Məhkəmə qərarları › İş №e-2(009)-2319/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2319/2024

20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2319/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh1 MMC-nin əməkdaşı olmuş Cavabdeh2 bir neçə dəfə pul ödəyərək sonuncudan istirahət üçün tur paketləri və təyyarə biletləri almaq istəmiş, nəticədə aldadılaraq külli miqdarda maddi və mənəvi ziyanla üzləşmişdir. Belə ki, o, 2024-cü ilin mart ayında Cavabdeh2yla əlaqə saxlayaraq, yay aylarında qardaşına istirahət üçün Türkiyə Respublikasına tur paketi hədiyyə etmək istədiyini bildirmişdir. Razılaşmadan sonra xx.xx.2024-cü il tarixdən etibarən 8 gecəlik Türkiyə Respublikasında yerləşən otel üçün ümumilikdə 7582 manat məbləği Cavabdeh1 MMC-yə gedərək Cavabdeh2 ödəmişdir. Həmin məbləği ödədikdən sonra qardaşına xəbər etmiş, ona hədiyyə etdiyini bildirmişdir. Xüsusi Xidmət Orqanlarında çalışan onun qardaşı da öz növbəsində qeyd olunan tarixlər üçün ölkədən çıxış icazəsi almışdır. Qeyd olunan tarixə yaxınlaşdıqda o, mütəmadi olaraq cavabdehdən təsdiqlənmiş qeydiyyat formasını istəməyə başlamış, cavabdeh isə müxtəlif bəhanələrlə onu aldatmışdır. xx.xx.2024-cü ildə artıq heç bir təsdiqlənmiş formanın göndərilmədiyini görən o, cavabdehin çalışdığı “BASE” İş Mərkəzində yerləşən Cavabdeh1 şirkətinə getmiş və şirkətin müdiri Nuridə xanımla görüşmüşdür. Nuridə xanım, artıq Cavabdeh2 həmin şirkətdə çalışmadığını, çoxsaylı şikayətlərin olmasını və onun adına bron üçün qeyd olunan otelə heç bir ödənişin edilmədiyini bildirmişdir. Çoxsaylı danışıqlardan sonra səyahət tarixi xx.xx.2024-cü ilə dəyişdirilmiş və ondan əlavə olaraq 3.270 manat ödəniş alınmışdır. İstirahətin qardaşına hədiyyə edildiyini və qardaşının ailəvi olaraq bütün hazırlıqları görməsini, eyni zamanda ölkədən çıxış üçün müvafiq icazənin alınmasını nəzərə alan o, məcbur olaraq 3.270 manat əlavə ödəniş etməli olmuşdur. Beləliklə cavabdeh tərəfindən aldadılma nəticəsində ona 3.270 manat maddi ziyan dəymişdir. Həmçinin o, ailəsi ilə birlikdə müalicə məqsədi ilə Almaniyaya səfər etmək məqsədi ilə 2024-cü ilin may ayının 7-də Cavabdeh2 müraciət etmişdir. Cavabdeh də öz növbəsində xx.xx.2024-xx.xx.2024 tarixləri üçün Almaniyanın Frankfurt şəhərinə bir nəfər üçün 199 Avrodan olmaqla sərfəli biletlərin olduğunu bildirmişdir. Bununla razılaşan o, xx.xx.2024-cü il tarixdə cavabdehin vatsap vasitəsilə göndərdiyi bank kartına ümumilikdə 1.458,26 manat pul köçürmüşdür. O, qardaşı üçün əldə etmək istədiyi tur paketində aldadıldığını anladıqdan sonra Almaniyaya üçün pulunu ödədiyi təyyarə biletləri ilə də maraqlanmış, belə bir biletin olmadığı, aviaşirkətə cavabdeh tərəfindən heç bir ödənişin edilmədiyi məlumat olmuşdur. Belə olan halda o, məcbur qalaraq (Almaniyada müalicə üçün bütün randevular alınmış, otel bron edilmiş və səfər üçün bütün hazırlıqlar həyata keçmişdir) 1200 ABŞ dolları və 662 Avro qarşılığı olaraq ümumilikdə 3.231 manat ödəyərək yeni biletlər almışdır. Beləliklə cavabdeh tərəfindən aldadılan iddiaçının cavabdehdə 1.458 manat pulu qalmış, həmçinin ona vəd edilən biletin zamanında alınmaması səbəbindən 1.773 manat əlavə pul ödəyərək daha baha (3.231 manat) qiymətə biletləri almışdır. Nəticədə, cavabdeh tərəfindən aldadılan iddiaçı (1.458,26+1.773) 3.231 manat məbləğində ziyana düşmüşdür. Eyni zamanda 2024-cü ilin mart ayının 27-i o, öz qardaşına hədiyyə olaraq tur paketi “aldıqdan” sonra şəxsən özü üçün də 2024-cü ilin sentyabr ayı üçün istirahət üçün paket olaraq otel rezervasiyası etmək istəmişdir. Cavabdeh2 tərəfindən ona 05-xx.xx.2024-cü il tarixləri üçün 960 ABŞ dolları qiymətinə otel bronu edə biləcəyi bildirilmişdir. Tərəflər arasında razılaşmadan sonra o, xx.xx.2024-cü il tarixdə cavabdehin çalışdığı ofisə gedərək 960 ABŞ dolları qarşılığı olaraq 1632 manat pul ödəmişdir. Pul ödənişi edildikdən sonra Cavabdeh2 tərəfindən ona müqavilə (müqavilənin natamam yazıldığı və saxta imzaların olması sonradan məlum olmuşdur) və saxta “vauçer” (heç bir ödənişin otelə edilmədiyi və həmin vauçerin heç bir hüquqi əsası olmadığı şirkət rəhbərliyi tərəfindən təsdiqlənmişdir) təqdim edilmişdir. 2024-cü ilin iyun ayında qardaşı üçün əldə etmək istədiyi tur paketində aldadıldığını anladıqdan sonra o, özü üçün də sentyabr ayında tur paketin bron edilmədiyini öyrənmişdir. Dəfələrlə Cavabdeh2 və şirkətin direktoru ilə danışıqlar aparsa da, ödədiyi məbləği geri ala bilməmişdir. Nəticədə iddiaçıya məxsus 1632 manat cavabdehdə qalmışdır. Qeyd olunan faktlar nəticəsində cavabdeh və onun çalışdığı turizm şirkətinin əmilləri nəticəsində ona ümumilikdə (3.270+3.231+1.632) 8.133 manat maddi ziyan dəymişdir. Ötən bu müddət ərzində onun istər qardaşı və onun ailəsi qarşısında, istər öz ailəsi qarşısında çətin vəziyyətlərə düşməsi, dəfələrlə cavabdehlə əlaqə qurmaq istəməsi, dəfələrlə cavabdehin çalışdığı turizm şirkətinə gedərək şirkətin rəhbəri ilə görüşməsi, məqsədli istirahət etmək olduğu halda əsəb sarsıntıları keçirtməsi inkaredilməz faktdır. Bütün bu əsəb sarsıntıları və mənəvi əziyyət nəticəsində o, əvəzi hesablanmayacaq dərəcədə mənəvi sarsıntı keçirtmişdir. Buna görə də düşünür ki, cavabdehlər yuxarıda qeyd olunanlardan əlavə ona mənəvi ziyan üçün 2000 manat həcmində pul ödəməlidirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və mübahisəli hüquq münasibəti yarandığı zaman əməkdaşı olduğu Cavabdeh1 MMC tərəfindən onun aldadılması nəticəsində ona dəymiş 8.133,26 manat maddi, 2.000 manat mənəvi ziyanın əvəzi və onun tərəfindən vəkili göstərdiyi yardıma görə ödənilmiş 500 manat olmaqla, ümumilikdə 10.633 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Matrix Oasis” MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərdiyi dəlillərlə razı deyil. Digər Cavabdeh2 həmin cəmiyyətdə işləyərkən və onunla əmək münasibətində olarkən iddiaçı tərəfindən verilən tapşırığı icra etməmiş, ödənilən pulu mənimsəməklə iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də həmin ziyanın ödənilməsində hər iki cavabdeh məsuliyyət daşımalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, iddia tələbi üzrə zərərin eyni zamanda Cavabdeh1 MMC-dən tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı özü də ilkin hazırlıq məhkəmə iclasında qeyd etmişdir ki, o, əvvəllər Cavabdeh2 tanımış, onunla əlaqə saxlamış və Şəfiqə tərəfindən ona biletlərin satıldığını iddia etmişdir. Həmçinin iddiaçı öz izahatında qeyd etmişdir ki, bütün ödənişləri Şəfiqənin ona verdiyi bank kartı hesabına və ya birbaşa Şəfiqəyə nağd qaydada vermişdir. Həmin ödənişlərlə bağlı isə ona heç bir mədaxil qəbzi verilməmişdir. Məlumat üçün bildirirlər ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Cavabdeh1 MMC-də tur operatoru çalışmışdır. Əmək müqaviləsi üzrə Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən Cavabdeh2 vəzifə səlahiyyətləri aşağı qeyd olunanlar kimidir: müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi, perspektiv xidmət proqramlarının (tur paketlərinin) yığılması, xidmət təklif edən müəssisələrlə əlaqələrin yaradılması, turların qiymətinin bazar şəraiti nəzərə alınmaqla müəyyən edilməsi, tur məhsulun iştirakçıya çatdırılması üçün reklam-informasiya fəaliyyəti, xidmətin keyfiyyətinə və məhsula uyğunluğuna nəzarət etmək, xidmət zamanı turistlərə daimi operativ əlaqə yaratmaq, ortaya çıxan məsələləri həll etmək, viza xidməti, yeni tur operatorlar tətil turlarının təşkili və hazırlanmasından məsuldurlar. Onlar səyahəti əsasən hazırlayır, yəni, yaradırlar. İstiqamətlərin və paketlərin populyarlığındakı tendensiyaları izləyir və şirkət planlarını buna uyğun olaraq tənzimləyirlər. Göründüyü kimi tur operlatorlar sadəcə səyahət planını hazırlayır və həmin turların satışı ilə birbaşa MMC-nin rəhbərliyi tərəfindən həyata keçirilir.Lakin faktiki iddia tələbindən aydın görünür ki, Cavabdeh2 iddiaçını aldadaraq bilet ala biləcəyini bildirmiş və şəxsi mənfəəti üçün iddiaçının vəsaitini əldə etmişdir. Ustəlik Şəfiqə bu qanunsuz hərəkətləri edərkən hüquqi şəxs adından deyil birbaşa öz adından hərəkət etmişdir. Bunu sübut edən hal ondan ibarətdir ki, Şəfiqə saxta məlumatları özündə əks etdirən və səlahiyyətsiz şəxs olan özü tərəfindən imzalanmış müqaviləni iddiaçıya vermişdir. Həmin müqavilənin imza hissəsini isə direktor imzası təqlid edilərək imzalamışdır. Bütün bunlardan direktor X1 heç bir məlumatı olmamışdır. Hətta onu da qeyd etmək olar ki, İddiaçı Cavabdeh2 bu qanunsuz əməllərinin işlədiyi Cavabdeh1 MMC-nin xəbəri olmadan etdiyini anlamış və dərhal yenidən MMC-nə ödəniş edərək həqiqi biletlərini əldə etmişdir. Bu hal isə iddiaçının iddiasının Cavabdeh1 MMC-nə aid hissədə əsassız olmasını sübut edir. İşin hallarından aydın görünür ki, Cavabdeh2 işəgötürən tərəfindən ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən kənar olaraq iddiaçıya aviabiletlər satmış və bu hərəkətləri edərkən MMC-nin məlumatı olmamış və hətta Cavabdeh2 və iddiaçı ilə olan danışıqlar ilə razılaşmalar telefon danışıqları əsasında aparılmışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi Cavabdeh1 MMC-nə aid hissədə əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Cavabdeh1 MMC-nin direktoru X2 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 MMC-yə tur operatoru vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi “47/ğ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (Az.Resp.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəblərə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay 1 gün müddətinə bağlanmışdır (bənd 2.3). İş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 503732 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, İddiaçı tərəfindən “İC X5 No 0015” görə 327 manat məbləğində pul ödənilmişdir. İş üzrə Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli turizm xidmətlərinin göstərilməsi haqqında müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024xx.xx.2024-cü il tarixədək Baku-Antalya-Baku marşrutu üzrə “İC X4” hoteldə qalmaq üçün tur paketi sifariş etmiş, müqaviləyə əsasən göstərilən turizm xidmətlərinin dəyəri 970 ABŞ dolları təşkil edir. İş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş 0019 nömrəli voucherdən görünür ki, İddiaçı tur paketi sifariş etmiş, ailəsi ilə birlikdə xx.xx.2024-xx.xx.2024-cü il tarixədək 8 gecəlik Türkiyə Respublikasının Antalya şəhərində yerləşən otel üçün rezervasiya etmişdir. İş üzrə xxxxxxx0005X0 saylı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 MMC-nin k/01 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) Cavabdeh2 ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2024-cü ilin mart ayında iddiaçı Cavabdeh1 MMCnin tur operatoru vəzifəsində işləyən Cavabdeh2 müraciət edərək, yay aylarında Türkiyə Respublikasına istirahətə getməsi ilə əlaqədar özü və qardaşı üçün tur paketi sifariş etmiş və xx.xx.2024-cü il tarixdən etibarən 8 gecəlik Türkiyə Respublikasında yerləşən otel üçün ümumilikdə 7582 manat məbləğində pul vəsaiti Cavabdeh2 ödəmişdir, lakin bron üçün otelə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 təsdiqlənmiş qeydiyyat formasını iddiaçıya təqdim etmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixdə onun işlədiyi Cavabdeh1 MMC-yə getmiş, Cavabdeh2 artıq həmin şirkətdə çalışmadığı, çoxsaylı şikayətlərin olması və onun adına bron üçün otelə heç bir ödənişin edilmədiyi məlum olmuşdur və bu səbəbdən iddiaçı əlavə olaraq həmin səyahətlər üçün 3270 manat əlavə ödəniş etmək məcburiyyətində olmuşdur və həmin məbləğdə ziyana düşmüşdür. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-də işlədiyi müddətdə 2024-cü ilin may ayında iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət ərzində Almaniyaya səfər etmək məqsədilə Cavabdeh2 bank kartına 1458,26 manat pul köçürülmüş, lakin sonradan ona aviabiletlərin alınması üçün ödənişin edilmədiyi məlum olmuş iddiaçı əlavə ödənişlərin edilməsi məcburiyyətində qalmış və həmin sifarişlə bağlı 3231 manat ziyana düşmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-də işlədiyi müddətdə 2024-cü ilin mart ayında iddiaçı tərəfindən özü üçün 2024-cü ilin sentyabr ayında istirahət paketinin alınması məqsədilə 1632 manat məbləğində (960 ABŞ dollarının manat ekvivalentində) ödəniş həyata keçirilmiş, lakin Cavabdeh2 həmin sifarişi yerinə yetirməmiş və iddiaçıya bu sifariş üzrə də 1632 manat məbləğində ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh1 MMC-nin əməkdaşı olmuş Cavabdeh2 bir neçə dəfə pul ödəyərək həm özü, həm qardaşı üçün istirahət üçün tur paketləri və təyyarə biletləri alınması məqsədilə sifarişlər vermiş, lakin Cavabdeh2 tərəfindən həmin sifarişlər icra edilməmiş, nəticədə iddiaçıya cəmi 8133 manat məbləğində ziyan vurulmuş və iddiaçı həmin ziyan məbləğini, həm sifarişi qəbul etmiş Cavabdeh2, həm də onun işlədiyi Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, tapşırıq müqaviləsi mülki-hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsi ilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Həmin müqaviləyə əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Yəni bu müqavilə iki tərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 MMC ilə əmək münasibətində olduğu müddətdə, yəni onun işçisi olduğu vaxt iddiaçı və onun qardaşı üçün tur paketləri və təyyarə biletlərin alınması ilə bağlı ödənişlər alaraq, həmin sifarişləri icra edilməsi ilə bağlı üzərinə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddiaçı tərəfindən verilmiş sifarişləri yerinə yetirmədiyindən, o, sifarişlərə görə ödənilmiş məbləğ həddində əsassız varlanmışdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (maddə 1091.1). Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə iclasında iddiaçı tərəfindən tur səyahətlərinin və təyyarə biletlərinin sifarişi ilə əlaqədar edilən tapşırığın icra edilməməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İddiaçı birgə cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 MMC-yə qarşı qaldırdığı tələbini Cavabdeh2 həmin şirkətin işçisi olması və maddi ziyanın həmin şirkətdə işlədiyi müddətdə vurulması ilə əlaqələndirir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyin tələblərinə əsasən işçi yalnız işlədiyi müddət ərzində əmək münasibətində olduğu işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. İşlədiyi müddət ərzində 3-cü şəxslərə vurduğu ziyana görə işəgötürənin məsuliyyəti həmin qanunvericilikdə nəzərdə tutulmamışdır. İşçi yalnız vurduğu ziyana görə mülki məsuliyyət daşıya bilər. Mülki qanunvericilikdə işçi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, AR Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2). Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya maddi ziyanın vurulması zamanı o, Cavabdeh1 MMC-nin işçisi olduğundan, yəni onunla əmək münasibətində olduğundan, işəgötürən qismində Cavabdeh1 MMC də işçisinin vurduğu ziyana görə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə baxımından məsuliyyət daşıyır. Məhkəmə Cavabdeh1 MMC-nin nümayəndəsinin iddiaya dair yazılı etirazında onların hazırkı tələbə dair cavabdehlik daşımaması barədə dəlillərinə, yəni işəgötürənin işçisi tərəfindən törətdiyi hüquq pozuntusunun onun əmək və xidmət vəzifəsinin icrası ilə baş verməməsini, zərərin əvəzinin bilavasitə zərərvuranın daşımasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 əmək münasibətində olduğu Cavabdeh1 MMC-də işlədiyi müddətdə iddiaçıya ziyan vurması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, işəgötürən də işçinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində əsaslı hesab edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8133,26 manat maddi ziyanın əvəzi kimi pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə həmçinin izah edir ki, işəgötürənin işçisinin vurduğu ziyana görə, ziyanın əvəzinin ödənilməsi zamanı həmin həddə ona qarşı reqress hüququ da vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə vurulmuş mənəvi ziyana görə 2.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 2.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TT24292F51ML nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Vəkil1 500 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 500 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən hesab edir ki, iddia qismən təmin olunduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehlərdən müştərək qaydada dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 101,33 manat pul tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 8.133,26 manat, hüquqi xidmət üçün ödədiyi 500 manat, cəmi 8.633,26 (səkkiz min altı yüz otuz üç manat, iyirmi altı qəpik) məbləğində pul tutulsun. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 101,33 (yüz bir manat, otuz üç qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar