Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2424/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi K.F.Quliyevin, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Mercedes Benz” markalı, 10PM744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək "xxxx" ASC tərəfindən “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış “Toyota PAV4” markalı, 99MZ116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. AR DİN Binəqədi RPİ-nin ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. AZ/MİP/25/0003 saylı sığorta şəhadətnaməsinə və CM-0037/2025- AKT146/25 saylı sığorta aktına əsasən “Toyota RAV4” markalı, 99MZ116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı "xxxx" ASC tərəfindən 12479,75 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 965,25 manat hissəsi “Mercedes Benz” markalı, 10PM744 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalanmış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 11.514,5 manat pul vəsaitinin və 124,54 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onlar tərəfindən sığorta haqqı kimi zərərçəkən nəqliyyat vasitəsini təmir edən müəssisəyə 12.479,77 manat pul köçürülmüş və icbari sığorta təşkilatı olan "xxxx" ASC həmin məbləğin 965,25 manatını onların hesabına keçirmişdir. Ona görə də onlar tərəfindən 11.514,5 manat həddində təqsirli sürücüyə, yəni cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürülmüşdür. Cavabdeh ziyan məbləği ilə razı deyilsə, o, əsassız varlanan şəxs olaraq avtomaşını təmir edən müəssisəni məhkəməyə verə bilər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, baş vermiş hadisə ilə əlaqədar real ziyan məbləğini sığorta təşkilatına verməkdən imtina etmir. Qüsur aktı ilə tanış olmuş, qeyri-rəsmi həmin akta göstərilən məbləğlərlə bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, həmin aktda göstərilən hissələrin dəyəri kifayət qədər bazar qiymətindən yuxarıdır. Ona görə də ondan tələb edilən məbləği real ziyan məbləği hesab etmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2025-cü il tarixdə saat 15.40 radələrində “Mersedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyatı hadisəsi törətmiş, nəticədə o, AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə “X2” MMC tərəfindən tərtib edilmiş ********* nömrəli servis kartına əsasən “Toyota RAV4” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 12479,75 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş CM-0037/2025-AKT-146/25 saylı, xx.xx.2025-ci il tarixli sığorta aktının surətinə əsasən xx.xx.2025-ci il tarixdə “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış «Toyota RAV4» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə zərər dəymiş və avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aktına əsasən 12.479,75 manat ziyan dəymişdir. İş üzrə xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən “X2” MMC-yə Akt- 1xx/xx-55046 (90MZ116) saylı sığorta aktına əsasən 12.479,75 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh icbari sığorta növü üzrə "xxxx" ASC-də sığortalanmış «Mercedes Benz» markalı 10PM744 dövlət nömrə nişanlı avtomaşını qanuni əsaslarla (yol vərəqəsi əsasında) idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Toyota RAV4” markalı, 99MZ116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Toyota RAV4” markalı, 99MZ116 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12.479,75 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, həmin məbləğin 965,25 manat hissəsi “Mercedes Benz” markalı, 10PM744 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalanmış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı tərəfindən irəli sürümüş tələbdən görünür ki, iddiaçı Cavabdeh 11.514,5 manat pul vəsaitinin və 124,54 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçının ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. İş materiallarında olan Bakı şəhər BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallarından göründüyü kimi, cavabdehin idarə etdiyi “Mercedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobil «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 965,25 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, cavabdeh nəqliyyat vasitəsini qanuni əsaslarla (yol vərəqəsi əsasında) idarə etdiyindən, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın zərər vuran cavabdehdən tələb edilməsi ilə iddia qaldırmaqda tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə cavabdehin “Toyota RAV4” markalı nəqliyyat vasitəsinə dəyən ziyanın 12.479 manat həddində olmaması, yəni zərərin daha aşağı həddə olması barədə dəlilləri üzrə qeyd edir ki, ilk növbədə cavabdeh tərəfindən ziyanın daha aşağı həddə olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda nəqliyyat vasitəsinin təmir olunduğu avtoservisə sığorta təşkilatı tərəfindən həmin servis tərəfindən tərtib edilmiş ziyan aktında göstərilən məbləğ həddində ödəniş həyata keçirilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh “Toyota RAV4” markalı nəqliyyat vasitəsinə yetirilmiş ziyanın kifayət qədər aşağı həddə olması barədə sübut əldə edəcəyi təqdirdə, onun əsassız varlanan şəxsə (“X2” MMC-yə) qarşı tələb etmək hüququ yaranmış olar. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 124,54 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 11.514,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124,54 manat, cəmi 11.639,04 (on bir min altı yüz otuz doqquz manat, dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2424/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2424/2025
05.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver