Məhkəmə qərarları › İş №e-2(009)-224/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-224/2023

06.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-224/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs “Ağdam rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs “Ağdam rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Ağdam Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində işlədiyi, 10 il 30 gün əmək stajının olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü ildə Ağdam rayonu Kəngərli kəndində anadan olmuşdur. 1975-ci ildən hazırki vaxtadək müxtəlif yerlərdə işləmişdir. xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Ağdam Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində işləmişdir. Qeyd edir ki, məlum hadisələrlə bağlı onlar Ağdam rayonundan məcburi köçkün düşmüşlər. Bu səbəbdən də ona məxsus olan bütün sənədlər, o cümlədən onun əmək kitabçası Ağdam rayonunun işğal olunmuş ərazisində qalmışdır. Hazırda məcburi köçkün kimi Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. Əmək pensiyasının hesablanması zamanı onun 10 il 30 gün yuxarıda qeyd etdiyi iş stajı nəzərə alınmamışdır. Bu faktı təsdiq edən kifayət qədər şahidləri də vardır. Lakin həmin stajı təsdiq edən sənədin olmadığından o, hüququnu reallaşdıra bilmir. Qeyd edir ki, Ağdam rayon Mərkəzi Xəstəxanasından həmin dövrlərdə işləməyini təsdiq edən sənəd almışdır. Bu arayışı DSMF-na təqdim etmişdir. Lakin DSMF pensiyasını hesablayarkən bu arayışı nəzərə almamışdır. Bu səbəbdən o, İnzibati Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. Lakin qarşı tərəfin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, müvafiq orqana sorğu göndərmiş və sorğuya cavab nəticəsində müəyyən edilmişdir ki, həmin arayış heç bir arxiv arayışına əsaslanmadan verilmişdir. Həmin arxiv sənədləri Qaradağda baş verən məlum hadisələrlə əlaqədar olaraq Ağdamın işğal olunmuş ərazilərində qalmışdır. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01 mart 2019-cu il tarixli, 2-1(103)-369/2019 saylı qərardadı ilə onun iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, o, Agdam rayonunda işləməyini təsdiq edən sənədi arxiv sənədləri mövcud olmadığından başqa qaydada ala bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi onun pensiyasının yenidən hesablanması üçün əsasdır. Bu faktın təsdiq edilməsini isə o başqa yolla ala bilmir. Məhkəmə iclasında ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək və ərizənin mətninə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs “Ağdam rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, ərizənin dəlillərini müzakirə edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 21 fevral 2019-cu il tarixli, 205 nömrəli Ağdam Mərkəzi Rayon Xəstəxanası tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı həqiqətən Ağdam Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyə şöbəsində, xx.xx.1983-cü il tarixdən, xx.xx.1993-cü il tarixə kimi, həkim-cərrah vəzifəsində işləmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq (Ağdam rayon işğalı) MRX-nın kərgüzarlıq və mühasibatlıq sənədləri işğal zonasında qalmışdır. Ona görə də, İddiaçı işə girmə və çıxma əmrlərinin arxiv surətlərini məhkəməyə təqdim etmək mümkün deyildir. Yazılmış arayış yalnız Ağdam rayonundan çıxarılmış 1990-cı ilin tarifikasiya sənədlərinə əsasən tərtib edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-369/2019 nömrəli qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3778/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı onun 01 avqust 1983-cü il tarixdən 31 avqust 1993-cü il tarixədək Ağdam Mərkəzi rayon Xəstəxanasının Cərrahiyə şöbəsində həkim-cərrah vəzifəsində işlədiyi müddətin əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan İddiaçı məxsus 09 iyun 1998-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1993-cü ildə Mərkəzi hərbi hospitalına həkim-cərrah vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1994-cü ildə isə hərbi xidmət keçməsinə ilə əlaqədar işdən azad olunmuşdur. 09 avqust 1994-cü ildən 01 iyun 1998-ci ilədək koordinator vəzifəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. xx.xx.1998-ci ildə Mərkəzi hərbi hospitalına ordinator vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalın adı Mərkəzi Hərbi Kliniki Hospitalına dəyişdirilib. xx.xx.2001-ci ildə Septik cərrahiyyə bölməsinə ordinator vəzifəsinə köçürülüb. xx.xx.2010 ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın adı Silahlı Qüvvələrin Baş Klinik Hospitalı adlandırılıb. xx.xx.2011-ci ildə Travmatologiya və Bərpaedici cərrahiyyə şöbəsinin Yara və Yara infeksiyası bölməsinin ordinatoru vəzifəsinə təyin olunmuş, xx.xx.2012ci ildə ümumi cərrahiyyə şöbəsinin Septiki cərrahiyyə şöbəsinin Septiki cərrahiyyə bölməsinin ordinatoru vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon Mərkəzi xəstəxanası tərəfindən Bakı şəhəri Binəqədi rayon hərbi komissarlığına ünvanlanmış 02.2002-ci il tarixli məktubun surətindən görünür ki, Ağdam rayon Cərrahiyə Xəstəxanasının cərrahı, hal-hazırda MN-nin M.h.K.h-da işləyən İddiaçı 1983-1993-cü illər ərzində Ağdam rayonunun MX-da həkimcərrah kimi fəaliyyət göstərmiş, Xocalı, Ağdam uğrunda gedən döyüşlərdə yaralanmış, xəsarət almış döyüşçü və mülki vətəndaşlara tibbi yardım göstərmişdir. O ən ağır günlərdə belə döyüşlərdə bir yerdə olaraq onlara həkim qayğısı göstərmiş, öz köməkliyini əsirgəməmişdir. 1992-ci ildə Ağdamın bombarduman edildiyi vaxtda ağır qəlpə yarası almışdır. Tibbi arayış: №5345, N noyabr 1996.056 saylı hərbi hissə komandiri. 1992-1993-cü ildə mülki həkimlərin hərbiyə cağrıldığı zamanda o bu işə biganə qalmamış, hərbin sıralarına keçərək bir neçə ay hərbiçi həkim kimi 708 saylı tibbi briqadanın nəzdində fəaliyyət göstərmişdir. Cərrah İddiaçı dəfələrlə döyüş gedən bölgələrdə olmuş, ağır yaralılara yerində ilk lazımı yardım göstərmişdir. Azərbaycan Res publikasının ərazi bütövlüyü uğrunda göstərdiyi xidmətlərə görə Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 53 saylı qərarına əsasən İddiaçı “Müharibə veteranı” adına layiqdir. Binəqədi rayon ərazisində yaşamasını və xidmətlərini nəzərə alaraq İddiaçı “Müharibə veteranı” adının verilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1953-cü il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş İddiaçı yaşayış yeri kimi ünvan 5 ünvanı göstərilmişdir. İş materiallarında olan “Ağdam rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış 20 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı sözügedən iddia ərizəsində qeyd etdiyi xx.xx.1983-cü ildən Ağdam Mərkəzi Rayon Xəstəxanasında işə qəbul olunması ilə bağlı müvafiq Əmri və ya iddiaçının işə qəbulunu təsdiq edən müvafiq hüquqi sənədi məhkəməyə təqdim edə bilmirlər. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu, eləcə də Ağdam Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının yerləşdiyi Ağdam şəhəri işğal olunduğu zamanı 1983-cü ilə dair əmrlərin qeydiyyat kitabı, arxiv sənədləri işğal olunmuş ərazidə qalmışdır. “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X2 kadrlar üzrə mütəxəssisi tərəfindən aparılan araşdırılmalar nəticəsində məlum olmuşdur ki, “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X3 saxlanılan 2009-cu ilin Əmrlərin Qeydiyyat kitabına əsasən İddiaçı Ağdam Mərkəzi Rayon Xəstəxanasında xx.xx.2009-cu il tarixdə § 94 № 64 saylı tərtib edilmiş əmrdən görünür ki, Poliklinika şöbəsinin 1.0 aklad Cərrah həkimi Bakı şəhərində işlə təmin olunması ilə əlaqədar olaraq xx.xx.2009-cu il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Ağdam Mərkəzi Rayon Xəstəxanasında xx.xx.2009cu il tarixdə § 94 № 64 saylı tərtib edilmiş əmrdən təsdiq edilmiş çıxarış əsas sənədə əlavə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olunmuş məcburi köçkünlər iş yerlərindən orta aylıq əmək haqqı (donmuş) alırdılar. İddiaçı Ağdam işğalından sonra Bakı şəhərində işlədiyinə görə Ağdam Mərkəzi Rayon Xəstəxanasından əmək haqqı almamışdır. 2009-cu il tarixdə (məhkəməyə təqdim edilən əmrlə) tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Tibb Universitetinin hərbi tibb fakultəsinin müəlliməsi işləyir, zabitdir, 2015-ci ildə yaşı ilə bağlı istehfaya buraxılmış, polkovnik-leytenantdır. Onun iş yeri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi hospitalıdır, orada oturur. O, 1989-cu ildə Tibb Universitetini bitirib, Ağdam Rayon Mərkəzi Xəstəxanasına təyinatla getmişdir. 1989-cu ilin noyabr ayından Ağdam Rayon Mərkəzi Xəstəxanasında işləmişdir. O, 1989-cu ilin noyabr ayından xx.xx.1992-ci ilə kimi Vaqif həkimlə birlikdə həmin xəstəxanada işləmişdir. xx.xx.1992-ci ildən xəstəxana öz fəaliyyətini göstərə bilmədi. xx.xx.1992-ci ildən xəstəxana hospitala köçürüldü. Fevralın 25-dən 26-na keçən gecə Xocalı alındı. 28 fevral 1992-ci il tarixdə Ağdam şəhəri bombalandı və onlar xəstələri qatara yerləşdirdilər. Onlar Ağdamdam çıxanda heç bir sənəd götürə bilmədilər. Sonra onlar Qaradağlı, Mahrızlı kəndində yerləşdilər. Hazırda hərbi hospital Sarıcalı kəndində fəaliyyət göstərir. Vaqif həkim sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi hospitalında işləyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyində Mərkəzi Hərbi Hospitalında təxirəsalınmaz cərrahiyə bölməsində mülki cərrah vəzifəsində işləyir. 1988-ci ildə Tibb Universitetini bitirib, 1989-cu ildə təyinatla Ağdam rayon Mərkəzi xəstəxanasına cərrah kimi işləməyə başlamışdır, həmin vaxt İddiaçı orada cərrahiyyə şöbəsində cərrah vəzifəsində işləyirdi. Ağdam rayon Mərkəzi xəstəxanası 1992-ci ilə qədər fəaliyyət göstərirdi. 1992-ci il xəstəxana fəaliyyətini dayandırdı, o vaxtdan onlar hərbi hospitalda işləməyə keçdilər. Xəstəxana Qaradağlı kəndinə köçmüşdü. Qaradağlı kəndində həkimlər fəaliyyət göstərirdi, Vaqif də orada fəaliyyət göstərirdi. Sonra o, 1992-ci ildə 1 saylı Hərbi Səhra cərrahiyyə hospitalında işə başladı. O, 2015-ci ildə yaşla bağlı ordu sıralarından təxris olunmuşdur. Tibbi xidmət polkovnik-leytenantıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Tibb Universitetini bitirdikdən sonra təyinatla Laçın rayon xəstəxanasında işləmiş, Laçının işğalından sonra, xx.xx.1992-ci ildə Ağdam rayon xəstəxanasında İddiaçı ilə birlikdə işləmişdir. O həmin xəstəxanaya gələndə İddiaçı orada işləyirdi. Bir yerdə Vaqiflə birlikdə növbədə olmuşlar, Vaqiflə Ağdam işğal olunana kimi 1993-cü ilin iyulun 23-nə kimi bir yerdə işləmişlər. 1993-cü ilin 05 sentyabrından Müdafiə Nazirliyinin Baş Qərargah poliklinikasında mülki həkim cərrah işləmişdir. Yaralı çox olduğu üçün 01 mart 1994-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasına cərrah vəzifəsinə ezam olunmuşdur. 1994-cü ilin dekabr ayında xidmətlə əlaqədar orduya çağırılmışdır. 21 il orduda hərbi xidmətdə olmuşdur. 2015-ci ildə ordudan təxris olunmuş, ona polkovnik-leytenant rütbəsi verilmişdir. 19 yanvar 2016-cı ildən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında cərrah-ekspert işləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyətli olan digər faktları da məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Ağdam rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində işləməsi, 10 il 30 gün əmək stajının olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Ağdam rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində işləməsi, 10 il 30 gün əmək stajının olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar