Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-243/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi S.N.Paşayevin iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X7 xx.xx.2022-ci il tarixdə, saat 22.05-də Yevlax rayonu Havarlı kəndi ərazisində idarə etdiyi “PAZ 32054 R Avtobus” markalı, 66BM861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə, ona məxsus “Mitsubishi Pajero” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi baş verdikdən sonra adını qeyd etdiyi sürücü yol polisinin hadisə baş verən əraziyə gəlməsini gözləməyərək hadisə yerindən uzaqlaşmışdır. Sadalanan halla bağlı olaraq qeyd edir ki, Yevlax rayon DYPŞ-də polis baş leytenantı X3 tərəfindən xx.xx.2022-ci il tarixdə İXP5026616 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin protokolda və qərarda cavabdehin ona yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər vurması öz əksini tapmışdır. Həmin qərara əsasən İXM-nin yuxarıda qeyd etdiyi müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə X7 barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini "xxxx" MMC şirkətində təmir etməklə bağlı,təmir üçün sökülüb-yığılmasına 120 manat, panel ramkanın dəyişməsinə 90 manat, qabaq sağ qanadın dəyişməsinə 45 manat, qabaq kapotun dəyişilməsinə 40 manat, alın şüşəsinin qoyulmasına 40 manat, qabaq bamperin təmirinə 25 manat, rənglənmə işlərinə 150 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin detalların və ləvazimatlarının qiymətinə cəmi 1836 manat, təzə materiallara 150 manat olmaqla, ümumi olaraq 2496 manat təmir xərcləri çəkmişdir. Sadaladığı təmir xərclərinin hər biri yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində meydana gəlmişdir. Maddi zərərlə bağlı qeyd etdiyi halları "xxxx" MMC şirkətindən verilmiş smeta təsdiqləyir. Bununla bağlı X5 ona dəymiş zərəri ödəməsi ilə bağlı müraciət etsə də, Həsən İbrahimov zərəri ödəməkdən yayınmışdır. Həsən İbrahimovun yol-nəqliyyat hadisəsini törətdiyi ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari sığorta edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş əmlak zərərinin kompensasiya edilməsi ilə bağlı nə cavabdeh "xxxx" ASC tərəfindən ona hər hansı sığorta ödənişi edilmiş, nə də ki Həsən İbrahimovun bu barədə təşəbbüsü olmuşdur. "xxxx" ASC tərəfindən ona ünvanlanan sms bildirişdə qeyd edilir ki, ** XK *** dövlət qeydiyyat nişanlı NV-nin PSS********** icbari sığorta şəhadətnaməsi etibarlıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı X7 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2544 manat maddi zərərin, hüquqi yardımın əvəzi olaraq 110 manat məbləğin və 45,44 manat dövlət rüsumunun "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin tam təmin edilərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, onlar belə hesab edirlər ki, yol-nəqliyyat hadisəsi baş verməyib, onu imitasiya ediblər. Lakin nə qədər ki, həmin hadisəni araşdıran orqan – X12 tərəfindən sığorta hadisəsi ilə bağlı müvafiq arayış onlara təqdim olunub, onlar müvafiq araşdırma aparıblar. Ziyanla əlaqədar araşdırma aparan və zərər aktı tərtib edən mütəxəssislər kifayət qədər təcrübəli şəxslərdir. Həmin şəxslər tərəfindən həm zərər vuran avtobus, həm də zərər çəkən iddiaçının avtomaşına baxış zamanı, avtomaşının toqquşan hissələrinin tədqiqi ilə belə nəticəyə gəlinmişdir ki, iddiaçının avtomaşınına dəmirçi və rəngsaz işlərinin görülməsi ilə bağlı çəkilən xərcin məbləği 500 manatdır. Həmin ödənişin verilməsi iddiaçıya da təklif olunmuşdur. Ekspert rəyi ilə razı deyil, rəy sübut növlərindən biridir, məhkəmə yalnız hissələrə çəkilən xərci deyil, təmir xərclərini sübut kimi qəbul edə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero İO” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “PAZ 32054 R Avtobus” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Yevlax rayonu Polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın surətlərinə əsasən, X7 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yekun aktının surətinə əsasən «Mitsubishi Pajero» markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəmirçi-armaturçu xidməti -200 manat, rəngsaz xidməti-300 manat) cəmi 500 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli sığorta ödənişinə dair bildirişin surətindən görünür ki, İddiaçı məxsus “Mitsubishi Pajero İO” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə Şirkət tərəfindən xx.xx.2022-ci il tarixli “Qüsur Aktı” tərtib edilmişdir. Həmin akta əsasən dəymiş zərər 500 manat məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası “İcbari Sığortalar Haqqında” Qanunun 20-ci maddəsinin 3-cü bəndinə əsasən 500 manat məbləğində sığorta ödənişini İddiaçı ödəməyə hazırdırlar. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetadan (haqq-hesabdan) görünür ki, İddiaçı məxsus «Mitsubishi Rajero» markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2496 manat vəsait hesablanmışdır. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sğorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22.05 radələrində Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsində “PAZ 32054 R Avtobus” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X7 təqsirli olan şəxs qismində, “Mitsubishi Pajero-İO” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən İddiaçı zərərçəkən qismində müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cəmiyyətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə PSS********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Paz 32054 R Avtobus” markalı, 66BM861 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə “Mitsubishi Pajero” markalı, 90XK623 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Zərərçəkmiş “Mitsubishi Pajero” markalı, 90XK623 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “İcbari Sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinin tələbinə əsasən Cəmiyyət tərəfindən 500 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı müraciət olunaraq, Cəmiyyət tərəfindən 500 manat məbləğində sığorta ödənişini İddiaçı ödəməyə hazır olduqları təklif edilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan ekspert tərəfindən aparılır. Həmin qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Əmlakına dəymiş zərərlə bağlı müəyyən edilmiş qiymətlə razılaşmadıqları üçün dəymiş zərərin yenidən qiymətləndirilməsinin təmin edilməsindən ötrü Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytına https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-andindependent-experts linki üzrə səhifəyə daxil olmaqları, həmin səhifədə əlavə olunmuş cədvəldəki (reyestrdəki) siyahıda qeyd olunmuş müstəqil sığorta ekspertlərindən birini seçməyi, həmin ekspertin qiymətləndirici təyin olunması üçün Cəmiyyətin razılığını almağı və sahibliyində olan avtomobili razılaşdırılmış müstəqil sığorta ekspertinə təqdim etməsi təklif olunur. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziyanın surətindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2544 manat maddi zərərin 3 gün müddətində sığorta şirkəti tərəfindən ödənilməsini və bu barədə onlara məlumat verilməsini xahiş etmiş, əks təqdirdə pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranacaq. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/860 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, 90XK623 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2086,0 manat (dəyişilməli hissələrin qiyməti – 1686,0 manat, təmirbərpa işlərinin qiyməti – 400,0 manat) müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X7 idarə etdiyi “Paz 32054 R Avtobus” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman iddiaçının mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X7 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X7 tərəfindən idarə olunan “Paz 32054 R Avtobus” markalı, ** BM *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 500 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 2544 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 500 manat sığorta ödənişi təklif edilmişdir. Bu səbəbdən iddiaçı avtomaşınına dəymiş ziyana uyğun olaraq sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur, cavabdeh sığorta hadisəsinin baş verməsini qəbul edir, sığorta ödənişinin verilməsindən imtina etmir və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 500 manat hesablanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli smetasına əsasən iddiaçının mülkiyyətində olan avtomaşına dəymiş ziyanın məbləği 2496 manat təşkil edir. İddiaçı isə avtomaşına cəmi 2544 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 500 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. İş materiallarında olan həm iddiaçı, həm cavabdeh tərəfindən avtomaşına dəymiş ziyanla bağlı rəylər təqdim olunmuşdur. Eyni zamanda avtomaşına vurulmuş ziyanla bağlı müxtəlif rəylər olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən zərərin hesablanması yekun aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən hissələrə vurulmuş ziyanı müəyyən etmişdir (yalnız dəmirçi və rəngsaz işləri ilə bağlı xərc həmin aktda qeyd olunmuşdur). Lakin iddiaçı tərəfindən təqdim edilən rəydən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktında göstərilməyən hissələr zədələnmişdir. Həmin hissələrin zədələnməsi təqdim olunan fotoşəkillərlə də müəyyən edilir. Bu səbəbdən məhkəmə həmin rəyi daha mötəbər qəbul edir. Lakin ekspertiza tərəfindən həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 2086 manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 2086 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin iddiaçıya məxsus avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 2086 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 110 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə “Arbitrium” Vəkil Bürosunun hesabına 110 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 110 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (40,86 manat) cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə, ekspertiza xərci isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Mitsubishi Pajero-İO» markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 2086 manat, hüquqi xidmət üçün ödədiyi 110 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,86 manat, cəmi 2236,86 (iki min iki yüz otuz altı manat, səksən altı qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" Acıq Səhmdar Cəmiyyətindən keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-243/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-243/2023
30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver