Məhkəmə qərarları › İş №e-2(009)-248/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-248/2025

11.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-248/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdeh X3 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2023-cü il tarixdə atası X5 aldığı xəsarətlərlə bağlı xx.xx.2024-cü il tarixdə X11 Xəstəxanasında vəfat etməsinə baxmayaraq X11 Xəstəxanası tərəfindən üç dəfə ona ölüm və digər məlumatları səhv qeyd edilən ölüm haqqında tibbi şəhadətnamə verilmiş və onun çoxsaylı şikayətlərindən sonra nəhayət ki, dördücü dəfə ölüm və digər məlumatlar düzgün formada qeyd edilən şəhədətnamə vermişlər. Məhz bu səbəblərdən cənab prezidentə və digər vəzifəli şəxslərə ərizə ilə müraciət edərək ona düzgün məlumatlar qeyd edilməyən şəhadətnamə verilməsində təqsiri olan şəxs və ya şəxslərin İnzibati Xətalar Məcəlləsinin 562.1-ci maddəsinin tələblərinə uyğun olaraq tədbir görülməsini xahiş etsə də, aidiyyati qurum bu barədə heç bir tədbir görməmişdir. Bundan başqa qeyd edir ki, 07 iyun 2024-cü il tarixdə atasının ölümü haqqında şəhadətnamə ala bilmiş, nəticədə ölüm haqqında şəhədətnamə 6 ay müddət keçdikdən sonra verildiyi üçün mərhum atasının 3 aylıq əmək haqqını ala bilməmiş və bütün bu hallar, cavabdeh orqanın ona qarşı etdiyi haqsızlıqlar, səhlənkar və qanunsuz hərəkətlər ona çox pis təsir etmiş, bir tərəfdən atasının vəfat etməsi, digər tərəfdən atasının ölümündən sonra cavabdeh orqanın əməkdaşlarının ona qarşı haqsız davranışları onun sinir və əsəb sistemini pozmuş və bunun nəticəsində də əsəb xəstəliyinə görə müalicə və müayinə olunur. Məhz bu səbəblərdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində ona mənəvi cəhətdən zərbə vurulmuşdur və bütün bu proseslərlə bağlı güclü mənəvi psixi sarsıntı keçirmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-ni cavabdeh kimi cəlb edib 15.000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlər X3 və X7 Mərkəzi MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, nümayəndəsi olduğu MMC ilə iddiaçı arasında heç bir münasibət yaranmadığını, buna görə də Cavabdeh1 MMC-nin iddiaya cavab verməli şəxs olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X8 iddiaya etiraz edərək bildirmişdir ki, Mərkəzin əməkdaşları tərəfindən texniki səhvə yol verilmiş və fərqli şəhadətnamələr verilmişdir, lakin nəticədə düzgün olan şəhadətnamə verilmiş və iddiaçı həmin şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etmişdir. Hesab edir ki, iddia əsassızdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, ölüm səbəbi minik avtomobili, pikap və ya furqon tipli yük avtomobili ilə toqquşma nəticəsində zərər çəkmiş piyada, yol bədbəxt hadisəsi, dəqiqləşdirilməmiş fəaliyyət zamanı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, ölüm səbəbi minik avtomobili, pikap və ya furqon tipli yük avtomobili ilə toqquşma nəticəsində zərər çəkmiş piyada, yol bədbəxt hadisəsi, dəqiqləşdirilməmiş fəaliyyət zamanı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, ölüm səbəbi dəqiqləşdirilməmiş fəaliyyət zamanı qeyd edilmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2023-cü tarixdə vəfat etməsi ilə əlaqədar sizin Mərkəz tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən Gəncə şəhər qeydiyyat şöbəsində ölüm qeydə alınmış və ölüm səbəbi kimi "149.0 Mədəciklərin fibrilyasiyası və titrəməsi", "S06.2 Baş beynin diffuz travması", " S06.5 Travmatik subdural qansızma", "V03.1.9 Minik avtomobili, pikap və ya furqon tipli yük avtomobili ilə toqquşma nəticəsində zərər çəkmiş piyada, Yol bədbəxt hadisəsi, Dəqiqləşdirilməmiş fəaliyyət zamanı" göstərilmişdir. Hazırda mərhum X1 Hikmət İsmayıl oğlu qeydiyyat şöbəsinə müraciət edərək, ölüm səbəblərinə düzəliş edilməsini xahiş etmiş və X7 Mərkəzi MMC tərəfindən xx.xx.2024 ildə tərtib edilmiş yeni ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmişdir. Göstərilənlərə əsasən qeyd olunan ölüm haqqında tibbi şəhadətnamələr arasında ziddiyyətin aradan qaldırılması, ölüm səbəblərinin konkret olaraq tibbi şəhadətnamələrdən hansında düzgün göstərilməsi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh2 MMC tərəfindən Gəncə şəhər Qeydiyyat şöbəsinə ünvanlanmış məktubdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdəki, (№**********90) ölüm haqqında tibbi şəhadətnamə (Diaqnoz "Dəqiqləşdirilməmiş fəaliyyət zamanı") düzgündür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən 1082 nömrəli aktla qeydə alınmış xx.xx.2024-cü il tarixli AZ-İİ seriyalı, 373995 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində mədəciklərin fibrilyasiyası və titrəməsi, baş beynin diffuz travması nəticəsində vəfat etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası X5 aldığı xəsarətlərlə bağlı Cavabdeh2 vəfat etmiş, bundan sonra ona bir neçə dəfə ölüm səbəbi və digər məlumatları səhv qeyd edilən ölüm haqqında tibbi şəhadətnamələr verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə (№**********90) ölüm haqqında tibbi şəhadətnamə (Diaqnoz "Dəqiqləşdirilməmiş fəaliyyət zamanı") düzgün olaraq verilmiş və Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən 1082 nömrəli aktla qeydə alınmış xx.xx.2024-cü il tarixli AZ-İİ seriyalı, 373995 nömrəli “X5 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində mədəciklərin fibrilyasiyası və titrəməsi, baş beynin diffuz travması nəticəsində vəfat etməsinə” dair ölüm haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı ona cavabdehlərin hərəkəti nəticəsində mənəvi sarsıntı keçirməsini və ona mənəvi zərər vurulmasını iddia edir. Məhkəmə, qanunvericiliyin normalarının tələbini, eləcə də işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarını nəzərə alaraq belə hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 MMC iddiaçının iddiasına cavab verməli olan şəxs deyildir. Belə ki, iddiaçının atası X5 aldığı xəsarətlərlə bağlı xx.xx.2024-cü il tarixdə Cavabdeh2ndə vəfat etmiş, ölüm haqqında tibbi şəhadətnamələr də həmin Mərkəz tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.. MPM 50.3) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinin məzmunundan da aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman “tərəf” ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarını bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Məhkəmə vurğulayır ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçıların hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onların iştirak etdikləri hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Bəzi hallarda isə cavabdeh özü iddiaçının hüquq və maraqlarına toxunan heç bir hərəkət etməsə də, mübahisəli hüquq münasibətinin subyekti olur. Məhkəmə qeyd edir ki, hazırki işdən görünür ki, Cavabdeh1 MMC iddiaçının iddiasına cavab verməli olan şəxs olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən iddia Cavabdeh1 MMC-yə münasibətdə təmin edilə bilməz. Məhkəmə, iddianın Cavabdeh2 MMC-yə qarşı yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı tərəf Cavabdeh2 MMC-in hərəkətlərinə görə məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaxın qohumu olan atasının vəfatından kədərlənib, mənəvi sarsıntı və izdirab keçirməsi təbii və aşkardır. Lakin, onun mənəvi sarsıntı keçirməsinin məhz cavabdeh tərəfindən ona bir neçə dəfə ölüm səbəbi və digər məlumatları səhv qeyd edilən ölüm haqqında tibbi şəhadətnamələr verilməsi nəticəsində baş verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 MMC-yə də münasibətdə rədd edilməli, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar