Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-259/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Səfı̇ yev Nı̇ cat Müşfı̇ q oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Səfı̇ yev Nı̇ cat Müşfı̇ q oğlu cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-860/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC şirkətinə aid iddiaçı tərəfindən alqı-satqı ilə əldə edilmiş 10 faiz təsis payının üzərinə qoyulmuş həbsi ləğv etməklə həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 4 aprel 2024-cü ildə 12 saylı notariat ofisində X1 məxsus "xxxx" MMC şirkətində aid 10 faiz təsis payını alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra Vergilər Xidmətinə müraciət etdikdə ona bildirdilər ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 mart 2024-cü il tarixli, 5(005)-860/2024 saylı qərarı ilə həmin təsis payları üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 mart 2024-cü il tarixli, 5(005)-860/2024 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Telman Babayevin vəsatəti və Azərbaycan Respublikası Baş Prokurorun müavini Elmar Camalovun təqdimatı əsasında "xxxx" MMC şirkətinə aid təqsirləndirilən şəxs X1 məxsus 10 faiz təsis payının üzərinə həbs qoyulmuşdur. Qeyd edir ki, alqı-satqı keçirilən zaman real vaxt rejimində etaxes.gov.az keçid linki vasitəsilə şəxsi kabinetdən əldə edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş arayışa əsasən müqavilə baglananadək "xxxx" MMC-nin nizamnamə kapitalı girov ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Bu səbəbdən alqısatqı baş tutmuş, X2 özünə məxsus "xxxx" MMC şirkətində aid 10 faiz təsis payını ona satmışdır. Hazırki vəziyyətdə "xxxx" MMC şirkətinə aid tərəfindən alqı-satqı ilə əldə edilmiş 10 faiz təsis payının üzərinə qoyulmuş həbs onun əmlak hüquqlarının əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-860/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əmlakın üzərinə həbs qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Telman Babayevin vəsatəti və Azərbaycan Respublikası Baş Prokurorun müavini Elmar Camalovun təqdimatı əsasında "xxxx" MMC şirkətinə aid təqsirləndirilən şəxs X1 məxsus 10 faiz təsis payının üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 04 aprel 2024-cü il tarixdə təsdiq edilmiş Təsis payının alqı-satqı müqaviləsindən görünür ki, X3 "xxxx" MMC-də olan 90% və X2 10% təsis payını Səfı̇ yev Nı̇ cat Müşfı̇ q oğluna satmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.İbrahimovanın şikayəti üzrə” 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki,... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslı-əsassız olmasına baxmayaraq, onların yoxlanılması mülki mühakimə icraatının predmetı deyil, bunlar eyni cinayət mühakimə icraatında məhkəmə araşdırmasının predmeti olmalıdır. Eyni məsələlərin qanuniliyi və əsaslılığının fərqi icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Digər tərəfdən, iddia ərizəsinin məzmunundan görünür ki, o Mülki Prosessua Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermir, belə ki, cavabdeh kimi göstərilmiş Baş prokurorluğa qarşı tələb yönəldilməsi mümkünsüz sayılır. İş materiallarında görünür ki, alqı-satqı predmeti olmuş "xxxx" MMC şirkətinə aid 10% təsis payının üzərinə Baş prokurorluğun yox, məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur və həmin qərardan cinayət mühakiməsi qaydasında şikayət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”’ Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Səfı̇ yev Nı̇ cat Müşfı̇ q oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərdiyi məsələyə dair cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-259/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-259/2025
23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver