Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2543/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh1 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tələbini yalnız Cavabdeh1 qarşı yönəltmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Türkiyə Respublikasından mebel avadanlığının gətirilməsi ilə bağlı razılaşması olmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 tərəfindən verilən pul vəsaiti hesabına iddiaçı şirkət tərəfindən Türkiyə və Rusiya Respublikalarından mebel üçün avadanlıqlar və s. əşyalar gətirilmiş və şirkətin anbarında 5 ay saxlanılmışdır. Cavabdeh tərəfindən 5 ay müddətində müəyyənləşdirilmiş icarə haqqı ödənilməmiş, eyni zamanda cavabdeh tərəfindən malların anbardan aparılmasından sonra Dövlət Vergi Xidməti tərəfindən şirkətdə aparılan komeral yoxlama nəticəsində şirkət mal əskikliyinə görə cərimə olunmuş, bununla da cavabdeh tərəfindən onlara ümumi 153.292 manat məbləğində maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 göstərmişdir ki, iddia həm ərazi, həm məhkəmə aidiyyəti üzrə düzgün olaraq Səbail rayon Məhkəməsinə verilmişdir. Tərəflərin qohumluq münasibəti olmuş, cavabdeh malın gətirilməsi və iddiaçının anbarında saxlanılmasını və bunun müqabilində pul verəcəyinə dair vəd vermiş, mal anbardan çıxarıldığı üçün iddiaçı maddi zərər çəkmişdir. Hazırkı işdə sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı bir hal mövcud deyil, iddiaçı ona vurulan ziyanı tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Kommersiya Məhkəməsinə göndərilməlidir. AR MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır” Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 22-ci maddəsinə əsasən bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. AR MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hakim qeyd edir ki, mübahisənin Kommersiya Məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. Məhkəmə Elektron sistemindən əldə edilmiş məlumata əsasən İddiaçı MMC hüquqi şəxsdir, vergi ödəyicisi kimi qeydiyyatı mövcuddur, xaricdən əsasən də Türkiyə Respulikasından xammalların və digər əşyaların gətirilməsi ilə məşğul olur. İş materiallarından məlum olur ki, fərdi sahibkar statusuna malik olan Cavabdeh1 da vergi ödəyicisidir. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər 2022-ci ilin iyul ayından etibarən mebel üçün avadanlıqlar və s. əşyaların Türkiyə, Rusiya və Belarusdan idxalı və iddiaçının anbarında saxlanılıb icarə haqqı ödənilmək şərtilə ölkə daxilində satışı ilə məşğul olmaq barədə razılığa gəlmişlər. Həmin malların sifarişi və idxalı İddiaçı MMC vasitəsilə həyata keçirilmiş, 5 ay müddətində anbarında saxlanılmışdır. İddiaçı MMC ona vurulmuş ziyanın əvəzi kimi 153.292 manat məbləğində vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçı hazırda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı gətirilmiş malların anbardan çıxarılması ilə bağlı mal əskikliyinin yaranması, bunun əsasında cərimə sanksiyalarına məruz qalmaları və icarə haqqının ödənilməməsi ilə bağlı zərər görməsi və bunun səbəbi olaraq vurulmuş maddi ziyanın tələb edilməsinə istinad etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi hüquqi şəxs və sahibkar statusunda olmaqla iddianın predmeti kommersiya fəaliyyəti ilə əlaqəli olaraq yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə kommersiya xarakterlidir. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını, bu halın məhkəmə tərəfindən iddia ərizəsini icraata götürdükdən sonra müəyyən edilməsini, bununla da işin məhkəmə aidiyyət qaydalarının pozulması ilə icraata götürülməsinin nəzərə alaraq hesab edir ki, hazırki mülki işə kommersiya məhkəməsində baxılmalıdır. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh1 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2543/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2543/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver