Məhkəmə qərarları › İş №e-2(009)-2311/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2311/2025

19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2311/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi R.Ə.Musayevin iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bir müddət öncə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən ona bildirmişlər ki, onun evi həracda satılmışdır. Onun hüquqi məsələlərdən anlayışı olmadığı üçün Vəkil etibarnamə verib hüquqlarının müdafiə edilməsi üçün onunla hüquqi yardıma dair müqavilə bağlamışdır. Bundan sonra nümayəndə Vəkil Nəsimi rayon İcra şöbəsinə yaxınlaşaraq hərracın yekunlarına dair protokolu, təxminən 10 gün bundan əvvəl götürmüşdür. Həmin vaxtadək onun hərracdan və qeyd edilən protokoldan məlumatı olmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən 320/22 saylı protokol tərtib edilmişdir. Hərracın yekunlarına dair protokolla tanış olduqdan sonra onlara məlum olmuşdur ki, Nəsimi rayon İccra şöbəsinin 9525-92800/22-5-33 saylı, 2022-ci il tarixli sifariş məktubuna əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a, 33 saylı mənzil hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. Əmlakın ilkin satış qiyməti 68000 manat olmuş, lakin 43.350 manata satılmışdır. Bu isə o deməkdir ki, hərrac bir neçə dəfə olmuşdur, lakin onun bunlardan xəbəri olmamışdır. Krediti qardaşı X4 götürmüşdür. Qardaşı isə ona bildirirdi ki, daimi olaraq krediti ödəyir. Hərracın yekunlarının protokolunu götürdükdən sonra Bankdan da müvafiq arayış əldə etmişlər. Həmin arayışdan da görünür ki, hesabda pul vəsaiti vardır. Onlar üçün da maraqlı məqam ondan ibarət olmuşdur ki, krediti ödənildiyi halda onun evi hansı əsaslara görə hərraca çıxarılaraq satılıbdır, əgər borclunun hesabında pul vəsaiti varsa, həmin məbləğ niyə kreditə yönəldilməmiş, depozitdə saxlanılmışdır. Bundan əlavə hərracların keçirilməsi mülkiyyət sahibi olaraq onun iştirakı hansı əsaslarla təmin edilməmişdir, digər borclu şəxs qardaşı Rafiq Əhmədov da bildirmişdir ki, kifayət qədər kredit ödəməmiş, lakin həmin məbləğlər nəzərə alınmamışdır. Hesab edir ki, ödənilməmiş məbləğlər kreditdən çıxılmış olsaydı ortada elə də bir böyük krediti borcu qalmazdı. Hərracdan məlumatı olmuş olsaydı, həmin qalmış məbləği də özü ödəyərdi, bu günkü gündə evinin əlindən çıxarması təhlükəsi ilə üz-üzə qalmazdı. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********29487104 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a, 33 saylı mənzilin hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 320/22 saylı protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən 2 dəfə hərraca dair bütün sənədlər məhkəməyə təqdim edilmişdir və həmin sənədlərin içərisində iddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişin göndərilməsinə dair sübut yoxdur. Başqa sözlə iddiaçının hərracın keçirilməsindən məlumatı olmamışdır. İddiaçı məhkəməyə müraciət olunmamışdır 1 ay qabaq məlumat əldə etmişdir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs qismində işə cəlb edilmiş ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, hərrac təşkilatı ilə əlaqə saxlanılmış, həmin təşkilatdan onlara bildirilmişdir ki, əmlakın mülkiyyətçisinə də bildiriş göndərilmiş, bunu təsdiq edən sübutlar axtarılır, bütün sənədlər eyni zamanda icra şöbəsinə təqdim edilmişdir. Ona görə də keçirilən hərracı qanuni hesab edir, həmin hərracın nəticələri əsasında bank ipoteka predmeti üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və çıxarış əldə etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin MMC-nin direktoru İnqilab Mustafazadə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli icra qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-197/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli, 093/KTN saylı kredit müqaviləsinə əsasən cəmi 20.946,48 manat, xx.xx.2018-ci il trixli 382/F saylı kredit müqaviləsinə əsasən cəmi 17.125,05 manat, qiymətləndirmənin keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 654 manatın əlli faizi, yəni 327 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün 30 manat və 30 manat məbləğində dövlət rüsumu X1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan ünvan 2 ünvanında yerləşən 38,6 kv.m. ümumi, 27,7 kv.m. yaşayış, 10,9 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış likvid qiyməti 68.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Nəsimi rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə, İddiaçı, "xxxx" ASC-yə, Nəsimi rayon Məhkəməsinin hakimi F.Babayevə, AR Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 477/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 38.676,03 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutma girov predmeti olan ünvan 2 ünvanında 38,6 kv.m. ümumi, 27,7 kv.m. yaşayış, 10,9 kv.m.yardımçı sahədən ibarət olan 2 otaqlı mənzilə yönəldilməli, ilkin satış qiyməti 68.000 manat məbləğində olmaqla mənzil açıq hərracda satılmalıdır. Qeyd olunanlara əsasən qanunamüvafiq qaydada hərracın keçirilməsini təşkil edib, nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən Nəsimi rayon İcra Şöbəsinə, borclu X3, İddiaçı, tələbkar "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli hərrac bildirişinin surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin 9525-92800/22-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a saylı evin ümumi sahəsi 38,6 kv.m. olan 2 otaqlı 33 saylı mənzilinin ilkin satış qiymətinin 68.000 manata satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın baş tutmaması barədə 320/22 nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətinə əsasən Nəsimi rayon İcra Şöbəsinin 9525-92800/22-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən ümumi sahəsi 38,6 kv.m. olan 2 otaqlı 33 nömrəli mənzili ilkin satış qiyməti 68.000 manata hərraca çıxarılmış və həmin mənzilin alıcısı olmadığına görə hərrac baş tutmamışdır. AR “İpoteka haqqında” qanunun 43.5-ci maddəsinə müvafiq olaraq hərrac baş tutmamış elan olunmuş və təkrar hərrac ilkin satış qiymətindən 15% aşağı qiymətlə təyin edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən Nəsimi rayon İcra Şöbəsinə, borclu X3, İddiaçı, tələbkar "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli hərrac bildirişinin surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin 9525-92800/22-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a saylı evin ümumi sahəsi 38,6 kv.m. olan 2 otaqlı 33 saylı mənzilinin satış qiymətinin 57.800 manata satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 11.00-da təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın baş tutmaması barədə 320/22 nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətinə əsasən Nəsimi rayon İcra Şöbəsinin 9525-92800/22-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən ümumi sahəsi 38,6 kv.m. olan 2 otaqlı 33 nömrəli mənzili satış qiyməti 57.800 manata təkrar hərraca çıxarılmış və həmin mənzilin alıcısı olmadığına görə hərrac baş tutmamışdır. AR “İpoteka haqqında” qanunun 43.1.2 maddəsinə əsasən hərracda iştirakçısı olmadığına görə baş tutmamış elan edilmişdir. AR “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə müvafiq olaraq hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini almaq ipoteka saxlayana təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə təklif edilməsi qərara alınmışdır. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 320/22 nömrəli, xx.xx.2022-ci il tarixli protokolun surətinə əsasən Nəsimi rayon İcra Şöbəsinin 9525-92800/22-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a saylı evin 33 saylı mənzili ilkin satış qiyməti 68.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 43.350 manata ipotekasaxlayan "xxxx" ASC-yə təklif olunmuşdur. İş üzrə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilənin surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a saylı evin 33 saylı mənzili 43.350 manata "xxxx" ASC-yə satılmışdır. İş üzrə Nəsimi rayonu MKTB-nin 77 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2014-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a saylı evin 33 saylı mənzilində qeydiyyatsız yaşayır, mənzilin şəxsi mülkiyyətçisidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli, 093/KTN saylı kredit müqaviləsinə əsasən cəmi 20.946,48 manat, xx.xx.2018-ci il trixli 382/F saylı kredit müqaviləsinə əsasən cəmi 17.125,05 manat, qiymətləndirmənin keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 654 manatın əlli faizi, yəni 327 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün 30 manat və 30 manat məbləğində dövlət rüsumu X1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan ünvan 2 ünvanında yerləşən 38,6 kv.m. ümumi, 27,7 kv.m. yaşayış, 10,9 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış likvid qiyməti 68.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən mübahisəli mənzili açıq hərracdan satılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. İlkin hərracda mübahisəli evin alıcısı olmadığından hərrac baş tutmadığına görə təkrar hərrac keçirilmişdir. Təkrar hərracda da evin alıcısı olmadığından, “İpoteka haqqında” AR Qanununun tələblərinə əsasən mübahisəli mənzil banka təklif edilmiş, bank həmin əmlakı almışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bir müddət öncə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən ona bildirmişlər ki, onun evi həracda satılmışdır. Onun vəkili Nəsimi rayon İcra şöbəsinə yaxınlaşaraq hərracın yekunlarına dair protokolu, təxminən 10 gün bundan əvvəl götürmüşdür. Həmin vaxtadək onun hərracdan və qeyd edilən protokoldan məlumatı olmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən 320/22 saylı protokol tərtib edilmişdir. Hərracın yekunlarına dair protokolla tanış olduqdan sonra onlara məlum olmuşdur ki, Nəsimi rayon İcra şöbəsinin 9525-92800/22-5-33 saylı, 2022-ci il tarixli sifariş məktubuna əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a, 33 saylı mənzil hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. Əmlakın ilkin satış qiyməti 68000 manat olmuş, lakin 43.350 manata satılmışdır. Bu isə o deməkdir ki, hərrac bir neçə dəfə olmuşdur, lakin onun bunlardan xəbəri olmamışdır. Krediti qardaşı X4 götürmüşdür. Qardaşı isə ona bildirirdi ki, daimi olaraq krediti ödəyir. Hərracın yekunlarının protokolunu götürdükdən sonra Bankdan da müvafiq arayış əldə etmişlər. Həmin arayışdan da görünür ki, hesabda pul vəsaiti vardır. Onlar üçün da maraqlı məqam ondan ibarət olmuşdur ki, krediti ödənildiyi halda onun evi hansı əsaslara görə hərraca çıxarılaraq satılıbdır, əgər borclunun hesabında pul vəsaiti varsa, həmin məbləğ niyə kreditə yönəldilməmiş, depozitdə saxlanılmışdır. Bundan əlavə hərracların keçirilməsi mülkiyyət sahibi olaraq onun iştirakı hansı əsaslarla təmin edilməmişdir, digər borclu şəxs qardaşı Rafiq Əhmədov da bildirmişdir ki, kifayət qədər kredit ödəməmiş, lakin həmin məbləğlər nəzərə alınmamışdır. Hesab edir ki, ödənilməmiş məbləğlər kreditdən çıxılmış olsaydı ortada elə də bir böyük kredit borcu qalmazdı. Hərracdan məlumatı olmuş olsaydı, həmin qalmış məbləği də özü ödəyərdi, bu günkü gündə evinin əlindən çıxarması təhlükəsi ilə üz-üzə qalmazdı. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a, 33 saylı mənzilin hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 320/22 saylı protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qeyd olunan normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda mülkiyyətçinin alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilməsi üçün ona hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüququn dayışıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Diqqətə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Odur ki, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən hərracın keçirilməsi zamanı mülkiyyətçi kimi ona hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi tələbinə riayət olunacağından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənildən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda əmlakın mülkiyyətçisinin əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Hazırki işdən görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi çıxarılarkən, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bu hallar onu göstərir ki, İddiaçı nə qətnamənin qəbul edilməsindən, nə də ki, hərracın keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilik hərrac təşkilatının üzərinə hərrac keçirilməsi barədə ipoteka qoyana bildiriş verilməsi vəzifəsini qoyur və ipoteka qoyanın hərracda iştirak etmək hüququnun məhdudlaşdırılması, həmin əmlakı əldə etmək hüququndan məhrum edir. Məhkəmə iclasında hərracın keçirilməsinə dair bildirişlərin iddiaçıya göndərilməsi, hərracın keçirilməsi vaxtı barədə iddiaçının məlumatı olmasına dair sübutlar aşkar edilməmişdir. Yalnız kredit götürən şəxsin ünvanına hərracın keçirilməsinə dair bildiriş göndərilsə də, göndərilən məktublar hərrac təşkilatına “köçüb”, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İpoteka predmetinin mülkiyyətçisinin ünvanı isə kredit götürən şəxsin ünvanından fərqlidir. Ləğv prosesində olan "xxxx" ASC 2022-ci ildən ipoteka predmetini hərracdan əldə etsə də, hazırkı vaxtadək həmin mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol etibarlı əqd hesab edilə bilməz və bu səbəbdən də bağlandığı andan etibarsız hesab edilməlidir. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən Məcəllənin 337.2-ci madəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, hərrac “İpoteka haqqında” AR Qanununun tələblərini pozulmaqla keçirildiyi üçün onun etibarsız hesab edilməsi ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə əlaqədar verilmiş yazılı vəsatəti ilə bağlı aşağıdakıları qeyd olunması zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hazırkı vaxtadək mübahisəli ipoteka ilə yüklü edilmiş əmlakda yaşayır və yalnız məhkəməyə iddia ərizəsi verməmişdən qısa müddət əvvəl İcra Şöbəsi tərəfindən hərracın keçirilməsindən məlumatı almışdır. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi vaxtdan bir il ərzində hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, onun tərəfindən məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi hərracın nəticələri barədə 320/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hərracın yekunları barədə protokol məhkəmə qaydasında etibarsız hesab edildiyi üçün, həmin hərracın hüquqi nəticələri – xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə, hərrac təşkilatının hərracın nəticələri haqqında protokoluna əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilən çıxarış da ləğv edilməlidir. AR Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a saylı evin 33 nömrəli mənzilin "xxxx" ASC-yə (hazırda ləğv prosesində olan) satılması haqqında "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 320/22 saylı protokol bağlandığı andan etibarsız hesab edilsin və həmin hərracın hüquqi nəticələri (xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış) ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar