Məhkəmə qərarları › İş №e-2(009)-250/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-250/2025

24.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-250/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə atası X3 iş yerində aldığı xəsarətlərlə bağlı X15 Xəstəxanası tərəfindən göstərilmiş tibbi xidmətə görə tərəfindən 6439 manat ödənilmişdir. Sonradan rəsmi qaydada İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdikdən sonra həmin Agentliyin ona göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı olmuşdur ki, sığorta tərəfindən xəstəxanaya 4000 manat vəsait mərkəzi X5 hesabına ödəniş edilmişdir. Lakin buna baxmayaraq atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətə görə 3082 manat X15 Xəstəxanasına ödədiyi ödəniş ona qaytarmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun cavabdeh X6 MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizəsində xx.xx.2025-ci il tarixə saat 10.00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı eyni zamanda ərizəsində “X8 Mərkəzi” MMC-ni birgə cavabdeh kimi işə cəlb edib 3082 manat məbləğində pulun və 51 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh MMC və “X8 Mərkəzi” MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 167.1.4-cü maddəsinin tələblərinə əsasən birgə cavabdehlərin işə daxil olması məsələsinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək həll edilməli olan məsələ olmasını və vəsatətin isə məhkəmə baxışı təyin edildikdən sonra təqdim edilməsini nəzərə alaraq, vəsatətin təmin edilməməsi və tələbin cavabdeh qismində iddia ərizəsində göstərilən Cavabdeh MMC-yə münasibətdə qiymət verilməli olması barədə yerində müşavirə edərək qərar qəbul etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətinə əsasən X4 və X7 nikah haqqında xx.xx.1993-cü il tarixdə 169 No-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Qeyd: X1 xx.xx.2023-cü ildə ölməsi (ölüm xx.xx.2023-cü il 1082 No-li akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsi) ilə bağlı xitam verilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X4, anası X11 göstərilmişdir. İş üzrə Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X4 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1082 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi “Mədəciklərin fibrilyasiyası və titrəməsi, Baş beynin diffuz travması”, öldüyü yer Gəncə şəhəri kimi göstərilmişdir. İş üzrə “X8 Mərkəzi” MMC tərəfindən verilmiş hesabların (invoice) surətlərindən görünür ki, xəstə İsmayıl Hüseynova göstərilmiş tibbi xidmətlərə görə xx.xx.2023-cü il tarixdə 351.15 manat, xx.xx.2023-cü il tarixdə 93 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 2.437,78 manat məbləğində pul ödənilmişdir. İş üzrə X8 Mərkəzi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X8 Mərkəzində müayinə və müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə üçün 3.082 manat ödəniş etmişdir. İş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, atası X3 X15 Xəstəxanasıda göstərilmiş tibbi xidmətlərə görə etdiyi ödənişin geri qaytarılmasına köməklik göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, həmçinin İcbari Tibbi Sığorta üzrə X9 Heyətinin sədri Zaur Əliyevin xx.xx.2024-cü il tarixdə Zaqatala şəhərində keçirilmiş qəbulu zamanı etdiyi müraciəti ilə bağlı aşağıdakıları bildirirlər: müraciətinin araşdırılması ilə əlaqədar X17 Xəstəxanasının Agentliyə təqdim etdiyi məlumata atası X4 xx.xx.2023-cü il tarixdə göndəriş olmadan öz vəsaiti hesabına təcili yardım xidmətlərindən keçdiyi, cərrahi əməliyyata qərar verildikdən sonra məktub vasitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müvafiq cərrahi əməliyyat üçün icazə alındığı qeyd edilmişdir. Eyni zamanda reanimasiya müalicəsi üçün əlavə ödəniş alınmış, bununla əlaqədar İddiaçı məlumat verildiyi bildirilmişdir. Xəstənin həyat yoldaşı Aynur Hüseynova tərəfindən Mərkəzi X5 “Ciddi riskli tibbi xidmətə xəstə yaxını razılıq bildirişi” imzalanaraq 3000 manat avans məbləğinin geri qaytarılmayacağına dair razılıq verildiyi müəyyən olunmuşdur. X2 xx.xx.2023-cü il tarixdən beş gün müddətində X15 Xəstəxanasında stasionar müalicədə olmuş və xx.xx.2023-cü il tarixə vəfat etmişdir. Agentliyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ilk yazılı müraciətinə əlavə etdiyi sənədlərə əsasən atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş etdiyi qeyd olunmuşdur. Bildirirlər ki, atası X3 xx.xx.2023-cü il tarixdə X15 Xəstəxanasında “2.6.28.-Digər kranlotomiya (dekompessiv trepanasiya)-*1.*2.*3.*4.*5.*6” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sğorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunmuşdur. Göstərilən xidmətə görə Agentlik tərəfindən tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir. Sorğusuna əsasən əlavə olaraq bildirirlər ki, “ * ” qeydlərin açıqlanması aşağıdakı kimi müəyyən olunur: *1-Əməliyyat önü müayinə və həkim konsultasiyası xidmətin tarifinə daxildir. *2- Anesteziya stasionar tibbi xidmətin tarifinə dazildir. *3-Reanimasiya və stasionarda satış tibbi xidmətin tarifinə daxildir. *4-Yatış zamanı (əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf tibbi xidmətin tarifinə daxildir. *5-Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi tibbi xidmətin tarifinə daxildir. Angioqrafiya, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası tibbi xidmətin tarifinə daxil deyil. *6-Yemək, müşayiət edən şəxs (12 yaşa qədər uşaqlarda) və digər xərclər tibbi xidmətin tarifinə daxildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, əlavə olaraq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı X15 Xəstəxanasına müraciət olunmasını məqsədəmüvafiq hesab edirlər, eyni zamanda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğunu diqqətinə çatdırırlar. Müraciəti ilə bağlı Agentlikdə qəbullarda və xx.xx.2024-cü il tarixdə keçirilmiş İcbari Tibbi Sığorta üzrə X9 Heyəti sədrinin Zaqatala şəhərində qəbulu zamanı da müvafiq izahat verilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması diqqətinə çatdırılmışdır. İş üzrə xx.xx.2019-cu il tarixli 12 saylı Ərazi Vergilər Departament tərəfindən verilmiş çıxarışın surətinə əsasən “X8 Mərkəzi” MMC (VÖEN **********) xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı Gəncə şəhəri, Totanlı küçəsi, 17, Azərbaycan Respublikası 100% pay hüququ ilə “X8 Mərkəzi” MMC-nin təsisçisidir, X13 qanuni təmsilçisidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının atası X4 xx.xx.2023-cü il tarixdən xəstəxanada stasionar müayinə və müalicədə olmuş, onun üzərində cərrahiyyə əməliyyatı aparılmış və İ.Hüseynov xx.xx.2023-cü il tarixə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının atasına “X8 Mərkəzi” MMC-də təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının atası X3 üzərində xx.xx.2023-cü il tarixdə “X8 Mərkəzi” MMC-də “Digər kranlotomiya (dekompessiv trepanasiya)- *1.*2.*3.*4.*5.*6” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sğorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunmuşdur və göstərilən xidmətə görə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2023-cü il tarixdə atası X3 iş yerində aldığı xəsarətlərlə bağlı X15 Xəstəxanası tərəfindən göstərilmiş tibbi xidmətə görə tərəfindən 6439 manat ödənilmişdir. Sonradan rəsmi qaydada İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdikdən sonra həmin Agentliyin ona göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı olmuşdur ki, sığorta tərəfindən xəstəxanaya 4000 manat vəsait mərkəzi X5 hesabına ödəniş edilmişdir. Lakin buna baxmayaraq atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətə görə 3082 manat X15 Xəstəxanasına ödədiyi ödəniş ona qaytarmamışdır.Bu səbəbdən iddiaçı 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun cavabdeh X6 MMC-dən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi 3082 manat məbləğində pul vəsaiti müstəqil hüquqi şəxs olan “X8 Mərkəzi” MMC-yə ödənildiyi üçün həmin pul məbləğinin geri alınması ilə bağlı tələb üzrə Cavabdeh MMC hazırki cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Qeyd edilən maddə hüquqi şəxsin aşağıdakı normativ əlamətlərini müəyyən edir: 1) hüquqi şəxsin mülkiyyətində ayrıca əmlakın olması; 2) öhdəlikləri üçün öz əmlakı ilə cavabdehliyi daşıması; 3) öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etməsi və həyata keçirməsi və vəzifələr daşıması; 4) məhkəmədə iddiaçı və ya cavabdeh olması. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etməsi və vəzifələr daşıması onun mülki dövriyyənin və mülki hüququ subyekti olmasını nəzərdə tutur. Qeyd edilən Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi vaxtdan yaranmış hesab olunur. Dövlət qeydiyyatından keçməyən hüquqi şəxsin fəaliyyəti hüquqi nəticələr doğurmur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən 3082 manat məbləğində pul vəsaiti müvafiq dövlət reyestrində qeydiyyatdan keçmiş və dövlət reyestrinə daxil edilmiş “X8 Mərkəzi” MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. - Maddə 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. - Maddə 51. Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. - Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin öhdəlikləri onun fəaliyyəti ilə əlaqədar bağladığı müqavilə öhdəlikləri və eyni zamanda delikt öhdəliklərini əhatə edir. Hüquqi şəxs öhdəliklərinə görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, “X8 Mərkəzi” MMC müstəqil hüquqi şəxs kimi öhdəliklərinə görə cavabdehlik daşıdığından, bununla da iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh MMC hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, ona qarşı qaldırılmış iddia tələbi əsassızdır. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində Cavabdeh MMC hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, 51 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar