Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-218/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı “Respublika Təcili və X3 Mərkəzi” X9 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “Respublika Təcili və X3 Mərkəzi” X12 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati xətanı törətmiş və bununla bağlı Səbail rayon DYPŞ YNH tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP6129106 saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Həmin İnzibati xəta haqqında protokola əsasən Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 08.00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Corolla” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Yeni Salyan yolunda dairəyə daxil olmaq istəyən zaman “Yol ver” nişanının tələbini pozaraq, Yeni Salyan yolunda baş yolla hərəkətdə olan sürücü X1 iddiaçıya məxsus “Mercedes-Benz Sprinter- 316” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sürücü K.V.Hüseynova yüngül bədən xəsarəti yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Səbail rayon Məhkəməsi İnzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi faktı tam sübuta yetirilir. Belə ki, AR Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin Səbail rayon Şöbəsindən verilən 69 saylı, xx.xx.2024cü il tarixli rəyə əsasən sürücü K.V.Hüseynovun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin 1-ci barmağının ovuc səthinin əzilmiş-cırılmış yarası- bərk küt əşyanın təsirindən törənmişdir, bundan başqa qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə, yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücünün aldığı xəsarət dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərərvurmaya aiddir. Səbail rayon Məhkəməsinin 3(009)-916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli maddi ziyan aktına əsasən xx.xx.2024-cü il tarixində, saat 08.00 radələrində “Toyota Corolla” markalı, **-PX-*** nömrəli avtomaşınla toqquşma nəticəsində “Mercedes-Benz Sprinter-316” markalı, **-JX-*** nömrəli təcili yardım avtomobilinə 12.040 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddiaçıya məxsus olan avtomobilə dəymiş 12.040 manat maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması və həmin məbləğdə pulun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə məhkəmə qərarının qəbul edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus olan “Mercedes-Benz Sprinter-316” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı 12.040 manat məbləğində pulun və dövlət rüsumunun onun xeyrinə Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ona məxsus olan “Mercedes-Benz Sprinter-316” markalı, **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı 5.210 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun onun xeyrinə Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ilkin maddi ziyan aktında ziyan məbləği 12.000 manat müəyyən edilsə də, avtomaşının tam təmir olunması zamanı çəkilən xərc kifayət qədər aşağı olmuş, belə ki, dəyişdirilməsi nəzərdə tutulan hissələr təmir olunaraq yararlı vəziyyətə gətirilmişdir. Ona görə də təmirə çəkilən xərc azalmış, xx.xx.2025-ci il tarixli aktda 5.210 manat məbləği həddində təmirə xərcin çəkilməsi müəyyən olunur. Həmin xərc realdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsində düzgün olmayaraq o, təqsirli hesab olunmuşdur. Məhkəmədə inzibati işə baxarkən da o, narazılığını hakimə bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 2-ci aktda göstərilən qiymətlərlə razı deyil. Onun iştirakı olmadan zərərlə bağlı akt tərtib olunmuşdur. Hadisə olandan sonra ona bildirmişlər ki, avtomaşına dəyən ziyan 3000 manat həddindədir. Ona görə də o, real ziyanın həmin həddə olmasını qəbul edir. Eyni zamanda 75 yaşı var, təqaüdçüdür, ziyan məbləğini ödəməyə maddi imkanı yoxdur.Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, həcmi azaldılmış iddia tələbi təmin edilməlidir. İş üzrə “Respublika Təcili və X3 Mərkəzi” PHŞ-nin baş mühəndis A.M.Cəfərli, emalatxana bölmə müdiri A.A.Hacıyev, sex ustası S.Q.Qəribov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maddi ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 08.10 radələrində Salyan şossesi Su idman kompleksinin qarşısında “Toyota Corolla” markalı, AZ77PX109 nömrəli avtomaşınla toqquşma nəticəsində “Mercedes-Benz Sprinter-316” markalı, AZ99JX029 nömrəli təcili yardım avtomobilinə (avtomobilin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi) cəmi 12.040 manat maddi ziyan dəymişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 3(009)-916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci mddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş üzrə “Respublika Təcili və X3 Mərkəzi” PHŞ-nin Mərkəzi qaraj müdiri X6, baş mexinik X2, anbar müdiri X5, sex ustası X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 08.10 radələrində Salyan şossesi Su idman kompleksinin qarşısında “Toyota Corolla” markalı, AZ **-PX-*** nömrəli avtomaşınla toqquşma nəticəsində “Mercedes-Benz Sprinter-316” markalı, AZ **-JX-*** nömrəli təcili yardım avtomobilinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı avtomobilin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi üçün işlər görülmüş, çəkilmiş xərclərin cəmi 5.210 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Corolla” markalı, 77PX109 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman iddiaçıya məxsus olan “Mercedes-Benz Sprinter-316” markalı, 99JX029 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşını zədələmişdir. Məhkəmə cavabdehin yol-nəqliyyat hadisəsində təqsirli olmaması barədə dəlilləri üzrə qeyd edir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(009)-916/2024 saylı qərarına əsasən Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin yol-nəqliyyat hadisəsində özünü təqsirli bilməməsi qeyd edilən məhkəmə qərarı ilə təkzib edilir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan «Mercedes-Benz Sprinter-316» markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymiş və iddiaçı tərəfindən təqdim edilmiş zərər aktına əsasən həmin ziyan 5.210 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunduğundan, iddiaçı avtomaşına vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomaşına 5.210 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, yəni avtomaşının texniki cəhətdən saz vəziyyətə gətirilməsi üçün həmin məbləğ həddində vəsait sərf olunduğundan məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulan ziyanla bağlı mülki hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, avtomaşına vurulmuş maddi ziyanın əvəzi kimi cavabdehdən 5.210 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, həcmi azaldılmış iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə təmin olunmuş tələbə mütənasib olaraq 72 manat məbləğində pul tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi “Respublika Təcili və X3 Mərkəzi” X9 xeyrinə 5.210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72 manat, cəmi 5.282 (beş min iki yüz səksən iki) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-218/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-218/2025
04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver