Məhkəmə qərarları › İş №e-2(009)-2243/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2243/2024

11.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2243/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 30 dekabr 2019-cu il tarixli 19009-S125288/791723 nömrəli əsas kredit limit razılaşmasına 30 dekabr 2019-cu il tarixli 1 nömrəli razılaşma üzrə 14893.07 manat pulun tutulması və tutmanın ipoteka predemetinə yönəldilməsinə dair “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli 4264 nömrəli bildirişin və “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” 07 sentyabr 2024-cü il tarixli bildirişin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. - 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 20-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı (VÖEN:**********) əsas fəaliyyət növü südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi olmaqla fərdi sahibkardır. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 30 dekabr 2019-cu il tarixli 19009-S125288/791723 nömrəli əsas kredit limit razılaşması (bundan sonra “Əsas razılaşma”) bağlanmışdır. Əsas razılaşmaya 30 dekabr 2019-cu il tarixli 1 nömrəli razılaşmaya (bundan sonra “Razılaşma”) əsasən cavabdeh iddiaçıya 24 (iyirmi dörd) ay müddətinə illik 20 % haqq ödəmək şərti ilə 35000 manat məbləğində kredit vermişdir. Razılaşma üzrə öhdəliklərin təminatı olaraq 30 dekabr 2019-cu il tarixli 19009-S125288/791723 İ nömrəli ipoteka müqaviləsinə (bundan sonra “İpoteka müqaviləsi”) əsasən “Mercedes Benz S printer Mikroavtobus” markalı, 99BA573 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (bundan sonra “Nəqliyyat vasitəsi”) cavabdehin xeyrinə ipotekailə yüklü edilmişdir. 01 oktyabr 2024-cü il tarixdə iddiaçı şifahi məlumat almışdır ki, cavabdeh aidiyyəti üzrə notariusa müraciət edərək, icra qeydinin aparılması vasitəsilə razılaşma üzrə borcun tutulmasını və tutmanın nəqliyyat vasitəsinə yönədilməsini həyata keçirmək niyyətindədir. 02 oktyabr 2024-cü il tarixdə iddiaçı aidiyyəti üzrə notariusa müraciət etmiş və məsələnin mübahisəli olduğu barədə ona məlumat vermişdir. Astara rayon Notariat ofisinin notariusu Cavid Mircavadov tərəfindən göndərilmiş 04 oktyabr 2024-cü il tarixli 946 nömrəli məktubunda (09 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur) qeyd edilmişdir ki, notariat hərəkətləri 10 (on) gün müddətinə təxirə salınmışdır. Həmin məktubla birlikdə iddiaçı cavabdeh tərəfindən göndərilmiş bildirişlərin surətini almışdır. Cavabdeh tərəfindən göndərilmiş “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli 4264 nömrəli bildirişdə və “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” 07 sentyabr 2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, iddiaçının cavabdehə borcu cəmi 14893.07 manat təşkil edir. Halbuki, cavabdehin idarə heyəti sədrinin müavini Elnur Həsənov tərəfindən imzalanmış və Mərkəzi Bankın istehlakçılarla iş departamentinin direktoru X.Babayevə ünvanlanmış 29 dekabr 2023-cü il tarixli 6412 nömrəli məktubda göstərilir ki, iddiaçının qalıq borcu 1801.72 manat təşkil edir. 29 dekabr 2023-cü il tarixli 6412 nömrəli məktubda göstərilən 1801.72 manat məbləğində qalıq borc iddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. İddia tələbinin mahiyyətini və iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin mahiyyətini nəzərə alaraq hesab edir ki, hazırki işə ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ilə bağlı aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və həmin iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin iddia tələbi ilə onun Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin kassasiya şikayətinin formasına dair 3 saylı Əlavəsinə uyğun olaraq; order əlavə edilməklə vəkil tərəfindən tərtib edilmiş şikayətlə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar