Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-211/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə dəymiş 5000 (beş min) manat ziyanın, ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumunun və vəkilin xidmət haqqı kimi 311 (üç yüz on bir) manatın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Tələbi onunla əsaslandırılmışdır ki, 07 dekabr 2021-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsinin 20 Yanvar və Nizami küçələrinin kəsişməsində 3 (üç) ədəd minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, X10 idarə etdiyi **-BT-*** dövlət nömrə nişanlı, “Daimler Chrysler C200” markalı minik avtomobili və X2 idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı, “VAZ 2121 NİVA” markalı minik avtomobili eyni dərəcəli yol ayrıcında bir-birinə yol vermədikləri üçün toqquşmuş və aldığı zərbənin nəticəsində VAZ 2121 NİVA markalı minik avtomobili fırlanaraq idarəetməni itirmiş, bundan sonra isə həmin avtomobil yolun kənarında dayanmış İddiaçı mülkiyyətində olan **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hüquqlarını müdafiə etdiyi İddiaçı mülkiyyətində olan **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə külli miqdarda ziyan dəymişdir. Sığortaçı "xxxx" ASC-nin Şəmkir– Qazax ərazisi üzrə mütəxəssisi X13 tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli, 133 saylı “Ziyan aktı”-na əsasən İddiaçı mülkiyyətində olan **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə 7440,00 (yeddi min dörd yüz qırx) manat miqdarında maddi ziyan dəymişdir. Bu fakt səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş 07 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar”-da öz əksini tapmışdır. 08 dekabr 2021-ci il tarixli, 133 saylı “Ziyan aktı”-nda **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinin sol farasının, qabaq kapotunun, ön şüşəsinin, bir ədəd diskinin, qabaq banperin setkasının və qabaq sol amortizatorun yararsız hala düşdüyü və onların yeniləri ilə əvəz edilməsi qeyd edilmişdir. Sığortaçı "xxxx" ASC faydalanan şəxs–hüquqlarını müdafiə etdiyi İddiaçı maliyyə kompensasiyasını ödəməkdən yayınmış və güya qarşılıqlı razılaşma əsasında yeni mütəxəssis dəvət edərək **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə dəymiş ziyanı müəyyən etmişdir. Müstəqil ekspert Əhməd Talıblının tərtib etdiyi 13 iyun 2022-ci il tarixli “Müstəqil ekspert rəyi №QS140602”-ə əsasən **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə güya cəmi 2020,00 (iki min iyirmi) manat miqdarında ziyan dəydiyi müəyyən edilmişdir. Həmin rəydə bütün qiymətlər bazar qiymətlərinə uyğun olmayaraq azaldılması ilə yanaşı, bir neçə detallar ümumiyyətlə göstərilməmişdir. Belə ki, hadisədən bir gün sonra yerində baxış keçirilərək tərtib edilmiş 08 dekabr 2021-ci il tarixli, 133 saylı “Ziyan aktı”-nda **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinin ön şüşəsinin, qabaq sol amortizatorun və bir ədəd diskinin yararsız hala düşdüyü müəyyən edilsə də, nə üçünsə müstəqil ekspert Əhməd Talıblının tərtib etdiyi 13 iyun 2022-ci il tarixli “Müstəqil ekspert rəyi №QS140602”-də həmin detallar ümumiyyətlə göstərilməmişdir. Sığortaçı "xxxx" ASC faydalanan şəxs –İddiaçı ünvanladığı 17 iyun 2022-ci il tarixli məktubda yolnəqliyyat hadisəsi baş verdiyi zaman “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” üzrə onun tərəfindən **-BT-*** dövlət nömrə nişanlı, Daimler Chrysler C200 markalı minik avtomobilinin icbari sığortalı olduğu bildirilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 5000 manat sığorta ödənişi ödənilməsi ilə bağlı tələbi “İcbari sığortalar haqqında” Qanunun tələbinə ziddir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə AVSMMİS üzrə sığorta məbləği 5000 manatdır. “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinə görə bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1 -ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə iddiaçı daxil olmaqla 2 zərərçəkən mövcuddur. Belə ki, zərər dəymiş nəqliyyat vasitələrindən biri İddiaçı idarə etdiyi “Range Rover” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olsa da, baş vermiş hadisə nəticəsində həmçinin X2 idarə etdiyi “Vaz 2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə də zərər dəymişdir. Qeyd edilən hal hadisənin təsdiq edilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı olaraq Şəmkir RPŞ tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli Forma-4 arayışında və digər sənədlərdə də öz təsdiqini tapmışdır. Qeyd olunanlardan aydın olduğu kimi, iddiaçı “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinə əsasən ancaq mütənasiblik nəzərə alınmaqla sığorta ödənişi almaq hüququna malikdir. Dəymiş zərərlə bağlı məsələ məhkəmə tərəfindən araşdırıldığı halda baş vermiş hadisə üzrə digər zərərçəkən olan “Vaz 2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği də məhkəmə tərəfindən araşdırılmalı və müəyyən edilməlidir. Səlahiyyətli dövlət orqanın sənədlərinə və hadisənin baş vermə şəraitinə əsasən baş vermiş yol nəqliyyat hadisəsində 2 zərərvuran (təqsirkar) olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin tam olaraq təmin edilməsini və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5385 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinin qismən təmin edilməsini, 2020 manatın 1010 manatı hissəsində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" müqaviləsi üzrə şirkətimizdə sığortalanmış "Daimler Chtysler C' 200" markalı, **- BT-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə 07 12.2021-ci il tarixində Şəmkir rayonu Çinarlı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Range Rover" markalı, ** ZO *** dövlət qeydiyyat nömrəli avtomobilinizə dəymiş maddi zərərin həcmi barədə razılıq əldə edilmədiyindən dəymiş zərərin müəyyən olunması məqsədilə İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən, qarşılıqlı razılıq əsasında müstəqil sığorta eksperti təyin olunmuş və həmin ekspert tərəfindən xx.xx.2022-ci il tarixli verilmiş rəyə əsasən avtomobilə dəymiş zərərin 2020 manat təşkil etdiyi müəyyən olunmuşdur. Müstəqil sığorta ekspertinin təyin etdiyi məbləğ şifahi olaraq sizə bildirilmiş və eyni qaydada həmin məbləğlə də razı olmadığınızı bildirmişsiniz. Nəzərinizə çatdırırıq ki, həmin qiymət qarşılıqlı razılıqla təyin edilmiş müstəqil ekspert tərəfindən müəyyən edilmişdir. Qiymətləndirmənin təşkili ilə bağlı sığorta qanunvericiliyinin tələblərinə tam riayət olunduğunu nəzərə alaraq məbləğlə razı olmadığınız halda məhkəməyə müraciət edə biləcəyinizi diqqətinizə çaldırırıq. Əlavə olaraq qoşmada müsətqil sığorta ekspertinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktını tanış olmanız üçün diqqətinizə təqdim edirik. Qeyd etmək istəyirik ki, məbləğlə razı olduğunuz təqdirdə müvafiq sənədlər toplandıqdan sonra dərhal ödəniş prosedurlarına başlanılacaqdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən və 2926 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Vəkil hüquqi yardımına görə 310 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2, X10 və X5 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 3949/2021 nömrəli qiymətləndirmə aktından görünür ki, **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə 1800 manat ziyan dəymişdir. İş materiallarında olan müstəqil sığorta eksperti Talıblı Əhmədin xx.xx.2022-ci tarixli rəyinə əsasən **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə 2020 manat ziyan dəymişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinin surətindən görünür ki, xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək **-BT-*** dövlət nömrə nişanlı, Daimler Chrysler C200 minik markalı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 0400/2022 nömrəli qiymətləndirmə aktından görünür ki, ** BA *** dövlət nömrə nişanlı, VAZ 2121 markalı minik avtomobilinə 1260 manat ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 07 dekabr 2021-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsinin 20 Yanvar və Nizami küçələrinin kəsişməsində 3 (üç) ədəd minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X10 idarə etdiyi **-BT-*** dövlət nömrə nişanlı, “Daimler Chrysler C200” markalı minik avtomobili və X2 idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı, “VAZ 2121” markalı minik avtomobili birbirinə yol vermədikləri üçün toqquşmuş və aldığı zərbənin nəticəsində VAZ 2121 markalı minik avtomobili fırlanaraq idarəetməni itirərək yolun kənarında dayanmış İddiaçı mülkiyyətində olan **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə çırpılmışdır. X10 idarə etdiyi **-BT-*** dövlət nömrə nişanlı, “Daimler Chrysler C200” markalı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC sığortalanmışdır. Hadisə zamanı **-BT-*** dövlət nömrə nişanlı, “Daimler Chrysler C200” markalı minik avtomobilin və **-BA-*** dövlət nömrə nişanlı, “VAZ 2121” markalı minik avtomobilin sürücüsü təqsirli bilinmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə 7440 manat maddi ziyan dəymişdir. Zərəri isə o, "xxxx" ASC-dən tələb etsə də sonuncu həmin ziyanı tam ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “İcbari sığortalar haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş vrməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, X10 idarə etdiyi **-BT-*** dövlət nömrə nişanlı, “Daimler Chrysler C200” markalı minik avtomobili "xxxx" ASC tərəfindən mülki məsuliyyətin icbari sığorta növü üzrə sığorta məbləği 50000 manat olmaqla, xx.xx.2020-xx.xx.2021-ci il tarixi üzrə sığorta edilmişdir. X10 idarə etdiyi **-BT-*** dövlət nömrə nişanlı, “Daimler Chrysler C200” markalı minik avtomobili və X2 idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı, “VAZ 2121” markalı minik avtomobili bir-birinə yol vermədikləri üçün toqquşmuş və aldığı zərbənin nəticəsində VAZ 2121 markalı minik avtomobili fırlanaraq idarəetməni itirərək yolun kənarında dayanmış İddiaçı mülkiyyətində olan **-ZO-*** dövlət nömrə nişanlı, Range Rover markalı minik avtomobilinə çırpılmışdır. Hadisə zamanı **-BT-*** dövlət nömrə nişanlı, “Daimler Chrysler C200” markalı minik avtomobilin və **-BA-*** dövlət nömrə nişanlı, “VAZ 2121” markalı minik avtomobilin sürücüsü təqsirli bilinmişdir. "xxxx" ASC-nin texniki ekspertiza şöbəsinin əməkdaşları tərəfindən Range Rover markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1800 manat məbləğində müəyyən olunmuşdur. Məbləğlə bağlı mübahisə olduğu üçün müstəqil eksert tərəfindən avtomobilə dəymiş zərər 2020 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən hər iki sürücünün təqsirli olduğuna görə sığorta ödənişinin 50%, yəni 1010 manatı iddiaçıya ödənilməsinə razıdır. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən X2, X10 və X5 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanılması rədd edilmişdir. X20 markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7440 manat, “VAZ 2121” markalı, **-BA-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə 1540 manat ziyan dəyməsi qeyd olunmuşdur. Məhkəmə tərəfindən zərərin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, iddiaçının idarə etdiyi Range Rover markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2020 manat müəyyən olunmuşdur. (ekspertizanın dəyəri 50 manat). Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, iddiaçının idarə etdiyi Range Rover markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2020 manat müəyyən olunmuşdur. (ekspertizanın dəyəri 50 manat). Məhkəmə iddiaçının avtomobilinə dəymiş zərərin 7440 manat müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda göstərilən məbləği mötəbər hesab etmir və qeyd edir ki, vurulmuş ziyanın məbləği məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilməlidir. Belə ki, Prosessual Qanunvericiliyin tələbinə görə (bənd-32) cinayət təqibi üzrə qüvvəyə minmiş qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunan qərar yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin hadisənin X8 və X16 tərəfindən törədilməsi hissəsində preyudisial əhəmiyyətə malik olmaqla, zərərin məbləği ilə bağlı hissədə preyudisial əhəmiyyətə malik deyildir. Bundan əlavə həmin qərarda 7440 manat məbləğində zərərin müəyyən edilməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçının avtomobilinə 2020 manat məbləğində zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, X16 və X3 hər ikisinin təqsirlilik dərəcəsi bərabər hesab olunmaqla, zərərin məbləği azaldılaraq cavabdeh tərəfindən 1010 manat ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən və 2926 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Vəkil hüquqi yardımına görə 310 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 310 (üç yüz on) manat vəkil xərcinin 200 (iki yüz) manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 1000 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********** saylı qəbz üzrə İddiaçı tərəfindən 74 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 30.10 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizası xərcləri -100 (bir yüz) manatın 30 (otuz) manatı İddiaçı, 70 (yetmiş) manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1010 (on min on) manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 200 (iki yüz) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30.10 (otuz manat, on qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcləri -100 (bir yüz) manatın 30 (otuz) manatı İddiaçı, 70 (yetmiş) manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-211/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-211/2023
02.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver