Məhkəmə qərarları › İş №e-2(009)-1902/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1902/2024

22.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1902/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 22 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanını əhatə edən bütün sahədən cavabdeh (cavabdehin ailə üzvləri və qeyriləri) tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi, həmin yaşayış sahəsindən sərbəst istifadə etməyinə yaradılan bütün maneələrin aradan qaldırılması, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğin tutularaq ona ödənilməsi, habelə 40 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanında olan sahəyə cavabdeh tərəfindən müdaxilə olunur. Həmin sahə uzun müddət cavabdehin ixtiyarında olub. Belə ki, cavabdeh Cəbrayıl rayonundan qaçqındır və yerinin olmaması bəhanəsi ilə mənim evimi zəbt etmişdir. Onun zəbt etdiyi dövr mən qonşuların evlərində həqiqi qaçqınlıq həyatı yaşamışam. Bu halların qarşısının alınması üçün Səbail rayon Məhkəməsinə müraciət etmişdim və 03 iyul 2014-cü il tarixdə iddiam təmin edilərək cavabdehin ailəsi ilə birgə mənə məxsus yaşayış sahəsindən çıxarılmaları, o cümlədən əşyalarının sahəmdən boşaldılması qət edilmişdir.Qətnaməyə əsasən ünvan 1 ünvanı bütövlükdə mənə təhvil verilməli idi. (həmin qətnamə qoşma olaraq iddia ərizəsinə əlavə edilib). Onu da bildirmək istəyirəm ki, mənim yaşayış sahəm cavabdeh tərəfindən zəbt edildiyi zaman cavabdeh və onun ailə üzvləri Cəbrayıl rayonundan qaçqın kimi gəlmişdilər. Onlara məxsus hər hansı sahə olmayıb və ola da bilməzdi. Məhkəmə qətnamə qəbul edərkən bütün bu halları araşdırmışdı. Lakin buna baxmayaraq cavabdeh tərəfindən mənə məxsus sahəyə yenidən müdaxilələr olur və hələ bu azmış kimi tikinti işləri aparmaq cəhdləri edir. (həmin sahəyə görünüş məhdud olduğundan cavabdehin nə işlər görməsi dəqiq mənə məlum deyil, amma yaxın zamanda mənim tərəfindən ərazi üzrə fotoşəkillər çəkilmişdir ki, həmin şəkillərdəki vəziyyətə uyğun hər hansı dəyişikliklərin olub olmadığını müəyyən etmək olar) Yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilib, lakin tam icra edilməyib. Cavabdehin əşyaları mənim evimdən çıxarılmayıb. Onun əşyalarının mənim evimdən çıxarılması hissəsi icraçı tərəfindən bu günə qədər icra edilməmişdir. İcraçının bildirdiyinə görə qətanamə oktyabr –noyabr aylarında tam icra ediləcəkdir. Bu problem olduğu halda, cavabdehin əşyalarının olduğu sahəyə və həmin sahənin ətrafında olan mənə məxsus sahəyə mənim giriş imkanlarım məhdudlaşdırılır. “Mənim onun əşyalarına toxunmağım” iddiasının qarşıslnın alınması üçün qeyd etdiyim sahələrin giriş hissələri tərəfimdən bağlanılaraq istifadə edilmədən saxlanılmışdır. Hazırda cavabdeh bu vəziyyətdən istifadə edib və mənə məxsus 2-ci mərtəbədə yerləşən sahəyə müxtəlif zamanlarda daxil olaraq həmin sahənin ona məxsus olduğunu bildirir. Bu azmış kimi hələ həmin sahə ətrafında müəyyən tikili işləri aparır ki, cavabdeh öz yerini və yeni iddialarını möhkəmləndirməyə cəhdlər edir. Cavabdehin hərəkətləri barədə müvafiq orqanlara şikayətlər etsəm də, əsaslı tədbir görülməmiş və məhkəməyə müraciət etməyim mənə məsləhət görülmüşdür. Əlavə olaraq bildirmək istəyirəm ki, mənim şikayətim üzrə Səbail rayon Polis İdarəsində müvafiq araşdırılma aparılmış və nəticə olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. (həmin qərar qoşma olaraq iddia ərizəsinə əlavə edilib.) Araşdırma üzrə cinayət işinin qaldırılmaması halı məni qane etməsə də, Qərarla müəyyən edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edir. Belə ki, qərarla müəyyən edildi ki, Cavabdeh əvvəl yaşadığı ismayılova Alfiya Ravilyevnaya məxsus olan evin həyət qapısının qaynağını kəsərək sonuncuya 60 manat dəyərində maddi ziyan vurmuşdur.Vurulmuş ziyan 5.000 manatdan az məbləğ olduğundan Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Bundan başqa H İsgəndərovanın əməlində Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən edilən müdaxilələr nəticəsində mən özümə məxsus olan əmlakdan tam şəkildə istifadə edə bilmirəm. Belə ki, faktiki olaraq hazırkı vəziyyətdə əmlakımdan tam olaraq istifadə edə bilmirəm. Hazırda cavabdeh qeyd edilən sahəyə qum və s. tikinti materialı boşaltmaqla həmin ərazidə özü bildiyi tərzdə və öz əmlakı kimi davranmaqla təmir işləri aparmaq istəyir. Sadalanan hallar azmış kimi mən öz sahəmə daxil omaq istədikdə cavabdehin müxtəlif maneələri ilə rastlaşıram. Hər dəfə belə hərəkətlərlə rastlaşdıqda mənəvi sıxıntı da keçirirəm. Bütün bu hallar mənim səhhətimə də mənfi təsirsiz ötüşmür. Maddi sərvət gücünə əldə etdiyim yaşayış sahəsi sanki mənə məxsus olmaması vəziyyətini yaşayıram. Əmlak hüquqlarımın pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirirəm. Cavabdehin təqsirli hərəkətləri ilə mən psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişəm və hazırda da çəkməyə davam edirəm. Bu hallar cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənə mənəvi ziyanın dəyməsi təqzibolunmaz göstəricisidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanını əhatə edən 4 kv.m həyətyanı sahəyə, 28 kv.m zirzəmiyə və həmin zirzəminin üzərində olan 8 kv.m tikiliyə cavabdeh (cavabdehin ailə üzvləri və qeyriləri) tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi, həmin sahələrdən sərbəst istifadə etməyinə yaradılan bütün maneələrin aradan qaldırılması, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğin tutularaq ona ödənilməsi, habelə 40 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Texniki pasportun surətindən görünür ki, ünvan 1-in aşağısında yerləşən zirzəmi layihələdirmədə nəzərə alınmışdır. Səbail rayon Məhkəməsinin 03 iyul 2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanından çıxarılmaları, evin boşaldılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 İddiaçı xüsusi mülkiyyətidir. İddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin aşağısında yerləşən zirzəmi və zirzəminin üzərində yerləşən 8 kv.metr sahəsi olan tikili iddiaçının qanuni sahibliyindədir. Belə olan halda sözügedən sahələrə də cavabdeh tərəfindən qanunsuz müdaxilələrə qadağan edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinin “2.000 manat mənəvi ziyanın cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı əhatə edən 4 kv.m həyətyanı sahəyə, 28 kv.m zirzəmiyə və həmin zirzəminin üzərində olan 8 kv.m tikiliyə cavabdeh (cavabdehin ailə üzvləri) tərəfindən müdaxilələr qadağan edilsin və həmin sahələrdən iddiaçının sərbəst istifadə etməyinə cavabdeh (cavabdehin ailə üzvləri) tərəfindən yaradılan bütün maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar