Məhkəmə qərarları › İş №e-2(009)-238/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-238/2022

03.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-238/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzilinə Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzili tam xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. 2021-ci ilin oktyabr ayında dostluq münasibətində olduğu Cavabdeh xahişi ilə onu yaşadığı Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzilinə müvəqqəti qeydiyyata alınmasına etiraz etməyərək qeydiyyata alınmasına razılıq vermiş və nəticə etibarı ilə Cavabdeh ünvana qeydiyyata düşərək “Asan Xidmət” Mərkəzindən şəxsiyyət vəsiqəsi almışdır. Belə ki, onlar arasında olan razılaşmaya əsasən müəyyən vaxtdan sonra o, öz xahişi ilə onun evindən qeydiyyatdan çıxmalı idi. Lakin cavabdeh mülkiyyət hüquqları ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzildən öz təşəbbüsü ilə qeydiyyatdan çıxmamışdır. Qeyd etmək istəyir ki, qeydiyyata alınma müvəqqəti xarakter daşımış, cavabdeh həmin mənzildə yaşamamış, istifadə etməmiş, onunla qohumluq münasibətləri olmamış və eyni zamanda onun ailə üzvlərinin dairəsinə daxil deyildir. Cavabdeh onun mənzilində qeydiyyatda olması həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmış və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu ünvandan məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanın olduğu ərazi üzrə 46 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən cavabdehin göstərilən mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamadığına dair məktub məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış məktub məhkəməyə göndərildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2400 nömrəli reyestr kitabının 223454 nömrəli vərəqində 10.11.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri Səbail rayon MKTB-nin 46 saylı MKİS tərəfindən verilmiş 783 nömrəli, 27.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzilində pasport qeydiyyatındadır. Həmin evdə yaşamır, harada yaşaması barədə MKİS-də məlumat yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzili tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin evə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, 4 saylı evin, 21 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar