Məhkəmə qərarları › İş №e-2(009)-248/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-248/2022

17.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-248/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə əsasında fərdi yaşayış evinin tikilməsi üçün 06.02.2004-cü il tarixdə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində onun tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evi inşa edildikdən sonra uzun müddət orada yaşayış olmamışdır. 2010-cu ildə o, cavabdehlərin maddi vəziyyətini və yaşayış yerlərinin olmadığını nəzərə alaraq evi müvəqqəti olaraq onların istifadəsinə vermişdir. 2019-cu ildə o, evə baxış keçirərkən müəyyən etmişdir ki, cavabdehlər həmin evdən yaşayış üçün deyil, anbar (depo) olaraq istifadə edirlər. O, bunu nəzərə alaraq evin giriş qapısının qıfılını dəyişdirmişdir, lakin daha sonra cavabdehlər qıfılı qıraraq evə daxil olmuş və qanunsuz və mülkiyyətçinin iradəsinə zidd olaraq həmin evdə məskunlaşmışlar. Sadalanan halların aradan qaldırılması məqsədi ilə cavabdehlərə müraciətlər edilmiş, lakin bu müddət ərzində cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. Buna görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh və X1 İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə JN-10694D KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunun 24.01.2004-cü il tarixli 4Ə/1-42 saylı alqı-satqı müqaviləsi ilə satılmış Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi 2004-cü ildən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 2010-cu ildə iddiaçı cavabdehlərin maddi vəziyyətini və yaşayış yerinin olmadığını nəzərə alaraq həmin yaşayış evini müvəqqəti olaraq onların istifadəsinə vermişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, 2019-cu ildə iddiaçıya məlum olmuşdur ki, cavabdehlər həmin evdən anbar kimi istifadə edirlər. İddiaçı evin giriş qapısının qıfılını dəyişdirməsinə baxmayaraq, cavabdehlər qıfılı qıraraq evə daxil olmuşlar və mülkiyyətçinin iradəsinə zidd olaraq həmin evdə məskunlaşmışlar. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, evin boşaldılması ilə bağlı cavabdehlərə müraciət etsə də, cavabdehlər mübahisəli evdən çıxmaqdan imtina etmişlər. Bu səbəbdən iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi mübahisəli evdə cavabdehlərin yaşamalarına və həmin evdən istifadə etmələrinə etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mübahisəli evi boşaltmadıqlarından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşamaları müəyyən edildiyindən, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X3 İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar