Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2126/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış sahəsində yerləşən daşınar əmlaka xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" ASC-də “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə AZ/089578 nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta təminatı verilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Xətai rayonu, S.Əhmədov küçəsi, 4 ünvanında yerləşən "xxxx" MMCnin istifadəsində olan qeyri-yaşayış sahəsinjə yanğın hadisəsi baş vermiş, nəticədə "xxxx" MMCnin ərazisində metal konstruksiyadan quraşdırılmış 3 anbar tikilisi, 1 istehsalat sahəsi içərisində olan əmlak və əşyalarla birlikdə, 2 mərtəbəli inzibati binanın bir hissəsinə maddi ziyan dəymişdir. AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, “ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru Cavabdeh2 və cəmiyyətdə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs X1 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduqları halda, müəssisə ərazisində maye şəklindəki həlledicinin boşaldılması işlərinin təhlükəsiz aparılması üçün müvafiq istismar təlimatlarının hazırlanması yanğın-partlayış təhlükəli işləri aparan işçilərlə müvafiq qaydada təlim və təlimatlandırmaların keçirilməsi təşkil etməməklə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2,1.9-cu bəndlərinin və “Neft, qaz və neftkimya sənayesində yanğın təhlükəsizliyi qaydaları”nın 1.4.1,1.4.3, 1.5.1, 2.1.31, 2.9.1, 2.9.2, 2.9.6, 2.9.10, 9.5.1.5-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmişlər”. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəylərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ("xxxx" MMC) daşınar əmlak üzrə ümumilikdə 135.996 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli Fİ-0041/2024/AKT139/25 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 2.900 manat azadolma məbləği çıxılmaqla 133.096 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 133.096 manat əsas və 423,10 manat dövlət rüsumu olmaqla, ümumilikdə 133.519,10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onlar tərəfindən sığorta təşkilatının istinad edərək onlara qarşı tələbin irəli sürülməsinə əsas kimi göstərdikləri AR FHN-nin Əməliyyat-İstintaq İdarəsinin İŞnin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd etmə barədə qərarından həm məhkəmə nəzarəti qaydasında, həm də prokurorluğa şikayət edilmişdir. Yanğın hadisəsinin baş verməsində məsul olan şəxs Cavabdeh2 olmadığı üçün ona qarşı qaldırılan iddianı əsassız hesab edir və ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən 0,2645 ha torpaq sahəsi (Bakı şəhər İcra Hakimiyyətinin başçısının 288 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı ilə torpaq istehsalat bazasının tikintisi üçün verilib) tam mülkiyyət hüququ üzrə dövlətə məxsus olmaqla "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Süleyman Əhmədov küçəsi (Boru keçidi 4) ünvanında yerləşən (sahibi olduqları – "xxxx" MMC) obyektin daşınar və daşınmaz əmlakına yanğın nəticəsində ziyan dəymişdir. Bununla bağlı köməklik göstərməsini xahiş etmişlər. İş üzrə Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin istintaq şöbəsinin rəisi kapitan X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus boya emalı sexində baş vermiş yanğın faktında "xxxx" MMC-nin direktoru Cavabdeh2, həmçinin "xxxx" MMC-də yanğın təhlükəsizliyinə cavabdeh şəxsi Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığı üçün material üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMCnin direktoru Cavabdeh2 və cəmiyyətdə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs X1 üzərlərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduqları halda, müəssisə ərazisində maye şəkilindəki həlledicinin boşaldılması işlərinin təhlükəsiz aparılması üçün müvafiq istismar təlimatlarının hazırlanmasını, yanğın-partlayış təhlükəli işlərini aparan işçilərlə müvafiq qaydada təlim və təlimatlandırmaların keçirilməsini təmin etməməklə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ No 01-2001) 1.2 bəndinin və “Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları”nın 2.1.3, 2.1.31, 2.9.2, 2.9.3, 2.9.10, 9.5.1.1, 9.5.1.5 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmişlər. Bu səbəbdən də, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də fəhlə işləyən X2 və Qaibxanov Meh man Sərvər oğlu statik elektrikləşmə yüklərinin ötürülməsi aparılmadan, maye şəkildəki tezalışan həlledicini bir plastik materialdan olan tutumdan digər plastik materialdan olan tutuma sərbəst axım ilə boşaltma işlərini apararkən, statik elektrikləşmə yüklərinin (potensialların) təsirindən yaranan qığılcımlar, həmin həlledicinin havabuxar qarışığının alışmasına gətirərəkyanğın baş vermişdir. Nəticədə "xxxx" MMC-nin inzibati binasının binanın arxa hissəsində yerləşən istehsalat sahəsi, cəmiyyətin tiner və dolğunun qablaşdırma sexinin yerləşdiyi tikili və həmin tikilinin qonşuluğunda olan anbar tikililəri içərisində olan mallarla birlikdə, "xxxx" MMC-yə məxsus “İsuzu NPR66L” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “Qaz 3302-11” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, Cavabdeh2 məxsus “Linde H20D” markalı çəngəlli yükqaldırıcı, X3 məxsus “Niva” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə yanmış, Cavabdeh2 məxsus “Ford Escape” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və X5 məxsus “Porshe Cayenne” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bir hissəsi, "xxxx" MMC qonşuluğunda yerləşən "xxxx" MMC-yə məxsus binanın yan divarı və "xxxx" MMC-nin inzibati binasının bir hissəsi yanğının təsirinə məruz qalmışdır. Araşdırma materiallarından göründüyü baş vermiş yanğın nəticəsində qüvvədə olan normativ aktların tələbləri "xxxx" MMC-nin direktoru Cavabdeh2 və MMC-nin yanğın təhldükəsizliyinə cavabdeh şəxsi Cavabdeh1 tərəfindən pozulmuş, yanğın zamanı hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilmiş, yanğın ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatların surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin əmlakına cəmi 135.996 manat ziyan dəymişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş Fİ-0041/2024/AKT139/25 saylı, xx.xx.2025-ci il tarixli sığorta aktının surətinə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində "xxxx" ASC-də “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” sığorta növü üzrə sığortalanmış "xxxx" MMC-yə 135.996 manat məbləğində ziyan dəymiş, müəyyən edilmiş zərər məbləğində 2900 manat azadolma məbləği çıxılmaqla "xxxx" MMC-yə 133.096 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən sığorta şirkətində AZ/089578 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış "xxxx" MMC-nin istifadəsində olan daşınar əmlaka yanğın hadisəsi nəticəsində 135.996 manat zərər dəymişdir. Hesablanmış zərər məbləğindən müqavilə şərtlərinə uyğun olaraq 2.900 manat azad olma məbləği çıxdıqdan sonra 133.096 manat sığorta ödənişini aşağıdakı göstərilən bank hesabına köçürülməsinə göstəriş verilməsini xaşiq etmişlər. Əlavə olaraq qeyd etmək istəyirlər ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən sığorta şirkətində AZ/089578 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış "xxxx" MMC-nin istifadəsində olan daşınar əmlaka dəymiş zərərlə bağlı gələcəkdə iddia və tələbləri olmayacaq. İş üzrə xx.xx.2025-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 1xx/xx-55039 saylı sığorta aktına əsasən 133.096 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən «Yurd-F” MMC-nin xeyrinə yüklü edilmiş və istifadəsində olan qeyri-yaşayış sahəsində yerləşən daşınar və daşınmaz əmlak "xxxx" ASC-də xx.xx.2024-cü il tarixli şəhadətnamə ilə “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü ilə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sığorta müqaviləsi qüvvədə olduğu vaxt xx.xx.2024-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində «Yurd-F” MMC-nin istifadəsində olan daşınar və daşınmaz əmlaka ziyan dəymişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru Cavabdeh2 və cəmiyyətdə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs X1 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduqları halda, müəssisə ərazisində maye şəklindəki həlledicinin boşaldılması işlərinin təhlükəsiz aparılması üçün müvafiq istismar təlimatlarının hazırlanması yanğın-partlayış təhlükəli işləri aparan işçilərlə müvafiq qaydada təlim və təlimatlandırmaların keçirilməsi təşkil etməməklə yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, sığortalı «Yurd-F” MMC-yə baş vermiş yanğın hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş dəymiş zərərin hesabatına əsasən həmin ziyan məbləği 135.996 manat məbləğində müəyyən edilmişdir. Sığortalı «Yurd-F” MMC-yə sığorta şirkəti tərəfindən 2.900 manat məbləğində azadolma məbləği çıxılmaqla 133.096 manat məbləğində pul sığorta ödənişi kimi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürümüş tələbdən görünür ki, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli Fİ-0041/2024/AKT139/25 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 2.900 manat azadolma məbləği çıxılmaqla 133.096 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu sbəbdən iddiaçı cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 133.096 manat əsas və 423,10 manat dövlət rüsumu olmaqla, ümumilikdə 133.519,10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı tələb üzrə cavabdehlik daşıyan şəxslər məhz Cavabdeh1 və Cavabdeh2dur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında AR FHN-nin Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş qərarda "xxxx" MMC-nin direktoru Cavabdeh2 və cəmiyyətdə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs X1 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduqları halda, müəssisə ərazisində maye şəklindəki həlledicinin boşaldılması işlərinin təhlükəsiz aparılması üçün müvafiq istismar təlimatlarının hazırlanması yanğın-partlayış təhlükəli işləri aparan işçilərlə müvafiq qaydada təlim və təlimatlandırmaların keçirilməsi təşkil etməməklə yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etmədikləri müəyyən edildiyindən, həmin hal hazırki işə baxarkən qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından preyudisial əhəmiyyət kəsb edən sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələbi edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübuetmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, mülki işə baxarkən cinayət təqibi üzrə qüvvəyə minmiş qərar yalnız iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odurk ki, mülki mübahisələri üzrə məhkəmə tərəflərin mülki məsuliyyətini müəyyən edərkən həmin qərarlarla tam bağlı deyil, yalnız mülki-prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə alaraq özünün hüquqi dəyərləndirməsini apara bilər. Məhz bu konteksdə dəyərləndirmə aparan məhkəmə hesab edir ki, barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 baş vermiş hadisə ilə bağlı mülki məsuliyyət daşıyırlar. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı sığortaçı kimi sığortalı şəxslərə ödədiyi sığorta ödənişini sığorta hadisəsinin baş verməsində təqsirli olduğunu hesab etdiyi cavabdehlərdən subroqasiya qaydasında tələb edir. İddiaçının subroqasiya hüququnun həyata keçirilməsi üçün cavabdehlərin mülki hüquq pozuntusuna (delikt) görə məsuliyyətinin yaranıb-yaranmamasına qiymət verilməlidir. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarının mənası baxımından mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması dispozisiya şərti kimi 3 əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkətlə yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliyi. Ona görə də delikdə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürən tələb təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilən Qanunun 25.2-ci maddəsinə əsasən 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə zərərin mövcud olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur. Bu baxımdan zərərin mövcud olması işin mübahisəsiz halını təşkil edir. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində yanğın hadisəsi baş vermiş və sığorta ödənişi alan şəxsə zərər dəymişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçının ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. İş materiallarından göründüyü kimi «Yurd-F” MMC-nin xeyrinə yüklü edilmiş və istifadəsində olan qeyri-yaşayış sahəsində yerləşən əmlak «Əmlakın yanğından və digər əlavə risklərdən sığortası» növü üzrə sığortalanmışdır. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən 133.096 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı sığorta təşkilatı tərəfindən zərərçəkmişə ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehlərin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 423,10 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 133,096 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 423,10 manat, cəmi 133.519,10 (bir yüz otuz üç min beş yüz on doqquz manat, on qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2126/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2126/2025
05.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver