Məhkəmə qərarları › İş №e-2(009)-2298/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2298/2023

25.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2298/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətindən 678 (altı yüz yetmiş səkkiz) Avro məbləğində sığorta ödənişinin və 70 manat mediasiya rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında qabaqcadan Türkiyə Respublikasına 7 günlük (xx.xx.2023 00:00 - xx.xx.2023 23:59) ailəvi səyahət üçün səfər sgortası müqaviləsi (şəhadətnamələri) bağlanmışdır. Həmin şəhadətnamələrdən biri xx.xx.2023-cü il tarixli STC099596 saylı səfər sığortası müqaviləsinə (şəhadətnaməsinə) əsasən iddiaçının oğlu Allahverdiyev İfxan 7 gün müddətinə qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tibbi müalicə, tibbi daşınma və repatriasiya xərcləri üzrə 15.000 ABŞ dolları məbləğində səyahət sığortası olunmuşdur. Şəhadətnaməyə əsasən Şengen ərazisi daxil olmaqla bütün Avropa ərazisi, MDB ölkələri, əlavə olaraq Türkiyə, İran, BƏƏ və s. ölkələr əhatə dairəsinə daxil olmuş, şərtsiz azadolma məbləği 60 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində - iddiaçı ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasının Antaliya şəhərində səyahətdə olarkən, xx.xx.2023-cü il tarixdə səhər saat 08:30 radələrində oğlu İfxan Allahverdiyevin qarın nahiyəsindən kəskin ağrıları başlamış, sonra hərarəti qalxmış, mədə bulanması, qusması, nəhayət ürək getməsi baş vermişdir. Həmin vaxt iddiaçı və ailə üzvləri dərin təşviş içində olmuş və uşağın bu vəziyyətində nə edəcəklərini belə bilməmişlər. Nəhayət ailənin olduğu otelin resepşeninə məlumat verilmiş, həkim çağırılsa da, gəlmədiyindən İfxan xəstəxanaya aparılmışdır. “Anatolia" hospitalında İfxana tibbi yardım göstərilməsindən imtina edildiyindən, iddiaçı məcbur olaraq oğlunun müayinə və müalicə xərcləri üçün ümumilikdə 678,01 Avro ödəniş etmişdir. Lakin iddiaçı bütün bu gərgin proseslər zamanı həyəcanlı olduğundan normal internet şəbəkəsi tapa bilməmiş və cavabdehə oğlu İfxanın səhhətində yaranmış bu gözlənilməz hadisə barədə üzürlü səbəbdən məlumat verə bilməmişdir. Cavabdeh isə özünün iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda əsassız olaraq Səfər Sığortası Qaydalarının 13.1-ci maddəsinin tələblərinə istinad etməklə hadisə baş verdiyi zaman iddiaçının (sığortalının) sığotra şəhadətnaməsində göstərilən telefonla Sığortaçının ixtisaslaşdırılmış servis mərkəzinə müraciət etməməsini əsas gətirməklə 678,01 Avro məbləğində sığorta ödənişinin verilməsindən imtina etmişdir. Sonda iddiaçı pozulmuş hüquqularının bərpası məqsədilə hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, tərəflər arasında bağlanmış STC 099596 saylı səfər sığortası müqaviləsinə əsasən X4 sığortalı hesab olunmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, ailəsi ilə birgə Türkiyə Respublikasında səyahətdə olan zaman, xx.xx.2023-ci il tarixində övladı X1 qəflətən problem yarandığı üçün xəstəxanaya müracət etmişdir. İddiaçı hadisə baş verən zaman cavabdehə məlumat verməli olduğu halda, həyəcanlı olduğu üçün normal internet şəbəkəsi tapa bilmədiyini və Sığortaçının ixtisaslaşmış servis mərkəzinə məlumat verə bilmədiyini bildirmişdir. Halbuki iddiaçının qeyd etdikləri qeyriciddi, bəhanə xarakterli ifadələrdir. Hadisə barədə sığortaçıya və ya sığortaçının servis mərkəzinə məlumat nəinki iddiaçının özü tərəfindən, həmçinin onun ailə üzvləri tərəfindən də verilə bilərdi. Həmçinin bildirir ki, Sığorta şəhadətnaməsində Servis mərkəzi ilə əlaqə saxlamaq üçün mobil nömrələr və həmin nömrələrə zəng və ya ismarış şəklində məlumat verilməsi üçün bütün məlumatlar göstərilmişdir (tətbiqlər, emaillər). İddiaçı bütün bunlarla yanaşı Sığortaçının qaynar xəttinə zəng edib sığortaçını məlumatlandıra bilərdi. “Səfər sığortası” Qaydalarının 7.1.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək sığortalının vəzifəsidir. Həmin qaydaların 13.1-ci maddəsində qeyd olunur ki, sığorta hadisəsi baş verdikdə sığortalı sığorta şəhadətnaməsində və ya eyniləşdirmə kartında (əgər verilibsə) göstərilən telefonla sığortaçının ixtisaslaşdırılmış servis mərkəzinə dərhal müraciət etməli və dispetçerə baş vermiş hadisə və sığorta sənədlərindəki məlumatlar barədə xəbər verməlidir. Qeyd olunan halda, iddiaçı yuxarıda göstərilən tələbləri icra etməmiş, nəticədə sığortaçını hadisəni araşdırmaq və hadisənin sığorta hadisəsi olubolmamasını müəyyən etmək imkanından, hüquqlarını istifadə etmək imkanından məhrum etmişdir. “Səfər Sığortası” Qaydalarının 14.1.1-ci maddəsində göstərilir ki, bu qaydaların 13.1-ci maddəsinin tələblərinin pozulması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Eyni zamanda, AR Mülki Məcəllənin 923.1-ci maddəsində göstərilir ki, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 923.1ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığorta ödənişinin verilməsmdən imtina edilməsi üçün əsasdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı xəstəxanaya müraciəti zamanı müayinə və müalicə xərcləri üçün 678 avro məbləğində ödəniş etdiyini bildirmişdir. Onun tərəfindən xəstəxana xərcləri barədə qaimə təqdim edilməsinə baxmayaraq, ödənişi təsdiq edən kassa mədaxil çeki, bir sözlə ödənişin verilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Bildirir ki, sığorta şəhadətnaməsində qeyd olunmuşdur ki, servis mərkəzi ilə razılaşdırılmamış tibbi xərclər Sığorta Şirkəti tərəfindən ödənilmir. Odur ki, hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən dəlilləri müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ilə bağlanmış STC099596 saylı Səfər Sığorta Şəhadətnaməsindən görünür ki, iddiaçı X2 Respublikasına 7 günlük (xx.xx.2023 00:00-xx.xx.2023 23:59) səyahət üçün 15000 ABŞ dolları məbləğində sığortalanmışdır. İş materiallarında olan Anatolıa Hospitalın arayışından görünür ki, İfxan Allahverdiyevin müalicə xərcləri ümumilikdə 678,01 Avro təşkil etmişdir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixində Türkiyyə Respublikasına səfər etmişdir. Səfərdə olarkən övladı Allahverdiyev İfxanın (STC099595) səhhətində yaranan şikayətlər səbəbindən xx.xx.2023-cü il tarixində həkimə müraciət etmişdir. Bununla bağlı o, müayinə və müalicə xərcəri ilə əlaqədar ümumilikdə 678.01 EYR dəyərində qəbz təqdim etmişdir. Bildirir ki, Cavabdeh Sığorta Şirkəti ilə bağlanmış STC099596 saylı Səfər Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarının 13.1-ci maddəsinə əsasən hadisə baş verdikdə Sığortalı sığorta şəhadətnaməsində göstərilən telefonla Sığortaçının İxtisaslaşdırılmış Serviz mərkəzinə müraciət etməlidir. Həmçinin Sığorta Şəhadətnaməsində qeyd edilmişdir ki, Servis mərkəzi ilə razılaşdırılmamış tibbi xərclər Sığorta Şirkəti tərəfindən ödənilmir. Nəzərinə çatdırılır ki, Səfər Sığortası Qaydalarının 13.1-cı maddəsinin pozulması həmin Qaydaların 14.1.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Cavabdeh Sığorta Şirkəti onun xx.xx.2023-cü il tarixli müraciəti üzrə sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 887-ci maddəsinə əsasən şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. Həmin Məcəllənin 922-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh sığorta məbləğinin ödənilməsindən imtinasını onunla əsaslandırmışdır ki, Cavabdeh Sığorta Şirkəti ilə bağlanmış STC099596 saylı Səfər Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarının 13.1-ci maddəsinə əsasən hadisə baş verdikdə Sığortalı sığorta şəhadətnaməsində göstərilən telefonla Sığortaçının İxtisaslaşdırılmış Serviz mərkəzinə müraciət etməlidir. Həmçinin Sığorta Şəhadətnaməsində qeyd edilmişdir ki, Servis mərkəzi ilə razılaşdırılmamış tibbi xərclər Sığorta Şirkəti tərəfindən ödənilmir. Səfər Sığortası Qaydalarının 13.1-cı maddəsinin pozulması həmin Qaydaların 14.1.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. “Səfər sığortası” Qaydalarının 7.1.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək sığortalının vəzifəsidir. Qeyd olunan Qaydaların 13.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə sığortalı sığorta şəhadətnaməsində və ya eyniləşdirmə kartında (əgər verilibsə) göstərilən telefonla sığortaçının ixtisaslaşdırılmış servis mərkəzinə dərhal müraciət etməli və dispetçerə baş vermiş hadisə və sığorta sənədlərindəki məlumatlar barədə xəbər verməlidir. “Səfər Sığortası” Qaydalarının 14.1.1-ci maddəsinə əsasən bu qaydaların 13.1-ci maddəsinin tələblərinin pozulması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı yuxarıda göstərilən tələbləri icra etmədiyindən, nəticədə sığortaçını hadisəni araşdırmaq və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək imkanından, hüquqlarını istifadə etmək imkanından məhrum edildiyi üçün Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişini həyata keçirməkdən imtina etməsi əsaslı olmuşdur. Ona görə də, sığorta ödənişi tələbi barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar