun nəticələri üzrə bağlanmış ünvan 3 28/31 mənzilin Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli və ünvan 3 29/30 mənzilin Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli müvafiq müqavilələrin bağlanması onun hüquqlarını yolverilməz dərəcədə pozaraq onun daşınmaz əmlakına olan mülkiyyət hüquqlarından qanuna zidd və əsassız olaraq məhrum edilməsinə gətirib çıxarmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/1/22 saylı protokolun və həmin protokol əsasında ünvan 3 28/31 mənzilin Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilənin və habelə cavabdeh "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/2/22 saylı protokolun və həmin protokol əsasında ünvan 3 29/30 mənzilin Cavabdeh1 ASC-nə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Bank ASC-nin iddiası təmin edilərək, X4 Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.705.966,25 manat borc və iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-8314/2018 saylı qətnaməsi ilə cavabdeh X1 nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-7983/18 saylı qərarı ilə cavabdeh X1 nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8314/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamələr icra olunması üçün İcra şöbəsinə yönəldilmişdir. İcra tədbirləri nəticəsində X2 adına ünvan 3 28/31 saylı və ünvan 3 29/30 mənzillər aşkar olunmuşdur. Bakı şəhər Səbail rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun təqdimatı təmin edilərək, X5 adına ünvan 3 28/31 və ünvan 3 29/30 saylı mənzillər və digər əmlaklar üzərinə həbs qoyulmuşdur. Borc ödənilmədiyindən icra tədbirləri nəticəsində X2 adına ünvan 3 28/31 saylı və ünvan 3 29/30 saylı mənzillər icra məmurunun sifarişinə əsasən hərrac şirkətində satılması üçün sifariş edilmişdir. ünvan 3 28/31 saylı və ünvan 3 29/30 saylı mənzillərin keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən hərrac bildiriş tərəflərə göndərilmiş, hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, kütləvi informasiya vasitələrində müvafiq elanlar dərc edilmişdir. Hərrac ilkin və təkrar hərrac baş tutmadığından tələbkara təklif edilmiş və "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/1/22 saylı protokolu, həmin protokol əsasında xx.xx.2022-ci il tarixli müqavilə ilə ünvan 3 28/31 mənzil, habelə “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/2/22 saylı protokolu və xx.xx.2022-ci il tarixli müqavilə əsasında ünvan 3 29/30 mənzili Cavabdeh1 ASC əldə etmişdir. İddia ərizəsindən görünür ki, Əsədova X7 Nizami Nəsib oğlu ilə nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-1554/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin nikahın pozulmasına dair xx.xx.2018-ci il tarixli AZ-İ № 295004 saylı nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Səbail rayon Məhkəməsinin qanuni qüvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(009)-859/2019 saylı qətnaməsi ilə İddiaçı və X5 birgə nikah dövründə əldə etdikləri əmlakları onların arasında ½ nisbətdə bölünməsini qət edilmişdir. Həmin qətnamə ilə o cümlədən, ünvan 3 28/31 və 29/30 saylı mənzillər də birgə nikah dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlaklar hesab edilməklə İddiaçı ilə X8 arasında ½ nisbətində bölünmüşdür. Göründüyü kimi İddiaçı tərəfindən əmlaklar üzərində paylı mülkiyyət hüququ tanınsa da, bununla bağlı reyestr xidmətində hüquqlar qeydə alınmamışdır. Əmlaklar üzrə hərrac vasitəsi ilə satılarkən nə hərrac mərkəzinin, nə də ki, bankın əmlakın bölünməsindən xəbəri olmamışdır. Bu səbəbdən də İddiaçı qeyd edilən əmlaklar üzrə sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş razılığına gərək olmamışdır. Bundan əlavə həmin əmlaklar Nizami Piriyevin borcunun ödənilməməsi ilə əlaqədar açıq hərrac yolu ilə satışa çıxarılmış, hərracda Cavabdeh1 ASC iştirak edilərək əldə etmişdir. İşin gedişatından da görünür ki, Nizami Piriyev və İddiaçı məqsədli şəkildə borcun əmlaka yönəldilməsinin qarşısını almaq üçün nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə cavabdeh Nizami Piriyev ərizə yazaraq iddianı qəbul etmişdir. Nizami Piriyev əmlakın bölünməsinin qarşılığında birgə nikah dövründə yaranmış öhdəliklərin bölünməsini tələb etməmiş və ya əmlakların bölünməsinə etiraz etməmişdir. İddiaçı iddia tələbində qeyd etdiyi kimi hərracın keçirildiyi yer, tarix və vaxtın bildirilməməsi ilə bağlı qeyd edirlər ki, hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən hərrac bildiriş tərəflərə göndərilmiş, hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, kütləvi informasiya vasitələrində müvafiq elanlar dərc edilmişdir. Bundan əlavə borclu Nizami Piriyev cavabdeh "xxxx" MMC, Səbail rayon İcra və Probasiya şöbəsi, Cavabdeh1 ASC-nə (3-cü şəxs qismində cəlb edilməklə) qarşı ünvan 3 28/31 və ünvan 3 29/30 mənzillər üzrə qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5319/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Nizami Piriyevin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Nizami Piriyev və İddiaçı hərracın keçirilməsindən xəbəri olmuşdur. İddiaçı əmlakın birgə payçısı kimi hərracdan qabaq bununla bağlı müraciət etmək və eyni zamanda hərracda iştirak edərək əmlakı əldə etmək imkanı olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41,42 və 43-cü maddələrində hərracın keçirilmə qaydaları nəzərdə tutmuşdur. Bundan əlavə Cavabdeh1 ASC vicdanlı alıcı olaraq hərracda iştirak edərək, hərracın yekun protokolu üzrə müqavilə imzalayaraq qeyd edilən əmlakları əldə etmişdir. Vicdanlıqla bağlı məsələ Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında da öz əksini tapmışdır. Göründüyü kimi əmlaklar barəsində İddiaçı daşınmaz əmlakın dövlət reyestr xidmətində hər hansı hüququ qeydə alınmadığından, bu barədə hərrac mərkəzinin, nə də ki, vicdanlı alıcı kimi Cavabdeh1 ASC-nin məlumatı olmamışdır. Tərəf hesab edirsə ki, onun əmlakda payı vardır və həmin pay hüququnun yaranması onların birgə nikah dövründə yaranmışdır, həmin hüququnun həyata keçirilməsinə mane olmuş həyat yoldaşı Nizami Piriyevə qarşı iddia qaldıraraq, pozulmuş hüquqlarının əvəzini ondan tələb etməlidir. Nümayəndə həmçinin göstərmişdir ki, mübahisəli əmlaklar üzərində həbs olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin əmlakları adlarına qeydiyyata sala bilməmişlər. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlandığı ərizədə işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə AR MPM-nin 185.5-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin ümumi sahəsi 166,5 kv.m., yaşayış sahəsi 80,0 kv.m., yardımçı sahəsi 86,5 kv.m. olan 3 otaqlı 28/31 saylı mənzili tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin ümumi sahəsi 86,2 kv.m., yaşayış sahəsi 55,1 kv.m., yardımçı sahəsi 31,1 kv.m. olan 3 otaqlı 29/30 saylı mənzili tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında imzalanmış PB/GTC-018/2014 saylı, xx.xx.2014-cü il tarixli ümumi şərtlər toplusu çərçivəsində olan xx.xx.2015-ci il tarixli, K1671 saylı maliyyələşdirmə üçün ərizənin surətindən görünür ki, bank tərəfindən borcalana 40 ay müddətinə, yəni xx.xx.2019-cu ilədək faktiki illik faiz dərəcəsi 14% olmaqla 4.200.000,0 manat məbləğində kredit verilmişdir. İş üzrə “Bank” qismində Cavabdeh1 ASC ilə “Zamin” qismində X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, Z1251 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 ASC ilə borc alan "xxxx" MMC arasında bağlanılmış PB/GTC-018/2014 saylı, xx.xx.2014-cü il tarixli ümumi şərtlər toplusu çərçivəsində borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7983/2018 saylı,xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1425/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, zamin X4 Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.705.966,25 manat borcun və iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5076/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018ci il tarixdə 178 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Piriyev, qadına Əsədova soyadı verilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-859/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X5 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 166,5 kv.m., yaşayış sahəsi 80,0 kv.m., yardımçı sahəsi 86,5 kv.m., 3 otaqlı 3 mərtəbəli 28/31 saylı mənzilin (RX seriyalı ******* No-li Çıxarış), ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m., yaşayış sahəsi 55,1 kv.m., yardımçı sahəsi 31,1 kv.m.,3 otaqlı 3 mərtəbəli 29/30 saylı mənzilin (RX seriyalı ******* No-li Çıxarış), ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 66,6 kv.m. olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* No-li Çıxarış), ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 37,5 kv.m.olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* No-li Çıxarış) X8 ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakların hesab edilməsi və həmin əmlakların ½ (50%) hissəsinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən edilməsi, hazırki qətnamənin İddiaçı ilə X5 yuxarıda sadalanan əmlakların ½ (50%) hissəsinə mülkiyyət hüquqlarının Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsi üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı ilə cavabdeh X8 arasında olan nikah Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1554/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X4 Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.705.966,25 manat borcun və iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat pulun tutulması qət edilmişdir; - Səbail rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun təqdimatı təmin edilmiş, X5 adına qeydiyyatda olan ünvan 3 17,18,28/31,29/30 nömrəli mənzillər, ünvan 10 ünvanda yerləşən ü/s-66,6 kv.m. və ü/s-37,5 kv.m.olan qeyri-yaşayış sahələri, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu 300-cü metr sağ tərəf 32A ünvanında yerləşən qeyri-yaşayış binası (3-cü mərtəbədən ü/s 141,1 kv.m. (1, 2, 16, 17, 18, 19, 22, 23 saylı sahələr) açıq eyvan 38,4 kv.m. (36, 37, 38, 39 saylı sahələr) üzərlərinə həbs qoyulmuşdur; - "xxxx" MMC tərəfindən Səbail rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, QXM/2654 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya xx.xx.2020-ci il tarixli Qərarı və 4851/19-xx-xx/1210 saylı, xx.xx.2020-ci il tarixli müraciətinə əsasən təqdim etdiyi sənədləri və qiymətləndirmə obyektinə məlumatları nəzərə alaraq ünvan 3 28/31 və 29/30 saylı mənzillər analoji bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2020-ci il tarixə 28/31 saylı mənzil üçün bazar dəyəri 413.000 manat, 29/30 saylı mənzil üçün bazar dəyəri 212.000 manat müəyyən edilmişdir; - Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə, Səbail rayon Məhkəməsinə, Cavabdeh1 ASC-yə və X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 48512/2019-xx-xx/1480 nömrəli məktubun surətinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018-002 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X4 2.705.966,25 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ödənilməlidir. X2 mülkiyyətində olan ünvan 3 28/31 saylı mənzil 413.000 manata, ünvan 3 29/30 saylı mənzil isə 212.000 manata "xxxx" ASC-yə təklif edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. “X3” MMC-dən daxil olan QXM/2654 saylı, xx.xx.2020-ci il tarixli məktuba əsasən X2 mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən 28/31 saylı mənzilin bazar dəyəri 413.000 manata, ünvan 3 29/30 saylı mənzilin bazar dəyəri isə 212.000 manata müəyyən edildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə uyğun olaraq sözügedən əmlakların açıq hərracda satışını təmin edib, nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur; - "xxxx" MMC tərəfindən sifarişçi Səbail rayon icra şöbəsinə, borclu X6, tələbkar Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 265/22 saylı hərrac bildirişin surətindən görünür ki, onlara Səbail rayon icra və probasiya şöbəsinin 485132/2019-xx-xx/1480 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən borclu X6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzilinin ilkin satış qiyməti 413.000 manata, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzilinin ilkin satış qiyməti 212.000 manata satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də müvafiq elanlar dərc edilmişdir; - “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli buraxılışında LOT 265/22 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzilin 413.000 manat, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzilin 212.000 manata olmaqla açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2022-ci il tarixdə, saat 11.00-da keçirilməsi barədə elan verilmişdir; - "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli AZ1000/**********, AZ1000/**********, AZ1000/********** nömrəli teleqramların surətlərindən görünür ki, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixdə X6 ünvanlanmış SS787791803AZ, SS787791825AZ, SS787791817AZ saylı göndərişlər xx.xx.2022-ci il tarixdə saat 07.55-də təyinatı üzrə çatdırılmışdır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 265/1/22 No-li protokolun surətinə əsasən Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Səbail rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar Səbail rayon icra şöbəsinin 48512/2019-xxxx/1480 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzili ilkin satış qiyməti 413.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün hərracda 413.000 manata Cavabdeh1 ASC-yə satılmışdır; - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin surətinə əsasən X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzili 413.000 manata Cavabdeh1 ASC-yə satılmışdır; - "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 265/2/22 No-li protokolun surətinə əsasən Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Səbail rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar Səbail rayon icra şöbəsinin 48512/2019-xxxx/1480 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzili ilkin satış qiyməti 212.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün hərracda 212.000 manata Cavabdeh1 ASC-yə satılmışdır; -Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin surətinə əsasən X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzili 212.000 manata Cavabdeh1 ASC-yə satılmışdır. İş üzrə Sabunçu rayon Məhkəməsinin 2(008)-221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı Səbail rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və “Paşa Bank» ASC 3-cü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 150 manatı iddiaçı X4, 150 manatı isə cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında imzalanmış PB/GTC-018/2014 saylı, xx.xx.2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli, K1671 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Maliyyələşdirmə üçün ərizəyə əsasən bank borcalana 40 ay müddətinə, yəni xx.xx.2019-cu ilədək faktiki illik faiz dərəcəsi 14% olmaqla 4.200.000,0 manat məbləğində kredit vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, kredit üzrə öhdəliklər müqaviləyə uyğun icra edilmədiyi üçün bank tərəfindən xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət olunmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-334/2017 saylı qətnaməsi ilə borcalandan 5.203.472,49 manat məbləğində borcun tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar olaraq kreditin təminatını qismində çıxış edən girov predmetləri daşınar avadanlıqlar icra məmuru tərəfindən qiymətləndirərək satılması üçün hərraca çıxarılmış və hərrac qaydasında 2.500.419,80 manata satılmış, lakin borc məbləği tam olaraq bağlanmamışdır. Banka ödənilməmiş borc 2.705.966,25 manat təşkil etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, borc məbləği tam olaraq bağlanmadığından müqavilə üzrə borcalanın bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankla X8 arasında xx.xx.2015-ci il tarixli Z1251 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zaminliklə təmin olunmuş pul öhdəliyi borcalan tərəfindən müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin bank qarşısında borcalanla bərabər məsuliyyət daşıyır. Bank qarşısında götürülən öhdəlik icra edilmədiyi üçün bank zamini lazımi qaydada xəbərdar etmiş, öhdəliyin yerinə yetirilməsi tələb etmiş, zamin xəbərdarlığa baxmayaraq öhdəliyi icra etmədiyi üçün bank həmin öhdəlik həddində N.Piriyevə qarşı iddia irəli sürmüş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X4 Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.705.966,25 manat borcun tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə aldıqdan sonra həmin qətnaməyə əsasən verilmiş icra sənədi icra olunması üçün xx.xx.2019-cu il tarixdə Səbail rayon icra şöbəsinə yönəldilmiş, icra tədbirləri nəticəsində Nizami Piriyevin adına müxtəlif daşınmaz əmlak, o cümlədən Bakı şəhəri, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzil və Bakı şəhəri, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzil aşkar olunmuşdur. Səbail rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun təqdimatı təmin edilmiş, Nizami Piriyevin adına Bakı şəhəri, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzil və Bakı şəhəri, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzil və digər əmlaklar üzərinə həbs qoyulmuşdur. İcra tədbirləri nəticəsində mübahisəli mənzillər açıq hərracdan satılması üçün icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən mübahisəli mənzillərin açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə bildirişlər göndərilmişdir. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/1/22 saylı protokolu, həmin protokol əsasında xx.xx.2022-ci il tarixli müqavilə ilə ünvan 3 28/31 mənzili 413.000 manata, habelə hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/2/22 saylı protokolu və xx.xx.2022-ci il tarixli müqavilə əsasında ünvan 3 29/30 mənzili 212.000 manata Cavabdeh1 ASC əldə etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə X8 arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Səbail rayon Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X5 mülkiyyətində olan ünvan 3 28/31 və 29/30 saylı mənzillər də birgə nikah dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilməklə, həmin mənzillərə mülkiyyət hüququ İddiaçı ilə X8 arasında ½ nisbətində bölünmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,ev 50 ünvanında yerləşən 28/31 mənzilin ½ hissəsi və ünvan 3 29/30 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququnda ona məxsusdur. O, Nizami Piriyev ilə birgə nikah dövründə əldə etdikləri əmlaklarında özünə məxsus paylarını heç bir banka girov və ya ipotekaya qoymamış və eləcə də Nizami Piriyev tərəfindən girov və ya ipotekaya qoyulmasına öz razılığını verməmişdir. Nizami Piriyev öhdəliklərinə görə onunla birgə nikah dövründə əldə etdikləri əmlakların yalnız özünə məxsus payları həcmində məsuliyyət daşıya və sərəncam verə bilər, onun borcları üzrə tutma da yalnız ona məxsus paya yönəldilə bilər. O, ümumi mülkiyyət hüququndakı payının satışı üçün açıq hərraca razılıq verməmişdir və dolayısı ilə həmin hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara zidd olaraq keçirilmişdir. Hərracın nəticələri onun mülkiyyət hüquqlarını yolverilməz dərəcədə pozmuşdur. Bu səbəbdən iddiaçı hərracın keçirilməsi barədə protokolların və həmin protokollar əsasında mənzillərin banka satılması barədə müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hərracın qanuni əsaslarla həyata keçirilməməsi barədə dəlilləri əsassızdır, bu hal məhkəmədə tədqiq olunan sübutlarla təkzib olunur. Məhkəmə digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzillər İddiaçı ilə Nizami Piriyevin birgə nikah dövründə olduqları vaxt əldə edilmiş və tərəflər həmin əmlakın bölgüsü ilə bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin əmlaklar üzərində tərəflərin ½ pay üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Yuxarıda qeyd edildiyi kimi X8 Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanılmış müqavilə üzrə yaranmış öhdəliklərin təminatı kimi bankla zaminlik müqaviləsi bağlanmış və bununla da onun həmin pulun qaytarılmasına borcalanla birgə öhdəliyi yaranmışdır. Məhkəmə öhdəliklərə münasibətdə qeyd edir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Hazırki işin faktiki halları ilə müəyyən edilir ki, zamin N.Piriyevin bank qarşısında olan öhdəliyi ər-arvadın birgə öhdəliyi kimi qəbul edilə bilməz, bu öhdəlik şəxsi öhdəlikdir. Digər tərəfdən borclu zaminə qarşı tutulmalı olan pul məbləğinin onun adına olan daşınmaz əmlaklara yönəldilməsi məqsədi ilə həmin əmlaklar üzərinə həbs xx.xx.2019-cu il tarixli məhkəmə qərardadı ilə qoyulsa da, həmin əmlaklar üzərində iddiaçının və onun keçmiş həyat yoldaşının paylı mülkiyyət hüququnu müəyyən edən məhkəmə qətnaməsi xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Yəni faktiki olaraq tələbin yönələ biləcəyi borcluya məxsus əmlaklar üzərinə həbs artıq həmin əmlakların hüquqi rejimi dəyişərək paylı mülkiyyətə keçdikdən sonra qoyulmuşdur. Məhkəmə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Nizami Piriyevin bank qarşısında zamin kimi götürdüyü öhdəlik şəxsi xarakterli öhdəlik olduğundan, tələb yalnız ona məxsus əmlaka yönəldilə bilərdi. Lakin iş materialları ilə müəyyən edilir ki, şəxsi xarakterli öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borclunun tələbi ümumi paylı mülkiyyətdə olan ər-arvadın ümumi əmlakına yönəldilmiş və bu hal iddiaçının əmlaklar üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının paylı mülkiyyət hüququ üzrə ona məxsus əmlakların onun iradəsinə zidd özgəninkiləşdirilməsinin əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Məhkəmə Qanunun göstərilən normasını əsas götürərək qeyd edir ki, ümumi paylı mülkiyyət hüququndakı payın açıq hərracdan satılması zamanı paylı mülkiyyətçi üstünlük hüququna malik olmasa da, payın hərracdan satılmasına onun razılıq verməsi tələb olunduğundan məhkəmə hesab edir ki, hərracın nəticələri tam etibarsız hesab edilməlidir. Məhkəmə Cavabdeh1 ASC-nin nümayəndəsinin iddianın rədd edilməsi barədə gətirdiyi dəlilləri – mənzillərin paylı mülkiyyət kimi tərəflərin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, N.Piriyevin öhdəliyinə iddiaçının da cavabdehlik daşıması barədə dəlillərini əsaslı hesab etmir, yuxarıda qeyd edilən hallar bunu təkzib edir, eyni zamanda birgə nikah dövründə əldə olunan əmlakın ər və ya arvadın hər hansı birinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması digərinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olmaması anlamına gələ bilməz. Bu hal Mülki və Ailə qanunvericiliyin tələbləri ilə də (həmin əmlak üzərində tək sərəncam vermənin hüquqi nəticələri barədə) müəyyən edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməli, hərracın nəticələrinə dair protokollar və onun əsasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, eyni zamanda onların hüquqi nəticələri də ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzilin 413.000 manata Cavabdeh1 ASC-yə satılması barədə "xxxx" MMC tərəfindən 20 iyul 2022-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 265/1/22 saylı protokol və əmlakın alqı-satqısı barədə 20 iyul 2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin və həmin hərracın nəticələri ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzilin 212.000 manata Cavabdeh1 ASC-yə satılması barədə "xxxx" MMC tərəfindən 20 iyul 2022-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 265/2/22 saylı protokol və əmlakın alqı-satqısı barədə 20 iyul 2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin və həmin hərracın nəticələri ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar