Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-206/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Toyota Land-Cruiser 200” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil AC 032579 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən onun mülkiyyətindədir. Avtomobil dizel yanacaq növü ilə işləyir. xx.xx.2024-cü il tarixdə, saat 12:35 radələrində o, özünə məxsus həmin avtomobilə yanacaq doldurmaq üçün Binəqədi qəsəbəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə gəlmiş, oradakı işçiyə 50 manat dəyərində dizel yanacağı doldurmasını bildirmişdir. Lakin, işçi 50 manat dəyərində “Ai 92” markalı benzini avtomobilinə doldurmuş, nəticədə avtomobilin farsunka və yanacaq filtri yararsız hala düşmüşdür. Avtomobili evakuator vasitəsilə servisə aparmış, orada yoxlatmışdır, müəyyyən olunmuşdur ki, nasazlıqların aradan qaldırılması üçün ümumilikdə 5525 manat pul tələb olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı avtomobilinə yanlış yanacağın doldurulması səbəbindən ona vurulmuş maddi zərərin əvəzi kimi 5525 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manatın, 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh1 QSC iddiaya etiraz edərək, iddiada qeyd olunan yanacaqdoldurma məntəqəsinin Cavabdeh1 QSC-yə aid olmadığını vətəndaş Cavabdeh2 ilə kommersiya konsessiyası bağlandığını buna görə də ona dəymiş ziyanın "xxxx" QSC-dən tutulmalı olmadığını qeyd etmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus avtomobilə yanlış yanacağın doldurulması səbəbindən ona vurulmuş maddi zərərin əvəzi kimi 5525 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manatın, 1000 manat mənəvi zərərin cavabdehlər "xxxx" QSC-dən, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, o, yanacaqdoldurma məntəqəsinin müdiridir. Yanacağı səhv dolduran operator Cavabdeh3 onun işçisi olmuşdur, həqiqətən xx.xx.2024-cü il tarixdə Cavabdeh3 səhlənkarlığı səbəbi ilə səhv yanacaq doldurulduğu üçün iddiaçının avtomaşına ziyan dəymişdir. Operator polis bölməsində ziyanı etiraf etmiş və hissə-hissə qaytaracağını bildirmişdir. Operator Cavabdeh3la əmək müqaviləsi bağlayarkən vəzifə öhdəlikləri ilə bağlı Cavabdeh3 təlimatla tanış olmuş, imzalamışdır, orada sahibkara ziyan vurmama, vurulan tərzdə ziyanı tam ödəməyi operator üzərinə götürmüşdür, eyni zamanda əmək müqaviləsinin 3-cü bəndində də ziyanla bağlı məsuliyyətin işçi tərəfindən daşınmalı olması qeyd edilir. Hesab edir ki, hazırkı tələb üzrə yalnız cavabdehliyi operator Cavabdeh3 daşıyır, ziyan ondan tutulmalıdır, ona görədə ona qarşı qaldırılan iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 QSC-nin nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC№032579 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “X4 200” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı minik avtomaşın (2007-ci il buraxılışlı) İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri BPİ-nin Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Qazax rayonunda anadan olan, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yaşayan xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2024-cü il tarixdə təxminən saat 12.35 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində dizel əvəzinə 50 manat dəyərində Aİ92 markalı benzin vurması nəticəsində avtomobilinə ziyan dəyməsi ilə bağlı müraciət mülki xarakterli olduğu üçün aidiyyatı üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməsini tövsiyyə olunur. İş üzrə İddiaçı sifarişi əsasında fiziki şəxs X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının surətinə əsasən “X4-200” markalı 10NC300 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 5.525 manat vəsait hesablanmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,5505 ha olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə “Tapşıran” qismində "xxxx" QSC ilə "xxxx" qismində fiziki şəxs Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 230013 nömrəli Kommersiya konsessiyası Müqaviləsindən görünür ki, “Tapşıran” neft məhsullarını (bundan sonra “Mallar”) “Tapşıran”ın neft bazasından bu Müqavilədə göstərilən qiymətlə satılmasını, "xxxx" isə bu Müqavilənin şərtləri əsasında Malların alınması, dəyərinin tam olaraq ödənilməsi və “Lukoyl” PSC-nin (bundan sonra “Şirkət”) firma adı və loqotipindən istifadə edərək Malların öz adından və öz hesabına pərakəndə qiymətlə müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə satmasını öhdəliyini öz üzərinə götürürlər (bənd 1.1). "xxxx" bu müqavilənin müddəti ərzində Şirkətin firma adı və loqotipindən istifadə edərək aşağıdakı YDM-lərdə neft məhsullarının satışını təşkil edir: ünvan 4 ünvanında yerləşən YDM 4F Mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.0.2020-ci il tarixli çıxarışla təsdiq edilir (bənd 1.2). Konsessioner bir tərəfli qaydada bu müqavilənin 1.2-ci bəndində göstərilməyən Obyektlərdə Tapşırandan əldə edilən neft məhsullarının satışını təşkil etmək və Şirkətin firma adı və loqotipindən istifadə etmək hüququna malik deyil. Konsessioner Obyektlərdən kənar neft məhsullarının satışını Tapşıranla kontragentləri əvvəlcədən razılaşdırmaq və Tapşıranla neft məhsullarının alqı-satqısına dair ayrıca müqavilələr bağlamaq şərtilə həyata keçirə bilər. Bundan əlavə Konsessioner: - müəyyən ticarət-servis təşkilatına malik olmalıdır; - müvafiq ixtisaslaşdırılmış işçi heyətinə malik olmalıdır; - işçilərə təlim verilməsində və reklam tədbirlərində iştirak etməlidir; - həmişə müəyyən miqdarda mal saxlamalıdır; - hər il Tapşırandan müəyyən həcmdə və ya müəyyən miqdarda mal (kvota) qəbul etməlidir. İş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əlavə dəyər vergisi ödəyicisinin **********0 nömrəli qeydiyyat bildirişindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi bildirir ki, Cavabdeh2 (VÖEN: **********) Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. İş üzrə fərdi sahibkar Cavabdeh2 tərəfindən tərtib edilmiş və Cavabdeh3 tərəfindən imzalanmış Operator vəzifəsində çalışanların vəzifə öhdəliklərindən görünür ki, vəzifə təlimatlarına uyğun olaraq 1. Təhlükəsizlik qaydalarına əməl edilməli; 2. Müştəriləri aldatmamalı; 3. Sahibkara maddi ziyan vurmamalı, vurulan tərzdə ziyanı tamlıqla ödəməli; 4. İşə məsuliyyətlə yanaşmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 01.1 nömrəli əmrin surətinə əsasən “Yanacaq doldurma məntəqəsi” bölməsində “operator” vəzifəsində işləyən Cavabdeh3 ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 71 saylı mütəxəssis rəyinə əsasən rəyin təhqiqat hissəsində qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus “Toyota Land-Cruiser 200” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı fərdi sahibkar Fariz Süleymanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən ümumi dəyərinin (5525,0 manat) real bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı özünə məxsus “Toyota Land-Cruiser 200” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmaq üçün Binəqədi qəsəbəsində yerləşən fiziki şəxs Cavabdeh2 məxsus “Lukoil” yanacaqdoldurma məntəqəsinə gələrək, Cavabdeh2 işçisi Cavabdeh3 tərəfindən avtomobilə dizel yanacağının əvəzinə “Ai 92” markalı benzinin doldurulması nəticəsində avtomobilin müxtəlif ehtiyyat hissələri yararsız hala düşmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, avtomobilə yanlış yanağacın doldurulması nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına maddi ziyan dəymiş və iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsasən həmin ziyan 5525 manat təşkil etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən olunmuşdur ki, Cavabdeh1 QSC (Tapşıran) ilə Cavabdeh2 (Konsessioner) arasında xx.xx.2023-cü il tarixli, 230013 №-li kommersiya konsessiyası müqaviləsi bağlanılmış, həmin müqavilənin şərtlərinə əsasən Konsessioner Cavabdeh2 “Lukoil” PSC-nin firma adı və loqotipindən istifadə edərək neft məhsullarının öz adından və öz hesabına pərakəndə qiymətlə satılmasını təşkil edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ona məxsus avtomobilə yanlış yanacağın doldurulması səbəbindən ona vurulmuş maddi zərərin əvəzi kimi 5525 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manatın, 1000 manat mənəvi zərərin cavabdehlər "xxxx" QSC-dən, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı yanacaqdoldurma məntəqəsində çənə yanlış yanacağın doldurulması səbəbi ilə maddi zərər çəkdiyindən, avtomaşına dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, "xxxx" QSC hazırkı tələblər üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab edilə bilməz. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 800.1-cı maddəsinə əsasən konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: -tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; -bu malları öz adından və öz hesabına başqasına satmaq; -bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə baş verən yanacaqdoldurma məntəqəsi mülkiyyətçisi tərəfindən istismar olunur. Cavabdeh1 QSC (Tapşıran) və Cavabdeh2 (Konsessioner) arasında xx.xx.2023-cü il tarixli, 230013 №-li kommersiya konsessiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Konsessioner “Lukoil” PSC-nin firma adı və loqotipindən istifadə edərək neft məhsullarının öz adından və öz hesabına pərakəndə qiymətlə satılmasını təşkil edir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kommersiya fəaliyyətini həyata keçirən sahibkar fiziki şəxs olduğundan, öz sahibkarlıq fəaliyətini sərbəst təşkil etdiyindən və öz işçi heyətinə malik olduğundan, həmçinin İddiaçı məxsus avtomobil ilə bağlı hadisə sahibkar fiziki şəxs Cavabdeh2 yanacaqdoldurma məntəqəsində baş verdiyindən, sözügedən maddi zərər Cavabdeh2 işçisi Cavabdeh3 tərəfindən avtomobilə dizel yanacağının əvəzinə “Ai 92” markalı benzinin doldurulması nəticəsində yarandığından, Cavabdeh3 sahibkara maddi ziyan vurmamaq və vurulan ziyan ödəməklə bağlı üzərinə vəzifə öhdəliyi götürdüyündən, ziyanla bağlı tələb üzrə cavabdehliyi də məhz həmin şəxslər daşımalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 QSC hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində Cavabdeh1 QSC hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər cavabdehlərə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən vurulmuş ziyanla əlaqədar əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Mütəxəssis rəyi ilə təsdiq olunmuşdur ki, İddiaçı məxsus “Toyota Land-Cruiser 200” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı fərdi sahibkar Fariz Süleymanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən ümumi dəyərinin (5525,0 manat) real bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı müğtəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. AR Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən:
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi yuxarıda göstərilən qanunvericilik normalarının, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, yanlış yanacağın doldurulması nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına 5525 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıya vurulan ziyanla bağlı mülki hüquq məsuliyyəti daşıyırlar. Məhkəmə Cavabdeh2 hazırkı tələb üzrə cavabdehliyi yalnız Cavabdeh3 daşıdığını, buna görədə ziyanın yalnız ondan tutulmalı olması barədə dəlilləri üzrə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbləri baxımından (MM 1099.1 mad) işəgötürən kimi Cavabdeh2 işçinin vurduğu ziyana görə məsuliyyət daşıdığından onun dəlilləri əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, maddi ziyanın əvəzi kimi 5525 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə vurulmuş mənəvi ziyana görə 1.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 75 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 5.525 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manat, cəmi 5.600 (beş min altı yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh1 QSC-yə münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev